Torpağımızı əlimizdən alma, İlahi!

II yazı

MÖVSÜM ÖNCƏSİ MÜLAHİZƏLƏR...

 

Mehriban Ələkbərzadə aktyorda kök salmağa, rişələnməyə cəhd edən, özünün intellektini, iradəsini, hisslərini ustalıqla ona ötürən rejisordur. Və göründüyü kimi, "irimiqyaslı" (hər mənada!) tamaşalar qurmağı sevir və bacarır. Bu tamaşalarda sönük aktyor baxışlarını görmək qeyri-mümkündür. Onun tamaşalarında aktyordan bütün professional məziyyətləri ilə yanaşı, güclü fiziki hazırlıq və möhkəm iradə də tələb edilir.

"Əsrə bərabər gün" tamaşasındakı dinamik məkan dəyişiklikləri - sürətli əvəzlənmələr, səhnə mizanlarındakı sərt dönüşlər, çoxsaylı iştirakçıların fonundakı "iri plan"lı aktyor ifaları (Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Cəfər Namiq Kamal, Ayşad Məmmədov və b.) tamaşaçını da qeyri-ixtiyari olaraq iştirakçıya çevirir. Tamaşada aktyorlar zala ötürdükləri sərt boyalı enerjiləri ilə həm də sürətlə "vərəqlənən" "ən uzun hekayətin" oyun məkanının masştabını hiss edir və ideyanın həm emosional, həm də düşüncələr toplusu tərzində tamaşaçıya çatdırılmasında əvəzsiz rol oynayırlar.

XX əsrin 50-ci illərinin şəxsiyyətə pərəstiş çabaları və zamanın fakturası "sinif otağı lövhəsi"ndə son dərəcə parlaq duyulur. Bu dərin psixoloji strukturlu yığcam "lövhə"də şəxsiyyətə pərəstişin yaratdığı həbsxana mühiti, satqınlıq, böhtan, şərləmə, nahaq qurban getmiş insanlar, məhv olmuş xəyallar, dağılan ailələr parlaq bədii dona salınaraq bizi sarsıdır. "Sinif otağı lövhəsi"ndə azad ruhlu müəllim Abutalıbın-Elşən Rüstəmovun qəddar stalinizmin törəməsi olan manqurt şagirdləri ilə qarşıdurması qorxunc siyasi rəngə boyanır və bu lövhənin professional ifası bizi valeh edir. Beləliklə də, tamaşa müəllifinin mətnaltı araşdırmaları sovet totalitar hakimiyyətinin ideoloji simvollarını (Manqurtlaşdırma: əfsanədə anasını öldürən manqurt... və günümüzün manqurtu Sabitcan (Anar Heybətov) üzə çıxarır. Xalq artisti Əli Nurun sənətkarcasına yaratdığı Müstəntiq Taksınbayev obrazıda sovet totalitar hakimiyyətinin rəmzi kimi təqdim edilir.

Elşən Rüstəmovun Abutalıbına şər atan Cəfər Namiq Kamalın sənətkarcasına rəsm etdiyi Müfəttişi müəllimin zəngin mənəviyyatı qarşısında getdikcə alçalır... alçalır... alçalır və bunu ona bağışlamır. Abutalıb və Yedigeyin Donanbay quşu haqqındakı dialoqu isə hər iki obrazın daxili dünyasını açmaqla, həm də onların daşıdıqları psixoloji yükü görümlü edir.  Sözügedən bu dialoqda tamaşanın bir neçə süjet xətti - MANQURT əfsanəsi... Abutalıbla Yedigeyin taleləri kəsişir və onları YADDAŞ PROBLEMİ və HƏYATIN MƏNASI haqqındakı düşüncələri birləşdirir. Elşən Rüstəmov-Abutalıb təbiətdə Dolanbay quşunun olub-olmaması barədə soruşanda isə Yedigey "Görməmişəm, görünür, yoxdur" deyə cavab verir və əlavə edir: "Belə çıxır ki, bunlar yalandır?" Elşən Rüstəmovun müharibə xatirələrini yazan filosof təbiətli alimanə Abu Talıbı isə inamla cavab verir ki, Ana Beyit qəbiristanlığı durursa, deməli, bu quş var. Onu kimsə nə vaxtsa görəcək... Uşaqlar üçün  belə yazacağam!..

Tamaşanın sonunda Yedigey bu quşu görür.

