"Ən
böyük problem o pulu tapmaqdır"
Rejissor Emin Əfəndiyev: "Rejissorluq komandadan və
maddiyyatdan asılı peşədir"
Müsahibimiz gənc rejissor Emin Əfəndiyevdir.
"Yuva", "Hədiyyə", "Tənha insanın
monoloqu" kimi filmlərin rejissoru olan E.Əfəndiyev həm
də bir neçə film festivalının qalibi, bir çox
filmlərin ssenari müəllifidir.
Emin Əfəndiyevlə söhbəti oxuculara təqdim edirik.
- Yaxın günlərdə xaricə səfəriniz
olacağını bildirmisiniz. Getməkdə məqsədiniz
işlə bağlıdır, yoxsa mühitdən
qaçırsınız?
- Yox, qaçmıram, işlə bağlıdır.
Amma hələ ətraflı məlumat vermək istəmirəm.
- Bəs olubmu ki, mühitdən qaçmaq
üçün xaricə səfər edəsiniz?
- Mən ümumiyyətlə, bir az tənhalığı
sevən və özümə qapanıb özümü dinləməyi
xoşlayan adamam. Düşünürəm ki, insan öz-
özü ilə tək qalmağı, öz daxilinə
varmağı bacarmalıdır. Çünki o zaman insan
özünə nə lazım olduğunu dərk edərək
anlayır. Səs-küy, dost-tanış, sosial media - bunlar
hamısı səni özündən uzaqlaşdırır.
Ona görə tək qalmaq üçün başqa ölkəyə
gedən vaxtlarım olub. Elə olub ki, hansısa rayona
getmişəm, ya bir həftə ərzində evdən
çölə çıxmamışam. Bu hal məndə
tez-tez yaşanır. Əsas da iş prosesi vaxtı olur ki, mənə
qıraqdan heç bir müdaxilə olmasın. Fikrim
yayınmasın deyə, hamıdan qaçıram.
- Necə oldu ki, professional cüdodan kinoya gəldiniz?
- Mən idman təmayüllü məktəbi
bitirmişəm. 10 ilə yaxın cüdo ilə məşğul
olmuşam. 11-ci sinifdə başa düşdüm ki, film
çəkmək istəyirəm. Düzü, bunu niyə istədiyimi
çox fikirləşmişəm.
Bizim məhlədə bir dostum var idi. Onun əl
kamerası var idi. Toylara, el şənliklərinə gedirdi.
Onun nənəsi ölmüşdü və bu prosesi çəkirdi.
Məndən də kömək istədi. Özü
kameranın arxasında durub nənəsindən
danışmağa başladı. Qəfil kövrəldi.
Sonra bu hadisə bibisini çəkəndə baş verdi.
Normal soyuq adamlar kamera önündə kövrəlirdilər.
Fərqinə vardım ki, insanları çəkəndə
onlarda qəribə hal baş verir, daha emosional olurlar. Bu hadisə
mənə çox maraqlı gəldi. İndi
düşünürəm ki, məhz ona görə film
çəkmək istəmişəm.
- Bir çox rejissordan fərqli
olaraq tamaşaçının istəyini ön planda tutursunuz.
Emin bəy, müşahidələriniz nə deyir? Bu gün
tamaşaçı nə görmək istəyir?
- Mən yenə o fikirdəyəm. Kino adamı, müəllif
o vaxt uğurlu olur ki, onun öz auditoriyası, öz
tamaşaçı kütləsi olur. Bizim problemimiz odur ki,
biz tam tamaşaçımızı tapmamışıq. Mən
televiziya filmi çəkəndə bilirəm ki, televiziyada
göstəriləcək və artıq müəyyən
kütləni bilirəm. Ümumiyyətlə, müəllif
öz kütləsini bilən adam olmalıdır.
Çünki sən bu işi görürsən və bunu
özün üçün etmirsən, tamaşaçı
üçün edirsən. Uğurlu o müəllif olur ki, o
öz tamaşaçısını tapır. Kommersiya
kinosunda isə bu, mütləqdir.
