QANADINDA NUR DAŞIYAN
Cavanlığından, Təbrizdə
yaşadığı ilk gənclik illərindən Həbib
Sahirin bir şakəri varmış. Səhər tezdən yoxuş
yuxarı qalxarmış, dağın gedə bildiyi qədər
uca yerinə dikələrmiş. Onu üç dəfə,
beş dəfə belə görəndən sonra gendən
baxanlarda da gizli bir maraq yaranıbmış ki, görəsən,
orada nə var ki, bu gedir? Hansı səbəbdir ki, sübh erkən
bu insanı dağa dırmaşdırır?
Marağı lap şiddətli olanların neçəsi
bu sirrin "niyəsini" tapmaq üçün sonra gedib o ətrafları
diqqətlə gözdən keçiriblərmiş. Bəzi
lap səbirsiz olanlar onun ardınca düşüb
güdüblərmiş ki, görsünlər bu adamı ora
dartan nədir, nə xəlvəti işi var orada, oralarda nəyi
gizlədib, nəyi qoyur, nəyi götürür?
Ha maraqlansalar da, ha axırına çıxmağa
çalışsalar da, bu məchul suallara cavab tapa bilməmişdilər.
Dönə-dönə müşahidə etmişdilər,
amma nə bir kimsəylə görüşdüyünü
görmüşdülər, nə kiminləsə kəlmə
kəsib danışdığını eşitmişdilər,
nə də nəyisə götürüb, nəyisə
qoyduğuna şahid olmuşdular. Gördükləri bircə
bu idi ki, gəlir, saatlarla dinməz-söyləməz oturur,
sonra da müəmmalı şəkildə gəldiyi kimi,
laübalı şəkildə də durub çıxıb
gedir. Nə illah etsələr də, şübhələrini
yüz yerə yozsalar da, bu sirrin cavabını tapa bilmirdilər
ki, bilmirdilər.
Zavallıların haradan ağlına gələrdi ki,
lap heç deyən də olsaydı, inanardılarmı ki,
uşaqlığından çoxdan ayrılmış bu
bığlı-saqqallı adam dağın təpəsinə
qalxır ki, Günəşə baxsın.
Dağın ucalarında bitmiş hansısa
çiçəyə, ota, ağaca baxmaqçün
qalxdığını desəydilər, yenə buna nə
şəkildəsə haqq qazandırmaq olardı. Ancaq Günəşə
baxmaqçün o qədər yol gedib əziyyət çəkməyin
nə mənası?! Onlara görə, Günəşi
görmək, Günəşə baxmaqçün bunca zəhmətə
qatlaşaraq dağa dırmanmağa qətiyyən lüzum
yox idi - onsuz da Günəş hər yerdən
görünür.
Dünyaya özlərinin balaca pəncərələrindən
gözlərini qıyaraq baxanlar haradan biləydilər ki,
baxmaq nədir, şair olan kəs piyadaca gedib Günəşə
çata da, Günəşlə təkbətək qalıb
ürək boşalda da, Günəşə sual verib, Günəşdən
cavab da ala bilər. Həbib Sahir hər səhər
doğuşunu qarşılayıb, hər axşam da
batımını seyr etdiyi sevgili Günəşlə belə
danışırdı. Elə təkcənə dağ
başında Günəşlə dərdləşdiyi kimi,
tənha axşamlarından birində də bu şeiri söyləyib,
lentə yazıb və bu şeiri elə Günəşlə
danışdığı səmimiyyətlə oxuduğunu hər
sözdə, hər misrada duyuram, ustadın öz səsindən
də kağıza köçürürəm:
Sarı Gün, sönmə
uzaq dağların ardında, aman,
Məni hicran oduna yaxma qaranlıq gecədə.
Qoyma zülmətlə doğan mehnəti,sən
xatirimi
Qanlı əllərlə çıxıb qəhr ilə
azürdə edə.
Ya üfüqdən uzağa getmə, işıq sal
evimə,
Aynalar içrə gəl açsın o füsunkar rəngin.
Yada salla saçını,çək məni Göy
üstə, gözəl
Zindanın bir quyudur,
çox da qaranlıq və dərin.
Sarı Gün, dönmə buludlarda,
ümidim kimi ax,
Məni bu pərde-yinisyanda unutma, gözəlim!
Sən gətirdinsə şəfəqlər
diyarından
mənə nur,
Sarı gün, xatirə olsun sənə bugünki qəmim.
Günəş Həbib Sahirin həm ən
etibarlı sirdaşı, ən məhrəm könül
dostu, həm də ona tükənməz güc verən, sonsuz
ümid bağışlayan, qüdrətli bir varlıq idi.
Bunu da ehtimalla, təsəvvürlə təsdiqləmirik, elə
Günəşin onun nəzərində hansı qüdrət
olması haqda öz yazdıqlarına əsaslanırıq:
Əzəli cadudur qırmızı Günəş,
Ondadır tufanlar, ondadır atəş.
Qanımızda vardır atəşdən əsər,
Bizi tufanlara, oda sürüklər.
Yurdumuz od yurdu, Günümüz odlu,
Həyatımız qanla, atəşlə dolu.
Qanda od olmazsa, qızışmaz ürək.
