"Ötən günə gün çatmaz..."  

 

 

(Əvvəli qəztimizin ötən cümə sayında)

 

"MOLTANI DİLİ"NDƏN VERDİYİM İMTAHAN, YAXUD 100 MANATA NECƏ TƏLƏBƏ OLDUM

 

Mən Universitetə orta məktəbi bitirəndən 4 il sonra qəbul olunmuşam - 2 il dalbadal filologiya fakültəsinə qəbul imtahanlarının dördündən də "4" alsam da, müsabiqədən keçməmişdim. 1980-ci ilin mayında əsgərlikdən qayıtdıqdan sonra isə sənədlərimi jurnalistika fakültəsinə verdim -  amma həvəssiz və ümidsiz. Məsələ burasında idi ki, bu 4 il ərzində bilik bazam, təbii ki, ciddi aşınmaya məruz qalmışdı, ingilis dilindən az- çox bildiklərimi isə tamam unutmuşdum. Vaxtsa gözləmirdi - təxminən 2 ay sonra tələbə adı uğrunda mübarizənin növbəti raunduna çıxmalı idim. Belədə atam ay yarımı 100 manata cavan bir ingilis dili müəllimi tutdu və mən həmin müddət ərzində həftədə 3 dəfə onun yanına gedib itmiş biliyimi bərpa etməklə məşğul oldum...

Əlqərəz, vaxtınızı çox almamaq üçün yüyürək nağıl dilinin qanadlarında peyda olaq mənim ingilis dilindən imtahan verdiyim auditoriyada.

Əvvəlki 3 imtahandan bir kitabın belə üzünü açmadan yenə "4" almışdım və fikirləşirdim ki, əgər belədirsə, onda 100 manat verib hazırlaşdığım fəndən "4"üm artıq cibimdədir. Adım çəkiləndə elə bu ümidlə masaya yaxınlaşıb bilet götürdüm, keçib oturdum yerimdə ki, hazırlaşım. Bilənlər bilir, bilməyənlər bilsin ki, o vaxtlar ingilis dilindən imtahanın proseduru belə idi - 1) verilmiş mətni lüğətin köməyi ilə tərcümə etmək; 2) biletə yazılmış cümlənin bütün üzvlərinə sual cümlələri yazmaq və 3) təklif olunan sərbəst mövzuda (məsələn, "mənim ailəm" və s.) ingilis dilində kiçik hekayə danışmaq.

...Nəhayət, adımı 2-ci dəfə çəkib bu dəfə məni cavab verməyə çağırdılar. İmtahan götürən müəllim orta yaşlı, sadə geyimli, boyasız- filansız bir qadın idi və mən ağzımı açan kimi üzünü yana çevirib asissenti ilə nə barədəsə danışmağa başladı. Belə fürsəti əldən verməkmi olardı? Fikirləşdim ki, bundan yaxşı fürsət ələ düşməz və başladım ingilis dilində bildiyim bütün sözləri bir-birinə calayıb dastan danışmağa. Nə başınızı ağrıdım, axırda yorulub dayandım. Müəllimə üzünü mənə tutub soruşdu:

- Qurtardın, a bala?

Dedim:

- Bəli.

O, əvvəlcə imtahan vərəqimi götürüb əvvəlki qiymətlərimə, sonra cümləyə verdiyim suallara baxdı və bicə anın içindəcə onları qırmızı qələmlə "al qana" boyayıb soruşdu:

- Əsgərlikdən gəlmisən?

Yenə dedim:

- Bəli.

Dedi:

- Onsuz da qəbul olunursan, sənə "3" yazıram - və əlini o biri qələmə uzatdı.

Elə bil başıma bir vedrə qaynar su tökdülər:

- "3" niyə müəllim? Görmürdünüz səhərdən necə danışırdım?

Müəllimə gülümsədi:

- Mənim qulağım səndə idi, oğul. Özüm elə elədim ki, sıxılmayasan. Amma sən heç moltanı dilində də danışmadın. Əvvəlki qiymətlərinə görə sənə "3" yazıram ki, tələbə olasan. - sonra əlavə etdi - İngilis dilini hər vaxt öyrənmək olar.

Atamın min əziyyətlə qazandığı o 100 manat gəldi durdu gözlərimin qabağında. Məni hazırlaşdıran müəllimin o pulu daha rahat və sidq ürəklə xərcləməsi naminə son şansa əl atdım:

- Xahiş edirəm, mümkünsə, yenə sual verin. Mən "3" istəmirəm.

O, bu dəfə bir az ciddi şəkildə:

- Yaxşı - dedi. - Sənə bir cümlə verəcəm, onun bütün üzvlərinə sual verəcəksən. Amma bil, səhv etsən, sənə "3" yox, "2" yazacam. Razısan?

