Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Sakit okean rayonundakı müharibə teatrında 1944-cü ildən təşəbbüs artıq amerikanlara məxsus idi. Yaponiya paytaxtına hava hücumu vaxtı 100 min nəfər tokiolu həlak oldu. Yaponlar isə son yapon və son patron qalana qədər vuruşacaqlarını söyləyirdilər. Azyaşlı məktəblilər əsgərliyə hazırlanmaq üçün konveyer rolunu oynayırdılar. Yaponlar amerikan hərbi gəmilərinə hücum üçün "kamikadze" təyyarəçilərindən istifadə etməyə başladılar.  Onlar, həmçinin adalarda müdafiə döyüşləri aparan yapon əsgərləri fədakarlıqla vuruşurdular, əsl igidlik göstərirdilər, axırıncılar ölümü, əsir düşüb, sağ qalmaqdan üstün tuturdular. Lakin amerikanların labüd qələbəsinin qarşısını almaq mümkün deyildi. 1945-ci ilin avqustunda Hirosimaya və Naqasakiyə amerikanların atdığı iki atom bombası 200 min adamın həlak olması ilə nəticələndi. Avqustun 14-də imperator Hirohitə radio ilə xalqa müraciət edib bildirdi ki, müharibənin davam etməsi bütün yapon xalqının məhvinə gətirib çıxaracaqdır. O, müharibəni böyük ümidlə başlamışdı, yalnız məğlubiyyət anında ilk dəfə onun səsi eşidildi.  ABŞ həqiqətən böyük qələbəsini bayram edəndə, yaponlar isə özlərinin minillik tarixində ilk məğlubiyyətlərinin matəmini qeyd edirdilər.

 II Dünya müharibəsində, özündən əvvəlki Dünya müharibəsində ilk dəfə tətbiq edilən tank və aviasiya daha mühüm rol oynadı, təsadüfi deyil ki, bu müharibə motorlar müharibəsi adlanırdı. El-Alasmeyn və Kursk tank döyüşləri alman hərbi maşınının zəifləməsində təsirli rol oynadı. Lakin aviasiya və onun həyata keçirdiyi bombardmanlar Hitler Almaniyasının hərbi qüdrətinin xeyli dərəcədə süqutunun əldə edilməsində daha böyük rol oynadı.

Hitler özü hələ İspaniyada Vətəndaş müharibəsi gedən vaxt aviasiyanın gücünü sınaqdan keçirərək, anlamışdı. 1937-ci ildə həmin İspaniyada, Basklar ölkəsindəki Gernika adlı şəhər almanların aviasiya bombardmanı ilə bütünlüklə məhv edilmişdi. II Dünya müharibəsinin gedişində isə alman aviasiyası vasitəsilə İngiltərənin Koventri şəhəri məhv edildi və onlar faşist barbarlığının simvoluna çevrildilər. Belə məhv edilənlərə 1944-cü ildə alman işğalçılarının Fransada yer üzündən sildiyi Oradur-sür-Qlan qəsəbəsi də daxildir.

Lakin Müttəfiq orduları almanların vəhşiliyini cavabsız qoymadılar. 1944-cü ildə ingilis-amerikan aviasiyası Almaniyanın böyük sənaye mərkəzi, 1815-ci ildən hərbi şəhər sayılan Hamburqu dəhşətli aviasiya zərbəsinə məruz qoydu. Saksoniyanın paytaxtı Drezden də xarabazara çevrildi. Müttəfiqlərin aviasiyası Almaniyanın hərbi zavodlarını məhv etməklə, onun ordusunun hərbi texnika və silah-sursatla təchizatını kəskin sürətdə azaltdı.

Sovet İttifaqı qoşunları 1945-ci ilin yanvarında Varşavanı tutdu və aprel ayında isə Berlinə girdilər. Hitler 1945-ci ilin yanvarından Berlindəki yeraltı bunkerə köçmüşdü. O, nəhəng hərbi cinayətlərindən əlavə, antisemitizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdı, Beynəlxalq yəhudiliyi bütün xalqlar üçün universal zəhər hesab edirdi.