Günəş yandırmasa, açılmaz
çiçək.
Mən bilmirəm, yəqin, özündən
savayı bu sualın dəqiq cavabını bilən bir
başqası da heç olmayıb ki,uzun yaradıcı
ömrü boyunca Həbib Sahir neçə il, neçə
ay, neçə gün masa arxasında rahat, onu məngənəsində
sıxan qayğılardan azad qalaraq, daxili bir asudəliklə
arxayınca şeir yazıb. Bütün ömrü ərzində
qələm-kağızıyla baş-başa olduğu belə
dinc, aram saatlarını üst-üstə gələndə
neçə il, neçə ay, neçə gün
alınacağını tapmaq dünyanın ən qəliz
tapmacasını cavablandırmaqdan da çətin olsa belə,
hər halda oğlunun, onu yaxından tanımışların
həyatı, güzəranı, keşməkeşləri barədə
yaddaşlarına söykənərək elə gözəyarı
bu qənaətə gəlirəm ki, 83 illik həyatı
içərisində belə anlar toplanacaq olursa, heç 1 il
etməz, uzaq başı bir neçə ay ola-olmaya.
Sanki kəc bəxt bu istedadlı insanın alnına
orta əsrlərin tərkidünya sufiləri kimi elə
yalnız nahamvar günlər qoynunda, kələkötür həyat
yollarında irəliləyə-irəliləyə
narahatlıqlar içində yaşayıb-yaratmağı
yazıbmış.
Hərdən mənə elə gəlir ki, hətta,
ola bilsin, Həbib Sahir öz düyünlü qismətinə
və sahmansız həyat tərzinə o qədər
alışıbmış ki, bəlkə ən firavan
günlərində, babat şəraiti olanda da şeirlərini
masa arxasında əyləşərək deyil, dizinin
üstündə qələmə alırmış.
Əsəb həkiminin yanına gedəndə sənin
hissiyyatının nə dərəcədə yalın
olmasını yoxlamaqçün əvvəlcə dizinə
vurur. Dizinə dəyən zəif zərbədən belə
ayaqları atan adama "əsəbisən" deyib müalicə
yazırlar.
Həbib Sahirin şeirlərini dizi üstündə
yazdığını səbəbsiz fərz etmirəm. Onun hər
misrasında çılpaq, bir himə bənd imiş kimi
atlanan əsəb telləri, həyəcandan vuruşu yeyinləşən
nəbz döyüntüləri duyulur.
Şeirlərindən birində Sahir özündən
və insanlardan xəbər alırdı:
Gecə vaxtı ulduzları sayanlar,
Bulaqların nəğməsini duyanlar,
Öz ömründən usananlar, doyanlar,
Sabahatək oyaq qalan kimlərdir?
Dəniz coşub qabararkən dalğalar,
Buz suları Ay edərkən zərnigar,
Gecələrin ahəngilə biqərar
Pərvanətək şama çarpan kimlərdir?
Gözəllikdən sərməst olan-olmayan,
Yar eşqindən saralmayan, solmayan,
Bir nəğməylə gözü yaşla dolmayan,
Şairləri dəli sanan kimlərdir?
Təbii, Həbib Sahir bu sualların cavabını
yaxşı bilirdi və həmin sualları dilə, qələmə
gətirirdi ki, sizlər də bu haqda düşünəsiniz.
Həbib Sahiri itirəndən sonra, onun artıq həyatda
olmadığı çağlarda bir başqa güneyli
şair - Haşım Tərlan həmin sualların
mümkün cavablarından birini belə verirdi:
O kimdir hər sözü, andı
Şeirə dönüb qatarlandı?
Nərə çəkən, haray salan:
"Vətən yandı!.. Vətən
yandı!.."
O, Sahirdir.
Rüzgarın yazdığın pozan,
Dargözlərin qəbrin qazan,
İnamında dümdüz duran,
Nə axsayan, nə də azan -
O, Sahirdir!
Gülün ətri, şeirin xası,
Misraları Ərk qalası.
İlqarında sabitqədəm,
Nəiminin nər balası,
O, Sahirdir!
Hakimlərə dedi: "Dayan!
Nədir sizdə bu fitnə-qan?
Qarğa deyil, mən şahinəm!
Qanadında nur daşıyan!"
O, Sahirdir!
Hər misrasında çırpınan nəbzi millətinin
nəbzi ilə həmahəng vuran, şeir fəzalarımızda
əbədi uçuşa başlamış nur qanadlı
yadigarları ilə qoca Sahir bizimlədir və
arzuladığı bəxtiyar günlər yetişənə
qədər də bu uçuş davam edəcək!
Bu yorğun misralar da Həbib Sahirindir və bu bir
neçə sətirdə onun çətin
ömrünün və şərəfli yolunun aydın mənzərəsi
var. Həbib Sahirin həyatı elə bir ömürdür və
onun ədəbi irsi elə bir mirasdır ki, bunu heç vaxt
yalnız ədəbiyyat kimi qavramaq olmaz. Sahir irsi Vətənçilik
dərsliyi qəbilindən olan yaradıcılıqdır və
millət, yurd sevgisi dərsi almaq istəyənlər gərək
ona daim qayıda.