Aktyor Elşən Rüstəmovun nəcib, mütənasib üz cizgiləri, ziyalı görkəmi sözün əsl mənasında Müəllim olan, müharibənin, əsirliyin acı dadını dadmış Abutalıb obrazını qabarıqlaşdırmağa xidmət edir. Onun Abutalıbı öz övladlarına - gələcək nəsillərə mənəvi irs qoymaq cəhdindən... kamil insan ideyasından danışır, müharibə xatirələrini yazır. Elşən Rüstəmov içindən qara qanlar axan Abutalıbın nahaq məhv olmuş taleyini, ağrı-acısını, işıqlı mənəvi dünyasını son dərəcə təmkinli, ifadəli və parlaq ifası ilə zənginləşdirir.

Vəfa Rzayevanın ifasında gözəl, cazibəli, incə Zərifənin keçdiyi əzablı yollar, sevdiyi əri və uşaqlarına əbədi bağlılığı, yeni il gecəsindəki mürəkkəb qadın təbiətinin impulsiv nümayişi, ərinin həbsindən sonra Boranlıdan getmə səhnəsi, Yedigeylə olan son görüşündə nümayiş etdirdiyi ərinə sadiqliyi aktrisanın yaratdığı obrazın daxili zənginliyindən, səhnədə görümlü olan bənzərsizliyindən və Zərifənin  zəmanənin qurbanı olmasından xəbər verir. Vəfa Rzayeva Zərifə obrazının "qurban" olmasına baxmayaraq, onun "zalım fələyin üzünə gülmək" hünərini də nümayiş etdirir. Sadaladığımız bu məziyyətlər aktrisanın professional inkişafından xəbər verir. Zərifənin özünüifadəsinə çevirə bildiyi çılpaq əsəblərdən toxunmuş ecazkar rəqsi -  "Yağış epizodu" səhnədəki üçlüyün arasındakı mürəkkəb insan münasibətlərini güzgülüyür. Bir qurtum suyun qəhətə çəkildiyi Boranlıda göylər - İlahi uşaqların dualarını eşidir. Yağış yağmağa başlayır... Bundan sevinən, dövrə vurub fırlanan... oynayan... hıçqıra-hıçqıra ağlayan-gülən... qəhqəhə çəkən Zərifə tən ortada... bir tərəfində iliyinə qədər islanmış gözəl Zərifənin islaq bədəninə, yaş saçlarına özünü unudub heyranlıqla baxan Yedigey (bu baxışlar sözsüz sevgi isharı idimi!?), o biri tərəfində isə hər şeyi görüb-anlayan, içində qovrulan, amma zahiri səbrini, səbatını qoruyub-saxlayan Ukubala... bu sözsüz epizod hər üç sənətçinin professionallığının sayəsində tamaşanın bəzəyi olan parçalardan biri kimi yadda qalır.

Tamaşaçı aktrisanın oyunundakı ritm keçidlərindən əməllicə təsirlənir və onun Zərifəsinin Boranlıdan qəfil gedişi obrazı mənən daha da yüksəldir... Yedigeyin sevgisinə cavab verməyən Zərifə "mən vəfasız, nankor ola bilmərəm!" deyibən uşaqlarını götürüb, bu yerləri həmişəlik tərk edir.

İnsanın tarixi qan yaddaşı və bu kontekstdə qəhrəmanların şəxsiyyətinin saf-çürük edilməsi tamaşının əsas mövzusunu formalaşdırır. Ç.Aytmatov mətninin bədii düşüncə sistemini sərgiləyən tamaşada keçmiş güclü küləklərin asanlıqla göyə sovura biləcəyi tarixin külü deyil, sabaha doğru irəliləyən insana çıraq tutan emosional və mənəvi yaddaşdır, zamanların tarixi bağlarıdır, bəndləridir, nəsillərin əlaqəsidir...

