Vətənə xidmət nümunəsi

 

Bu gün cəmiyyətin mütləq əksəriyyəti vətən sevgisi, dövlətçiliyə vicdanlı xidmət mövqeyi nümayiş etdirərək öz bilik və bacarığını ölkəmizin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə xidmətə həsr edir. Belə insanlardan biri də uzun illərdir ki, cəmiyyətdə vətənpərvər, təəssübkeş, təvazökar, dərin zəkası, geniş dünyagörüşü, yüksək peşəkarlığı və idarəçilik keyfiyyətləri ilə fərqlənən, əsl ziyalıya xas olan kübar dəyərləri özündə birləşdirən bir şəxsiyyət kimi tanınan Rövşən Xosrov oğlu Ağayevdir.

Ali təhsilini tamamladıqdan sonra əmək fəaliyyətinə başlayan R.Ağayev işlədiyi kollektivdə qısa müddətdə hörmət və nüfuz qazanıb. Hələ gənc yaşlında Ümummilli lider Heydər Əliyevin vaxtilə Sabunçu rayonundan Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd irəli sürülməsi ilə əlaqədar "Leninneft" NQÇİ-nin partiya komitəsinin rəhbəri kimi seçkiqabağı təşkilat-təşviqat işlərinin, seçicilərlə görüşlərin və seçkilərin yüksək səviyyədə təşkil edilməsilə bağlı tədbirlərin bilavasitə fəal təşkilatçılarından biri olub. Öz xatirələrində qeyd etdiyi kimi, 1980-ci ilin yanvar ayında Ulu öndər Heydər Əliyevlə Leninneftdə keçirilən tədbirdəki görüşü onun sonrakı həyat və fəaliyyətində silinməz iz buraxıb, verdiyi tapşırıq və tövsiyələr həyat yolunda bir mayak rolunu oynayıb.

1983-cü ildən o dövrün aparıcı mətbu orqanlarından olan "Azərbaycan kommunisti" jurnalında şöbə müdiri vəzifəsində işlədiyi illərdə partiya və sovet həyatının bütün sahələrinə aid maraqlı yazıları qısa müddətdə ona geniş oxucu kütləsi qazandırmışdı. 80-ci illərin ikinci yarısından başlanan və ölkəmizə böyük fəlakətlər gətirmiş erməni seperatizminin baş qaldırdığı dövrlərdə onun yaradıcılığının məzmunu da dəyişərək, əsas istiqaməti bu hərəkatın əsl məqsədlərinin açılmasına və ölkəmizə qarşı ərazi iddialarının ifşa edilməsinə yönəlmişdi. Həmin illərdə eyni zamanda ali məktəbdə pedaqoji fəaliyyət göstərməklə dövlət idarəçiliyi sahəsində bacarıqlı və savadlı kadrların hazırlanması işinə töhfə vermişdi. Əmək fəaliyyətində qazandığı nailiyyətlər yüksək qiymətləndirilərək, o, 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə layiq görülmüşdü.

Ötən əsrin 90-ci illərin əvvəlində R.Ağayevin Prezident Administrasiyasına işə qəbul edilməsi onun həyatında yeni şərəfli bir mərhələnin başlanğıcı olub. O, belə yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarıqlarını səfərbər edərək, uzun illər burada şərəf və ləyaqətlə dövlətinə və xalqına xidmət edib, milli idarəçilik sisteminin daha da inkişafı və yerlərdə zamanın tələblərinə uyğun intellektual potensiala malik kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərib, prinsipiallığı, tələbkarlığı, işgüzarlıq keyfiyyətləri və icra intizamı ilə fərqlənib.