Kommersiya kinosunu yaxşı analiz etmək
lazımdır. Biz bilməliyik ki, əyalətdə, şəhərdə
yaşayan tamaşaçılar nə istəyirlər, nə
cür kino görmək istəyirlər. Çünki biz
Bakıda oturub ancaq nəsə yaza bilərik və
düşünə bilərik ki, Azərbaycan
tamaşaçısı ancaq komediyaya gəlir. Ona görə
ki, bundan öncəki filmlər komediya filmləri olub. Digər
filmlərin baxış sayı az olar. Amma bu yanaşma
doğru olmaz. Mən düşünürəm ki, bu gün
melodrama filmləri də tamaşaçı kütləsi
yığa bilər. Əgər bizim tamaşaçılar
xarici melodrama gedib baxırsa, niyə bizimkinə gedib
baxmasın? Sadəcə olaraq bu məsələni analiz etmək
lazımdır ki, ümumiyyətlə, tamaşaçı nə
cür filmə baxmaq istəyər? Bir məsələyə
də toxunmaq istəyirəm ki, müasir Azərbaycan kinosunda
qəhrəman çatmır. Azərbaycan kinosunda
tamaşaçı qəhrəman görmək istəyir. Qəhrəman
olsa, çox uğurlu layihələr ola bilər. Bizim
müasir kinoda qəhrəmanımız yoxdur.
- Elə bir mövzu, sizi narahat edən problem varmı
ki, bütün filmlərinizdə o problemə
toxunasınız?
- İnsan inkişaf etdikcə onun düşüncəsi,
fikirləri dəyişir və hər dəfə müəllifi
narahat edən mövzular olur. O da yaşam tərzindən irəli
gəlir. Məni narahat edən mövzular müxtəlifdir.
Amma daha çox insanların bir-birinə olan münasibəti
ilə maraqlanmışam. Ailədaxili, dostlar, sevgililər
arasında olan psixoloji münasibətlər həmişə
mənə maraqlı gəlib. Mən həmişə o
konseptdən addımlayıram, çünki psixoloji
münasibətlər qəliz məsələdir. Məsələn,
sən sevdiyin insanı qucaqlayıb anlaya bilərsən ki, sən
artıq onu sevmirsən və yaxud onunla dalaşanda
anlayırsan ki, sən onu dəhşətli dərəcədə
sevirsən. Belə psixoloji münasibətlər mənə həmişə
maraqlı olub. Buna görə də filmlərimin əksəriyyətini
insanların bir-birinə qarşı olan münasibəti
üzərində qururam.
- Çəkiliş zamanı işin uğurlu
alınması üçün aktyorlara tətbiq etdiyiniz
taktikalar varmı? Ümumiyyətlə, çəkiliş
zamanı əməkdaşlığın uğurlu olması
üçün nələr edirsiniz?
- Mən ümumiyyətlə çalışıram
ki, əsasən çoxdan tanıdığım insanlarla
işləyim, çünki onlarla işləmək mənə
rahat olur. 2008-ci ildən bu günə qədər hesablasaq,
film sektorunda münasibət qurduğum çox insan var. Buna
görə də əksər vaxt tanıdığım
insanlarla işləyirəm. Çalışıram ki,
mehriban ab-hava yaradım. Hamımız xoşbəxt şəkildə,
ruh yüksəkliyi ilə işə başlayaq.
Çünki belə mehriban mühitdə işin
gedişatı həmişə uğurlu alınır. Ssenari
yazan dövrdə də, yazıb bitirəndən sonra da
aktyorlarla söhbət edirik. Çağırırıq,
kastinq edirik, bəyənəndən sonra ssenarini verirəm
oxuyurlar, onların düşüncəsini öyrənirəm.
Onların nə düşündüyü, obrazı necə
gördükləri mənim üçün vacibdir. Sonra
paralel olaraq biz onlarla analiz aparırıq. Xarakterlər
uyğunlaşandan sonra məkana çıxırıq. Məkanda
da dost münasibəti qururam, şiddət və
zorakılıq üzərində komandanı idarə etmirəm.
Bu, köhnəlmiş metoddur. Daha çox dostluq və
mehribançılıq üzərində komandanı idarə
edirəm. Məncə, bu üsul pis alınmır.
- Ssenariləri öz üslubunuzla
uyğunlaşdırmaqda çətinlik çəkirsinizmi?
Ssenaristlərlə dil tapa bilirsinizmi?
- Mən axır vaxtlar öz işlərimin ssenarisini
özüm yazmışam, ssenarist olmayıb, özüm tək
işləmişəm. "Yuva" filmində də, "Tənha
insanın monoloqu"nda da. Bir dənə "Hədiyyə"
filmində ssenarist deyildim. O, Yusif Şeyxovun ssenarisi idi.
Quruluşçu rejissor mən idim. Belə ssenarist kimi
"Alatava"nı yazmışam, daha doğrusu, müəllif
kimi Əlixan Rəcəbov və Taleh Yüzbəyovla bir yerdə
yazmışıq. Belə vəziyyətdə müəyyən
bölgülər aparırıq. Məsələn, dramaturji
strukturu mən qururamsa, dialoqu başqaları yazır.
