Azərbaycan
dilçiliyində mərhələ yaratmış alim
Akademik Məmmədağa
Şirəliyev - 115
Professor Bəkir Çobanzadənin istedadlı tələbəsi,
Dövlət Mükafatı laureatı, Əməkdar elm
xadimi, sovet dövrü Azərbaycan dilçiliyini yaradanlardan
biri, Azərbaycan EA-nın dilçilik sahəsində ilk
akademiki, milli elmimizi dünya miqyasında tanıdan parlaq şəxsiyyət,
görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Məmmədağa
Şirəli oğlu Şirəliyevin anadan olmasının 115
illiyi tamamlandı.
Məmmədağa Şirəliyev 1909-cu il
sentyabrın 13-də (bəzi mənbələrə görə
19-da) Şamaxı şəhərində doğulub. O, 1927-ci
ildə Bakıda orta məktəbi başa vuraraq Azərbaycan
Dövlət Universitetinin (BDU - o zaman belə adlanırdı)
Şərq fakültəsinin dilçilik şöbəsinə
qəbul olunub və 1931-ci ildə oranı bitirib. 2 il Ağdam
rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən
sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası
üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
(APİ) aspiranturasına daxil olub. Aspirantura illərindən
sonra həmin institutda Azərbaycan dili fənnindən dərs
deyib.
Məmmədağa müəllim ömrünün 30
ildən çoxunu respublikamızın müxtəlif ali təhsil
ocaqlarında dilçilik kursu üzrə mühazirələr
oxuyub. 1933-41-ci illərdə APİ-də müəllim, dekan
müavini, dekan, 1941-45-ci illərdə və 1949-1960-cı illərdə
Azərbaycan Dövlət Universitetində (BDU-da) Azərbaycan
dilçiliyi kafedrasının müdiri, filologiya fakültəsinin
dekanı, Universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan
EA Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində
çalışıb. M.Şirəliyev ali məktəblərdə
yüksək vəzifələr tutsa da, onun 1950-ci illərdən
sonrakı fəaliyyəti (1950-1991) Azərbaycan dilçilik
elminin inkişaf və zənginləşməsi işinə
həsr olunub.
O, 1952-1960-cı illərdə Azərbaycan EA Nizami
adına Ədəbiyyat və Dil İnstitutunun dialektologiya
şöbəsinin müdiri vəzifəsində işləyib,
həmin illərdə BDU-nun (o zamankı ADU) professoru olub.
M.Şirəliyev 1960-1968-ci illərdə (1968-ci ilin fevral
ayına qədər) Nizami adına Ədəbiyyat və Dil
İnstitutunun direktoru, 1968-ci ilin fevral ayından 1969-cu ilin
oktyabrına kimi Azərbaycan EA İctimai Elmlər Bölməsinin
akademik katibi vəzifəsində çalışıb.
1969-cu ildə Azərbaycan EA-da müstəqil Dilçilik
İnstitutu təşkil olunduqdan sonra 1988-ci ilə qədər
həmin instituta rəhbərlik edib. Bütövlükdə
31 il Dilçilik İnstitutunun direktoru olub.
M.Şirəliyev 1949-cu ildə Azərbaycan EA-nın
müxbir, 1962-ci ildə isə həqiqi üzvü
seçilib, 1960-cı ildə Azərbaycanın Əməkdar
elm xadimi adına, "Azərbaycan dialektologiyasının əsasları"
monoqrafiyasına görə 1972-ci ildə Dövlət
mükafatına layiq görülüb. 1944-cü ildə
"Qafqazın müdafiəsinə görə" və
İkinci Dünya müharibəsində "Əmək
igidliyinə görə" (1941-45) medalları ilə,
1946-cı ildə "Qırmızı Əmək
Bayrağı" ordeni, 1954-cü ildə "Şərəf
nişanı" ordeni ilə təltif olunub.
1953-1954-cü dərs ilində M.Şirəliyev
Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya
Universitetinin türk filologiyası kafedrasının müdiri
vəzifəsində çalışıb, 1957-ci ildə
Türk Dil Qurumunun VIII qurultayında nümayəndə kimi
iştirak edib və bu qurumun müxbir üzvü seçilib.
Akademik M.Şirəliyevin elmi
yaradıcılığı olduqca geniş və
çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin
yaranması, inkişafı və çiçəklənməsində
böyük xidmətlər
göstərib. Bu elmin bir çox yeni sahələrinin
diferensiallaşıb müstəqil elm kimi
formalaşmasında, Azərbaycan dilçiliyinin dünyada,
xüsusilə türkdilli ölkələrdə
tanınmasında, onun müqayisəyəgəlməz əməyi
elmi ictimaiyyətə yaxşı bəllidir.