Görkəmli sənətkarımız Bəsti Cəfərovanın Nayman anası "Manqurt əfsanəsi lövhə"sinin mərkəzi fiqurudur, yarasından qara qanlar axan ürəyidir. Obrazın təqdimatında aktrisa öz oyunu ilə tamaşanın ideyasının güclənməsinə fəal qoşulur. Aktrisanın Nayman ananın "yağmağa hazır olan buludlar kimi" səmada asılı qalmış fəryadı, ürək dağlayan çığırtıları, ahu-zarı, təsirli laylaları, tamaşaçı salonuna axan ağı deməkdən kallaşmış səsinin fəci dalğaları bizi ildırım kimi vurur. Müxtəlif bədii stixiyaları - rasional və emosional, publisist və realist oyun elementlərini bir-birinə sənətkarcasına hörən aktrisa Nayman ananın fəryad sədalarını bu günümüzə çatdıra bilir... Bəsti xanımın kədərli, ümidsiz laylaları, "Səni bu hala kimlər gətirdi? Xatırla kim olduğunu!" harayı, onu tanımayan oğlunun yaddaşını oyatmaq çabaları... insanın ən qiymətli sərvəti olan yaddaşını əlindən alan yadellilərdən oğlunu xilas etmək üçün göstərdiyi qəhrəmanlığı, juanjuanların manqurta çevirdikləri oğlu tərəfindən öldürülməsi, bir sözlə, faciəli taleyi tamaşanın ən kədərli səhifəsidir. Aktrisanın nitqi - "batmış səsi" Nayman ana obrazının plastik həllinə kömək edən ifadə vasitəsinə çevrilirək, oyununda fiziki və psixoloji olanın sintezini yaradır. Güclü dramatik əsəblərə malik olan aktrisa zahirən də əzəmətli türk qadını kimi dəyanətli qırğız qadınının sarsılmaz mərd çöhrəsinə, güclü enerjiyə malikdir. Bu keyfiyyətləri ona günümüzə qədər yaşayan Nayman ana əfsanəsini, faciəsini, fəryadını, harayını, bədbəxt ana qəlbinin vibrasiyasını obraza uyğun tapdığı səs tembri sayəsində epik vüsətlə canlandırmaq imkanı verir.  Tamaşanın sözügedən bu parlaq bədii "lövhə"sinin vahid süjet xəttinə üzvi şəkildə calanmasında Bəsti xanımın yaratdığı Nayman ana obrazının rolu əvəzsizdir. Beləliklə də, M.Ələkbərzadənin səhnə yozumunun xarakterini müəyyən edən kontekstlərin qabardılmasında sözügedən bu "lövhə"nin və Bəsti xanımın ifasında fəci rənglərə boyanmış Nayman ananın bu günümüzə yönəltdiyi çağırış daha da ucadan eşidilir və qəlbləri param-parça edir: "Adınızı... Torpağınızı... Tarixi yaddaşınızı qoruyun!.." Beləliklə də, Nayman ana ana torpağı... ana təbiəti təcəssüm etdirir...

Görkəmli sənətkarımız Hacı İsmayılov yaratdığı Nayman tayfa başçısı obrazına öz müdrik təbiətindən çoxlu məziyyətlər calamaqla "Şəhidləri dava meydanında atmaq olmaz!" harayını ucaldır...

Tamaşada Cəfər Namiq Kamal tərəfindən dəqiqdən dəqiq rəsm edilmiş Müfəttiş obrazından tutmuş çoxlu manqurtların içində mərhum Qazanqapın oğlu Sabitcan obrazı Anar Heybətovun ifasında gözlənilməz tərzdə açılır. Aktyor obrazının qul-manqurt xüsusiyyyətlərini çox ifadəli şəkildə böyüdə bilir. Onun ütülü-qalstuklu-silindirli Sabitcanı həm də qul-manqurt olmasından bixəbərdir. Aktyor obrazının əsl mahiyyətini atasının dəfnindən sonra Yedigeylə olan dialoqunda açır... bununla da Nurəddin Mehdixanlının əsl kişi təbiətli Yedigeyinin varlığına od vurur... Aktyorun Sabitcanı özgələrinin iradəsi ilə... "dirijor çubuğuyla"... "düymələrin basılmasıyla" idarə edilən... Boranlıların təhqir edilməsinə hətta sevinən... azad düşüncədən məhrum iblis xislətli müasir manqurtdur.

Aktyorun Sabitcanı mənəvi-ruhsal qatda Nurəddin Mehdixanlının Yedigeyinə yamanca uduzur. Anar Heybətovun əsilsiz-nəsilsiz Sabitcanı özünün karyerasından başqa hamıya və hər şeyə laqeyd olan ürəksiz, qəlbsiz, xudbin birisidir. Aktyor Sabitcanın əsl mahiyyətinə addım-addım yaxınlaşır, onun atasının xatirəsinə... atasının dəfninə münasibətinin, puç arzularının qorxuncluğunun mahiyyətinə nüfuz edir və bizi qəzəbləndirən güclü bədii obraz yaratmaqla yaradıcılığı üçün tamamilə yeni olan oyun tərzi də sərgiləyir.

