Dost itkisi
Professor Nəsiman
Yaqublunun xatirəsinə
Yenə "Kəsmə şikəstə" oxunurdu.
Şövkət xanımın səsiydi:
Əzizinəm, a balam, uludur.
Axar sular qurudu.
Dərdlilər dərdimi bilsə,
Öz dərdini unudur.
Adamın iliyinə işləyən, qəlbini
param-parça edən bu naləni neçə yol dinlədiyimizi
deyə bilmərəm. Ancaq hər dəfəsində həm
öz acılarımızı, həm də
xalqımızın qaysaq bağlamayan yaralarını
düşünəndə içimiz gizildəmişdi. Ermənilər
torpaqlarımızı işğal edib qətliamlar törədəndə,
qədim yurdlarımızı talayıb ocaqlarımızı
söndürəndə, bizə daha neçə faciələr
yaşadanda eyni dərdlə qovrulmuşduq. Dostumuz
Yaşarı, Qasımı, Ədaləti, Tofiqi itirəndə
də belə olmuşdu, o sözlərin dərd yükü qətrə-qətrə
ürəyimizə dolub dünyanı başımıza dar
etmişdi. Sən demə, eyni ağrını bu dəfə
onsuz, onun itkisindən qovrularaq yaşamaq qisməti də
varmış.
Son mənzilə yola salınıb bu dünya ilə
bağını kəsən axırıncı daş
lövhə məzarı üzərinə qoyulanda da
yoxluğuna inanmırdım. Elə bilirdim, indicə qızmar
yay gününün belə isitmədiyi torpaqdan baş
qaldırıb, "əl saxlayın, mən sağam", deyəcək.
Ancaq məzarın ağır sükutu pozulmadı. Günəş
şüasının sonuncu işartısı da məzarda itəndə
və dəfnə gələnlər axundun "Allah rəhmət
eləsin" nidasını təkrarlayanda dostumuzu itirdiyimizə
inandım. Arayıb-axtarmaqdan, yazıb-yaratmaqdan doymayan, Azərbaycanın
dəyərli ziyalısı, professor Nəsiman Yaqublu da fani
dünyanın neçə min illik əbədiyyət yoluna
üz tutdu. "Təkcə bizdən deyil, Azərbaycandan
getdi" təsəllisi ilə ovunsaq da, bu vaxtsız itkinin
ağrısı son anımıza qədər bizimlə
qalacaq. "Bir dostumuz vardı" dərdini hər dəfə
təzədən, əzabla yaşamalı olacağıq və
onda "Kəsmə şikəstə" yenidən nalə
çəkəcək.
Bizi ədəbiyyata olan marağımız
yaxınlaşdırmışdı. Fərqli məktəblərdə
və siniflərdə təhsil alsaq da, imkan tapanda
görüşür, oxuduğumuz kitablardan,
yazıçı və şairlərin
yaradıcılığından, maraqlı həyat hekayətlərindən
danışırdıq. Xüsusən, şənbə-bazar
günləri söhbətə başımız o qədər
qarışırdı ki, Nəsiman Zəngilan kəndinə
gedəcəyi Bakı-Qafan sərnişin qatarına gecikirdi.
Belə vaxtlarda rayon mərkəzində yerləşən
evimizdə gecələmək təklifimə əksər
hallarda "nənəm təkdir, gərək piyada da olsa,
qayıdam", deyirdi. Əslində, 3 kilometrlik yolu getmək
çətin deyildi, ancaq piyada dönməyə qoymur, ya Zəngilan-Mincivan
avtobusu ilə, ya da tanış sürücülərdən
biri ilə yola salırdım. Növbəti
görüşü səbirsizliklə gözləyir, əməlli-başlı
darıxırdıq. Bəzən də mən onlara gedirdim.
