Vətənə məhəbbət
və milli təəssübkeşlik: çağdaş gənclik
üçün vacib keyfiyyətlər
"Azərbaycanda gənc nəslin milli-vətənpərvərlik
ruhunda yetişməsi daim dövlətin diqqət mərkəzindədir"
Vətənpərvərlik hissi hər bir insanda
uşaq yaşlarından formalaşdırılmalıdır.
Bu baxımdan, gənclərdə vətənpərvərlik
hissinin aşılanması, formalaşdırılması məhz
məktəblərin üzərinə düşən vəzifələrdəndir.
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə
olan gənc nəslidir. Gənc nəslə qayğı isə
hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən
biridir. Bugünkü məktəbli nə qədər
savadlı, nə qədər vətənpərvər, nə
qədər yüksək dünyagörüşünə
malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər
işıqlı və ümidverici olar. Milli dövlətçiliyin
formalaşması, milli mənlik şüurunun inkişaf
etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi
kimi qlobal proseslərdə gənclərin üzərinə
böyük məsuliyyət düşür. Qloballaşan
dünyada mədəniyyətlərin inteqrasiyası
fövqündə milli adət-ənənələrin qorunub
saxlanması təhlükəsilə üz-üzə
dayanmışıq. Belə bir şəraitdə milli mənlik
şüurunun inkişaf etdirilməsi vacib məsələyə
çevrilir. Odur ki, gənc nəslin həm fiziki, həm də
mənəvi cəhətdən sağlam böyüməsi,
milli vətənpərvərlik ruhunda tərbiyə
olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi,
ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi
üçün mühüm amildir.
Hazırda həyatın elə bir sahəsi yoxdur ki,
orada gəncliyin səsi eşidilməsin, fədakar zəhməti,
hərarətli nəfəsi hiss olunmasın. Bugünkü gənclik
Azərbaycanın həm də potensial hərbi
gücüdür. Ümummilli lider Heydər Əliyevin təbirincə
desək: "Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur.
Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə
sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq -
budur vətənpərvərlik".
Millət vəkili Zahid Oruc gənclərin vətənpərvərlik
hissindən danışarkən deyir ki, Azərbaycan gəncliyinin
sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi
vətənpərvərlik ruhunun yüksək səviyyədə
olmasıdır: "Zaman keçdikcə gənc nəsildə
vətənpərvərlik, milli qürur hissləri daha da
güclənir. Sevindirici haldır ki, Azərbaycanın bu
gün qüdrətli ordusu var. Çünki dövlətin gənclər
siyasəti var. Dövlət gənclər siyasəti gənclərin
öz bilik və bacarıqlarının, təbii
potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə
layiqli yer tutmasını təmin edən şəraitin
yaradılması məqsədilə dövlət tərəfindən
müəyyən edilmiş prioritetlər və həyata
keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli
inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni
inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə
davamlılığının, milli təhlükəsizliyinin
vacib şərtlərindəndir".
Millət vəkili qeyd edir ki, dünyada bir çox dəyişikliklər
gəncliyin hesabına mümkün olub. Çünki gənclik
böyük qüvvədir və o, özündə
böyük bir potensialı cəmləyir. Məhz bu kimi amillər
nəzərə alınaraq Azərbaycan dövləti gənclərə
xüsusi diqqət və qayğı ilə yanaşır.
İndi gənclər qarşısında bir sual ortaya
çıxır ki, qloballaşan dünyada bəşəri
və milli dəyər kimi iki faktoru necə bir arada
tutmağı bacarasan. Yəni gənclər haradasa bir-birini təkzib
edən bu iki dəyəri necə uzlaşdıra bilsin ki,
milli kimliyinə xələl gəlməsin. Ona görə də
sözügedən məsələdə dövrün tələblərinə
uyğun bir mexanizm, yanaşma tərzi ortaya qoyulmalıdır.
Araşdırmalar deməyə əsas verir ki, Avropa cəmiyyəti
bu sahədə uğurlu vəhdətin tapılmasına sahib
ola bilib. Bunun nəticəsidir ki, Avropa gəncləri
keçmişlə müasirliyin uğurlu vəhdətini
yaradıb. Cəmiyyət bu vəhdətdən ziyan
görmür: "İş ondadır ki, bu gün Avropa
ölkələrinin inkişaf etməsinə baxmayaraq,
bütün bunlar onun mədəniyyətini,
keçmişini, adət-ənənələrini silib
atmır. Hər bir avropalı keçmişinə hörmətlə
yanaşmaqla, həm də milliliyinə hörmət edir, onu
yaşadır. O üzdən, Azərbaycan gəncliyi də
sözügedən uğurlu inkişaf modelindən
düzgün nəticə çıxarmalı, öz əməli
fəaliyyətində faydalanmalıyıq".
Millət vəkili Naqif Həmzəyevin fikrincə, Azərbaycanda
gənc nəslin milli mənlik şüurunda və vətənpərvərlik
ruhunda yetişməsi daim dövlətin diqqət mərkəzindədir.