Sözügedən "Lövhə"lərin birinci qatı birbaşa və bilavasitə torpaq... yaddaş haqqında ən uzun hekayət olan bu tamaşanın ana xəttinə və konfliktə bağlıdır. Bu qatda təqdim olunan süjet, onun baş hadisəsi, konflikti və konfliktə cəlb olunan tərəfləri (tamaşaya həsr edilmiş mükəmməl yazılarda - "İstedadın cazibə qüvvəsi" - İ.Rəhimli, "Ölüsü məzarlıqdan qaytarılan, anasını tanımayan, tamaşada darıxan manqurtlar" - Ramilə Qurbanlı, "Uzun yolun sonu... - "Əsrə bərabər gün" tamaşası barədə tamaşaçı qeydləri - İ.Fəhmi", -  bu haqda müfəssəl məlumat verilir) səlis və lakonik ifadə vasitələri ilə qurulub. Sözügedən bu "lövhə"lərin iti sürətlə dinamik tərzdə bir-birini əvəzləməsi və ideyanı, məzmunu qavrayış üçün maksimal dərəcədə rahatlaması tamaşanın temporitmini müəyyənləşdirir. Bütövlükdə tamaşanın "işarələr sistemi"nə tabe olan sözügedən "lövhələr" M.Ələkbərzadənin müəllif niyyətini  sonuncu kompozisiya vahidində - "Epiloq"da birmənalı açıqlayır.

Sonuncu şəkil "Yer kürəsi..." adlanır: dəfn mərasiminin sonunda hamı məzara baş əyərək dayanıbdır. Çəkdiyi əzablardan.., gözümüz önündə yaşadığı mənəvi məşəqqətlərdən.., "günah" adlandırdığı "Zərifə sevgisi"ndən (Zərifəsiz bu səhrada tək-tənha necə yaşayacağam?)... cavabsız suallardan... sonsuz sarsıntılardan... torpağını, nəslini, kökünü tanımayan manqurtlardan usanmış... iztirab içində çabalayan Yedigey - səhnəmizin bəzəyi TÜRK OĞLU Nurəddin Mehdixanlı əllərini göylərə qaldırıb "İlahi, keç günahımızdan! Bağışla bizi! Heç kim torpaqdan ayrı var ola bilməz! Hər insanın əvvəli də, sonu da torpaqdır. Ömrümüzü, həyatımızı al, amma torpağımızı əlimizdən alma, İlahi!" sözlərini deyir... (Bu sözlərin müəllifi doğma torpağı 30 illik yadelli işğalından azad edilmiş Mehriban xanımdır!) "Və üzü sonsuzluğa yollanır... Yer tikə-tikə olub, ətrafa səpələnir... Bütün dünya yenidən qapanır..." Tamaşa başlayanda Qərbdən Şərqə üz tutan qatarlar isə artıq Şərqdən Qərbə şütüyür...

Tamaşanın müəllifi Qərbdən Şərqə... nəhayət, Şərqdən Qərbə  şütüyən qatarı dünyanın ƏBƏDİ YOL rəmzinə çevirə bilir. Səhnə tərtibatı bu rəmzi kinematoqrafik elementlərlə daha da gücləndirir.

Sözügedən bədii "lövhələr"in növbəti qatı aktyorların səhnə varolmalarını təmin edir: Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Elşən Rüstəmov, Abbas Qəhrəmanov, Anar Heybətov, Vəfa Rzayeva,  Hacı İsmayılov, Əli Nur, Cəfər Namiq Kamal və digər sənətçilərin peşəkarcasına sahibləndikləri bütün ifadə vasitələri "iri plan"da səhnədən zala ötürülür. Qabarıq görünür ki, "lövhələr"in dayaq nöqtəsi, ƏLAHƏZRƏT AKTYORdur.

Tamaşada Mehriban xanım Ç.Aytmatovla və aktyorları ilə "əl-ələ tutaraq" bu gün xilasın yeganə yolu kimi türk kökənlilərə yeni qan vurur, yenilənibən durulmanın gərəkliyini göstərir, O, Torpağa, Yaddaşa və Tarixə dəyər verir, müqəddəs Ana Beyiti - millətin, kökün yurd yerini kosmodromla əvəzləyənlərə qarşı çıxır, əcdadlarının genetik kodlarını unudan manqurtların bizi - bəşəriyyəti faciəyə sürüklədiklərini istedadlı aktyorlarının parlaq oyunu vasitəsilə görümlü edir, milli birliyi, türkçülük ideyalarını gücləndirməyə səsləyir... O deyir: "Tamaşa "Giriş qadağandır!" əmri ilə yaranmış kolliziyadan bəhs edir. Əcdadlarının uyuduğu torpağa yiyəlik hissi olmayanları sonda torpaq qəbul etməyəcək"... "Soy və kök arasında bağ qırılmamalıdır. Nayman Anaların bihudə görünən çabası nə zamansa mütləq bir nəticə verəcək..."