Bu həngamədən sonra razılaşmamaq kişilikdən olmazdı. Cümlə yazılmış vərəqi götürüb keçdim yerimə, bütün imkanlarımı səfərbər edib, sualları yazdım və gətirib təqdim etdim. O, bu dəfə də qırmızı qələmi götürdü, yazdıqlarımı al qana boyamasa da, 1-2 yerdə "sınmış" qol-qabırğasına "məlhəm qoydu".

- Yaxşı, indi nə edək?

Mənim cavab verməyə sözüm qalmamışdı. Ürəyimdə özünü yaxşıca söyüb Balaşın "Gör nə günlərə qaldın, öz cəzandır, çək..." ariyasının 1-ci cümləsini tamamlayıb boğuq səslə:

- Müəllim, mümkünsə, bir sual da verin... - dedim və nəyə görəsə başımı aşağı saldım...

Gözlədiyimin əksinə olaraq bu dəfə onun mehriban səsini eşitdim:

- Görürəm inadkar oğlansan. Səndən xoşum gəldi. "4" yazıram, amma yaxşı oxu, yaxşı jurnalist ol...

...Sonralar həmin müəllimənin adını öyrəndim - Validə xanım. Bizim fakültə ilə eyni binada yerləşən şərqşünaslıq fakültəsində dərs deyirdi. Bir gün yaxınlaşıb, o əhvalatı yada saldım və bir daha minnətdarlığımı bildirdim. Validə xanım nə qədər elədi, həmin  əhvalatı xatırlaya bilmədi.

Amma bu, məni təəccübləndirmədi.

Yəqin bildiniz nəyə görə...

 

JURNALİSTİKA FAKÜLTƏSİNDƏ JURNAL ƏHVALATI  

 

Üçüncü kursun birinci semestri təzəcə başlamışdı...

O vaxtlar hər semestrin əvvəlində jurnal yenilənirdi və onu fənlər üzrə yazıb tərtibləmək, istifadəyə hazır vəziyyətə gətirmək sinif nümayəndəsi kimi mənim əsas vəzifələrimdən biri idi.

Təzə jurnalların mətbəədən fakültələrə çatdırılması nədənsə həmişə ləngiyirdi. Üstəlik, mən də jurnalın hazır şəklə gətirilməsini qəsdən bir az təxirə salırdım ki, yatıb yuxuya qalan və beləliklə, dərsə gecikən, yaxud gəlməyən tələbə yoldaşlarımı müdhiş qaiblərdən mümkün qədər sığortalayım. Bu, mənim seçdiyim taktikalardan biri idi və deyim ki, sınaqdan pis çıxmamışdı.

Amma...

Amma bir dəfə taktikam "biabırçı" şəkildə iflasa uğradı, üstəlik, mənə əməlli-başlı başağrısı gətirdi. Danışım, sizin də xəbəriniz olsun.

Deməli, həmin günlərin birində bizə mühüm bir fəndən mühazirə oxuyub imtahan götürəcək bir professor auditoriyaya təşrif buyuranda dərhal hiss elədik ki, bizi qarşıda qara günlər gözləyir, çünki onun bütün naturası, fizionomiyası qeyri-səmimiyyətdən, guya ciddi, əslində isə özündən razı, eqoist adam imici yaratmaq üçün düşünülmüş süni, uğursuz ədalardan soraq verirdi. Bu isə onu göstərirdi  ki, bazarkom Nadir demişkən, bu professor-müəllim o qədər də savadlı alim və təcrübəli pedaqoq deyil, çünki savadlı alim, müəllim heç vaxt rol oynamır, qüsurlarını süni vasitələrlə kompensasiya eləmir. Güman etdiyimizin həqiqət olmağına inanmağımıza çox vaxt lazım gəlmədi - gözünə döndüyüm dərhal masaya yaxınlaşıb sinif nümayəndəsini soruşdu. Ayağa qalxıb özümü təqdim etdim. Ötkəm tərzdə əmr edirmiş kimi:

- Jurnal hanı? - deyə soruşdu.

Jurnal hazır vəziyyətdə mənim qovluğumda idi - dünən dərsdən sonra evə aparmış, axşam yazıb doldurmuşdum. Amma yataqxanada mışıl-mışıl yatan yoldaşlarımı yada salıb, həmçinin ötən 2 ildə qazandığım təcrübəyə arxalanıb dedim:

- Müəllim, jurnal hələ hazır deyil.

O, diqqətlə üzümə baxıb gözlərini qıydı:

- Yaxşı sinif nümayəndəsi olsaydın, çoxdan hazır olardı. Ağası gülüm olanın başına külüm olar da... Yaxşı, get gətir, mən qeydlərimi edim, boş yerləri sonra doldurarsan.

