Gənclik və ana dilimiz: Azərbaycançılıq üçün çox vacib amil

 

"Mənim mənliyimin füsunkarlığı,

Danışan kamalı, ağlıdır dilim,

Vətənin varlığı, xalqın varlığı,

Sənin varlığına bağlıdır, dilim".

Bəxtiyar Vahabzadə

 

Ana dilini sevmək və mükəmməl bilmək təkcə normal ünsiyyət qurulması üçün yox, həmçinin insanın hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması, cəmiyyətin faydalı üzvü kimi yetişməsi, Vətənə, torpağa, xalqa, dövlətçiliyə bağlı vətəndaş, etibarlı övlad olması baxımından çox mühüm şərtdir. Hər bir xalqın və insanın dili onun ruhunun aynası, döyünən qəlbi hesab olunur. Çünki hər xalqın milli psixologiyası, təfəkkür tərzi, xarakterik cəhətləri, bədii ədəbiyyatı, dini, adət və ənənələri, eləcə də digər mənəvi dəyərləri ilk növbədə ana dilinin köməyi ilə üzə çıxır. Ana dili hər bir xalqın, millətin varlığının sübutudur. Ana dili onun dəyərini bilən xalqın varlığı və qürur mənbəyi, tarixi keçmişə malik zəngin xəzinəsidir.

Əvəzsiz milli sərvətimiz olan ana dilimiz tarixin sərt sınaqlarından, çətin imtahanlarından uğurla çıxaraq bu gün dünyanın ən fəal, zəngin dilləri sırasında öz yerini tutub. Dünyaya göz açan körpələr "ana" və "Vətən" sözlərini ilk dəfə ana dilimiz olan Azərbaycan dilində səsləndirirlər. Şifahi xalq ədəbiyyatımızdakı əkinçi, maldar və mərasim nəğmələri, həmçinin nağıllar, dastanlar, lətifələr ana dilimizdə söylənildiyinə görə  əbədi olaraq xalqımızın qəlbinə, ruhuna hopub, yaddaşına həkk olunub.  Tarix boyu müxtəlif dövrlərdə xarici təcavüzlərə, daxili çəkişmələrə, böyük dövlətlərin siyasi təzyiqlərinə məruz qalsa da, xalqımız, xüsusən də uzaq görən və müdrik ziyalılarımız ana dilimizi qoruyub saxlamağı bacarmışlar.

Dilimizin lüğət tərkibini də əsasən türk mənşəli sözlər təşkil edir. Tarixin ötən dövrlərində dilimizə ərəb, fars, rus, eləcə də müxtəlif Avropa dillərindən də daxil olan sözlər vardır. Milli lüğət tərkibimiz 100 minədək sözdən ibarətdir.

Dünya ədəbiyyatı xəzinəsini bəzəyən "Kitabi-Dədə Qorqud" dastanı türkdilli ilk yazılı abidələrdən biridir. Bu əsərdə dilimizin poetik zənginlikləri öz geniş əksini tapıb. Oğuz tayfalarının dilində formalaşıb yazıya köçürülən bu dastanın dili Azərbaycan dilinin ilk təşəkkül dövrünə təsadüf edir.

Ana dilimiz - Azərbaycan dili ilk dəfə Şah İsmayıl Xətainin hakimiyyəti dövründə yüksək rəsmi mövqeyə qaldırılıb. Dilimizin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi qərarlarda Türk dili olması qeyd edilmişdi. 1937-ci ilə qədər olan rəsmi sənədlərdə də Türk dili kimi yazılmışdır. Bəzi ötəri ad dəyişikliyindən sonra 1995-ci ildə Ümumrespublika Referendumunun nəticələri əsas götürülərək, Azərbaycan Respublikasının Konstitusiyasında ana dilimizin adı Azərbaycan dili kimi qəbul olundu.

Ana dilimizlə yanaşı, əlifbamız da tarixən olmazın təzyiqlərə məruz qalmış, bir neçə dəfə dəyişdirilmişdi. 1991-ci ildən isə latın əlifbasından istifadə edirik.

Ümummilli liderimiz Heydər Əliyev bütün həyatı və əmək fəaliyyəti dövrü Azərbaycan dilinin müstəqil dövlət dili olmasına çalışıb. O, ana dilimizin hərtərəfli inkişafına, xüsusilə onun saflaşdırılmasına və yad sözlərdən qorunmasına həmişə xüsusi diqqət yetirib. Ulu öndər hələ keçən əsrin altmışıncı illərindən başlayaraq ana dilimizin dövlət dili kimi rəsmiləşdirilməsinə təşəbbüs göstərib və nəhayət, buna nail olub. Ümummilli liderin ana dilimiz haqqında çox müdrik, sərrast fikirləri  vardır: "Hər bir millətin dili onun üçün  çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir".

