Azərbaycan ədəbiyyatı tarixinə yeni baxış

 

(Rəhim Əliyevin “Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” kitabı barədə qeydlər)

 

Yeni dövr, qloballaşma bəşəriyyətin qarşısında yeni vəzifələr qoyur, fərqli çağırışlar edir, insan oğlunun şüurunu, intellektini sınağa çəkir, onun mənəvi dünyasını ədalətli, anlaşıqlı dünya uğrunda mübarizədə məğlub duruma düşməmək üçün səfərbər edir və insanları birgəlik duyğuları ilə daha çox bağlayır. “Qloballaşma dünya miqyasında iqtisadi, siyasi, mədəni, dini inteqrasiya və birləşmə prosesidir” (Qlebov Q.İ., O.V.Milaeva. “Sovremennıe mejdunarodnıe otnoşeniə”. Penza, 2010). Dünya böyüyür, homogenləşir, irqlər, sərhədlər yox olur, dünya adamı, bəşəri sima deyilən yeni tipli planetar insan formalaşır. Bəşəri şüur, planetar düşüncə məhəlli dəyərlər üstündə qurulsa da, daha mükəmməl, daha bitkin bir cəmiyyət formalaşdıraraq geniş spektri əhatə edir. Bu birlik, bu birgəlik, bu vəhdət, planetar insan formasında təzahür edən bu yeni yaranış məhəbbət üzərində qurulur. Bizim sevdiyimiz şeylərin çoxunu hamı sevir: poeziyanı, fəlsəfəni, kitabları, incəsənət əsərlərini, dilləri, xalqların və onların arasında fərq qoymadan ali mənəvi dəyərləri, bir sözlə, yaxşı olan nə varsa, hamısını.

Qloballaşan dünyaya tamhüquqlu qovuşmaq, bu çoxluqda əriməmək üçün hər xalq birinci növbədə özünə qayıdır, özünü bir daha tanıyır və mükəmməl bir xarakter kimi özünü toparlayaraq dünyaya birliyinə qovuşur. Belədə dünyanı zənginləşdirən insan özünü də qoruyub saxlayır, öz milli-mənəvi keyfiyyətləri ilə bəşəriyyətin tamhüquqlu vahidinə çevrilir. Dünya ölkələrində xalqların öz kökünə, mənşəyinə üz tutması prosesi fəal gedir. Bu istək etnik fərqləndirici komponentlərlə, etnik qrupun milli simasını canlandırmaq üçün nəzərdə tutulmuş elmi-bədii əsərlərin yaradılmasında reallaşır. “Qloballaşma dövründə bəzi xalqlar yaxınlaşmış, hətta, birləşmişlər. Və buna baxmayaraq, hər xalq öz xüsusi iqlimi, fəsilləri, landşaftı, milli yeməkləri, etnik tipi, dili qorunduqca özü olaraq qalır. Çünki bu nəsnələr milli dəyərləri daim qidalandıran, gücləndirən varlıq və təfəkkür nümunələridir” (Qaçev Q.D. “Naüionalnıe obrazı mira”. Moskva, Paritet, 1997, s.448).