Mən ssenarinin belə inkişaf edəcəyini qətiyyən proqnozlaşdırmamışdım. Ona görə də çaşıb qaldım. Jurnalı qovluqdan çıxarıb versəydim, yalanımı özüm ifşa edəcəkdim. Amma götür-qoy eləməyə vaxt yox idi. Ona görə də ani olaraq beynimdən keçdi ki, yaxşısı budur çıxım çölə, sonra əli ətəyindən uzun qayıdıb deyərəm ki, jurnal dekanlıqda da yoxdur...

Professor-müəllimin istehzalı baxışları altında sinifdən çıxıb   dekanlığa aparan dəhlizlə təzəcə addımlamağa başlamışdım ki, qəfildən sanki məni ildırım vurdu və beynimdə cavabsız suallar bir- birinə calandı: "Ey dadi-bidad, sən nə edirsən? Bu, həqiqət aşiqi dərsdən sonra işin sonuna çatmaq üçün mütləq dekanlığa qalxacaq və  nəticədə mən dekanımızı da zərbə altına qoymuş olacam. Yaxşı, bəs mən indi yuxarı qalxıb nə deyim? Deyim ki, professoru da, sizi də aldatmışam?"

Başa düşdüm ki, uduzmuşam və vəziyyəti heç olmasa yumşaltmaq üçün nə isə fikirləşməliyəm. Amma geri - auditoriyaya qayıtmağa sərf etdiyim vaxt ərzində başıma ağıllı bir fikir gəlmədi, çünki pərtlikdən, dilxorçuluqdan başım dönüb olmuşdu balqabaq.

(Burda mötərizə açıb deməliyəm ki, həmin anlarda dekanlığa qalxıb hər şeyi olduğu kimi - yəni tələbə yoldaşlarımın xətrinə jurnalı gizlətməyimi etiraf etməməyim 5 illik tələbə həyatımda buraxdığım ən müdhiş səhvlərdən biri idi. İndi - aradan 40 il  keçəndən sonra tam əminliklə deyə bilərəm ki, orda məni başa düşəcək və vəziyyətdən çıxaracaqdılar.)

Sinfə daxil olub oturduğum partaya yaxınlaşdım və ürəyimdə  "ölmək ölməkdir, xırıldamaq nə deməkdir", deyib jurnalı qovluqdan götürdüm və gətirib şəstlə stolun üstünə qoydum...

Pəh! Həngamə başladı, nə başladı!!!

Qalan 40 dəqiqənin yalan olmasın 30 dəqiqəsi məsuliyyətsiz sinif nümayəndəsi, pis, yalançı tələbə kimi mənim ifşama həsr olundu. Professor-müəllimin pafosla dediyi cümlələrdə ritorika, bəlağət o qədər güclü idi ki, bir anlığa mənə elə gəldi məhkəmədə vətən xaini, xalq düşməni kimi ifşa olunuram, bir azdan qollarıma qandal vurub məni gedər-gəlməzə aparacaqlar.

Əlqərəz, başımızı ağrıtmayım, bilirdim ki, bu həqiqətpərəst pedaqoq dərs qurtaran kimi dekanlığa qalxıb məndən donos  verəsək, şərəfli ifşa əməliyyatını orda davam etdirəcək.

Elə də oldu. Amma dekanlıqda mənə güldən ağır söz demədilər. Yalnız dekan müavini Akif Rüstəmov bir neçə gündən sonra dəhlizdə gülə-gülə "Əlisəfdər, yenə nə partizanlıq eləmisən?" - deyib əlini yüngülcə kürəyimə vurmaqla kifayətləndi və nəyə görəsə mənə elə gəldi ki, o, məni tənbeh eləmir, əksinə, tərifləyir.

Amma problem bununla bitmirdi. "Kakoy nibud" tələbə ilə döyüşün 1-ci raundunda uduzan professorun bu acını unutmayacağı, düz 1 il sonra verəcəyimiz imtahanda hayfını çıxacağı gün kimi aydın idi. Düzü, buna psixoloji zəmin hazırladığını heç gizlətmirdi də - hər dəfə auditoriyaya girəndə məni sancmaq üçün bəhanə axtarır, söhbəti hərləyib-fırlayıb mənim pis tələbə olmağımın üstünə gətirirdi.

Amma mən də mən idim! Bilirdim, belələrini ancaq biliklə, savadla susdurmaq olar. Ona görə də fənnə aid ədəbiyyatı oxuyub səliqə ilə konspektləşdirir, çalışırdım ki, bilmədiyim bir şey qalmasın. Hətta həmin ilin yay tətilini Göyçaydakı həyətimizdə - meyvə ağaclarının kölgəsində oturub yazıb-oxumaqla keçirdim (rəhmətlik anamın dediyi sözlər indi də qulaqlarımda səslənir: "A bala, sən tətilə bunun üçün çıxmısan?")

...Və imtahanda halal "əla"mı aldım.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet .-2024.- 20 sentyabr (¹ 171).- S.12.