Dünya fani, ömür bivəfa, sənət əbədidir
Hər dəfə "filan padşah ədalətli
idi" cümləsi ilə başlamaq istəyirsən tarixdən
nəsə yazanda. Ancaq baxırsan ki, ya övlad qatilləridirlər,
ya qardaş. Məsələn, bu gün bəhs edəcəyim
Sultan II Bəyazid xalqın yaddaşında ədalətli
padşah kimi qalıb. Amma araşdıranda görürsən
ki, taxta oturan kimi ilk işi qardaşı Cem Sultanı ələ
keçirib öldürtmək olub. Cem Bəyazidin əlindən
qaçıb, italyalıların əlinə
düşür. Bəyazid italyalıların Cemdən ona
qarşı istifadə edəcəyini fikirləşir və
həmin ölkəyə bərbər göndərir, o da Cemi
təraş etmək adı ilə boğazını kəsərək
öldürür. Buna rəğmən, Bəyazid ədalətli
padşah kimi tarixə keçir. Çoxları onun bu
addımına haqq qazandırır. Deyirlər ki,
qardaşı Avropanın gücü ilə Osmanlını ələ
keçirəcəkdi. Halbuki Cem Osmanlıda qalsa da,
öldürüləcəkdi. Çünki Osmanlıda
qardaşları, övladları öldürmək qanuni idi. Hətta
bu qətliamların ən dəhşətlisini III Mehmet
törətmişdi. Taxta çıxdığı gün
ilk işi 19 qardaşını və onların 6
övladını boğduraraq öldürtmək olmuşdu.
Həmin gün Topqapıdan çıxan 25 tabutdan birinin
içində ağzının kənarında anasından əmdiyi
südün qaldığı bir körpə də vardı.
Özü də taxta oturan bu adamlar islam elmini dərindən
bilənlər idi. Görünən odur ki, məsələ
şəxsi mənafeyə gələndə müqəddəs
kitabda yazılan "Bir insanı öldürmək
bütün insanlığı öldürmək kimidir"
sözlərinin də əhəmiyyəti qalmır. Halbuki əllərindən
Quranı, dillərindən Allahı, sözlərindən
Peyğəmbəri əskik etmirdilər. Biz də bilirik
heç bir zəfərə güllü-çiçəkli
yoldan gedilmədiyini, amma qardaş-bacı öldürmək də
bir yol deyil axı!
Hökmdarların məqbərələrini ziyarət
zamanı bir mənzərə həmişə diqqətimi
çəkib: padşahların çoxu ətraflarında qan
bağı olan bir neçə ailə üzvləri ilə
eni bir, uzunluğu iki metr olan qaranlıq, soyuq məzarlarda
yatırlar. Bu vaxt insan fikirləşir ki, yaxşı, bəs
bu qədər vuravur nəyə və ya kimə görə
idi?..
Guya, heç bir taxt-tac sahibi olmayan bizlər
dünyanın ölümlü olduğunu
düşünüb ona uyğun hərəkət edirik ki?
Əminliklə deyirəm, YOX! Əks halda dünya bu hala
düşməzdi.
Kəramət memardadır, yoxsa memarlıqda?
Təbii ki, sultanların sadəcə əli qanlı
"qatillər" ittihamı ilə anmaq qətiyyən
doğru yanaşma olmaz. Əksəriyyəti fövqəladə
uğurlarla, qalibiyyətlərlə, yeniliklərlə,
valehdici abidələr tikdirməklə yadda qalıblar.
Onlardan biri də bu yazıda bəhs edəcəyim II Bəyazid
və onun adını daşıyan Sultan Bəyazid külliyəsidir.
İstanbulun Suriçi səmti sayılan, sultanın
öz adını verdiyi Bəyazid meydanında özü tərəfindən
səpələnmiş şəkildə inşa edilib.
Külliyə məscid, mədrəsə, hamam, karvansaray,
tabxana və sıbyan məktəbindən ibarətdir. Bu
tikililər arasında xüsusi olaraq tabxana adı diqqətimi
çəkdi. Daha öncə nə bu adla, nə də bu adda
abidə ilə qarşılaşmışdım. Sən demə,
bura dözümlü olmaq, güc tapmaq məkanı imiş.
Yorğun, xəstə, iş axtaran, ac qalan kimsələr
burada məskunlaşırmış. Açığı, o
dönəmdə belə bir yerin tikilməyinə dair zərif
düşüncə məni xeyli təəccübləndirdi.
Külliyənin memarının kim olduğu dəqiq
deyil. Bəzi qaynaqlar Memar Xeyrəddin, bəziləri Memar Kəmaləddin
tərəfindən inşa edildiyini deyir. Hansı inşa edib
bilmirəm, bircə onu bilirəm ki, meydandan keçərkən
gördüyüm məscidin oyuqları, buruqları, işləmələri,
naxışlar, bir sözlə, memarlıq məni yolumdan
saxladı və dərhal avtomobildən enib işıq sürəti
ilə abidəyə doğru götürülməyimə səbəb
oldu.