Bu baxımdan biz bir xalq olaraq nələrə yenidən baxmalı, nələri saf-çürük etməli, tariximizdə (o cümlədən, ədəbiyyat tariximizdə) nəyin düz, nəyin yanlış yazıldığını, nəyin ağ, nəyin qara olduğunu müəyyənləşdirməliyik? Məsələ burasındadır ki, əsrlər boyunca ya zəlzələdən, ya da vəlvələdən nə Azərbaycan tarixi, nə ədəbiyyat, sənət və mədəniyyət tariximiz nizamlı, səlist, düzgün araşdırılmamış, ona konkret dəqiq elmi qiymət verilməmişdir. Əsrlər boyunca boyunduruqda, əsarətdə yaşayan bir xalq kimi tariximizi araşdırmaq, yazmaq, gələcək nəsillərə saf və qatqısız, konyukturasız çatdırmaq bizə nəsib olmamışdır. Xüsusən, elmi əsaslarla akademik araşdırmalar aparılmamış, mövcud tədqiqatlar da ya mükəmməl qorunmadığı, ya da sadəcə itib-batdığı, yaxud qanlı müharibələrdə süngülərin ucunda fənayə getdiyi üçün bizə gəlib çatmamıdır. Ədəbi əsərlər yaradılmış, ədəbiyyat zaman-zaman inkişaf etmiş, lakin bu nümunələrin də elmi təsnifatı ya verilməmiş, ya da tarixin kölgələrində görünməz olmuşdur. Ədəbi tənqid bir elm kimi XX əsrin ilk onilliklərində formalaşmış, ədəbi proses elmi çevrədə dominantlıq qazanmış, müəyyən uğurlara da imza atılmışdır. Sonralar, sovet dövründə bu, hakim ideologiyanın təpkisi ilə yenidən konyuktura kölgəsi altına düşmüşdür. Ədəbiyyat, onun yaranma tarixi, inkişafı ideoloji iradənin təsiri altında yanlış sistemləşdirilmiş, təhriflərə yol verilmiş, bu və ya başqa sənətkarın yaradıcılığı konyuktura ilə qiymətləndirilmişdir.

Bu baxımdan Rəhim Əliyevin “Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” kitabı ədəbiyyat tariximizə yeni obyektiv münasibət mənasında təqdirəlayiqdir. Ümumiyyətlə, Rəhim Əliyevin bir ədəbiyyat nəzəriyyəçisi, ədəbi tənqidçi və tədqiqatçı kimi həmişə yeni söz deməyə çalışdığını, ədəbiyyat tariximizi, ayrı-ayrı şairlərin, mütəfəkkirlərin yaradıcılığını özünəməxsus, tamam yeni, obyektiv şəkildə təhlilə cəlb etdiyinin həmişə şahidi olmuşuq. O, F.Nəimidən, İ.Nəsimidən də yazanda eyni mövqedədir, ədəbiyyat nəzəriyyəsi istiqamətlərində araşdırmalarında da, M.F.Axundzadə, N.Nərimanov, C.Cabbarlı yaradıcılığı barədə tədqiqatlarında da. Bu elmi qənaətləri ilə Rəhim Əliyev bizi bir xalq olaraq ədəbi keçmişimizi daha dəqiq dərk eləməkdə mahir bir bələdçi kimi çıxış edir, bizim özümüzü özümüzə bir daha dərindən tanıdır.

R.Əliyev M.F.Axundzadənin ziyalı kimi formalaşmasına, əqidəsinin mücərrəd Şərq təfəkküründən dünyəvi, Avropa qayəli sistemə düşməsinə, Azərbaycan maarifçiliyini, burjua-demokratik üsullu ictimai şüurun getdikcə cəmiyyətdə hakim ideologiyaya çevrilməsi yollarına da dəqiqlik gətirir, yeni qənaətlərini tarixi-ədəbi nümunələrə söykənərək irəli sürür. Burada Seyid Hüseynin, Ə.Haqverdiyevin, C.Cabbarlının fikirləri əsas istinad nöqtəsi kimi götürülür. Şübhəsiz, M.F.Axundzadə haqqında ən çox yazılan sənətkarlardandır. Lakin tədqiqatların əksəriyyəti ağına-bozuna baxmadan bir-birini təkrar edir, ədibin həyat və yaradıcılığına aid faktlar donuq bir ehkamla bir-birini izləyir. R.Əliyev bu ədəbi stereotipləri dağıdır, yanaşmada yeni münasibət bucağı sərgiləyir, M.F.Axundzadənin nəhəng ziyalı şəxsiyyətinin aydın konturlarını yaratmaq üçün yeni faktları araşdırmağa girişir, fərqli münasibət sərgiləməyə cəhd göstərir. Deyilənləri, irəli sürülən iddiaları qrafomon kimi təkrarlamağı xoşlamayan tədqiqatçı yazılanlar içindən elə nüansları seçib nəzərə çarpdırır ki, bütün bunlar M.F.Axundzadənin bir yazıçı, bir dramaturq, Avropa təfəkkürlü bir ziyalı simasına işıq salır.