Adolf Hitler özünü intihar etməklə dünyadan getdi. Benito Mussolini ikinci dəfə tutulduqda, partizanlar tərəfindən güllələndi. Mayın 7-də alman komandanlığı təslim oldu. Avropada müharibə başa çatdı.

ABŞ prezidenti Harri Trumenin (prezident Franklin Ruzvelt 12 aprel 1945-ci ildə ölmüşdü) Avropda müharibəsindəki qələbədən sonra, Yaponiyaya iki atom bombası atılması barədəki verdiyi göstərişin həyata keçirilməsi, yaponların qeyd-şərtsiz məğlubiyyətini sürətləndirdi. 2 sentyabr 1945-ci ildə Yaponiya amerikalıların "Missuri" hərb gəmisində qeyd-şərtsiz təslim olmaq barədəki aktı imzaladı. Altı il davam edən II Dünya müharibəsi başa çatdı.

Holokost. Bu müharibədə Nasist Yeni Qaydasından daha dəhşətli olan bir başqa cəhət yox idi. Bu qayda Avropa xalqı olan yəhudiləri dəqiqliklə tam məhv etməkdən ibarət olan bir cəhd idi. İrqi mübarizə Hitler ideologiyasının başlıca elementi idi və ona elə gəlirdi ki, ari irqinə məxsus olmayana qarşı mübarizə aydın şəkildə getməlidir. Guya arilər bəşər mədəni inkişafının yaradıcılarıdır. Onlara qarşı isə yəhudilər, parazitlər dururdu və ariləri məhv etmək istəyirdilər. 1922-ci ildə Nasist Partiyasının mitinqində Hitler bəyan etmişdi: "Burada bir kompromis ola bilər - burada yalnız iki mümkün olan şey vardır, ya arilər qalib gəlməlidir, yaxud da arilər məhv olmalıdır, yəhudilər qələbə çalmalıdır". Baxmayaraq ki, Hitler sonralar antisemit messajının tonunu, onun partiyası kütləvi seçici qələbələrini axtaranda, aşağı saldı. Antisemitizm nasizmdə canlandırıcı bir mövzuya çevrildi və bu, 1938-1939-cu illər ərzində yəhudilərə qarşı qanunverici aktların qəbul edilməsi daşqını ilə nəticələndi.

1939-cu ilin başlanğıcından nasist siyasəti diqqətini Almaniya yəhudilərinin ölkədən "mühacirət" etməsinə yönəltdi. Bu vaxt Hitler Avropa yəhudilərinin gələcəyi barədə xəbərdarlıq etdi. O, 1939-cu ilin yanvarında alman Reyxstaqına müraciətində özünü həyatdakı peyğəmbər adlandırmaqdan da çəkinmədi. O, əlavə etdi ki, vaxtilə hakimiyyət uğrunda mübarizə aparanda, yəhudilər mənim peyğəmbərliyimi istehzalı gülüşlə qarşılayırdılar ki, bir gün mən dövlətin liderliyinə yüksələcəyəm və yəhudi problemini həll etməyə nail olacağam. Bu gün mən yenidən peyğəmbərəm, Avropa daxilində və xaricində beynəlxalq maliyyə yəhudiliyinə qarşı peyğəmbərəm. Onlar bir dəfə xalqları dünya müharibəsinə cəlb etmişdilər, o vaxtlar nəticədə dünyanın bolşevikləşməsi olmayacaqdı və yəhudiliyin qələbəsi baş verəcəkdi. Lakin elə həmin əsrdə də Avropada yəhudi irqinin məhv olması baş verəcəkdir.