Görkəmli elm xadiminin adı dialektologiya, ədəbi
dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik,
ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və
habelə nitq mədəniyyəti, orfoepiya məsələləri,
üslubiyyat, Azərbaycan dilinin dialektoloji atlasının və
başqa sahələrin mötəbər tədqiqatçıları
sırasında iftixarla, şərəflə çəkilir.
Onu elmi yaradıcılığı, elmi irsi, türkologiya
elminin ən dəyərli əsərləri sırasına
daxildir. M.Şirəliyev 200-dən çox elmi əsərin,
8 kitabın müəllifi, 21 kollektiv monoqrafiyanın əsas
müəlliflərindən biri və redaktoru olub.
Dilçiliyimizin əksər sahələrinin
yaranıb zənginləşməsində Məmmədağa
müəllimin özünəməxsus, seçilən xidmətləri
olsa da, o, dilçilik arenasında daha çox görkəmli
dialektoloq kimi tanınıb, bu sahədə fəaliyyəti
ona böyük şöhrət qazandırıb. Onun 1941-ci
ildə namizədlik dissertasiyası kimi müdafiəyə təqdim
etdiyi "Bakı dialekti" araşdırması Dissertasiya
Şurası üzvləri tərəfindən yüksək
qiymətləndirilmiş və alim, heç bir tərəddüdsüz,
birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə
layiq görülmüşdü. Obrazlı şəkildə
ifadə etsək, rus ədəbiyyatında hekayə M.V.Qoqolun
"Şinel"indən, Azərbaycan nəsri Mirzə Cəlilin
"Poçt qutusu"ndan çıxdığı kimi,
dialektologiyaya həsr olunmuş sonrakı hər bir
araşdırma da Məmmədağa Şirəliyevin
"Bakı dialekti" monoqrafiyasından doğulub. M.Şirəliyevin
bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə
də digər türk respublikalarında dialektoloji
araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar
üçün bir örnək, etalon kimi dəyərlidir.
O, ekspedisiya yolu ilə də Azərbaycan dialektlərini
öyrənmək üçün 1933-1958-ci illərdə
fasilələrlə Qafqaz ərazisində, o cümlədən,
Azərbaycanın rayonlarında elmi səfərlərə
başçılıq etmiş, materiallar
toplamışdı. Onu, haqlı olaraq, Azərbaycan dialektologiyası
məktəbinin qurucusu sayırlar. Bu gün onun bu sahədəki
"Bakı dialekti" (1949, 1957)", Azərbaycan
dialektologiyasının əsasları" (1962, 1968, 2006),
"Dialektı i qovorı azerbaydjanskoqo əzıka" (1983)
və başqa əsərləri Azərbaycan dilçiliyinin
nadir nüsxələrə çevrilmiş inciləri
sırasındadır. M.Şirəliyev həmçinin
türk dillərinin dilçilik coğrafiyası üsulu ilə
öyrənilməsi ideyasının müəllifidir. Onun rəhbərliyi
və şəxsi təşəbbüsü ilə Azərbaycan
dialektoloqları bu işə başlamış və 20 il gərgin
əmək sərf etməklə 128 xəritədən ibarət
"Azərbaycan dilinin dialektoloji atlası"nı
1990-cı ildə nəşr etdirməyə müvəffəq
olmuşlar. Bu atlasın redaktorları akademik M.Şirəliyev
və professor M.İslamovdur. Bu atlas dünya
türkologiyasında ilk təcrübə, ilk nümunə
olduğundan dünyanın görkəmli dilçiləri tərəfindən
sonsuz maraqla qarşılanıb və yüksək elmi qiymət
qazanıb. Azərbaycan dilçilərinin bu uğurundan sonra
akademik M.Şirəliyev haqlı olaraq keçmiş SSRİ məkanındakı
türk dillərinin ümumi dilçilik atlasının
yaradılmasına rəhbərlik etmiş və həmin atlas
üzrə təşkil olunmuş komissiyanın sədri
seçilmişdi.
M.Şirəliyev sözün əsl mənasında
böyük şəxsiyyət və pedaqoq idi. Elmi fəaliyyəti
ilə yanaşı, Məmmədağa Şirəliyev həm
də pedaqoji işdə, təhsil sahəsində də
xalqımıza əvəzsiz xidmətlər göstərib.
