Qasım bəy Zakir:
keşməkeşli ömür, misilsiz yaradıcılıq
GÖRKƏMLİ ŞAİR VƏ İCTİMAİ
XADİMİN 240 İLLİYİ TAMAM OLUR
Azərbaycan klassik poeziyasının parlaq nümayəndəsi,
anadan olmasının 240 illiyi tamamlanmaqda olan Qasım bəy
Zakirin ədəbiyyatımızda müstəsna yeri və
rolu var. Görkəmli ədəbiyyatşünas alim Firidun bəy
Köçərli özünün "Azərbaycan ədəbiyyatı"
kitabında şairin nəsil-şərəcəsi barədə
yazır: "Qasım bəy Zakir Qarabağın mümtaz
nücəbalarındandır. Onun atası Əli bəy,
Əli bəyin atası Şahverən bəy və onun
atası Kazım ağadır ki, Şuşa şəhərinin
banisi məşhur Pənah xanın doğma qardaşı
Hüseynəli ağanın oğludur".
Qasım bəy Zakir bir neçə şeirində
özü də etiraf edib ki, Cavanşirlərdən,
Qarabağ xanı Pənah xanın nəslindəndir. Şair
şeirlərinin birində fəxarət hissi ilə yazır:
Əyyami-sabiqdə biz idik sipah,
Səfərdə, həzərdə Pənahə pənah.
Yaxud:
Tanır məni məcmuyi-otuz iki Cavanşir,
Bir mərdi-xoşəxlaqəmü
həm sahibi-tədbir.
Rövşəndi qamu aləmə zatımda
xudavənd
Xəlq eyləməyib
mu qədəri hiyləvü təzvir.
Zakirşünasların bir qisminə görə,
Qasım bəy 1784-cü ildə Şuşa qalasında,
"Qasım bəy Zakir və müasirləri"
monoqrafiyasının müəllifi, professor Raqub Kərimova
görə isə indiki Ağdam şəhərinin
yaxınlığında yerləşən Yedditəpə ərazisindəki
Sarıcalı kəndində anadan olub. Bu fikri şair
özü də şeirlərinin birində qələmə
alıb:
Mən özüm övladi-Pənahaliyəm,
Keçən qəziyyədən yeksər haliyəm.
Tamam aləm bilir Sarıcaliyəm,
Nə kürdəm, nə ləzgi, nə türkəm,
nə tat.
Sarıcalı - Cavanşir həm də Qasım bəy
Zakirin və mənsub olduğu nəslin soyadı idi.
Şairin vəfatından (1857) 6 il sonra dünyaya
göz açmış Firidun bəy Köçərli illər
sonra atasından eşitdiklərini qələmə alaraq
yazmışdı: "Qasım bəyi görənlərin,
o cümlədən, mən fəqirin atası mərhum
Əhməd bəy Köçərlinin rəvayətinə
görə, o zati-şərif xoşsurət, xoşsima,
ağ bədənli, uca qamətli, zəifülbünyə
bir vücud imiş. Göyçək, ağıllı və
göy rəngə mail gözləri var imiş. Simasından,
hərəkət və süknasından asari-nəcabət və
rəşadət görünərmiş.
Danışığı fəsih və sövtü dilkəş
olmağa görə, çoxları özünə mail edərmiş
və o danışanda ona qulaq asmamaq olmazmış".
Qasım bəy Zakiri yaxından görüb
müşahidə edən Mir Möhsün Nəvvab təzkirəsində
onun zahirini və rəftarını xarakterizə edərək
yazır:
"Qasım bəy xoşsifət, ağ, ucaboy, incəqamətli
və göygöz bir adam idi. Həmişə mənim
Qurandan dərs dediyim məktəbin qarşısında
oturacaq yerində əyləşərdi. Hər dəfə də
əlində qələm və kağız olardı və
şeir yazardı. Çox vaxt incə həcvlər deyərdi,
türk (Azərbaycan) və fars dillərində qəsidə,
qəzəl, müxəmməs, dördlüklər yazıb
hamıya verərdi. Mərhumun təxəllüsü Zakir
idi".
Qasım bəy Zakirin uşaqlıq və gənclik
illəri mürəkkəb bir dövrə təsadüf edir.