Tədqiqatçının ən böyük xidmətlərindən biri M.F.Axundzadənin həyatında çox da qabardılmayan, kölgədə qalan bir halı da ortaya qoymasıdır: onun dramaturgiyaya təsadüfən gəlməsini. 1849-cu ildə knyaz Vorantsovun sərəncamı ilə Tiflisdə teatr binası tikilir. Yerli dillərdə repertuar tərtib etmək üçün canişin üç komissiya: gürcü, erməni, Azərbaycan komissiyaları yaratmağı əmr edir. Azərbaycan komissiyasının təşkili Mirzə Fətəliyə tapşırılır.

M.F.Axundzadə azərbaycanlıların içərisində başqa adam tapmadığından özü komediya yazmağa başlayır və bir ilin içərisində üç komediya qələmə alır. Müəllif bu barədə böyük yazıçı və mütəfəkkir Ə.Haqverdiyevdən sitat gətirir: “O zaman Azərbaycan ədəbiyyatı nə vəziyyətdə idi? - deyə soruşur, ən düzgün, ən qısa cavabı verir: “Qəzəllərdən və varlı şəxsiyyətlərə həsr edilən mədhiyyələrdən ibarət idi” və davam edir: “Müftəxor şairlər varlıların ətrafında fırlanırdılar. Ədəbiyyatın başqa formaları haqqında nə şairlərin, nə də xalqın təsəvvürü vardı. Belə bir zamanda Mirzə Fətəli dram ədəbiyyatının “nümunələrini” yaratdı”.

Bəzən tarixi inkişaf, ictimai-sosial reformalar məcburilik səbəbindən də yarana bilir, tarixin təkəri təsadüflər nəticəsində sürətlə fırlanır. Bu təsadüf, məcburilik Mirzə Fətəlini də komediyaları ilə Azərbaycan ədəbiyyatının yeni yolla, üsulla, Avropa mədəni qaydaları ilə inkişafını yaratmağa yönəltdi. Mirzə Fətəli bu inqilabi kəşfi ilə Azərbaycan ədəbiyyatını gül-bülbül, gözəllərin qara qaş-gözünü vəsf edən qəzəlçilikdən, yaltaq mədhiyyəçilikdən xilas edib yenə inkişafa istiqamətləndirdi.

M.F.Axundzadə öz ictimai-siyasi, ədəbi fəaliyəti ilə zəmanəni xeyli qabaqlamış, Şərq təfəkkürü üstündə Qərb mədəniyyəti formalaşdırmışdır. Onun Azərbaycana təlqin etdiyi ictimai ideallar o vaxt Azərbaycanda hökmran olan rus müstəmləkəsinin yürütdüyü dəyərləri üstələmiş, Avropa mədəniyyəti istiqamətinə yönəlmişdi. Tədqiqatçı bu mənada C.Cabbarlının fikirlərinə söykənir. O göstərir ki, M.F.Axundzadə epoxasının ən dəqiq siyasi və ədəbi xarakteristikasını da, məhz C.Cabbarlı vermişdir. C.Cabbarlının 1928-ci ildə yazdığı, fəqət on il sonra 1938-ci ildə Mirzə Fətəlinin ölümünün 60 illiyinə çap edilmiş “Mirzə Fətəli Axundov haqqında” adlı məqaləsində bu məsələlərə aydınlıq gətirilir. Tədqiqatçı yazır: “C.Cabbarlı, sanki Axundov dövrünü Mədəni İnqilab epoxası ilə müqayisə edir. Göstərir ki, Rusiyanın Qafqaza gəlməsi müstəmləkə faktı idi, amma ədib bunda həm də inqilabi bir dağılma və yeniləşmə görür, həmin illəri ortaya gələn yeni ticarət burjuaziyasının hakimiyyəti feodallardan alması dövrü adlandırır. Bu, şübhəsiz ki, belə idi... Burada önəmli olan Cabbarlının Rusiya ilə Qafqaza gələn yeni iqtisadi və mədəni sistemin Rusiya deyil, Avropa mənşəli olmasını deməsidir”.