Şairliyindən öncə müəllim olan Həbib
Sahirin dərsləri hələ çoxdavam edəcək və
arzusunda olub çatmadığı günlərə
yetişəcək cəfakeş xalqına ən doğru
yolları göstərdikcə də gənc qalacaq, yeni-yeni pərəstişkarlar
qazanacaq.
Mən yurdumu özgələrə satmadım,
Xələt alıb öz elimi atmadım,
Məxmər, ipək yataq üstə yatmadım.
Qədər mənə acı şərbət
içirtdi,
Düşmən məni yad ellərə
köçürtdü.
...Qismət elə gətirdi ki, qarşıma Həbib
Sahirə doğru aparan yolların ən kəsəsi və ən
doğrusu çıxdı. Günlərin birində
Bakıda Həbib Sahirin heykəltaraş və sənətşünas
oğlu Həmid Sahirlə tanış oldum. Elə ilk
görüşlərimizdən, ilk uzun söhbətlərimizdəncə
o, qəlbimə yatdı, bu daxilən saf, təvazökar,
mülayim, iddiasız, amma həm də dərin bilikli, fəlsəfi
düşünən insan unudulmaz şairi mənə xeyli
yaxınlaşdırdı. Həmid atasının balası
idi və gözünü açıb atasında
gördüyü vərdişlər, ədalar,
danışıq və düşüncə tərzi həm
qanla, həm uzun illərin birgəliyi ilə onun da
varlığına hopmuşdu. Hər dəfə Həmidlə
görüşəndə, hər
görüşümüzlə onu daha yaxından
tanımağa və duymağa başladıqca bunu da
düşünürdüm ki, elə Həbib Sahir də həyatda
məhz beləymiş. Həmidlə təmaslarımızın
bir xeyri də bu oldu ki, Həbib Sahiri hər gün görmək
imkanı qazandım. Həmid Sahir atasının gözəl
bir büstünü hazırlayaraq bizə hədiyyə etdi.
Həmin heykəli Nizami muzeyindəki Güney zalında tən
mərkəzdə yerləşdirdik və indi gəlib-gedən
qonaqlar da, mən özüm də hər gün ustadla
göz-gözə qalırıq. Ancaq Həmid Sahirdən mənə
bir ayrı yadigar da qaldı. Hər
görüşümüzdə vaxt olduqca atası barədə
suallar verirdim, söhbətlərini yazırdım. Həbib
Sahirlə bağlı bundan səhih bilgiləri mənə
kim çatdıra bilərdi ki! Üstəlik də bu xatirələrin
elələri vardı ki, bilavasitə ailənin içi ilə
bağlıydı və onları başqa kimdənsə
eşitmək xam xəyal idi.
Lap başlanğıcda Həbib Sahirin əsli-kökü,
yeri-yurdu ilə maraqlanmışdım və Həmid
demişdi ki, atası Miyana yaxınlığında, təqribən
şəhərdən 60 kilometr aralıqdakı Tərki kəndində,
kasıb bir kişinin ailəsində doğulmuşdu.
Babasının ailəni xırda alış-verişlə
dolandırdığını da Həmidə atası
söyləmişdi. Mir Qəvam adlı o kişi
xalçaları, kilimləri at üstünə salar, ya Təbrizə,
ya Miyanaya, yaxud da ayrı bir şəhərə yollanar,
apardığını aldığından bir az baha sataraq
çörəkpulusunu çıxararmış. Bu
gedişatda anlamışdı ki, belə alver
üçün ən münasib yer Təbrizdir. Ona görə
də qət etmişdi ki, köçsün Təbrizə,
orada özünə ev-eşik düzəltsin. O getməklə
dönüb olur təbrizli, alış-verişi
yaxşılaşır, özünü maddi cəhətdən
tutunca subaylığın daşını da atır, bu
izdivacdan üç övladı dünyaya gəlir. İlki
Mir Məmməd idi, sonra Suğra doğulur, ardınca da Mir Həbib.
Amma Mir Həbib uşaqların kiçiyi idisə də,
sonbeşik olmur. Həmid dəqiqləşdirirdi: "Sonra
böyük atam başqa arvad alır ki, ondan da iki oğlu olur
- Mir Qafar, Mir Səttar".
Dilimizdəki hər gözəl sözün özünə
görə bir fəlsəfəsi və məntiqi var. İki
insanın taleyini bir-birinə bağlamasını "ailə
qurmaq"dan daha çox "evlənmək" kəlməsi
ilə ifadə edir, ailəni ortaq ocağa sahib olmaq kimi
düşünürük. "Evlənmək", yəni
"bir evdə birləşmək" və qovuşduğun
mənzil əgər sənin özününkü deyil,
müvəqqətidirsə, ailənin xətrinə onun daimi,
sabit, özününkü olmasına çalışmaq.
Mir Qəvam da, oğlunun söyləməsincə (aydın məsələdir
ki, bunları da oğlu Mir Həbibə özü
nağıl etmişdi, mənə də onun oğlu Mir Həmid
danışdı), ticarətini qurub varlanınca
başlayır əmlak toplamağa və əvvəlcə
Sorxab məhəlləsində ev alır. Özü də
birini yox, üçünü. Evlərin üçü də
bir-birinin yanında. Yəqin, fikir edirmiş ki, gələcəkdə
birində özü qalar, o biri iki evi də oğlanlarına
verər.