O dövrdə mühacirət hələ də sevilən bir siyasət idi, lakin 1939-cu ilin sentyabrından yəhudi problemi adlanan siyasət yeni ölçü qazandı. Madaqaskara mühacirət planı müzakirə edilirdi, buna görə yəhudilər Afrikanın şərq sahilindəki Madaqaskar adasına köçürülməli idi. Müharibə şəraiti bu planın praktiki xarakter daşımadığı qənaətinə gəldi və hətta daha güclü təsir göstərən bir siyasətə inam bəslənməsi baş verdi.

Henrix Himmler və SS təşkilatı Hitlerin irqi ideologiyasının yaxın şəriki idi. Yəhudi problemi barədə nasistlərin axırıncı həll adlandırdığı siyasətin həyata keçirilməsinə məsuliyyət SS-in üzərinə qoyuldu, bu isə məhz yəhudi xalqının məhv edilməsi idi.

1941-ci ilin iyununda SS-in zərbə qüvvələrinin mobil qatil birləşmələrindən ibarət olan qurumuna yeni səlahiyyət verildi. SS-in ölüm legionları, nizami ordu Sovet İttifaqı ərazisində irəlilədikcə, onun arxasınca gedirdi. Onların işi yəhudilərin yaşadığı kəndləri mühasirəyə almaqla, həmin adamları öldürmək və kütləvi qəbirlərdə dəfn etmək idi. Bəzən güllələnməmişdən əvvəl qurbanlar özlərinə, qardaşlıq qəbri üçün nəhəng çuxurlar qazırdılar.

Belə müntəzəm qətllər SS cəlladları arasında da mənəvi problemlər yaradırdı. SS lideri Himmler baş verən hər şey üçün guya Allah qarşısında, həm də faktiki olaraq Hitler qarşısında məsuliyyət daşıyırdı və SS kontingenti arasında çaşqınlığın və stress keçirmək hallarının baş verməsinə yol verə bilməzdi.

Zərbə qüvvələri tərəfindən artıq 1 milyona qədər yəhudi öldürülmüşdü. Yəhudi əhalisini məhv etmək üçün xüsusi ölüm düşərgələrinin yaradılmasına başlandı. Plan çox sadə idi. İşğal edilmiş ölkələrdən yəhudilər Almaniya və ya ona rəğbət bəsləyənlər tərəfindən mal-qara vaqonlarına yüklənib, Polşaya göndərilirdi. Orada hər yerdən gətirilən yəhudiləri məhv etmək üçün xüsusi mərkəzlər tikilmişdi. Onlardan ən böyüyü Auşvits-Birkenau (bu, işğal edilmiş Polşanın Osventsim şəhəri idi) adlanan həbs düşərgəsi idi. Bu əcaib ölüm düşərgəsində 1,3 milyon insan həyatla vidalaşmalı olmuşdu.

Düşərgədə qaz kameraları duş otaqları kimi layihələnmişdi, oraya az sonra qurbana çevrilənlər gətirilirdi. Qazlaşmadan sonra ölülərin cəsədləri xüsusi olaraq tikilmiş krematoriyalarda yandırılırdı. Düşərgə əvvəlcə 10 min adam üçün nəzərdə tutulmuşdu, sonralar burada 200 min adam saxlanırdı.

Osventsim Nasist Almaniyasının yeni imperiya yaratmaq planının tərkib hissəsinə daxil olmaqla, almanların Şərqdə məskunlaşmasının dayaq nöqtəsinə çevrilməli idi. Şəhər olduqca əlverişli yerdə yerləşirdi, dəmir yol qovşağında olduğundan, bütün Avropa ilə əlaqəsi var idi.

1942-ci ilin yazından ölüm düşərgələri artıq fəaliyyətdə idi. Onlara bütün ölkələrdən yığılan yəhudilər gətirilirdi. Ausvitsə daxil olanların 30 faizi əmək düşərgələrinə göndərilirdi; qalanları qaz kameralarına yola salınırdı.  Qurbanların əşyaları və hətta onların cəsədləri iqtisadi fayda götürmək niyyəti üçün istifadə olunurdu.

