Tarixə düşən
23 saat 43 dəqiqə...
Azərbaycanın separatizmə son qoyan antiterror əməliyyatına
başlamasından 1 il ötür
Azərbaycan ərazisində uzun illər mövcud
olmuş erməni separatizminə son qoyan, suverenliyimizin tam bərpası
ilə başa çatan lokal antiterror tədbirlərindən
bir il ötür. 2023-cü il sentyabrın 19-da
başlayıb, bir gündən də az davam edən tədbirlər
hərb tariximizin ən şanlı səhifələrindən
biridir. Antiterror tədbirləri dünya hərb tarixində də
ən unikal əməliyyatlardan biri hesab edilir.
Buna qədər isə Azərbaycan 44 günlük Vətən
müharibəsi ilə öz torpaqlarını düşməndən
azad edərək, ərazi bütövlüyünü bərpa
etmişdi. Hər şey elə 2020-ci ilin 27 sentyabrında
başladı. Ərazimizin 20 faizini 30 ilə yaxın
işğalda saxlayan Ermənistan münaqişənin sülh
yolu ilə həlli istiqamətində nəinki hansısa
addım atdı, bu ölkənin müdafiə naziri “yeni
müharibə yeni ərazilər” dedi, baş naziri “Qarabağ
Ermənistandır və nöqtə” dedi. Qondarma
“dağlıq qarabağ respublikası” “parlamentini” qədim Azərbaycan
şəhəri Şuşaya köçürülməsi
haqqında qərar qəbul etdilər. Ermənistanın
baş naziri bəyan etdi ki, on minlərlə insanı birləşdirən
“könüllü” hərbi birləşmələr
yaradılacaq. Təbii ki, bu da Azərbaycana qarşı təxribatlara
hazırlıq mərhələsi idi. Bunun daha bir göstəricisi
isə Ermənistanın işğal edilmiş torpaqlarda hərbi
təlimlər keçirməsi idi. Bütün bunlar Ermənistanın
Azərbaycana hücum etmək, yeni torpaqları işğal
etmək niyyətini göstərirdi. Ermənistanın mütəmadi
hərbi təxribatları da bunun sübutu idi.
Münaqişənin həllində sülhə
üstünlük verən Azərbaycan dövləti hər
zaman bəyan edirdi ki, torpaqlarımız istənilən yolla
azad ediləcək, əgər sülh
danışıqları nəticə verməsə, digər
variantlardan istifadə ediləcək. Son vaxtlar Ermənistanın
Azərbaycana qarşı hərbi təxribatları müntəzəm
xarakter almağa başladı, iyul ayında dövlət sərhədinin
Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində
hərbçilərimiz və bir mülki şəxs həlak
oldu, avqust ayında Ermənistan növbəti hərbi təxribata
əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərildi.
Ermənistan silahlı qüvvələrinin 27 sentyabr
tarixində bir neçə istiqamətdən müxtəlif
növ silahlardan, o cümlədən, ağır artileriyadan
istifadə edərək yaşayış məntəqələrimizi,
eyni zamanda, hərbi mövqelərimizi atəşə
tutması səbrimizin son damlası oldu. Düşmən atəşi
nəticəsində mülki əhali və hərbçilərimiz
arasında itkilər, yaralananlar oldu.
Həmin gün xalqa müraciətində dövlət
başçısı bildirdi ki, bu, erməni faşizminin
növbəti təzahürüdür və onların
qanı yerdə qalmayacaq: “Bizim mövqeyimiz beynəlxalq
hüquqa və ədalətə əsaslanır. Biz öz
torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu
Azərbaycan torpaqlarında düşmənə
sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan
Ordusu öz torpağında Azərbaycanın ərazi
bütövlüyünü qoruyur, müdafiə edir”.
Dövlət başçısı qeyd etdi ki,
heç kəs üçün sirr deyil ki, “dağlıq
qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin
90 faizi Ermənistan vətəndaşlarından ibarətdir.
Azərbaycan Ordusu müharibənin ilk günlərindən
üstünlüyü ələ alaraq, hər gün yeni qələbələrə
imza atdı. 44 günlük müharibədə ağır məğlubiyyətə
uğrayıb kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi
qanunsuz silahlı birləşmələri ərazimizdən
çıxarmaqla bağlı Bakının tələbinə
əməl etmədi, əksinə, separatçıları
gizli yollarla silahlandırmaqda, onlara maliyyə, canlı qüvvə
baxımından dəstək göstərməkdə davam
etdi. Bakının Qarabağdakı erməni icması ilə
dialoq təkliflərinə də Ermənistan rəhbərliyi
mane oldu.
Bəli, antiterror tədbirləri artıq labüd idi.
Paşinyan silahlı birləşmələrini Azərbaycan ərazilərindən
çıxarmaq əvəzinə qondarma “dağlıq
qarabağın müstəqillik bəyannaməsi”nin
ildönümü ilə əlaqədar təbrik müraciəti
ünvanlayır, sentyabrın 9-da Azərbaycanın Qarabağ
bölgəsində qondarma “prezident seçkiləri”
keçirilir, ərazilərimiz minalanır, Qarabağda terror
aktları törədilir, mülki şəxslərə və
polis əməkdaşlarına qarşı hücumlar edilir, təyyarələrə
qarşı radiomaneələr yaradılır.