Yenə Həmid təfərrüatları xırdalayır:
"Evlərdən biri məscidin lap yanında idi ki, o yer məşhurdur,
orada çox tarixi hadisələr baş verib. Ancaq Mir Qəvam
babam bir az da dövlətlənəndən sonra Şibliyə
yaxın olan Türkədari kəndində mülk alır ki,
səhvən həmin mülkə görə bəziləri
böyük atamı ora mənsub edirlər. Amma ora
bağlılığı ancaq elə həmin kənddəki
mülküidi ki, oradan da müəyyən gəliri
varmış. Böyük atam sadə bir adam olub. Amma bir ara məşrutəçilərə
də qoşulur, onlarla birlikdə çarpışır.
Özünə balaca bir qoşun da düzəldibmiş. Silahlılarını
həmin Sahibəl-Əmr məscidinin içində
toplayırmış. Atam deyərdi ki, böyük baban ata minərdi,
gedib Təbrizin kəndlərindən əsgər
yığardı. Camaat da ona əsgər də, pul da verər,
başqa köməklər də göstərərmişlər
ki, bu adam məşrutəçilərlə birlikdə
çarpışır".
2016-cı il bugündən uzaq deyil, amma XX əsrin əvvəlləri
ilə məsafəsi xeyli aralıdır. O il Təbrizdəydim,
məhəllə-məhəllə gəzib-dolaşırdım,
müşayiətçilərimin əksəri köhnə,
köklü-köməcli təbrizlilər idi, hər
binanın, hər ağacın tarixçələrini
danışırdılar, neçə evin yanında ayaq
saxlayaraq Məşrutə vaxtında burada nələrin
baş verdiyini, o evdə kimin, bu evdə kimlərin sonacan
müqavimət göstərdiyindən bəhs edirdilər. Həmin
günəcən mənə çoxlu kitablardan, məqalələrdən,
müxtəlif mənbələrdən səhifə-səhifə
tanış Məşrutə illəri və məşrutəçilər
xəyalımda bir başqa cilvədə canlanırdı, bu məhəllələrdə,
bu evlərin yanındaykən özümü elə həmin
həyəcanlı tarixin axarında, baş verənlərin
içərisindəymiş kimi təsəvvür edirdim. Həmid
Sahiri dinləyəndə, zənn edirəm, yenə oralardayam,
özü də sadəcə artıq tanış olan məkanda
yox, həm də köhnə tarixlərin qoynunda:
"Böyük atamın topxanası vardı, qoşunu var
idi ki, ora məşrutəçilərin hamısı gələrdi.
Sahibəl-Əmr məscidi onlara qərargah olmuşdu".
Həbib Sahirin bir şəxsiyyət kimi özünün
də ağır kişi, həyatının da daha çox kədərli,
yaradıcılığının da son dərəcə
ciddi mətləblərə bağlı olduğu bir həqiqətsə
də, başqa həqiqət də odur ki, ona bir insani
şuxluq da xasmış, elə qoca vaxtlarındakı
danışıqlarını dinlədikcə bir para zahirən
sadə görünən ömür hekayətlərini
söylərkən də ara-sıra cümlələr
altında onun zarafatcıllığının, sözə məzə
qatmağı sevməyinin də əks-sədası sezilir. Elə
bu keyfiyyəti də Həbib Sahirə atasından
keçibmiş. Həmid danışır ki, babası
çox zarafatcıl adammış: "Ona deyərmişlər
ki, Mir Qavam, sən ki uca boylu adamsan, niyə aldığın
arvad belə xırda-mırdadır? Bu da deyərmiş ki,
yox-yox, elə balaca olmağı yaxşıdır. Elə ki
başlayır deyinib başımı-qulağımı
aparmağa, onu götürüb qoyuram taxçaya.
Böyük atam bir gecə evə bərk arğın-yorğun
gəlir. Böyük anam da adətənvaxtının
çoxunu namaza sərf edərdi. Məsələn, elə
olardı ki, günortadan axşam namazınadayanardı. Bəli,
böyük atam ac gəlib, deyir ki, ay arvad, şam yeməyini
gətir,mən çox acmışam. Arvad qayıdır ki,
bu gecə Həzrət-i Fatimənin təvəllüdüdür.
Sən indi heç nə yemə ki, sabah səhər təbərrük
çörəkdən sənə verim. Böyük babama gecə
yarısı aclıq çox güc edir, qalxıb keçir
mətbəxə, küpün başını açır,
qovurmadan bir az yeyir. Sonra baxır ki, xanımın sabah
sübhdən bişirəcəyi xəmir də qəşəng
şişib yetişib, üstünə də bir təmiz
ağ parça çəkilib. Parçanı qovzayar,bir az
bu gözəlliyə baxar, sonra əlini basar bu xəmirin
üstünə, yenə parçanı çəkər əvvəlki
yerinə, gedib yatar. Səhər tezdən böyük anam
sübh namazın qılmaqçün qalxanda əvvəlcə
gedir az sonra bişirəcəyi xəmirə baxmağa. Xəmirin
üstündəki örtüyü açıb oradakı əl
izini görəndə yüyürər eşiyə,
başlayar qışqırmağa ki, ay camaat,
tökülün bura, möcüzə! Həzrət Fatimə
gecə gəlibdi, mübarək əlini basıbdı bu xəmirə.