O, hələ uşaq və yeniyetməlik
çağlarında bir çox tarixi hadisələrin
şahidi, hətta iştirakçısı olmuşdu. 1795-ci
ildə Ağa Məhəmməd şah Qacar Şuşa
qalasını 33 gün mühasirədə saxlayanda Qasım
bəyin 11 yaşı vardı. Niyyətindən əl çəkməyən
Qacar 1797-ci ildə ikinci dəfə Şuşa üzərinə
qoşun çəkmiş, bu dəfə isə sui-qəsd nəticəsində
öldürülmüşdü. 1801-ci ildən başlayaraq
çar Rusiyası Qafqaza işğalçılıq
yürüşlərinə başlamışdı.
Qarabağ xanı İbrahimxəlil xan məcbur olub 1805-ci ildə
çar Rusiyasının təbəəliyini qəbul
etmiş, 1805-ci il 14 mayda Kürəkçayda general
P.Sisyanovla əhdnamə bağlamışdı. Müqavilənin
bağlanmasından bir il keçmiş İbrahimxəlil xan
17 nəfər ailəsi və yaxınları ilə bir yerdə
Xanbağında qətlə yetirildi. Bütün bu olaylar
yeniyetmə Qasım bəyin yaddaşında iz salmaya bilməzdi.
Səhv edirəmsə, üzrlü tutun, məncə,
bu günə kimi Qasım bəy Zakirin respublika miqyasında
yubileyi keçirilməyib. Ancaq yadıma gəlir ki,
1984-cü ildə "Yazıçı" nəşriyyatında
mərhum ədəbiyyatşünas alim Kamran Məmmədovun
tərtib və müqəddiməsi ilə Zakirin
"Seçilmiş əsərləri" nəşr
olunmuşdu və kitabın ön səhifəsində
"Qasım bəy Zakirin anadan olmasının 200 illiyinə"
sözlərini yazmaqla şairin yubiley təqvimi yad
edilmişdi. Mən o zaman "Yazıçı" nəşriyyatında
Klassik ədəbiyyat və folklor redaksiyasının
müdiri vəzifəsində çalışırdım.
Unudulmaz ədəbiyyatşünas Kamran Məmmədovla ilk dəfə
1981-ci ildə orada tanış olmuşdum. Qasım bəy
Zakirin "Seçilmiş əsərləri" bizim
redaksiyada çapa hazırlanırdı. Onu da
xatırladım ki, Kamran Məmmədov həm də 1957-ci ildə
çap etdirdiyi "Qasım bəy Zakir"
monoqrafiyasının müəllifi idi.
Yadımdadır ki, 1984-cü ildə "Azərbaycan"
jurnalından Ağdam rayonunun təsərrüfat və mədəni
həyatını işıqlandırmaq niyyəti ilə mənə
rayonun birinci katibinə ünvanlanmış məktub
verilmişdi. O zamanın qaydası beləydi ki, Bakıdan ezam
olunmuş jurnalist rayon rəhbərliyi ilə
görüşməli və onun cızdığı
"marşrutla" hərəkət etməliydi. Mən də
rayon rəhbərliyinin qəbulunda olmuşdum, amma onun
Ağdamın təsərrüfat həyatını
işıqlandırmaq üçün cızdığı
"marşrutla" getməmiş, rayonun zəngin mədəniyyətinə,
etnoqrafiyasına üz tutmuşdum. Əvvəl Aşıq
Valehin doğulduğu Abdal-Gülablıya, sonra
Xındırıstana - Zakirin yadigar qalmış evini ziyarətə
getmiş və o zaman keçirdiyim hissləri "Azərbaycan"
jurnalında çap etdirdiyim "Yaddaş" adlı məqaləmdə
belə izhar etmişdim:
"Xındırıstanda fəxr eləməli
şeylər çoxdur: orta məktəbləri, musiqi məktəbi,
uşaq bağçası, südçülük kompleksi, təsərrüfat,
sənaye, ərzaq, uşaq aləmi mağazaları, qonaq
evi... var. Xındırıstanın bu günündən, gələcəyindən,
onun zəhmət adamlarından çox şey danışmaq
olar. Amma Xındırıstan deyən kimi mənim yadıma
Qasım bəy Zakir düşür... Kəndin küçələrini
gəzdikcə, xəyalən Zakirin ayaq izlərini
gördüm, bu izə düşüb ondan yadigar
qalmış evinə yollandım.