Dayaq nöqtəsi AKTYOR olan səhnə "lövhələr"ində tamaşanın bədii-estetik sistemi, kompozisiyası dolğun şəkildə gerçəkləşdirilir. Həm tamaşanın tərtibatı, musiqisi, həm də işıq üç məkanı - Boranlı stansiyasını, yerdənkənar sivilizasiyanı və "Manqurt əfsanəsi" səhnəsini bir yerə cəmləşdirməklə böyük bir divarı olan vahid məkan yaradır. Bu məkanın üç müxtəlif lövhəsinə xas olan səciyyələr ifadəli tərzdə qabardılır. Hər məkan-lövhənin öz divarı... öz rəngi... öz havası... öz işığı... öz səsi-ahəngi-musiqisi və öz teatr geyimləri var.

Boranlıya hər mənada boz rəng hakimdir... Kosmos səhnəsində uçuş əhvalı bizi də bürüyür... sanki "uçuruq". "Manqurt əfsanəsi" səhnəsində isə insan fəryadı... faciəsi... tərtibatda, musiqidə, işıqda və geyimlərdə əks-sədasını tapır.

Tamaşanın güclü ifadə vasitələri kimi həm tərtibat, həm musiqi, həm də işıq keçidləri üç məkan dəyişikliyini dinamik sürətlə obrazlı tərzdə realizə edir.

Quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkar Azər Hacıəsgərli, geyim üzrə rəssam Aygün Mahmudova və işıq üzrə rəssam Rəfael Vaqifoğlunun işbirliyinin təməlində aktyor oyununa meydan açan səhnə dizaynı - sərt boyalı səhnə tərtibatı, dekor elementləri, səhnədə baş verənləri son dərəcə dinamikləşdirən işıq tərtibatı və hadisələrin gedişatının emosional fonunu yaradan musiqi estetik məziyyətləri ilə rejissor konsepsiyasının açılmasına yönəlir. Sözügedən musiqi "lövhədən-lövhəyə" dəyişərək, final "lövhə"də - "Epiloq"da apofeoz formasını alır.

Yedigey Ana Beyit qəbiristanlığının qəbul etmədiyi Qazanqapın cənazəsini Naymanlara aid torpaqda dəfn edir. "Yeni iz qoymağa başlayır" (M.Ələkbərzadə), sovet sisteminin insanların tarixi yaddaşını, milli kimliyini məhv etmək istəyinə belə cavab verir. Ç.Aytmatovun qəhrəmanı Yedigey-N.Mehdixanlı (Yedigeyin prototipi Ç.Aytmatovun özüdür!) yenidən yeni ATA BEYİT özülü atır. Bizi heyrətə salan həqiqətlərdən biri də budur ki, Ata Beyit məzarlığı birinci Çingiz Aytmatovu qəbul edir... onun məzarı əbədiyaşar türk ruhunun məkanı olan Ata Beyitdədir. Ç.Aytmatov dünyasını dəyişdikdən sonra əcdadlarının yurd yerinə bax, beləcə qayıdır...

Tamaşa aşıb-daşan türkçülük ruhunu ecazkarcasına tamaşaçılara siyarət etdirə bilir.

Keçən əsrin 30-cü illərində Stalin repressiyalarından və "stalinizmin ət maşını"ndan keçirilərək atasından imtina edən Qazanqapı yaradan Abbas Qəhrəmanov əslinə-nəslinə xəyanət edən obrazını özünəməxsus, bənzərsiz aktyor oyunu sayəsində "cəzalandırır". 1937-ci ildə atasından imtina etmiş Qazanqapa layiq övlad olan Sabitcan da atasının ölüsünə yiyə durmaqdan imtina edir. Beləliklə də, dairə qapanır: müqəddəs Ana Beyit torpağına, nəslinə, tarixi yaddaşına xəyanət edənləri qəbul etmir...