R.Əliyev fikirlərini inkişaf etdirərək qeyd edir: “Cəfər Cabbarlının 1928-ci ildə yazdığı məqalədə yeni bir mövqe görürük. Demokrati Cümhuriyyətin yaranması və süqutu, 1920-1922-ci illər də N.Nərimanovun bolşevik süngüsü ilə qurduğu İkinci Müstəqil Azərbaycan Respublikası Cabbarlının gözü qabağında baş vermişdi. Bunların fonunda Azərbaycan Respublikasının İran təsirindən uşaqlaşması və təmizlənməsi artıq dövləti və siyasi zərurət idi. Axundov bu təmizlənmənin beşiyi başında durmuşdur”. Dəqiq qənaətdir, sərrast elmi-ictimai qiymətdir.

M.F.Axundzadənin üslubu haqqında ədəbiyyatda həmişə geniş diskussiyalar getmiş, ədəbi mübahisələr yaranmışdır. Ədəbiyyatşünasların bir qismi onu maarifçi realist, bir hissəsi tənqidi realizmin nümayəndəsi adlandırmışdır. Bəzi tədqiqatçılar onun yaradıcılığında hər iki metodun, ədəbi tipin qarışığını və izini axtarmışdır. Ümumiyyətlə, yaradıcılıq üslublarının, ədəbi metodların arasında konkret sərhədlər qoymaq da metodoloji baxımdan düzgün sayılmır. Sırf fərqli ədəbi metod yoxdur. Əslində bir metodun içində digər yaradıcılıq üslubunun çalarları gizlənir, bir metodun içindən digərləri boylanır. Zaman-zaman, mövzudan, ictimai-siyasi mövqedən, ədəbi təcrübədən asılı olaraq müxtəlif yazıçıların yaradıcılıq nümunələrində bu və ya digər üslubun nüansları sayrışır.

Mirzə Fətəli yaradıcılığına da bu rakursdan yanaşdıqda üslubların qarışığını tapmaq təbiidir. Lakin yaşadığı ictimai-siyasi mühiti nəzərə alsaq, ittihad və tərəqqi dövrünün qələm əhli kimi yanaşsaq, ağıllı gileylərini, müdrik və həyəcanlı çağırışlarını əsas götürsək, əlbəttə, o, dövrünün maarif, elm, mərifət çırağı yandıranlarından, ədəbiyyatda isə bu mənəvi-əxlaqi keyfiyyətləri bədii vasitələrlə car edənlərdən biri kimi səciyyələndirilə bilər. Mirzə Fətəlinin üslubunu təyin etmək üçün onun çıxışlarındakı birbaşalıq, açıq inkar və təsdiq, fikri birbaşa söyləmək, hətta bədii əsərlərində fəlsəfi düşüncələrə söykənib estetik tərbiyə üsullarını irəli sürmək kimi xüsusiyyətləri araşdırmaq kifayətdir. O, ən qatı tənqidi fikirlərini belə, ucadan, tezislərlə, fəlsəfi mühakimələrlə söyləyir. Bu da maarifçi tendensiyadır.

