Qırmızı
qalstuk
Esse
Əmək müqaviləmə xitam verildiyini eşidən
iş yoldaşları, qohumlar və dost-tanışlar mənə
zəng edir, paylaşdığım statusa ürək
sözlərini bildirir, mesaj göndərir, bu və ya digər
formada münasibətlərini ifadə edirlər.
Mən bunu təbii sayıb, özümə
qarşı isti münasibət kimi dəyərləndirirəm.
Evimizə gələnlər də olur. Xoş söhbətlər,
xatirələr baş alıb gedir...
...Aranın istisi, adamı yandırıb-yaxan gün
günorta idi. Kənddən gələn doğmaları yola
salıb, evimizin Araz çayı tərəfə
açılan pəncərəsinin qarşısında əyləşmişdim.
İsti meh sifətimə vurduqca həyat, onun qəribəlikləri
"Rəngli ağrılar" silsiləsində
yazdığım esse və hekayələr beynimdə
dolanırdı. Bir də düşünürdüm ki,
insanların bu qədər hörmət-izzəti, məni
araması, birgə olmaq istəyi şərəfli müəllimlik
peşəsində, məktəbə rəhbərlik təcrübəmdə
qazandığım dəyərlərdir.
Gələn qonaqlar içində dünyalar qədər
sevdiyim Uğur nəvəm də var idi. Təəssüf ki,
ona istədiyim kimi zaman ayıra bilmədim, valideynləri ilə
şəhərə döndü...
...Hər gün evdən çıxıb 15 kilometr
aralıda yerləşən kənd məktəbinə
işləməyə gedəndə beynimdə dolanan "Bir
bu müqavilə müddətim bitsəydi..." sözləri
yarana biləcək düşüncələrimin boy
atmasına imkan vermirdi. Narahatlığım isə başqa
idi.
Günün ikinci yarısı idi. Telefonuma zəng gəldi.
Qonşu rayonların birində İcra Hakimiyyətində
işləyən tələbə yoldaşım idi.
- Salam, Səxavət müəllim!
- Salam, ay qardaş?
- Haradasan?
- Evdəyəm.
- Hə, Lap yaxşı. 10-15 dəqiqəyə sizdəyik.
Ailə üzvlərimizin də yaxşı
tanıdığı, ailəvi get-gəldə olduğumuz
qonağı qarşılamaq və yola salmaq üçün
hamımız canfəşanlıq etdik. Yalnız gələndə
bildik ki, dostum ailəvi gəlib. Olandan-olmazdan süfrəyə
düzüldü. Xankəndi şəhərində keçən
tələbəlik xatirələrini yad edə-edə
yeyib-içdik, şənləndik. Hamı kimi qonağın
"Bəs müqaviləni niyə artırmadılar?" -
sualını cavabsız buraxırdım. Düzü, hər
kəsdən gələn bu sualdan doymuşdum. İstəmirdim
ki, uzun-uzadı açıqlama verim.
Axşamçağı qonaqları yola salmaq məqamı
idi. Evdən mənə dedilər ki, dostungilə nəsə
pay-hədiyyə qoymaq lazımdır. İxtiyarlı
olduqlarını bildirdim. Qonaqlara hədiyyələr düzəldib,
məmnunluq hissilə onları yola saldıq.
Mən axşam gəzintisinə çıxdım.
Xeyli gəzəndən sonra evə yeni dönmüşdüm
ki, uşaqlar:
- Bilirsən nə olub?
- Nə olub?
Qonaqların gətirdikləri payın içində
özləri üçün aldıqları köynək və
qırmızı qalstuk da bizə gəlib. Dedim, narahat
olmayın, olan işdir, yolumuz düşəndə
qaytararıq. Söhbətin bu yerində dostum zəng etdi.
- Qardaş, sizi yaman narahat etdik. Əziyyət çəkdiniz.
- Nə əziyyət, çox xoş oldu.
- Bazar günü uşaqları da götür gəl
biz tərəfə.
- Qardaş, bu nədir, elə bil bizim
üçün toy bazarlığı etmisən. Üstəlik,
özünüzə aldığınız nəsə də
bizə gəlib - köynək, qalstuk.
Dostum gülə-gülə başladı söhbətə.
O, köynək və qırmızı qalstuku özüm
seçmişəm sənə. Bilirəm ki, sən təhsil
eksperti kimi daha uğurlu və faydalı ola bilərsən. Qoy
ekran-efirdə sizi görəndə bizim
aldığımız hədiyyənin də dəyəri
olsun.
Sabaha kimi düşündüm. İş
axtardığım yerdə bu nə təklif oldu. Bəlkə,
doğru deyir. Əgər müstəqill təhsil eksperti kimi
fikir söyləsəm, ilk nə yazaram, nə deyərəm...
Səxavət TAĞLAR
Əməkdar müəllim
525-ci qəzet .-2024.- 20 sentyabr (№ 171).- S.11.