Yaddaş ideyası bizə realist-fantastik tərzdə, amma həm də fəlsəfi qata nüfuz edən nəql formasında təqdim edilir və tamaşanın bədii strukturunun yaradılmasında böyük rol oynayır. "Əsrə bərabər gün" tamaşasının daxili janr məzmunu "zahiri" janr formasını diktə edir: ayrı-ayrı "lövhə"lər, xüsusi tamaşa xronotopu, müxtəlif zaman-məkan qatları bundan xəbər verir və üç ölçülü məkan (real, mifoloji, fantastik) onun realist-fantastik janrını müəyyənləşdirir.

Tamaşanın kompoziyasında romandan gəlmə üç istiqamət paralel şəkildə təqdim edilir. "Əsrə bərabər gün" tamaşasında kompozisiya xəttinin realist istiqaməti Boranlı stansiyasında  XX əsrin 50-ci illərində (1953-cü il!) cərəyan edən məişət məzmunlu hadisələrdir... Digər istiqamət isə ("Manqurt əfsanəsi") xalq-folklor mənşəlidir. Tamaşada fantastik kosmik mövzu vasitəsilə isə bəşəriyyətin gələcəyinin proqnozlaşdırılmasına cəhd edilir. Bu istiqamət əladan-əla işlənmiş işıq effektləri ilə bizə təqdim edilir,  kosmik aləmə yönəlir və Yer kürəsi ilə kosmik əlaqədən bəhs edir.  Beləliklə də, zəncirvari şəkildə bir-birinə güclü bağlanan bədii "lövhələr" tamaşanın müəllifi  tərəfindən bugünkü zamanın ruhuna, XXI əsrin ab-havasına, Ç.Aytmatovun üslubuna aşırı həssaslıq göstərməklə daxili harmoniyaya və simfonikliyə istiqamətləndirilir.

Donanbay quşunun səsi eşidilir: bu səs xalqın faciəli taleyinin fəryadıdır.... ahu-naləsidir... Sən kimsən! Adın nədir? Adını xatırla! Sənin atan Donanbaydır (dörd dəfə təkrar edilir) deyə quşun səsi eşidilir... "Adını xatırla!" - bu səs xalqın yaddaşını... əcdadlarımızın ruhunu diriltmə cəhdi kimi ucalır... "dəvə dərisini başından qopart", yaddaşını dirilt... azad ol... deyə tamaşaçı zalında əks-səda yaradır.

Tamaşanın yaradıcılarının gəldiyi qənaət isə budur ki, Yer sivilizasiyasını ağılla yaşamırsansa, yolların Yerdə qapalıdırsa, göy sivilizasiyası da səni qəbul etməyəcək... deməli, gələcəyə gedən yolların da bağlanacaq... yerdənkənar sivilizasiyanı dərk etmək üçün keçmişini unutmamalısan.

Türkçülük ruhunun-milli ruhumuzun güclü daşıyıcısı N.Mehdixanlının sərt boyalarla yaratdığı Yedigey gələcəyi düşünür... gələcək başqa planetə gələn astronavtları da düşündürür...

Kosmos səhnəsində başqa planetlilər gələcək qarşısındakı məsuliyyət hissinə nümunə kimi verilir. Torpaqlarımızı qorumaqla əcdadlarımızın qərinələrdən, əsrlərdən bizə ötürdüyü mənəvi-ruhi enerjini qoruyacağıq. Qorumasaq, məhv olacağıq...

Torpaqlarını qoru!

Bu çağırışların sədası altında teatrı tərk edirəm...

Düşünürəm ki, teatr həm də bizim nəfəs aldıığımız, qidalandığımız güclü bir təbiət hadisəsidir. Amma və lakin bu təbiət hadisəsi YARADICI İNSANın gücü ilə yaranır... Yaradıcı insan qəlbinin, zəkasının, istedadının və xeyir əməllərinin sayəsində səhnə adlanan sirli-sehrli meydançada elə bir güzgü yaradır ki, orada həm özümüzü, həm də bizi əhatə edən təlatümlü, aşırı sərt, aşırı bulanıq dünyanı görübən dərk etməyə və onu xilas etməyə cəhd edirik... 

Lap elə "Əsrə bərabər gün" tamaşasında olduğu kimi...

 

 

Məryəm ƏLİZADƏ

Sənətşünaslıq doktoru, professor

525-ci qəzet .-2024.- 21 sentyabr (¹ 172).- S.18-19.