Bəzi tədqiqatçılar M.F.Axundzadəni tənqidi realizmin nümayəndəsi kimi birmənalı təqdim edirlər. Elə olanda, bəs Mirzə Cəlili hara aid edək? Tənqidi realistlər həyat həqiqətini göstərməklə kifayətlənir, ona “yaxşı” və ya “pis” münasibət bildirmir, yazıçı “mən”i neytral mövqedən çıxış edir. Məsələn, Mirzə Cəlil kimi. Maarifçi realistlərdə tam başqa cürdür. Burada yazıçı şəxsiyyəti hadisələrin içindədir, ona fəal mövqe göstərir, qiymətləndirir, hökm verir, qərar qəbul edir. Mirzə Fətəli də ən tənqidi fikirlərində maarifçidir, didaktikdir, açıq tendensiyalı mövqedədir. Rəhim Əliyevin də uzun illərin ədəbi mübahisəsində haqlı olaraq bu mövqedə dayanır. M.F.Axundzadə yaradıcılığında özünü göstərən sosial-siyasi, mənəvi-əxlaqi və mədəni çalarlarla, bu keyfiyyətlərin onun ədəbi üslubunu yönəltməklə ədibi maarifçi realizmin nümayəndəsi hesab edir. Beləliklə o, M.F.Axundzadənin simasında iki mühüm istiqaməti dəqiq müəyyənləşdirir: mütəfəkkirin Şərq yox, Qərb təmayüllü yaradıcılıq potensialını və ədəbi üslubunu. Tədqiqatçı dəqiq elmi mühakimələrlə, sanki bu mübahisələrə yekun vurur.

Qeyd edək ki, bir tədqiqatçı-alim kimi Rəhim Əliyevi Azərbaycan ədəbiyyat tarixinin (dolayısı ilə Azərbaycan siyasi və ictimai tarixinin) ən keşməkeşli, ziqzaqlı, mübahisəli və problemli məqamları maraqlandırır. O, klassik ədəbiyyat tarixi barədə düşüncələrində, müasir ədəbi proses haqqında mülahizələrində əsl həqiqəti axtarır, mübahisə doğuran məsələlərə aydınlıq gətirməyə çalışır. O, bir ədəbiyyat bilicisi kimi araşdırma və qənaətlərində ardıcıl və inadkardır.

Azərbaycan tarixinin 1905-ci ildən başlayan və hələ indiyədək tam araşdırılmamış, həqiqi siyasi qiymətini almamış dövrü, Cümhuriyyət illərinin qaranlıq tarixi, N.Nərimanovun İkinci Respublika illəri, Azərbaycanın 1937-ci ilə qədərki sovet mərhələsi Rəhim Əliyevin qələmində əsl mahiyyətini alır. O, bu dövrlərdə Azərbaycanda gedən ictimai-siyasi prosesləri addım-addım, pillə-pillə araşdırır, səbir və təmkinlə neqativ və pozitiv prosesləri təhlilə cəlb edir, tariximizin bu mürəkkəb dövrünün anlaşılmasında rol oynayan fakt və hadisələrə geniş şərh və dəqiq qiymət verir.