Bölgünü aparandan sonra, kim hansı işi görəcəyini
biləndən sonra rahat olur. Təbii ki, müəyyən
prosesdə anlaşılmazlıq olur, oxuyuruq,
danışırıq analizlər gedir. Amma iş rahat gedir.
- Aktyorun istedadının ortaya
çıxarılmasında rejissorun xüsusi rolu varmı?
Ümumiyyətlə, çox istedadlı aktyorlarımız
var, amma nədənsə çox az filmlərdə iştirak
edirlər. Deyə bilərikmi ki, rejissorlar yaxşı aktyorla
işləməkdən boyun qaçırırlar, qorxurlar?
- Təbii ki, hansısa bir obrazda aktyor özünü
uğurlu ifadə edə bilirsə, bu, birbaşa ssenarinin və
rejissorun işidir. Həmçinin onun istedadından da
çox şey asılıdır. Rejissor istedadsız adama hər
nə qədər başa salsa da, həmin şəxs o
işi bacara bilməyəcək. Amma ssenarinin yaxşı
potensialı olanda istedadlı aktyor həmişə onun
üçün maraqlı olur. Təbii ki, yaxşı aktyorlarımız
var. Amma problem orasındadır ki, ölkədə kino az
çəkilir və demək olar ki, insan sayına hesablasaq,
çəkilməyəcək dərəcədədir.
"Rejissorlar yaxşı aktyorlarla işləməkdən
qaçırlar" fikri isə məncə, ədalətli
fikir deyil. Bir az qəliz sual oldu. Yəni mən özüm deyə
bilərəm ki, yaxşı aktyorlardan heç vaxt
qaçmıram və onları sevirəm. Onlarla işləmək
mənə ancaq zövq verə bilər. Kimsə
qaçırsa, bilmirəm niyə qaçır. Mənə
də maraqlıdır ki, kimdir qaçan (gülür). Ola bilər
ki, rejissor həmin aktyoru həmin rolda görmür. Bu hadisə
məndə də olur. Məsələn, "Tənha
insanın monoloqu" filmində ata obrazını
canlandıran Mahir Dərvişin peşəsi rejissordur.
Düzdür, filmlərdə aktyor olaraq iştirak edib, amma
özü televiziya rejissorudur. Sadəcə mən ssenarini
yazanda tipaj olaraq onu uyğun gördüm. Bundan qabaq onunla bir
televiziya filmində - "Kəndinə gəl" filmində
də işləmişdim və onun bacarığına bələd
idim. Yəni ki, orada başqa yaşlı aktyorları da
çağırıb kastinq etmək olardı, amma mən
ehtiyac bilmədim. Çünki mən onu yazanda bilirdim ki, həmin
obrazı o, daha yaxşı canlandıracaq. Məncə,
çox uğurlu canlandırdı və Mahir Dərviş
öz rolunu çox gözəl oynadı. Sözüm
ondadır ki, rejissor ssenarini yazanda müəyyən xarakteri,
müəyyən tipajı görür. Ola bilsin ki, onun da
sevdiyi aktyorlar var ki, həmin adamla işləməkdən
zövq alır. Rejissorlar daha çox eyni adamlarla, eyni
aktyorlarla işləyirlər. Çünki həmin adamı
sevirlər, onlara arxayındılar. Dünyanın
böyük rejissorlarında da bu hal olur və normaldır.
- Elə bir layihə varmı ki, sırf maddiyyata
görə həmin iş yarımçıq qalıb və
yaxud sınamaq istədiyiniz yeni bir janr varmı ki, maddi problemlərə
görə sınaya bilmirsiniz?
- Yazdığım olub, amma belə
yarımçıq iş olmayıb. Elə olmayıb ki,
filmimi saxlasınlar. İnşallah heç vaxt bu durumu
yaşamaram, çünki bu, rejissor üçün
tramvadır. Amma çox arzulayıram ki, haçansa müzikl
çəkim. Mənə o janr çox maraqlı gəlir. O
da ki büdcəli bir janrdır.
- Adətən filminizdə müharibənin törətdiyi
fəsadları ön plana çəkirsiniz. Bu mövzuya
toxunmaqda məqsədiniz nədir?