Qonşular bu sözü eşidir, bilənlər bilməyənlərə
xəbər verir, belə zadlara inanan qohum-qonşu
başlayırlar ora axışmağa. Atam deyərdi ki, bu xəmir
daha bişirməyə çatmadı. Gələnlər bunu
zərrə-zərrə qopartdılar, təbərrük kimi
apardılar. Sonra o biri məhəllələrdən xəbərdar
olub gələnlər görəndə ki, xəmir bitib,
tabağı sındırıb onu tikə-tikə təbərrük
apardılar. Sonra da girişdilər mətbəxdəki digər
əşyaya. Atam deyərdi ki, hər nə var idi, getdi".
Bu əhvalatlar Həbib Sabirin uşaqlıq illərində
baş vermişdi. İstəmirmiş hərəsi bir tarix
daşıyan bu qəziyyələr unudulub getsin. Oğluna
danışırmış, günlərin birində Həmidin
rəssam oğlu, babasının adını daşıyan
kiçik Həbib Sahirlə görüşüb onu dinləyəndə
əmin oldum ki, o hekayətləri atası da buna söyləyib
ki, ən azı bu tarixçələr ilə ailənin
içində, nəslin yaddaşında diri qalsın.
Kiçik Həbib Sahir də ailə vərdişlərinə
uyğun olaraq öz övladlarına bunları
danışacaqmı, bilmirəm. Yazıram, artıq
kağıza köçüncə bunlar dönüb olur
pozulmaz yaddaş.
Həmidin səsidir: "Böyük atam gecə
yatıbmış. Çətin vaxtlarmış. Onun
düşməni də az deyildi. Gecə səsə
oyanır, baxır ki, bel, külüng tappıltısı gəlir.
Şübhələnir ki, yəqin, düşmənlərinin
adamlarıdır, evin divarını yarmaq istəyirlər ki,
girib bunu tutsunlar. Cəld qalxır, tüfəngi
götürür, o biri tərəfdən qalxır divarın
üstünə, görür ki, həyətdə bir
neçə nəfər əllərində bel-külüng
həmin mətbəxin kərpiclərini sökürlər.
Tüfəngi bunlara tuşlayıb qeyzlə soruşur ki
,neynirsiz orda? O adamlar da dilləri topuq vura-vura deyirlər ki, ay
ağa, gəlmişik bu kərpiclərdən təbərrük
aparmağa. Atam danışardı ki, bu minvalla evdə
abadlıq qoymadılar. Yəni o mətbəx hamısı, hətta
yerin kərpiclərin camaat gəldi götürdü,
apardı".
Həbib Sahir bu gerçək söhbətləri Həmidinə
lətifə kimi danışarmış, danışdıqca
özünün də dodağı qaçarmış, amma əlbəttə
ki, bilikli, dünyagörüşlü, sözün həm
birbaşa, həm dolayı anlamında
dünyagörmüş şair bunları yalnız elə
gülməkçün deyil, həm də xalqın hansı
xurafat bataqlığına çökməsi kimi ciddi mətləblər
barədə fikrə dalmaq, cəhalətin, korazehinliyin,
gözüqapalı mövhumatın insanları hansı aqibətlə
üzləşdirdiyi haqqında düşünməkçünsöyləyirmiş.
Özü ağır seyid şəcərəsindən olan
Mir Həbib yan-yörəsindəki qafalarda rişələri
dərinlərə işləmiş cəhaləti
gördükcə ürəyi sancırdı və dünyaya
qəlbindəki heç vaxt toxtamayan belə sancılarla baxan
şair əsla qəzəl-qəsidə şairi ola bilməzdi,
elə Sahir kimi millət sözçüsü olardı!
Sahir bu əhvalatı da oğluna
danışıbmış. Yalnız ona görə yox ki,
ondan sonrakılar haçansa ailə, nəsil barədə hər
hansı münasib olmayan şayiələr
yayılacağı təqdirdə doğrunu söyləyəbilsinlər,
ən əvvəl ona görə ki, o, millətpərvər
şəxsiyyət idi, sağlam xalqın mükəmməl
ailələrdən yarandığına inanırdı və
istəyirdi ki, xalqının ailələri də
keçmişdəki kimi təsadüflər,
gözüqıpıq itaət, yalnız böyüklərin
iradəsindən asılı olaraq deyil, təmiz sevgi,
dürüst seçim, anlaşma üzərində qurulsun.
Örnəyi də öz ailə tarixindən gətirirdi ki,
bir kimsənin bostanına daş atılmasın.
Yenə Həmid atasının dilindən söyləyir:
"Bir gecə top atəşləri açılır, mərmilərdən
biri dəyir Sahib əl-Əmr məscidinin divarına, aşan
divarın gurultusu vahiməni bir az da şiddətləndirir,
camaat hamısı hövlnak küçəyə
axışır. Böyük atam da əbasını salar
çiyninə, çıxar ki, görək nə baş
verir. Məscidin vəlisinin 14 yaşında qızı
varmış. Bu uşaq da gecə yarısı qəfil qopan səsdən
çox qorxar, başıaçıq qaçar küçəyə.