Rəhim Əliyevin tədqiqat obyektlərindən başlıcası Nəriman Nərimanov və Cəfər Cabbarlıdır. Məlumdur ki, hər iki şəxsiyyət Azərbaycanın ədəbi prosesində və ictimai-siyasi tarixində görkəmli yerlərdən birini tutmuş zəfər və faciə qəhrəmanlarıdır. Rəhim Əliyev də məhz onlara bu nöqteyi-nəzərdən yanaşmışdır. Xüsusən, N.Nərimanova. O, N.Nərimanovun triumfunun və faciəsinin köklərini araşdırmış, dəqiq nəticələrə gəlmiş, bu dahi Azərbaycan yazıçısı və siyasətçisinin, “Azərbaycan bolşeviki”nin zəfər təntənəsinin və faciəsini köklərinin ictimai-siyasi qaynaqlarını açıb göstərməyə çalışmışdır. R.Əliyev bu işdə N.Nərimanovun tərcümeyi-halındakı qaranlıq nöqtələri, yaradıcılıq və ictimai-siyasi fəaliyyətindəki incə nüansları dəqiqliklə seçib-sonalayıb tədqiqata cəlb etmişdir. Və bununla da N.Nərimanovun böyük, nəhəng simasını, portret cizgilərini tamamlamışdır. Alim N.Nərimanovun ədəbi əsərlərini təhlilə cəlb etməklə yanaşı, siyasi fəaliyyətini də qabartmış, böyük ədibə olan mənasız və haqsız hücumlara cavab vermidir. O yazır: “Nərimanovun siyasi irsinin bizim üçün ən qiymətli cəhəti İkinci Azərbaycan Respublikası yaradılanda və ləğv ediləndə Azərbaycan torpaqlarının və sərhədlərinin düzgün tanınması uğrunda mübarizə idi. Bu yolda o, sona qədər təkbaşına mübarizə edib. Bu mübarizələrin çoxu bağlı və apparat mübarizələri idi. Dağlıq Qarabağın Ermənistana verilməsi haqda qəbul edilmiş qərarı bir gün ərzində əksinə dəyişməsinə nail olub. Onu hansısa torpağı verməkdə günahlandırmaq tarixi həqiqətləri danmaqdır. Elə müsəlman sosializmi nəzəriyyəsi də İkinci Dünya müharibəsindən sonra Şərqdə yayılıb N.Nərimanovun fərziyyələrini təsdiq etdi. Azərbaycan dövlətçilik tarixi N.Nərimanovsuz təsəvvür edilə və dərk edilə bilməz. Elə buna görə Heydər Əliyev də onun təmiz adının üzə çıxması üçün rus-erməni qadağası ilə mübarizə apardı, Bakının mərkəzində ona S.M.Kirovun mənfur heykəlindən uca abidə qoydu”.

Bununla yanaşı, Rəhim Əliyev N.Nərimanovun siyasi fəaliyyətindəki ağ ləkələri də təmkinlə, tədqiqatçı soyuqqanlığı ilə açıb göstərir, onun siyasi illüziyaların, yalanların, dolanbac siyasi ideyaların arasında vurnuxmalarını da faktlarla ortaya qoyur. Və sual verir: “Bəs bu gün əsl N.Nərimanovu gənc nəslə necə tanıtmalı?” Cavab da birmənalıdır: “Necə olubsa, elə, yaxşı xidmətləri də, səhvləri də göstərilməlidir. Bircə, İkinci Respublikanın qurucusu olmaqla N.Nərimanov Azərbaycan tarixində həmişəlik fəxri yer tutub”.

C.Cabbarlı şəxsiyyəti, yazıçı fenomeni ilə Azərbaycan ədəbiyyatı tarixində, şəksiz, çəkisi, sanbalı olan simadır. Halbuki zaman-zaman onun zəngin irsi də qərəzli hücumlara məruz qalmış, yaxud yanlış ideoloji təhdidlərlə üzləşmişdir. Qısa ömründə ədəbiyyatımıza çox böyük irs qoyub getmiş C.Cabbarlının Azərbaycan mədəniyyəti tarixində qüsursuz və qərəzsiz mövqeyi də Rəhim Əliyev tərəfindən sərraf dəqiqliyi ilə qiymətləndirilir. O yazır: “Cəfər Cabbarlı yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində yeni mərhələ başlanır. Cəlil Məmmədquluzadə və Sabir dövrü qurtarır, XX əsr dünya realizmi ilə eyni səviyyədə duran Cabbarlı realizmi dövrü başlanır. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır”.