- Əslində bundan qabaqkı tammetrajlı filmimdə
- "Ata və oğulları"nda tam başqa əhvalat
yazmışdım. Yəni paraleldə başqa əhvalatlar
da yazıram, sadəcə olaraq indiki vəziyyət elədir
ki, əsasən müsabiqələrdə müharibə və
postmüharibə əhvalatları aktivdir. Ona görə bu
mövzuya toxunuram ki, film çəkə bilim.
- Ssenari yazanda daha çox öz təxəyyülünüzdən
istifadə edirsiniz, ya kimlərinsə həyatından?
- Söhbət "Tənha insanın monoloqu"ndan
gedirsə, müəllif təxəyyülüdür. Birinci
Qarabağ müharibəsinin iştirakçısı ata və
müharibədən sonra böyüyən oğulun əhvalatıdır.
Orada elə səhnələr var ki, çox şəxsidir.
Hardasa atamla yaşadıqlarımdır. Bütün əhvalatlarda
müəllifin təxəyyülü onsuz da olur. Müəllif
nə cür düşünür, bu hadisəyə
yanaşması nə cürdür? Müəllif təxəyülü
olmasa, bu qədər romanlar, əsərlər yazılmaz.
Dostoyevskinin "İdiot"u, "Cinayət və cəza"sı,
Tolstoyun "Anna Karenina"sı hamısı müəllif təxəyyülüdür.
Müəllifin orijinallığı da ondadır ki,
olanları öz təxəyyülü ilə maraqlı
yozumla həll edir.
- Doqquz günə ərsəyə gələn "Tənha
insanın monoloqu" filmi, kino tənqidçisi Sevda Sultanova
demişkən, "kəsilib-doğranıb" təqdim
olundu. Filmlərin Ekspert Şurası tərəfindən kəsilib-doğranmaması
üçün nə etmək lazımdır?
- Vallah bilsəydim, onu elə çəkərdim ki, kəsib
doğramasınlar. Bilmirəm, o, bir az qəliz məsələdir.
Əslində Bədii Şura tərəfindən bu filmin
ssenarisi bəyənilmişdi. Çəkiliş edib gəldim,
ilk başda Orxan müəllim də çox bəyəndi, təbrik
etdi. Sonra filmin rənglənməsinə görə Türkiyəyə
getdim. Orada xəbər tutdum ki, Bədii Şura bəyənməyib.
Problem ondan sonra yarandı.
Başladılar ki, mənim oğlum mənə elə
bir söz desə, mən özümü ölmüş
hesab edərəm, oğul ataya elə söz deməli deyil və
s. Bunlar hamısı şəxsi prizmadan çıxan fikirlər
oldu. Ona görə demək çətindir ki, nəyi necə
eləmək lazımdır ki, film kəsilib
doğranmasın.
- Obyektiv yanaşmadılar?
- Söhbət obyektivlikdən getmir.
Düşünmürəm ki, filmdə kəsilməli olan
hansısa səhnə var idi. Həqiqətən orada elə
bir səhnə yox idi. Sadə ata-oğul münasibəti idi.
- Bəs etiraz etmədiniz?
- Mən fikrimi bildirdim, amma dedilər yox, burada təhqir
var, ataya qarşı hörmətsizlik var, biz bunu cəmiyyətə
göstərə bilmərik. Sonra oğullar atalarına
qarşı hörmətsizlik edə bilərlər. Amma orda
hörmətsiz heç nə yox idi. Ata ilə oğulun son
görüşməsi idi deyə oğulun etirafları idi.
- Müsahibə aldığım hər kəsdən
öz peşəsinin çətinliyini soruşuram.
Rejissorluğun çətin tərəfləri nələrdir?
- Rejissor peşəsinin ən böyük çətinliyi
ondadır ki, məsələn, rəssam özünü ifadə
etmək üçün kətan və fırçası bəs
edir, bəstəkara notları bəs edir. Rejissorluq komandadan və
maddiyyatdan asılı peşədir. Film çəkmək
üçün pul lazımdır, indiki zamanda ən
böyük problem o pulu tapmaqdır. Çünki tək bir
qurumdur, tək bir nazirlikdir, Azərbaycanda kinoya özəl
sektorda dəstək yoxdur. Ən böyük problem ondadır
ki, Azərbaycanda müəllif kinosuna özəl sektordan pul
tapmaq demək olar ki, mümkünsüzdür, çox
çətindir. Sən rejissorsan və bir film çəkmək
istəyirsən, amma pul tapmırsan. Bu peşənin çətinliyi
bundadır.
Ləman İLKİN
525-ci qəzet .-2024.- 21 sentyabr (№ 172).- S.12;13.