Osmanlı memarlığında açıq hava muzeyi
görüntüsünə sahib bu abidənin
varlığından xəbərimin olmaması, görünən
odur ki, mənim qüsurumdur.
Külliyənin banisi
Külliyənin banisi 1447-ci ildə dünyaya gələn
Fateh Sultan Mehmet ilə Mükrimə Xatunun oğlu, səkkizinci
Osmanlı padşahı Bəyaziddir. Fateh Sultan Mehmet elmə
böyük sevgi bəslədiyi üçün oğlu Bəyazidin
qarşına dərin elmə yiyələnmək məqsədi
qoyur. İstanbulun fəthindən sonra 7 yaşlarında olan Bəyazidi
Xədim Əli Paşa nəzarətində Amasiya valisi təyin
edir. Osmanlının kültür və təhsil mərkəzi
olan Amasiyada Bəyazid öz dövrünün ən məşhur
alimlərindən dərslər alır. İslam elmlərini,
riyaziyyatı, fəlsəfəni, xəttatlığı
öyrənir və mükəmməl bir xəttat olur. Ərəb,
farsca ilə birlikdə çağatay və uyğur əlifbasını
da mənimsəyir. Dininə bağlılığına
görə, ona Bəyazid-i Vəli də deyilirdi. Bəyazid
şairləri saraya toplayıb onlarla söhbətlər edər,
özü də Adli təxəllüsü ilə şeirlər
yazardı. Şair və yazıçılar
üçün xüsusi fond yaratmışdı. Bəstəkar
idi. Bütün bu üstünlükləri ilə yanaşı,
Bəyazid həm də yaxşı savaşçı idi.
Fateh Sultan Mehmetin 4 may 1481-ci ildə Gəbzə
yaxınlarında vəfat etməsi ilə Osmanlı
taxtına çıxır. Gərəkli olduğu zaman
savaşmaqdan çəkinmir və Osmanlı dövlətinin
sərhədlərini xeyli genişləndirir.
Heyranedici estetika
Bu qədər uğurları olan sultanlar mütləq
özlərinə külliyələr, adlarını
daşıyan abidələr tikdirirdilər. Bəyazid
külliyəsi də onlardan biridir. Öncə məsciddən
bəhs edək: bura ortasında gözəl fəvvarənin
olduğu, qübbəli, sütunlarla dəstəklənən,
portiklə əhatələnən, yer örtüyü mərmərlə
döşənən atriumu olan ziyarətgahdır.
Əsas giriş qapısının üstündə
xəttatlıq əsəri olan kitabədə məscidin
1500-1505-ci illər arasında ərsəyə gətirildiyi
anlaşılır. Kvadrat planda inşa edilib. Qübbəsini
dəstəkləyən digər iki qübbə ilə ibadətgahın
tavan örtüyü meydana gətirilib. Bundan əlavə,
ibadətgahın hər iki tərəfində dörd qübbədən
və on sütundan ibarət artırma var. Hökmdar məqsurəsi
isə məscidin sağ tərəfində - qiblə
yönündəki son qübbənin altında yerləşdirilib.
Hökmdar məqsurəsində müqarna tərzindəki
memarlıq nümunəsi gözə çarpır. Minbər,
mehrab və müəzzin məqsurəsində də bənzər
üslubdan istifadə edildiyini görmək
mümkündür.
Mədrəsə, imarət, karvansaray
Bəyazid meydanının Laləli yönünə
doğru inşa edilən mədrəsə binasının
tikilməsinə məscidin inşası tamamlandıqdan sonra
başlanır. Ənənəvi Osmanlı abidələri
kimi, burada da atrium mövcuddur. Mədrəsənin hər
üç tərəfi tələbə otaqlarından ibarətdir.
Bina kəsmə daşdan tikilib. Dərs otaqlarında isə
qırmızı kərpicdən istifadə olunub. Mədrəsə
hazırda Xəttatlıq sənətləri muzeyi olaraq istifadə
edilməkdədir.
Məscidin arxasındakı bacalı yer mətbəxtlərdir.
Aşxana və imarət ortasındakı atrium ətrafında
qübbəli abidələr inşa edilib. Qübbəli məkanların
zirzəmi, mətbəxt, yemək və çörək
bişirmək üçün kürə, yemək
paylanması yeri olduğu anlaşılmaqdadır. Elə
karvansaray da bu abidənin solunda, qübbələrin altında
yerləşir. II Abdulhəmidin əmri ilə kitabxana kimi
istifadəyə verilən karvansaray bu gün də Bəyazid
Dövlət Kitabxanası kimi fəaliyyət göstərir.
Məscidin qiblə tərəfində yerləşən
sıbyan məktəbi yoxsul, yetim uşaqlar üçün
qurulmuşdu. Abidə 1960-cı illərdə restavrasiya edilərək
Haqqı Tarix Us Kitabxanasına çevrilib. Sıbyan məktəbi
isə İstanbulun nadir örnəkləridəndir. Tikilinin
eyvanlı qismində qədim Anadolu memarlığının
nümunələrini görmək mümkündür.