Bu sitatda “dünya realizmi” frazası diqqəti çəkir. Bu, Rəhim Əliyevin C.Cabbarlı yaradıcılığına verdiyi yeni qiymətdir, özü də sərras və dəqiq qiymətdir. Doğrudan da C.Cabbarlı realizmi sələflərindən və müasirlərindən fərqli, yeni keyfiyyətli, özünəxas orijinal cəhətləri ilə seçilən ədəbi üslubdur. Bu realizm romantik ovqatla süslənmiş yeni tipli ədəbiyyatın bünövrəsini qoydu. Doğrudan da C.Cabbarlının ən qatı realist əsərlərində də romantik əhval-ruhiyyə sayrışır. Rəhim Əliyev bunu da ədəbi həssaslıqla qiymətləndirib: “Bizim ədəbiyyatşünaslıqda Cabbarlı yaradıcılığının istər ilk, istərsə də sonrakı mərhələlərində realizm ilə romantik meyllərin yanaşı mövcudluğu bəzən ziddiyyət kimi qələmə verilir. Əslində isə burada heç bir ziddiyyət yoxdur”.

Rəhim Əliyevin yeni kitabında ədəbiyyatın tarixi, nəzəri prinsipləri, dil quruculuğu, orfoqrafiya, orfoepiya, dilin morfoloji, sintaksis strukturu barədə mülahizələr də geniş yer alır. Bu məqamda müəllif kamil bir ədəbiyyatşünas, ədəbi əsərlərin və dilin fəlsəfəsini, estetikasını dərindən bilən həssas araşdırıcı kimi özünü göstərir. Bu ədəbi görüşlərlə paralel olaraq Azərbaycan tarixində siyasi-ideoloji hərəkatın formalaşmasına da dərindən toxunulur. Xüsusən, milli ideologiyamız azərbaycançılığın formalaşması, onun tarixi təkamülü, ideoloji hərəkat kimi oturuşması problemlərinin də tarixi-mədəni mənzərəsinin elmi formulası verilir. R.Əliyev Əli bəy Hüseynzadə haqqında yazdığı məqalədə haqlı olaraq: “Milli şüur sonradan milli dövlət yaratmaq üçün əsas enerji mənbəyi olmalı idi” - qənaətinə gəlir. Sonra davam edir: “Əli bəy yazdığı məqalələrin əsas ideya yükü “türk dilinin varlığı və əhəmiyyəti” məsələsi idi. “Ana dili də milli dövlətin əsas bünövrə daşlarından biri olmalı idi”, - deyə bəyan edir.

Alim fikrini davam etdirərək yazır: “Əli bəy türklərin birliyini rus slavyanofilliyi kimi təsəvvür edirdi. Bütün slavyanlar rus çarının, türk xalqları isə Osmanlı sultanının başçılığı altında birləşməli idilər. Əslində bu görüşlər azərbaycançılığın ümumi hissəsi idi və Birinci Dünya savaşının faciələri içərisində Rusiya türklərinin məxsusi taleyi və yolu ortaya gəlib büllurlaşırdı. Əli bəyin ümumtürk millətçiliyi azərbaycançılığa nəinki zidd deyildi, bəlkə onun bünövrə prinsiplərindən idi. Müsavat partiyasının elan edilməsi Əli bəyin ilk yazılarından altı il sonra baş verdi. M.Ə.Rəsulzadə və onun həmfikirləri birbaşa Əli bəyin əsasını qoyduğu türkçülük şüurunun davamçıları, azərbaycançılığı siyasi məfkurə kimi ortaya atanlar idi”.

R.Əliyev bu ideyanın intişar tapdığı dövrün ictimai-siyasi inkişafına, həmin məfkurənin daşıyıcılarına yaxşı bələddir. Dövrü əsl tarixçi həssaslığı ilə dərindən dərk edir və qiymətləndirir. Ümumiyyətlə, XX əsrin əvvəllərində baş verən zəngin siyasi, ədəbi, mətbu hərəkat onun qələmində həssas tədqiqatını tapır. Bu dövr təkcə Rəhim Əliyevin elmi məqalələrində deyil, bədii yaradıcılığında da parlaq əks olunur. Onun “Tağ ev” romanında bu hadisələrin dərin bədii təhlilini görürük.