Ona görə ki, bizim üçün ən ali dəyərlərin,
milli maraqlarımızın qorunması prioritet məsələ
olaraq hər zaman öz aktuallığını qoruyur və
bunun da məsuliyyəti daha çox məhz gənc nəslin
üzərinə düşür. Təsadüfi deyil ki,
ölkəmizdə məhz gənc nəslin milli mənlik
şüurunda yetişməsinə, vətənpərlik
ruhunda tərbiyə almasına hər zaman olduğundan da daha
çox önəm verilir. Bunun da səbəbləri hər
birimizə bəllidir və öz milli maraqlarımızın
müdafiə edilməsi üçün, ilk növbədə,
vətənpərvərlik hisslərinin olması qaçılmazdır
ki, bu məqsədlə də gənclərimizdə vətənpərlik
hisslərinin aşılanması ön planda durur:
"Yalnız vətənini sevən, yalnız vətəninə
məhəbbət bəsləyən gənclik bütün
ali dəyərlərin müdafiəçisi ola bilər,
suverenliyin, ərazi bütövlüyünün,
xalqımıza məxsus olan maddi və mənəvi sərvətlərin
keşiyində dayanar, qoruyucusuna çevrilər. Biz bunun, bu həqiqətin
44 günlük müharibə dönəmində əyani
şəkildə şahidi olduq və bir daha inandıq ki,
müasir gəncliyimiz milli mənlik şüuruna malik olan
sağlam təfəkkürlü gənclikdir və həmin gəncliklə
gələcəyə ümid etməyə dəyər.
Çünki həmin gənclik xalqımıza, bizə məxsus
olan dəyərlər uğrunda canından, qanından
keçməyə hazır olduğunu bir daha təsdiq etdi. Vətənin
hər qarış torpağı uğrunda son damla qanına qədər
vuruşan, şəhidlik zirvəsinə ucalan gənclərimiz
vətənə məhəbbət hissinin necə olduğunu
bütün dünyaya göstərdi. İstər şəhidlərimiz,
istərsə də qazilərimiz göz qırpmadan
döyüşə atılaraq, düşmən üzərinə
gedərək xalqımıza məxsus olan, bizə məxsus
olan torpaqlar uğrunda canlarını, qanlarını qurban
verməkdən zərrə qədər çəkinmədiklərini
əyani şəkildə sübut etdilər. Bütün
dünya ictimaiyyətinin dilində Azərbaycan gəncliyinin nəinki
şücaəti, ələlxüsus vətənpərlik
duyğusu, milli mənlik şüuru, demək olar ki, dastana
çevrildi. Hətta düşmənlərimiz, 44
günlük döyüş zamanı müharibədə
iştirak edən erməni əsgərləri belə Azərbaycan
əsgəri barəsində danışarkən hansı qorxu
və həyəcan keçirdiyini görürük və
bütün bunlar gənclərimizin vətən naminə nələrə
qadir olduğunu, nə dərəcədə vətənə
bağlılığını, milli mənlik şüuruna
nə dərəcədə sahib olduqlarını göstərən,
təsdiq edən məqamlardandır".
Millət vəkili qeyd edir ki, son 20 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə yürüdülən
dövlət siyasəti Azərbaycan gəncliyinin müasir
qlobal dünya standartları səviyyəsində yetişməsinə
zəmin yaradıb: "Eyni zamanda, bugünkü Azərbaycan
gəncləri milli-mənəvi dəyərləri əxz edərək
yetişirlər. Dövlət başçısı hər
zaman çıxışlarında Azərbaycan gəncliyinin
tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin
qorunmasını ön plana çəkir. Çünki
milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz
xarici təsirlərdən tamamilə müdafiə olunur, onlar
xarici təsirlər altına düşmürlər və beləliklə
də, Azərbaycançılıq ideologiyası ətrafında
birləşərək Vətənə, dövlətə,
xalqa bağlı şəkildə inkişaf edirlər. Azərbaycan
gəncliyinin milli ruhda yetişməsini 44 günlük Vətən
müharibəsində gördük. İkinci Qarabağ
savaşında Azərbaycan gəncliyi üzərinə
düşən böyük missiyanı kifayət qədər
uğurla yerinə yetirdi. Bütün dünya buna şahid
oldu. İlham Əliyevin prezidentliyi dövründə yetişən
gənclər 44 günlük Vətən müharibəsində
misli görünməmiş şücaət və qəhrəmanlıq
göstərdilər, əsgər və zabitlərimiz Ermənistanın
30 illik işğalına son qoydular və düşmən
tapdağında olan torpaqlarımızı azad etdilər".
N.Həmzəyev düşünür ki, vətənpərvərlik
tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət
hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin
və xalqının müdafiəsinə qalxmağa
hazırlığın formalaşması üçün
olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində
təlim-tərbiyə işinin düzgün təşkili
mühüm əhəmiyyətə malikdir. Dövlət gənclər
siyasətinin ən mühüm istiqamətlərindən biri
kimi ölkəmizdə gənc nəslin vətənpərvər
ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu,
müasir cəmiyyətin, ümumtəhsil məktəblərinin
ən vacib vəzifələrindən biri hesab olunur. Həmin
sahədə həyata keçirilən kütləvi tədbirlər,
maarifləndirmə və təbliğat işləri bilavasitə
gənclərin mənəvi, fiziki, psixoloji
hazırlığının təmin edilməsinə, onlarda
Vətənə, doğma torpağa məhəbbət hissinin
yüksəldilməsinə, eləcə də müasir
dünyamızda qloballaşmanın geniş vüsət
aldığı bir zamanda milli-mənəvi dəyərlərin
qorunub saxlanmasına yönəldilir.
Sevinc QARAYEVA
525-ci qəzet .-2024.- 20 sentyabr (№ 171).- S.13.