Osmanlının ən böyük hamamı
Osmanlı memarlığında ən önəmli
abidələrdən biri də Bəyazid hamamıdır. Bura
imperatorluğun ən böyük hamamı sayılır. Səlcuqlardan
Osmanlı dönəminə qədər hamam kültür və
memarlığı sürətlə yayılıb. Hər tərəfdə
inşa edilən hamamlar sosial həyatın əhəmiyyətli
parçasına çevrilib.Əslində türk hamamı
deyirlər, amma bu kültür Romadan gələn ənənədir.
Qədim Romadan ərəb kültürünə, ordan da
Osmanlıya keçən köklü və dərin bir
mirasdır. Araşdıranda Roma, Səlcuq və Osmanlı
dönəmi hamamlarının kültür və memarlıq
baxımından bənzər və fərqli özəlliklərinin
olduğu görünür. Məsələn, Roma və
Osmanlı hamamları memarlıq və isitmə sistemi
baxımından bənzəsə də, Roma hamamları daha dəbdəbəlidir.
Osmanlı hamamlarının isə daha çox istifadəyə
nə dərəcədə yararlı olub-olmaması diqqəti
cəlb edir.
Roma hamamları daha geniş ərazilərə
yayılmış və gündəlik həyatın ən
önəmli parçası olmuşdu. Osmanlı dönəmində
isə hamamlar həftədə bir və ya iki dəfə
gedilən yer idi. Türklər Roma hamamlarındakı
ünsürləri İslam kültürü ilə
cilalayıblar. Məsələn, Roma hamamlarında
yuyunmanın son mərhələsi olaraq soyuq su vannası varkən,
türk hamamlarında bu yox idi.
Osmanlı dönəmində ciddi əhəmiyyət
kəsb edən hamamlar cümhuriyyət dönəmində evlərin
bir parçasına çevrildi və qədim türk
hamamları əyləncə və turizm mərkəzləri
oldu.
Bəyazid hamamında ölkənin dörd tərəfindən
gətirilən əşyalar sərgilənir. Hətta Bizans
dönəminə aid Arxeologiya muzeyindən gətirilən
sütun başlıqları da burada görmək
mümkündür. Burada həmçinin hamam daşları,
şəfa qabları, uşaq ləyəni, sinilər, seramik əşyalar,
boğçalar, məhrabalar, yun və həsr səccadələr,
şallar, kisələr, ipək sabun qabları, tülbəndlər,
fil dişi daraqlar, zeytun yağlı sabunlar, hətta qəhvə
fincanları, qəhvə dəmləyən qablar da görmək
olar. Bu qədər çox fərqli əşyanın hamam
kültüründə olması insanı heyrətləndirir.
Restavrasiya edilən hamam divarlarının bəzi bölümlərində
qədim daşlar qorunub saxlanılıb.
1985-ci ildə UNESCO tərəfindən
Ümumdünya İrs siyahısına daxil edilən
"İstanbul tarixi məkanları" içində yerləşən
II Bəyazid Türk Hamam Kültür muzeyi Osmanlıda hamam
kültürünün tarix boyu dəyişdiyini görmək,
memarlıq abidəsinin texniki özəlliklərini incələmək
və yenə tarixi kültür dəyərlərinin qoruyub
sonrakı nəsillərə çatdırmağın önəmini
hiss etmək baxımından ziyarət edilməsi vacib bir məkandlr.
Yeri gəlmişkən, külliyənin bir
parçası olan hamam 20-ci əsrin ortalarına doğru
unudulmağa başlamış, illərlə xaraba vəziyyətində
qalmışdı. Hamamın restavrasiyası ilk dəfə
1950-ci illərdə gündəmə gəlir. Dəfələrlə
restavrasiya məsələləri müzakirə edilir, hətta
icrasına dair qərar da verilir, ancaq bütün səylər
boşa gedir.
Uzun müddət gözdən kənarda qalan layihə
İstanbul valiliyinin hərəkətə keçməsi ilə
2005-ci ildə yenidən canlanır. Valilik tərəfindən
təşkil edilən tədbirdə restavrasiya işləri
üçün 3.5 trilyon türk lirəsi ayrılır. Amma
bu dəfə də büdcənin yetərsizliyinə görə
restavrasiyanın sonuna yaxın işlər dayandırılır.
Nəhayət, 2015-ci ildə yarımçıq qalan işləri
yekunlaşır və elə həmin il də xidmətə
açılır. Qeyd edək ki, kişilərin soyunub-geyinmələri
üçün nəzərdə tutulan yerdən hazırda
müddətli sərgi məkanı kimi istifadə edilir.
Türkan TURAN
525-ci qəzet .-2024.- 21 sentyabr (№ 172).- S.21.