1969-cu ilin iyulunda Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev respublikaya ilk rəhbərlik dövründən Azərbaycan dilini dövlət statusu səviyyəsinə qaldıra bildi. O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubiley tədbirində yerli və xaricdən gələn qonaqların, müəllim-professor heyətinin, hökumət nümayəndələrinin qarşısında keçmiş SSRİ-nin standartlarını pozaraq, rus dilində deyil, ana dilimizdə - Azərbaycan dilində çıxış etdi. Bunun ardınca 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi öz həllini tapdı. Ulu öndər Respublika Ali Sovetinin yeddinci sessiyasında dilimizlə bağlı təkliflə çıxış etdi. Və Azərbaycan dilinin konstitusiyada  dövlət dili kimi təsdiq olunmasını xalqımız üçün böyük şərəf işi, misilsiz tarixi əhəmiyyəti olan ən vacib məsələ kimi qiymətləndirdi. Ulu öndər tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin bu şəkildə verilməsi təklif edildi: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Sessiyada irəli sürülən təklif yekdilliklə qəbul olundu və həmin ildən ölkədaxili bütün dövlət idarələrində kargüzarlıq işi ana dilində aparılmaqla Azərbaycan dili həqiqətən rəsmi dövlət dili statusuna malik oldu. Bu məsələ ölkə tarixində ilk dəfə həll olunaraq Azərbaycan Respublikasının Konstitusiyasında öz təsdiqini tapdı.

Ulu öndərin fikrincə, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Heydər Əliyev bu mövzuda fikirlərini ifadə edərkən demişdi: "Zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur..." Ulu öndər üzünü hər bir azərbaycanlıya tutaraq tövsiyə edirdi ki, öz dilinizi heç vaxt unutmayın və ana dilimizi heç bir dillə dəyişməyin". Çıxışlarının birində isə bu barədə olduqca ibrətamiz fikirlər söyləyərək bildirmişdi: "...Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".

Ümummilli lider ana dilimizə böyük hörmətlə, hədsiz məhəbbətlə yanaşırdı. O, keçirdiyi iclas və müşavirələrdə Azərbaycan dilində mahir natiq kimi, yüksək peşəkarlıqla çıxış edərək gözəl nitq mədəniyyətini, sözün dəyərini və dərin mənasını, onun tükənməz güc-qüdrətini, ana dilimizin milli saflığını dinləyicilərə çatdırırdı. Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərlik etdiyi dövrdə, xüsusilə 2001-2003-cü illərdə bir-birinin ardınca ana dilimizin inkişafı ilə bağlı çox mühüm qərarlar qəbul etdi. 2001-ci ilin yanvarında "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", 2001-ci ilin avqustunda "Azərbaycan əlifbası və Azərbaycan dili gününü təsis edilməsi haqqında" vacib fərmanlar imzalandı. Həmin vaxtdan respublikamızda hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir. 

2002-ci il sentyabr ayının 30-da "Dövlət dili haqqında Qanun" qəbul edildi. 2003-cü ilin yanvar ayının 2-də "Azərbaycan Respublikasında Dövlət dili haqqında" fərman imzalandı. Bütün bu sənədlər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, ana dilimizə, əlifbamıza və mədəniyyətimizə verdiyi ən yüksək qiymətin təzahürü idi.

Ümummilli liderimizin siyasi kursunu ləyaqətlə, uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev Ulu öndərin ana dilimizə diqqət və qayğı ilə bağlı ənənəsinə də tam sadiqdir. Prezidentin ana dilimizlə bağlı siyasəti Azərbaycan dilinin daha da inkişaf etməsini, dünyada layiqli nüfuz qazanmasını təmin edir. Son 20 ildən artıq dövrdə Prezidentimiz tərəfindən Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən  istifadənin daha da təkmilləşdirilməsi, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair ali sənədlər imzalanıb. Dövlət başçısının təşəbbüs və qərarları sayəsində Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı çox mühüm işlər həyata keçirilib. Bütün bunlar Prezidentin ana dilimizə ali diqqət və qayğısının bariz nümunəsidir.

Mənəvi sərvətimiz olan, milli kimliyimizi nişan verən ana dilimizi qoruyub-yaşatmaq, daha da inkişaf etdirmək gəncliyin üzərinə düşən ən mühüm vəzifələrdən sayılır. Ana dilinə yüksək münasibət gənclərimizin vətənə sevgisinin, Azərbaycançılıq düşüncəsinin çox mühüm şərti kimi qəbul olunur. Doğma dili sevmək, qorumaq, ondan layiqincə istifadə etmək Azərbaycan gəncliyinin milli ruhunun parlaq təzahürüdür.

 

Zakir BAYRAMLI

​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

525-ci qəzet .-2024.- 21 sentyabr (№ 172).- S.23.