Böyük atam elə bunu görər-görməz aşiq
olar. Gecə gedər elçiliyə. Məscidin vəlisi də
Allahdan istəyirmiş bir seyid ona kürəkən ola. Odur
ki, gələn elçilərə də dərhal "hə"sini
verir, böyük atam özü siğəsini oxuyur,
qızı götürür aparırevinə,
arvadlarının sayı olur üç. Böyük
atamın birinci xanımının adı Fatimə,
ikincisininki Şahzadə olub, o axırıncının
adı yadımda qalmayıb. O vaxr rəsm imiş ki, kürəkən
on gün evdən dışarıya çıxmazmış.
Beləcə, on gün keçir, ancaq sən demə,
düşmənlərinin qəsdi varmış, onun bayıra
çıxmasını gözləyirmişlər, hazır
adamlar da qoyublarmış. Böyük atamı küçədə
görən kimi başına kisə keçirərək onu
qaçırdırlar, aparıb öldürmüşdülər,
heç qəbrinin yerini də demədilər, atam da bu
müsibətdən sonra beş yaşından yetim
qalır".
Demək, ailəyə bu faciə üz verəndə
1909, ya 1910-cu ilmiş. Balaca Həbibin həyatının sonra
ömrü boyu davam edəcək sarsıntıları o
başlanan başlanır. Əmisi aparıb onu bazarda fəhlə
işinə qoyur ki, pul qazansın, ailəyə kömək
etsin.
Uzun, ağır taxtaları daşıyırmışlar.
Həbib Sahir oğluna söyləyirmiş ki, bir kişi
taxtanı o tərəfdən götürürdü,mən
bu ucdan, qaldırmağa gücüm çatmırdı, o
yaşlı fəhlə taxtanı elə sürüyə-sürüyə
aparırdı.
Həbib Sahir ömrü boyu müəllimlik etdi,
şeirlər yazdı, daim əlində qələm oldu. Ancaq
həyatı uzunu həm də 5 yaşından etibarən
başlanan fəhləlik, çəkə biləcəyindən
artıq zəhmətlərə qatlaşmaq onunla qaldı.
Odur ki, onun əlləri müəllim əlinə, şair əlinə,
ziyalı əlinə bənzəmirdi. Oğlu Həmid
qüssələnərək yada salır ki, atasının əlləri
yekə, qabar-qabar, əsl fəhlə əlləri idi.
Ancaq o əllər qabalaşana, iriləşənə
qədərki illər də vardı və bir zamanlar o
körpəcə, o sütül əllərdən hər
gün sonra bütün Azərbaycanda, İranda məşhur
olacaq başqa əl də tutarmış.
Həmid xatırlayır: "Atam bütün
uşaqlığını işləmişdi, əlləri
çox böyümüşdü, uzanmışdı. Amma
elə o çağlarından təhsilə də aşiq
olmuşdu. Özü deyirdi ki, Şəhriyarla qonşu
imiş, hər gün məktəbə birgə gedərmişlər,
səhər tezdən bu gedib Şəhriyargilin
qapısını döyərmiş, anası Şəhriyarın
əlini verərmiş Həbibin əlinə, deyərmiş
ki, Həbib, Şəhriyarı özünlə apar məktəbə,
özünlə gətir. Bunlar yollanırmışlar məsciddəki
mollaxanaya".
İşin ağırından çəkinməmək,
ailəcanlılıq, qayğısına ehtiyacı olanlardan
yardımını əsirgəməmək nəcibliyi, bir də
oxumağa, öyrənməyə sonsuz həvəs Həbib
Sahirin ən sabit məziyyətləriymiş.
Ömrünün bu səmti, onun təhsil həyatının
yazılmamış, bilinməyən həmin tərəfləri
ilə bağlı Həmid hekayət edir ki, atası Təbrizdə
yuxarı məktəbi bitirdikdən sonra gedir
Kürdüstana, orada varlı xanlarınevində ailə
müəllimliyi edir.
Uşaqlıqda qara yerdə süründüm,
Cavanlıqda dərdə-qəmə
büründüm,
Üfüqlərdə sınıq Aytək
göründüm.
Kürdüstanda gah mirzəlik elədim,
İstanbulda bəxtiyarlıq dilədim.
İşini başa vurub əməkhaqqı kimi
yığdığı məbləğlə Təbrizə
qayıdınca topladığı vəsaitin bir hissəsini
anasıyla bacısına verir, qalanını özüylə
görtürüb təhsilini davam etdirməkçün
Türkiyəyə yola düşür. Oraya oxumaqçün
getmişdi, ancaq zəhmətə öyrəncəli bu cavan
orada da iranlılar məktəbində dərs deyir ki, əlavə
qazancı olsun, həm İstanbul Universitetində oxuyarkən
yaranacaq zəruri xərclərini ödəyə bilsin, həm
də imkan düşdükcə Təbrizə
ana-bacısına xərclik göndərsin.