Auşvits-Birkenau ölüm düşərgəsinin həyətinin giriş qapısının üzərində yazılmış və indiyədək saxlanılan "Arbeit macht frei" - "Əmək insanı azadlığa aparır" sözləri istehza doğurmaya bilməz. Düzdür, burada əmək düşərgəsi də mövcud idi, lakin onun böyük nifrətamiz "şöhrəti" qaz kameraları vasitəsilə vaxtından əvvəl o dünyaya göndərilən adamların qırğını ilə əlaqədar idi. Həbs düşərgəsi daha çox əsl genosid obyekti kimi tanınır, oradakı bədbəxt insanlar hansı azadlıq barədə düşünə bilərdi? Axı onlar  xırda istisna ilə, burada əməklə məşğul olmurdular, yalnız qarşıdakı insanlığa yad olan dəhşətli ölümlərini gözləyirdilər.

Bu saxta sözlərin əvəzinə ölüm düşərgəsinin darvazası üzərində böyük şair Dantenin "İlahi komediya"sındakı cəhənnəmin qapısı barədə deyilən: "Bura girən hər kəs, ümidini bütünlüklə unut" kimi sözlər yazılsaydı, bu, ölüm düşərgəsinin mahiyyətinə daha uyğun olardı. Çünki Auşvits-Birkenauda öldürülənlərin bircə dənə də olsun qəbri olmadığı halda, bura lənət harayını kəsməyən yüz minlərin ruhumun dolandığı nəhəng qəbiristanlıq təsiri bağışlayırdı. 80 ildən artıq bir vaxt keçsə də, bu, hər qarışı ölüm saçan düşərgənin həyətindəki hüzn atmosferi və vəhşilərin onlara acı tale "bəxş etmələrindən" kütləvi şikayət və ağı səsləri hələ də yoxa çıxmır və kəsilmək bilmir. Buranı görməyə gələn hər kəsin qulaqlarında, özündən asılı olmayaraq, bu məkanda həyatını itirən bədbəxtlərin acı naləsi, bəşəriyyətə ünvanlanan həyəcan siqnalı kimi səslənir.

Nasistlər adamları güllələməklə, həm də aclığa və ağır zəhmətə məhkum etməklə öldürürdülər. Bu qaydada öldürülənlərin sayı ən azı 10 milyon nəfər idi. Nasistlər Avropa qaraçılarını da, guya başqa qana malik olmalarına görə məhv edirdilər. Bir milyon qaraçı ölüm düşərgələrində öldürülmüşdü ki, bu da onların ümumi sayının 40 faizinə bərabər idi. Nasistlər həm də 3 milyondan 4 milyona qədər sovet müharibə əsirlərini beynəlxalq konvensiyalara məhəl qoymayaraq, əsirlikdə öldürmüşdülər.

Yaponlar da Asiyada işğal etdikləri ərazilərdə əhalinin hər cür əzablara məhkum edirdilər, onlar üçün Yeni Qayda tətbiq edirdilər. Cənubi-Şərqi Asiyanı işğal edən yaponlar "Asiya asiyalılar üçün" şüarı altında hərəkət edirdilər. Yapon hərb qüvvələri də almanlar kimi, onlara təslim olmuş xalqlara olduqca az hörmət bəsləyirdilər. 1937-ci ildə yaponlar Çini işğal edəndə yapon əsgərləri bir neçə günü adamları öldürməyə, qadınları zorlamağa və şəhəri qarət etməyə sərf etdilər. 600 min koreyalı Yaponiyada işləməyə aparıldı. Koreya qadınlarının bir hissəsi "rahat qadın" adı altında fahişə kimi yapon qoşunları heyətinə xidmət edirdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .-2024.- 21 sentyabr (№ 172).- S.22.