Cənubi Azərbaycan ədəbiyyatının formalaşması və inkişafı bir araşdırmaçı - alim kimi Rəhim Əliyevin əsas tədqiqat obyektlərindəndir. Cənubi Azərbaycan ədəbiyyatını araşdırma işığında alim bölgənin ictimai-siyasi hərəkat tarixini də geniş spektrdə təqdim edir. Bu tədqiqatlar “İkinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda muxtariyyət uğrunda hərəkat və ədəbiyyat”, “Cənubi Azərbaycanda milli hərəkat və mətbuat (1941-1946)”, “S.C.Pişəvəri “Azərbaycan” qəzetində (1945-1946)” və s. mövzular altında şərh edilmişdir. Çox həssas məsələ olan Cənub mövzusu Rəhim Əliyevin qələmində də həssas həllini tapır.

Mövzu ilə paralel R.Əliyev Xalq yazıçısı Mirzə İbrahimovun fəaliyyətini də işıqlandırır. Mirzə müəllimin, xüsusən, S.C.Pişəvəri hərəkatı ilə sıx bağlılığı, bu yolda açıq-gizli mücadilələri alimin qələmində dərin əksini tapır. Deyək ki, R.Əliyev Mirzə müəllimin fəaliyyətində indiyədək ictimaiyyət üçün qaranlıq nüanslara da aydınlıq gətirir. Ümumiyyətlə, Rəhim Əliyev Mirzə İbrahimovun həyat və yaradıcılığına, yazıçılıqla bərabər, mədəni, ictimai, siyasi fəaliyyətinə də özünəməxsus qiymət verir. O yazır: “Onun (M.İbrahimovun - L.R.) kommunist tariximizdəki yeri Nəriman Nərimanovdan, Mir Cəfər Bağırovdan, İmam Mustafayevdən, Vəli Axundovdan az deyil. Həm də Mirzə İbrahimovun milli varlıq uğrunda mübarizələrinin öz məntiqi və xətti vardır və bu xətt ən çox Nəriman Nərimanova yaxındır. Təsadüfi deyil ki, o, N.Nərimanov haqqında bir roman və bir pyes də yazmışdır və Nərimanov arzularına bağlılığı həmişə hiss edilmişdir”. Bizcə, Mirzə müəllimə bu siyasi qiymət heç kimi təkrarlamayan yeni yanaşmadır.

Kitabda Azərbaycan ədəbiyyatının müasir dövr tarixinə də geniş yer ayrılmışdır. Bu yazılarda da müəllif sərbəstdir və hər şeydən öncə, ədalətlidir, qiymət və yanaşmalarında tərəfkeşlikdən uzaq obyektiv mövqedədir.

Qeyd etdik ki, milli birlik və inkişaf naminə ictimai-siyasi tariximiz, ədəbiyyat və mədəniyyətimizin keçdiyi yol dəqiq, dərindən, konyukturasız araşdırılmalıdır. Bu xüsusda alim yenə də deyir: “Bu gün bu araşdırmaları görmək istəməyənlər də var: onlar radikal millətçi cildinə giriblər, amma bunlar elə o adamlardı ki, sovet vaxtı partiyanın “tapşırığı” ilə tariximizi saxtalaşdırdılar, tarixi həqiqətləri yox eləmək istədilər. Bu gün onlar yenə keçmişlə mübarizə kimi don kixotluqla məşğuldurlar. Amma bu dəfə tarixi bərpa edənlər kimi danışırlar. Özü də elə danışırlar ki, əməldə yenə də əsl tarixi dananlar yerində qalırlar”. Belələrinə qarşı nə yaxşı ki, yenə də Rəhim Əliyev kimi namuslu tədqiqatçıların mövqeyi sipər kimi dayanır.

 

Loğman Rəşidzadə yazır

yazıçı-publisist

525-ci qəzet .-2024.- 24 sentyabr (¹ 173).- S. 14-15.