R.Ağayev bu gün də yüksək səviyyəli mütəxəssis kimi ölkəmizin təhsil sistemində dövlətin müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfəsini verməkdə davam edir. Vəzifə funksiyalarını yerinə yetirməklə yanaşı, o, tez-tez ölkəmizin təhsil sistemi ilə bağlı məqalələrlə çıxış edir, dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən, təhsil sistemindəki köklü dəyişikliklər və onun müsbət nəticələri, gənc nəslin vətənə layiqli övladlar kimi yetişdirilməsi istiqamətlərində görülən işləri işıqlandırır, mövcud problemlər barədə peşəkar təkliflər irəli sürür. Təhsil sahəsində islahatların həyata keçirilməsində yüksək xidmətlərinə görə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif edilməsi onun əməyinə verilən növbəti yüksək dəyərin bariz nümunəsidir.

R.Ağayev eyni zamanda cəmiyyətdə yaradıcı bir şəxsiyyət kimi tanınır. 250-dən artıq elmi-publisistik məqalənin, 4 kitabın müəllifi, məktəb həyatı üçün vacib olan 3 metodik vəsaitin həmmüəlliflərindən biri, eləcə də Azərbaycan Yazıçılar Birliyi kimi nüfuzlu yaradıcılıq birliyinin üzvü olması onun necə məhsuldar yaradıcı şəxs olmağının əyani sübutudur

Rövşən müəllimi uzun illər yaxından tanıyan bir şəxs kimi onun hər bir yazısında həmişə bir dərinlik və zənginlik müşahidə etmişəm və bu dərinlik və zənginlik təsadüfi deyil. Bunlar ilk növbədə onun öz daxili dünyasının, həyat fəlsəfəsinin və yaxşı əməllərinin nümayişi, tərənnümüdür. O, bütün fəaliyyəti boyu müasir Azərbaycan dövlətçiliyinin memarı olan Heydər Əliyevin siyasətini dəstəkləyib, bu siyasətin Azərbaycanı xoşbəxt və firavan gələcəyə aparacağına inam hissini ifadə edib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən və dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanımızın günü-gündən daha da çiçəklənməsinin məhz Heydər Əliyev siyasətinin bəhrələri olduğu onun yazılarında aydın xətlə keçir.

Cəmiyyətin aktual problemlərinin araşdırılmasında, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində Rövşən müəllimin atası, uzun illər məsul rəhbər vəzifələrdə işləmiş el ağsaqqalı, gözəl insan Xosrov Ağayevin vaxtilə verdiyi dəyərli məsləhətlər də onun sonrakı fəaliyyətində mühüm rol oynayıb.

Rövşən Ağayevin yaradıcılığında Qarabağla bağlı araşdırmaların da məxsusi yer tutduğunu qeyd etmək lazımdır. Xüsusən onun Qarabağdan çıxmış məşhur sənətçilərin həyat və fəaliyyəti barədə tədqiqatları maraqla qarşılanır, eyni zamanda erməni faşizminin Qarabağda törətdiyi vəhşiliklər və bu bəşəri cinayətlərin ağır nəticələri barədə məqalələri bu cinayətlərin unudulmaması üçün vacib əhəmiyyət daşıyır. 30 il ərzində xalqımızın çəkdiyi Qarabağ həsrəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi və hazırda burada möhtəşəm bərpa və quruculuq işlərinin aparılması, "Böyük Qayıdış"ın həyata keçirilməsi - bütün bunların insanlarda yaratdığı böyük inam hissi onun məqalələrinin əsas qayəsini təşkil edir.

Bu günlərdə Rövşən Ağayev 75 illik yubileyini qeyd edib. Onun keçdiyi mənalı həyat yolu, Vətənə əsl xidmət nümunəsi olan şərəfli əmək fəaliyyəti gənc nəsillər üçün bir nümunə, örnəkdir. Bu yubiley münasibəti ilə Rövşən müəllimi səmimi qəlbdən təbrik edir, ona və ailəsinə uzun ömür, cansağlığı, xoşbəxtlik və yorulmaz fəaliyyət arzulayırıq.

 

Natiq İSAYEV

525-ci qəzet .-2024.- 20 sentyabr (№ 171).- S.15.