Zakirin evi bişmiş kərpicdən
hörülmüş ikimərtəbəli böyük bir
binadır. Tikilinin tarixini öyrənmək məqsədilə
evin divarlarına baxıram. Heç bir yazı gözə dəymir.
Bu vaxt ortayaşlı bir kişi mənə yanaşır: -
Gözətçiyəm, - deyir, - evin tikilmə vaxtı
yazılmış daş çardaqdadı, istəyirsənsə
çıx bax.
- Çıxaram!
Evin damında iki daş kitabə var. Kitabələrin
birinin üstünə "Şiri-xurşid"
nişanı çəkilib və ərəb əlifbası
ilə yazı həkk edilib. Bu yazı pozulmaq üzrədir.
İkinci kitabə rusca yazılıb və çox aydın
oxunur: "Başlandı 1 noyabr 1904, qurtardı 20 fevral 1905-ci
ildə. Ev məxsusdur Nəsir bəy Xındırıstanskiyə".
Kitabədən, xındırıstanlıların
xatirələrindən bizə məlum olur ki, Zakirin evinin
ikinci mərtəbəsi nəvəsi Nəsir bəy
Xındırıstanski tərəfindən tikdirilib.
Xındırıstanlılar dedilər ki, Nəsir bəy
Rusiyada təhsil alıb, orada inqilabçılara qoşulub, sürgündə
olub, ən nəhayət, güllələnibdir...
Otaqları gəzirəm. Zakirdən heç nə
qalmayıb. Təəssüflənirəm ki, Zakirin evi gərək
çoxdan muzey olaydı, onun şeirlərinə çəkilmiş
illüstrasiyalar otaqları bəzəyəydi...
Zakirin evində olduğum müddətdə şairin
daxili aləmini, misralara hopmuş nəfəsini, nifrətini,
məhəbbətini daha aydın hiss edirdim..."
Doğrusu, 40 il bundan qabaq Qasım bəy Zakirin evinin
muzeyə, yaxud onun adını daşıyan poeziya evinə
çevrilməsi istəyimin baş tutmaması bu gün məni
qəlbən incidir. 2014-cü ildə bu məsələ ilə
əlaqədar rayon rəhbərliyinə rəsmi müraciətimə
cavab olaraq bildirdilər ki, şairin evi qəzalı vəziyyətdə
olduğu üçün sökülüb, yerində musiqi məktəbi
tikilib. Təəccüblənməyə bilmirsən, musiqi məktəbi
tikməyə başqa bir yer yoxudumu?! Doğrudanmı,
Qasım bəy Zakirin şəxsiyyəti, ədəbi irsi,
şairlik istedadı vaxtında onun evinin təmir edilib muzeyə
çevrilməsinə əsas verməmişdi?!
Onun yaradıcılığındakı xüsusi dəyəri,
çağdaşlığı ilkin görüb qiymətləndirən
məhz böyük Mirzə Fətəli Axundzadə
olmuşdu. Mirzə Fətəli Molla Pənah Vaqiflə
Qasım bəy Zakirin yaradıcılıqlarının fərqli
və üstün cəhətlərinə nəzər salaraq
yazırdı: "...Bu iki şəxsin də fərqi
bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm
ərsəyə gəlib bu fəndə Qasım bəyə
nisbətən rəhnümadır və lakin ləzzət və
təsir və mühəssənati-nəzmiyyə Qasım bəyin
xəyalatında çoxdur".
Şair, alim-mətnşünas Salman Mümtaz da
1925-ci ildə yazdığı məqalədə bu iki
böyük şairin yaradıcılıqlarının məziyyətlərini
müqayisə edərək belə bir qənaətə gəlmişdi:
"Molla Pənah Vaqifin getdiyi yolu təqib edən və xalqa
yanaşmaq üçün Vaqifdən daha sürətlə və
cəsarətli addımlar atan namdar şairlərimizin
başçısı, bayraqdarı Qasım bəy Zakirdir...
Zakirdən əvvəl elin və xalqın dərdlərindən
sözgəlişi qəbilindən olaraq
üstüörtülü surətdə bir və ya iki beyt
yazan tək-tük şairlərimiz olmuşsa da, Zakir kimi cəsarətli,
hər bir sinfin eybini, suçunu apaçıq üzünə
çırpıb, xəyanət və cinayətin də
tamamilə gözlərinin içinə söyləyən
olmamışdır".