Beləliklə, 2023-cü il sentyabrın 19-da Azərbaycan
üçtərəfli bəyanatın müddəalarının
təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının
alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə bölgədə
antiterror əməliyyatına başladı.
Azərbaycan əməliyyata başlamazdan əvvəl
bəyan etdi ki, mülki əhali və infrastruktur obyektləri
hədəfə alınmır, yalnız legitim hərbi hədəflər
sıradan çıxarılır. Eyni zamanda, bölgədə
yaşayan erməni sakinlərinə Ermənistan silahlı
qüvvələrinin birləşmələrinə yaxın
durmamağa və onlara dəstək olmamağa
çağırış edilib. Bu, mülki əhaliyə
heç bir zərər yetirilmədən aparılmış
uğurlu əməliyyat kimi də tarixə düşdü.
Heç bir erməni mülki vətəndaşı zərər
görmədən və ya infrastruktura ziyan vurulmadan
terrorçular tərksilah olundu. Nəticədə azərbaycanlılar
öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi.
Bir gündən az, daha dəqiqə, cəmi 23 saat 43
dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində
ağır itkilər verən işğalçılar ağ
bayraq qaldıraraq təslim oldular. Bölgədə qalan Ermənistan
silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan
ərazisindən çıxarıldı, qondarma rejimin
qalıqları isə onun ləğv olunduğunu elan etdilər.
Azərbaycan öz ərazisində
separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan
Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror
tədbirləri zamanı hərbi qulluqçularımız
böyük igidlik və qəhrəmanlıq göstərdilər.
Erməni separatçı rejimin rəhbərləri olan cinayətkarlar
Azərbaycan tərəfindən həbs edildilər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi
şəhərində, Xocalı şəhərində,
Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd
şəhərində və Ağdərə şəhərində
Azərbaycan Respublikasının Dövlət
Bayrağını ucaltdı.
Prezident İlham Əliyev ötən il Xankəndi
şəhərində Azərbaycan xalqına müraciətində
dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə
borcumu yerinə yetirməyə başlayanda qarşıma bir
nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan
Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə,
bütün torpaqlarda, bütün şəhər və kəndlərdə
qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs
məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs
anı yaxınlaşdırırdıq və dəfələrlə
deyirdim ki, hər birimiz, hərə öz yerində öz
işi ilə bu günü yaxınlaşdırmalıdır
Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt
etmək lazımdır, onu mən bilirəm. İkinci
Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı
bilirdi ki, mən bunu bilirəm. O gündən üç il
keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik,
Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan
Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və
tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim
üçün bəlkə o qədər də
düzgün deyil. Çünki bu tarixi biz
yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan
xalqı elə bir Qələbə qazanıb ki, həm dillər
əzbəri olub, həm də bu Qələbə əbədi
bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi
olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə
ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Bu binada ("dqr" rəhbərliyinin əyləşdiyi
bina - red.) ən ali kürsüdə oturanların bəziləri
indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər,
onlar bizi hədələyirdilər, deyirdilər ki, onların
tankları Bakı küçələrində olacaq,
haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər
Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib
çay içəcəklər. Burada da haqlıdırlar.
İndi çay içirlər, istintaq təcridxanasında.
Özünü “prezident” adlandırmış üç təlxək
bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi,
bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə
yanaşdığımız kimi, bu məsələyə də
təmkinlə və səbirlə yanaşırdıq.
Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən
bunu bilirdim...
Özünü “prezident” adlandıran 3 təlxək
bu gün öz layiqli cəzasını gözləyir. Bu
binaların birində oturmuş, özünü “baş nazir”
adlandıran bir adam görəsən, bu gündəmi bizi hədələməyə
cürət edəcək? Onun da çayı bu gün istintaq
təcridxanasında verilir. Burada özünü “xarici işlər
naziri” adlandırmış bir separatçı o vaxt belə
kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə
qaldırmaq istəyirsə, səfirlik açsın bizim
ölkəmizdə.
İndi onun da çayı orada, təcridxanada verilir.
Bizim bayrağımız isə bax, oradadır. Bu, dərs
olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl
dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim
sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu,
sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə,
onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən,
Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən
müharibəsini unutmasınlar! Antiterror tədbirlərini
unutmasınlar! Əgər yenə də Ermənistanda
hansısa qüvvə revanş haqqında
düşünürsə, bax, bu kadrlara yaxşı
baxsın”.
Azərbaycan öz böyük zəfəri ilə həm
də işğaldan əziyyət çəkən xalqlar
üçün bir president yaratdı. Azərbaycan nümunəsi
göstərdi ki, beynəlxalq hüquq bəzi dövlətlərə
münasibətdə işləmir və bu, sadəcə
böyük güclərin əlində bir vasitədir. Xalqlar
beynəlxalq hüququ özləri təmin etməlidirlər,
bunun üçün isə başlıca şərt
güclü və qətiyyətli liderin olmasıdır.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2024.- 19 sentyabr (¹ 170).- S.4.