Onun professor Muxtar Hüseynzadə ilə birgə
yazdıqları "Azərbaycan dilinin qrammatikası" (II
hissə, sintaksis) orta məktəb dərsliyi 1940-cı ildən
çap olunmağa başlayaraq 50 ildən artıq müddətdə tədris
işinə alternativsiz xidmət edib. Həmin dərslik bu
gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.
Azərbaycan dilinin dialektoloji lüğətlərinin
tərtibi və nəşri sahəsində də akademik
M.Şirəliyevin dəyərli xidmətləri var. Belə
ki, o, 1964-cü ildə çapdan çıxmış
bircildlik Azərbaycan dilinin dialektoloji lüğəti"nin
redaktoru olub. Sonralar bu lüğətin sözlüyü
artırılaraq Ankarada 1999-2000-ci ildə ikicildlik kimi nəşr
edilib. Bəllidir ki, XX əsrin 60-70-ci illərində Bakı
şəhəri hələ sovet dönəmində də
türkologiyanın mərkəzi sayıldığına
görə və akademik M.Şirəliyevin türkologiya
elminin inkişafında dəyərli xidmətləri, onun
böyük nüfuzu nəzərə alınaraq "Sovetskaə
törkoloqiə" (indi "Türkologiya" adı ilə
çıxır) ümumittifaq jurnalı 1970-ci ildən
Bakı şəhərində nəşr olunmağa
başladı və baş redaktoru isə, təbii ki,
M.Şirəliyev oldu. O, düz 20 il bu jurnalın baş
redaktoru vəzifəsində çalışdı.
Görkəmli elm xadimi M.Şirəliyevin Azərbaycan
dilinin tətbiqi məsələlərinə aid dəyərli
araşdırmaları və kitabları vardır. Onun əlifba,
terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii
əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik
və dilçilik məsələlərinə aid
apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirib.
Akademik M.Şirəliyevin yüksəkixtisaslı
dilçi kadrların, xüsusən dialektoloqların
hazırlanmasında da xidmətləri böyükdür.
Onlarla doktorun elmi məsləhətçisi və 40-dan
yuxarı elmlər namizədinin elmi rəhbəri olub (bu sətirlərin
müəllifinin də elmi rəhbəri olmuş Məmmədağa
müəllimi hər zaman minnətdarlıqla xatırlayır
və ruhu şad olsun deyirəm). Akademiklər Ağamusa
Axundov, Tofiq Hacıyev, professorlar Rəhilə Məhərrəmova,
Musa Adilov, Musa İslamov, Məmməd Qasımov, Müseyib Məmmədov,
Qəzənfər Paşayev və başqa alimlərin elmi rəhbəri
məhz M.Şirəliyev idi. Onun rəhbərliyi ilə həmçinin
türkdilli respublika və vilayətlərdə çoxlu elmlər
namizədi və elmlər doktoru yetişib. Özbək,
qaraqalpaq, tatar, qazax, türkmən, çuvaş,
başqırd, Qaraçay-balkar, qumuq, yakut (saxa) dilçi
kadrlarının hazırlanmasında M.Şirəliyevin nəcib
əməyi unudulmazdır. Buna bariz nümunə olaraq göstərmək
istərdik ki, Qaraqalpaq, Muxtar Respublikasının Ali Soveti
akademik M.Şirəliyevi bu respublika üçün kadrlar
yetişdirməsinə və anadan olmasının 70 illiyinə
görə 1979-cu ildə fəxri fərmanla təltif
etmişdi.
Akademik M.Şirəliyev 1991-ci il aprel ayının
19-da uzun sürən xəstəlikdən sonra 82
yaşında dünyasını dəyişdi. Məmmədağa
müəllimin müasirləri onun yüksək elmi duyumunu, həssaslığını
bu gün də heyrətlə, məhəbbətlə
xatırlayırlar. Akademik Məmmədağa Şirəliyev
belə bir insan idi: diqqətli, tələbkar, son dərəcə
qayğıkeş, səmimi, nikbin, yüksək həyat
eşqi ilə yaşayan, həssas...
115 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli
türkoloq, böyük Azərbaycan dilçisi, görkəmli
akademik Məmmədağa Şirəliyevin əziz xatirəsi
heç bir zaman unudulmayacaq, həmişə məhəbbətlə
yad ediləcək, elmi ictimaiyyətin, onun tələbələrinin
və onu tanıyanların qəlbində əbədi
yaşayacaq. M.Şirəliyevin elmi irsi hər zaman
dilçiliyimiz üçün örnəkdir, dəyərlidir
və gərəklidir.
İsmayıl Məmmədli
525-ci qəzet .- 2024.- 19 sentyabr (№ 170).- S.10.