Hava xoş olanda həyətdəki hündür
ağacların altında otururduq. Artıq söhbətlərimizdə
tarixi mövzular da yer almağa başlamışdı. Bir də
o vaxtlar az qala şedevr hesab etdiyimiz yazılarımızı
bir-birimizə oxuyur, rəyimizi bildirirdik. Hər ikimiz rus ədəbiyyatının
təsirinə düşmüşdük. Xüsusi ilə XIX
əsr rus klassiklərinin Azərbaycan dilində çap
olunmuş əsərlərini oxuyub qurtaran kimi təəssüratları
bölüşməyə tələsirdik. Mənim rus ədəbiyyatının
vicdanı sayılan Belinskinin təsirinə
düşdüyüm günləri isə sonralar daha
çox gülüşlə xatırlayırdıq. Bu təsirin
ilk nəticəsi o olmuşdu ki, şairliyi buraxıb, hər
şeyə tənqidçi gözü ilə yanaşmağa
başlamışdım. Artıq dostumun şeirləri barədə
fikirlərim o qədər sərt və insafsızca olurdu ki,
aramızda ciddi gərginlik də yaranmış, hətta bir həftə
görüşlərə ara vermişdik. Az sonra o da eyni
"xəstəliyə yoluxdu". Qarşılıqlı tənqidlərimiz
bəzən elə qızışırdı ki, naharın
necə gəlib çatdığından xəbərimiz
olmur, ancaq Sona nənənin "bir stəkan çay
için, sonra davam edərsiniz", deməsi bizi sanki
ayıldırdı. Həmin günləri ilk dəfə onsuz
xatırladım və ürəyim elə sıxıldı
ki... Hətta bir dəfə ifrata varıb: "Bunlar şeir
deyil, kağız korlamaqdır", yazdığım
yadıma düşdü. İllər sonra Nəsiman:
- O amansız tənqidin məni "şair olmaq təhlükəsi"ndən
xilas etdi. Yoxsa taleyimin necə olacağını təsəvvürümə
gətirirəm, deyib gülürdü.
- Tarix elmimiz buna görə mənə minnətdar
olmalıdır, deyir, ona qoşulurdum.
Bizi doğmalaşdıran şeyləri sadalamaqla
qurtarmaz. Ancaq bir məqamı qeyd etməyə bilmirəm. Onun
da, mənim də valideynlərimiz uşaq vaxtımızdan
ayrılmış, o, anası ilə, mənsə atamla
qalmışdım. Anası Bakıda kiçik qardaşı
Rasimlə yaşadığından, Nəsiman kənddə, nənəsinin
yanında böyümüşdü. Sona nənə uzun
müddət onun üçün hər iki valideyni əvəz
etmişdi. Əsli Təbriz yaxınlığında bir kənddən
olan Sona nənə nur çöhrəli, dili dualı, incə
qəlbli, sinədəftər bir ağbirçək idi.
ADU-nun Jurnalistika fakültəsinin oxuyanda
hazırladığımız bir neçə "Bulaq"
verilişində onun zəngin söz boxçasından da
istifadə etmişdik. Yaşı 70-i haqlasa da, cılız bədənli
bu ağbirçəyin çevikliyi,
işgüzarlığı adamı heyran qoyurdu. Nənə
ilə nəvənin mehriban, qayğıkeş, hər anı
sevgi dolu münasibətlərini yada salanda indi də gözlərim
dolur. Nənəsini itirəndən sonra rayona seyrək gəlirdi.
"Gözüm hər yerdə axtarır, səsi
qulağıma gəlir, ancaq özünü görə bilmirəm.
Onsuz elə bil həyət-baca da özgələşib",
deyirdi.
Təbiəti çox sevirdi. Dağı, dərəni,
yaşıl yamacları gəzməkdən doymur, "axı,
hara tələsirik, bir az da qalaq, adamın beyni
açılır", deyirdi. İmkan tapan kimi rayon mərkəzindən
15-20 kilometrlikdəki dağlara üz tutur, çox vaxt evə
gecəyarı dönürdük.
Bir dəfə dağ başında qatı dumana
yaxalandıq. Vəziyyətin təhlükəli olduğunu
bildiyimdən "bir-birimizə əlçatan məsafədə
olaq", dedim. Çünki qatı dumanda kimsə yolu aza,
ayağını boşluğa ata, şehdən nəmlənmiş
yamacdan sürüşə, hətta çaşıb gədikdən
uçuruma yuvarlana bilərdi. Az sonra aranlı dostumuzun dedikləri
bu narahatlığın əsassız olmadığını
təsdiqlədi.
- Bu dumanın üstü ilə yerisək,
alaçıqlara daha tez çatarıq.
- Sən nə deyirsən, belə qatı
görünməyinə baxma, dumanın üstü ilə
yeriməkmi olar, ayağın boşluğa düşər,
ayılıb özünü dərənin dibində görərsən,
- az qala qışqıraraq dedim.
- Ayıla bilsə. Bunu da Nəsiman dedi və hərəmiz
bir əlindən tutub dostumuzu geri çəkdik. Duman,
doğrudan da, o qədər qatı, sıx idi ki, elə bil tərkibi
hava, su deyil, nəsə bərk cisim idi.