Bu da Həmidin səsidir: "Atam universitetdə
coğrafiya oxudusa da, ədəbiyyata marağı
aşıb-daşırdı. Özü deyirdi ki, Amerikan
pansionuna gedərkən orada iki missioner keşişlə
mehriban münasibətləri yaranmışdı. Onlar
keşiş olsalar da, ədəbiyyatla çox
maraqlanırmışlar və atam da onların vasitəsilə
fransız ədəbiyyatı ilə tanış olmuş,
çox sevmişdi, elə həmin sevgisinin təsiri ilə də
İstanbulda universiteti bitirəndən sonra Bakı yolu ilə
Parisə, Fransada təhsilini davam etdirməyə yola
düşmüşdü".
...Xançobanın o qəmli nəğməsini
çoxları oxuyub. Məşhur müğənnilər də,
həvəskar xanəndələr də, elə sadə
insanlar da. Kimsə bu nəğməni elə ürəyə
yatan musiqisinə, duyğulu sözlərinə bənd olaraq
oxuyub, kimsə Araz sularına qərq olmuş Saranın
haqqındakı ürək pörşələyən
söyləməni bilərək bu yanıqlı sevda
havasını bir məhəbbət ağısı kimi
zümzümə edib, kimi də Həbib Sahir kimi bu nəğmədə
başqa yüz cür dərdi də hiss edib, kövrək
misraların ardında dürlü millət nisgilləri ilə
həmahənglik tapıb.
Bu şeir də Sahirin çap olunmuş
kitablarında yoxdur. Hər misranın hər kəlməsinin
nüvəsindəki duyğunun və fikirlərin
qarışdığı öz məhrəm səsində
bunları elə nəğmə kimi dinləyərək sətir-sətir
yazıram:
Saraları ellər apardı.
Gün qızışdı, uzandı günlər,
Axmaz oldu su dərələrdən.
Sarı güldən qalmadı əsər,
Çayır-çimən
yığışdığı yerdən.
Çöl yerindən yapraq saraldı,
Ocaq söndü, külləri qaldı.
Nədən könlüm xiyala daldı,
Gəldimi qəm uzaq səfərdən?
Sorağımı ellər apardı,
Samanları yellər apardı,
Saraları sellər apardı,
Açmadı gül.
Qızıl dağı duman bürüdü,
Qürbətdə, ah, ömür
çürüdü.
Kimlər bizi çöllərə sürdü,
Yoxmu agah olan bu sirdən?
O, həyatda çətin günləri çox
görmüşdü. Bəzən elə
çıxılmaz vəziyyətlərə
düşmüşdü ki, sanki hər şeyə inamı
sınmışdı, ümidi qırılmışdı.
Belə dar macalda adətən insan əllərini göylərə
açır, nicatı İlahidə arayır. Günlərin
birində böyük dərdini anlayacaq bir həmdərdi Yerdə
tapa bilməyən, bağlı yollar qarşısında boynu
bükük dayanan Həbib Sahir Pərvərdigara üz tutaraq
onunla belə söhbətə başlamışdı, Ondan
belə sual edirdi:
Söylə, Tanrı, köçüb gedən ellərin
Bu dünyada bir də üzü güləcək?
Gələcəyə şirin ümid bəsləyən
Könlümüzdə açacaqmı
gül-çiçək?
Viranədə susacaqmı bu bayquş?
Verəcəkmi bahar dünyaya bəzək?
Ancaq ürəyində Allahla danışmaları, Ona
suallar verməsi həyatı boyu çox olmuşdu. Hər dəfə
də heyrətlənmişdi ki, axı niyə bu həyat,
alnımızdakı bu yazı olmalı olduğu kimi yox, sanki
məntiqə tərs gələn gerçəklikdəki
kimidir.
Bu duyğularının hansılarınısa
şeirlərinə gətirib, hansısa etiraflarını bir
az açıq, bir az qapalı söhbətlərində
oğluna söyləyib.
İstanbul Universitetini başa vuraraq Parisdə təhsilini
davam etdirməkçün gedəndə yolüstü 3
gün dayandığı Bakıya valeh olmuşdu. Oğluna
danışırmış ki, dəniz qırağında əyləşib
xəyallara dalırmış. Göylərlə,
Tanrısı ilə xısın söhbətlərini o
saatlarda da edirmiş, cavabsız suallarını da verirmiş,
üstündən illər keçəndən sonra Xəzər
sahilindəki o düşüncələri də şeirə
çevrilmişdi. Parisə getməyi, orada
oxumağıçox istəyirmiş. Bəlkə o istək
o qədər güclü olmasaydı, elə Bakıdan
ayrılmazdı, o vaxt o təhər Güneydən gəlib
burada qalan o qədər cavan vardı ki! Ayrı bir
ömür yaşanardı, fərqli bir yaradıcılıq
doğulardı. Ancaq Parisin cazibəsi daha qüvvətli idi,
onu çəkirdi və ömrünün son saatınacan
unuda bilməyəcəyi üç Bakı gecəsindən
sonra haqqında oxuduğu, şəkillərini
gördüyü, uzaqdan-uzağa məftun kəsildiyi Parisə
yola düzəlir.Amma uzaqdan gözəllərin gözəli
sandığı Parisə yetişəndən bir neçə
saat sonra illüziyaları əriyib itir, xəyallarındakı
ilğımlar çəkilir. Onu soyuq
qarşılamış, qədəm basınca onda xəyal
qırıqlığı yaratmış Parisdəki ilk
günü haqda da oğluna danışıbmış:
"Atam Parisə çatar-çatmaz
fırıldaqçılara tuş gəlir. Lotular
görür ki, şıq geyimli, başı kepkalı bir
cavan əlində çanta hey oyan-buyana gedir. Şəhərə
yenicə gəldiyindən, qərib olmasından duyuq
düşürlər. Atam da isti bir yer arayırmış ki,
orada gecələsin. Yaxınlaşırlar, söhbətləşirlər,
deyirlər ki, sənə yer tapmağa kömək edərik.