Firidun bəy Köçərli "Qasım bəy
"Zakir" təxəllüs" sərlövhəli
oçerkində belə qənaətə gəlib ki,
"Qasım bəy Zakir həqiqi bir milli şair imiş.
Öz əsrinin aynası olubdur və məişəti-milliyəsini
- necə ki, var imiş - eyni ilə yazıb, bizim
üçün böyük bir yadigar qoyubdur. Öz əsrində
şayəni-diqqət olmuş olan bir şey qoymayıbdır
ki, ona əl aparmamış olsun".
Bu, doğrudan da, belədir. Zakir lirikasında nə qədər
incə, zərifdirsə, satirasında bir o qədər kəskin
və amansızdır. Çoxunun ünvanı bəlli olan
bu satirik şeirlər dildə-ağızda dolaşmaya bilməzdi.
Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövlətü
malı,
Xandəmirov çaldı-çapdı mahalı,
O ki tutub özün keçəl qurumsaq.
Qasım bəyin "Yarımsaqqal" adı ilə
tənqid etdiyi şəxs Şuşa şəhər polis rəisi
Əmircanovdur, çənəsində bir topa tük
saxlayırmış, Xandəmirov isə Şuşanın
komendantı idi.
Gizlətmirəm, mən Qasım bəy Zakirin Qafqaz
müsəlman könüllü suvari dəstəsinin tərkibində
1806-1813-cü, 1826-1828-ci illər rus-İran müharibəsində
iştirak etməsini, hətta 1828-ci ildə çarın fərmanı
ilə gümüş medalla təltif olunmasını təqdir
etmirəm, amma sonra özüm özümə sual verirəm
ki, bəs bizim ata-babalarımız İkinci Dünya
müharibəsində rusların torpaqları uğrunda
almanlarla vuruşmayıbmı? Qasım bəy Zakir Rusiya
çarının gümüş medalını
döşünə taxsa da, onun işğalçılıq
siyasətinin, Azərbaycan xalqının ruhuna yad olan
üsuli-idarəsinin, "gündə təzə bir
zakon" çıxardıb, amma arxasında
durmamasının, "murovların oğruya ortaq"
olmasının, o zaman xalqımızın həyatında
yad-yabançı olan rüşvətin alaq otu kimi cücərməsinin
şahidi olmuşdu və bu hala dözməyib əsərlərində
hamısını sərt tənqid edirdi. Zakir
görürdü ki, çar dövlətinin idarələrinə
yazılan ərizələrə, şikayətlərə
cavab verən yoxdur:
Ərzə verə bir adamın pədəri,
Fərzəndinə olmaz zahir əsəri.
Yetmiş ildən sonra nəvadələri
Məgər ondan tapa bir rahi-nicat.
Zakirin sərraf gözlərindən heç nə
yayınmırdı, o, hadisələri şişirtmir,
gördüklərini yazırdı:
Həddən aşıb bu viladə şərarət,
Hər kim bir iş görə: puluna minnət.
Mu qədəri yoxdur ədlü ədalət,
Və lakin şöhrəti birayə bir bax.
Qasım bəy Zakirin şeirlərində tipikləşdirmə
və ümumiləşdirmə çox güclüdür.
Ürək dostu, Qafqaz canişininin tərcüməçisi
olan Mirzə Fətəliyə ünvanladığı
şeir-məktublarında dövrünün
seyid-mollasının, baqqalının, tacirinin,
darğasının, "tamojnı"sının sözlə
portretini çəkib:
Həramilər kimi yol üstə yatar,
Tamojnada növkər olub mal tutar.
Dünbək çalar, şərab içər,
...atar,
Feli-bəyzadeyi-tərsayə bir bax!
Dolanır bazarı darğa, kvartal,
Döyülür sifətlər, yolunur saqqal;
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxi-bahayə bir bax!
Qasım bəy Zakir "Çıxmadı, qurtulaq dərdü
bəladan" satirasında çar məmurlarının bizdən
çox ermənilərə etibar etdiyini açıq şəkildə
yazır:
Nə gündə yaradıb xudavənd bizi,
Bir yana apara bilmədik izi.
Gahi Avanesi, gahi Sərkizi,
Gahi də Semyonu görən canımız!
(Ardı var)
Mustafa ÇƏMƏNLİ
525-ci qəzet .-2024.- 24 sentyabr (№ 173).- S.13.