1990-cı ilin yayında Zəngilanın Dərəli
kəndinə getmişdik. Dağ ətəyində yerləşən
kəndi ayaqdan salıb yorulsaq da, "gəl,
babalarının yaşadığı kəndə qalxaq, o
yeri görmək istəyirəm", dedi. Yaxın qohumumun
"axşama qədər ora gedib-qayıda bilməzsiniz",
xəbərdarlığı da onu fikrindən
daşındırmadı. 1918-ci ildə ermənilərin
dağıtdığı, dağ döşündəki
Karrar əndinə üz tutduq. Ev yeri olduğu aydın
görünən dərin kahaları, iri məzar
daşlarını baxıb xeyli təsirləndi. "Dədə
Qorqud" boylarını xatırladım, - dedi. Saf havası
adamı qanadlandıran dədə-baba yurdumdan baxanda dərəboyu
axan Oxçu çayı əyri bir xətt kimi görünürdü.
Mən o gün dostumun Vətənə, doğma yurda nə qədər
bağlı olduğuna bir daha şahidlik etdim.
Torpaqlarımız erməni işğalından azad olunanda o
yerlərə ilk gedənlərdən biri də vətən,
millət kəlmələri dilindən çox, əməlində
yaşayan Nəsiman Yaqublu oldu.
O, məqsədyönlü, ciddi, xeyirxah və əzmli
insan idi. Maraqlı həmsöhbət olduğu kimi, məqamında
susmağı, başqasını dinləməyi də
bacarırdı. Doğrudur, araşdırdığı
mövzularla bağlı əmin olduğu fikirdən, yaxud
hansısa məsələ barədə qəbul etdiyi qərardan
dönməsi çətin idi. Ancaq qarşı tərəfin
dəlilləri məntiqli, istinadları dəqiq olanda
azacıq gülümsəyir: "Qadası, bu məsələdə
haqlısan", deməyə də güc tapırdı. Nə
gizlədim, hərdən inciməyi, küsməyi də
vardı. Ancaq yaxın dostlarla belə umu-küsülər
bir-iki həftədən uzun çəkməzdi. Belə
vaxtlarda dostların barışıq təşəbbüsü
ilə razılaşır, "görüşəndə
danışarıq, təki o da yola gəlsin", deyirdi.
Görüşəndə isə çox vaxt qarşı tərəfi
gözləmədən: "Qadası, vaxtımızı
itirməyək, hər şey geridə qaldı", deyib
barışığa körpü salardı. Çünki o
da beşgünlük işdən sonra dostlarla çay
süfrəsində həftəsonu görüşləri səbirsizliklə
gözləyir, "qənimət vaxt" hesab edirdi. Belə
görüşlərimiz gecikəndə mesajında
"qadası, heç olmasa, bu həftə toplaşa biləcəyik?
Düzü, yaman darıxmışam", yazırdı.
İlk dost itkilərindən sonra daha çox ehtiyac
duyduğumuz bu görüşlərin hərdən baş
tutmaması bizi üzür, növbəti görüşədək
günləri sayırdıq. O görüşlərdə
hamımız yüngülləşir, rahatlıq
tapırdıq. Yaz-yay aylarında gecəyə,
payız-qışda axşama qədər oturub şirin
söhbətlər etməyimizin bir səbəbi də elə
bu idi. Ancaq əlbəttə, başlıca səbəb bizi
yaxınlaşdıran, doğmalaşdıran cəhətlərimiz,
ortaq dəyərlərimiz idi. Bu dəyərlər arasında
musiqinin xüsusi yeri vardı. Xalq mahnıları, təsniflər,
həzin bəstəkar musiqilərinin heyranı olaraq zövqlərimiz
uyğun gəlirdi. Xalqın bağrından qopub gələn,
yolumuza körpü salan bu sənət incilərini dinləməkdən
yorulmurduq.