Uzun sözün qısası, atamı soyurlar, əlini cibinə
atanda görür ki, cibindəki son pullarını da
aparıblar. Soraq-soraq gedib Parisdəki İran səfarətini
tapır. İşin avandlığından orada Mustafa xan
İftixar adında bir uşaqlıq dostu ilə
rastlaşır. Bu, ilk təbrizli idi ki, Vyana
Konservatoriyasında təhsil alırmış, sonralar
İrana qayıtdı, klassik üslubda bəstələdiyi
musiqi əsərləri ilə şöhrətləndi,
özü də çox varlı bir adamdı. Atamla
rastlaşanda Vyanada konservatoriyada oxuduğu dövr imiş,
Vyanadan Parisə bir neçə günlüyə gəzib-dolanmağa,
əylənməyə gəlibmiş. Atam bunu görəndə
çox şad olur, danışır ki, başıma belə
oyun gəlib. Mustafa xan atamı İrandan Fransaya mal
alıb-satmağa gəlmiş bir hacı ilə tanış
edib deyir ki, ona mütərcimlik elə, sənə pul verəcək.
Atam bir həftə hacı ilə gəzir, axırda bunu
çəkir Luvr muzeyinə ki, sən yeddi gün məni
bazara apardın, bir gün də gəl muzeyə gedək".
Həbib Sahir Parisdən Təbrizə dolu bir
çamadanla qayıtmışdı. Ancaq Fransadan gələrkən
özü ilə sovqat olaraq ətir, geyim-kecim gətirənlərdən
fərqli olaraq, onun yükü fransız dilində müxtəlif
kitablar, böyük rəssam və heykəltaraşların
yaradıcılığına həsr edilmiş əlvan
albomlar idi. Anası ifrat dindar qadın olduğundan Həbib
onun xətrinə dəyməməkçün illərcə
həmin çamadanları qapalı saxlayır. Yalnız
anası rəhmətə gedəndən sonra çamadanı
açır, kitabları çıxarıb rəfə
düzür, məşhur rəsm əsərlərinin surətlərini
çərçivəyə saldırıb divardan asır.
Ancaq o çamadanda Həbib Sahir həm də sevgi gətiribmiş.
Həmid deyir ki, mən gözümü açıb evimizin
divarlarında o rəsmləri gördüm, Rodenin heykəllərinin
əks olunduğu albomları vərəqlədim, bunlar da gələcək
taleyimi müəyyənləşdirdi...
...Şair Həbib Sahir hərdən qələminin səmtini
nəsr sarı da yönəldir, hekayələr, ədəbi
miniatürlər, hikmətlə dolu nağıllar, mənsur
təmsillər qələmə alırdı və
"İki aldanış" adlı bu düşüncəsi
də elə həmin sıradandır.
"Bir gün yalançı ilə doğruçu
yol yoldaşı oldular. Yol boyu çoxlu əhvalatlar
danışdılar. Yalançı nə
danışdısa, doğruçu şübhələnməyi
ağlına belə gətirmədən hamısına
inandı. Doğruçunun danışdıqlarına isə
qulaq asanda yalançı fikirləşdi: yəqin, bu da mənim
kimi yalan danışır. Beləcə, hər ikisi bir-birini
aldatdı. Doğruçu yalançının yalanlarına
inanıb aldandı. Yalançı doğruçunun
doğrusuna inanmayıb aldandı".
Bəzən ən böyük aldanış
doğruya inanmayanlar da olur. Hərdən doğruya
inanmamağın vurduğu zərər yalana inanmağın
vurduğu ziyandan qat-qat artıq olur.
Bizə yadigar qoyub getdiyin sözlərin içərisindəki
doğrulara inanırıq, ürəkdən inanırıq,
ustad! O doğru sözlərinin təkindəki, cövhərindəki
duyğularla şərikik - acısına da, şirininə də.
Və bu sözlərinizi də elə vəsiyyətlərinizdən
biri kimi qəbul edirik:
Səbrim bitdi, səbir daşı,
Mən çatlayım, ya sən çatla.
Uçurum var önümüzdə,
Mən adlayım, ya sən adla.
Əziz ustad, unudulmaz Həbib Sahir! Ömrün boyu
soyumaz məhəbbətlə sevdiyin millətinin və
yurdunun gələcəyə gedən böyük yolunda
bütün aşırımları, bütün
uçurumları, bütün yarğanları mütləq və
mütləq adlayacağıq və əmin olun ki,
sözünüzlə, iradənizlə, eşqinizlə siz də
daim bizimlə qalacaqsınız!
16 sentyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2024.- 21 sentyabr (№ 172).- S.16-17.