Deyirdi, yorğun vaxtlarımda Avropa və milli klassiklərin
əsərlərinə qulaq asıram, beynim dincəlir, xeyli
yüngülləşirəm. Azərbaycan musiqisindən
danışanda ilk yada düşən Üzeyir bəyin onun
da qəlbində xüsusi yeri vardı. Bu dahi şəxsiyyətə
hədsiz sevgi həm də onun milli istiqlal yolunun
cığırdaşları sırasında olması, Xalq
Cümhuriyyəti hökumətinin mətbu orqanı - "Azərbaycan"
qəzetinin baş redaktoru kimi fəaliyyəti, dövlət
himnimizin, ilk marşlarımızın müəllifi
olması və göstərdiyi daha neçə əvəzsiz
xidmətdən qaynaqlanırdı. Nəsiman Üzeyir bəy
dühasının böyüklüyünü, xalqa xidmət
əzminin tükənməzliyini daha bir məqamla da
bağlayırdı. "O, yeganə xadimdir ki,
yaşadığı müxtəlif zamanların ağır
şərtlərinə baxmayaraq, həm çar Rusiyası, həm
Cümhuriyyət, həm də Sovet Azərbaycanı
dövründə öz xalqına xidmət etməyi
bacarmışdır". Bu, sadəcə, böyük azərbaycanlıya
sonsuz sevginin və heyranlığın ifadəsi deyildi, hər
cür təzyiqə və real təhlükələrə
sinə gərib tutduğu yoldan dönməyən nadir bir
şəxsiyyətin ucalıq mücəssəməsi kimi Azərbaycan
tarixində əbədi qalmaq haqqının minnətdarlıqla
dilə gətirilməsi idi.
Həyatını Azərbaycan tarixinin, onun şərəfli
səhifələrindən olan Cümhuriyyət irsinin
araşdırılmasına və təbliğinə həsr
etmiş Nəsiman Yaqublu da öz missiyasını şərəflə
yerinə yetirdi. Çıxdığı yoldan heç vaxt
dönmədi, qələmi, təfəkkürü,
bütün varlığı ilə mənsub olduğu millətin
azadlıq, müstəqillik mübarizəsinin
yaşadılması üçün gərgin əmək sərf
etdi, illərini əsirgəmədi. Müxtəlif ölkələrin
arxivlərindən böyük zəhmətlə, çətinliklə
əldə etdiyi sənədlər, materiallar, canlı xatirələr
əsasında Cümhuriyyət tarixini, onun qurucularının
həyat və fəaliyyətini, Azərbaycanın istiqlal
mübarizəsinin bütöv bir mərhələsini
ardıcıl şəkildə, yorulmadan araşdırdı,
sanballı əsərlər yazdı. Yalnız
yazdığı əsərlərlə deyil, həm də
elmi konfranslarda, seminarlarda, müxtəlif tədbirlərdə,
elektron və ənənəvi mediada çoxsaylı
çıxışları, müsahibələri və
BDU-nun Jurnalistika fakültəsində 25 ilə yaxın
oxuduğu mühazirələri ilə Azərbaycan
insanına, o cümlədən, tələbələrinə
qürur duyacaqları bir tarixləri olduğunu
çatdırdı. Beləcə, 30 ildən artıq bir
dövrdə zəngin biliyi, natiqlik məharəti ilə
neçə minlərə sevdirdiyi tarixi dövrün bir
parçasına çevrildi, sanasan canbir, ruhbir olduğu ilk
müstəqil dövlətimizin fədakar qurucularının
cərgəsinə qovuşdu.
Min təəssüf ki, ömrünün məhsuldar
çağında aramızdan vaxtsız getdi. Son söhbətlərimizdə
arxivlərdən topladığı dəyərli sənədlər,
faktlar əsasında yeni tədqiqat işləri
yazacağını deyirdi. Qismət olmadı. Oğlu
Nihadın toyunu görmək, hələ yaşı tamam
olmayan nəvəsinin dilindən həsrətlə gözlədiyi
"baba" sözünü eşitmək də nəsibi
olmadı. Milli Məclis üzvlüyünə namizəd kimi
qeydə alındığı 125 saylı Zəngilan-Qubadlı
seçki dairəsindən seçiciləri ilə
görüşdən dönərkən Cəbrayıl rayonu ərazisində
avtomobil qəzası keçirdi. Həmin an onun nə
düşündüyü bilinmir. Ancaq nədənsə mənə
elə gəlir, bir saatdan artıq həyat-ölüm
mübarizəsi aparan dostumuz son nəfəsində sevdiyi
şair Əli Kərimin məşhur misralarını
pıçıldayıb:
Haradan gəlib çıxdı ölüm, bu qoca
kaftar,
Yaman kəmfürsətdir,
görmür ki, əlimdə nə qədər
işim var?!
Lətif ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 19 sentyabr (№ 170).- S.11.