Valerian Zubov

 “Qarabağın dostları və düşmənləri” silsiləsindən

 

 

Valerian Aleksandroviç Zubov (1771-1804) peşəkar bir hərbçi kimi bütün ömrünü müharibə meydanlarında keçirmiş, bir çox şücaətlər göstərmişdi. Ancaq çox şöhrətpərəst olduğundan həmişə yüksək rütbəli zabitlərin qılığına girərək özünü yuxarı dairələrin gözünə soxmağa çalışmışdı. 1787-1791-ci illərdəki Rusiya-Türkiyə müharibəsində İzmayıl qalası ruslar tərəfindən hücumla alınarkən (1789-cu il) göstərdiyi igidliyə görə baş komandanın hüsn-rəğbətini qazanmış və Aleksandr Vasilyeviç Suvorov onun haqqında çariça II Yekaterinaya geniş məlumat verərək şəxsən onları tanış etmişdi. Bu tanışlıq həmin vaxtdan da onu rus çariçasının sevimlilərindən birinə çevirmiş və “dostluq”larının təməlini qoymuşdu. II Yekaterina da başqa “peşkeş”lərlə birlikdə onu Rusiya dövlətinin ən böyük mükafatlarından olan “Georgi” ordeni ilə təltif etmişdi.

II Yekaterinanın və yüksək hərbi dairələrin gözündə tezliklə yüksələn bu gənc zabit baş verən iğtişaşları yatırtmaq üçün 1794-cü ildə Polşaya göndərildi. O, xüsusi bir qəddarlıqla üsyanı yatırtdı və polyaklara qanlı divan tutdu. Ancaq üsyançıların birinin onun ayağından vurub yaralaması bu zabiti həmişəlik şikəst elədi. II Yekaterina öz sevimlisinin tezliklə sağalıb, ordu sıralarına qayıtması üçün külli miqdarda xərc çəkərək hər yerdən məşhur və tanınmış həkimlər gətirtdi. Ancaq Valerianın dərdinə əlac tapılmadı və ayağının birini kəsdilər. Çariça ona qızıl suyuna çəkilmiş ağac ayaq düzəltdirdi. Həmin vaxtdan da Zubov “Qızılayaq” adı ilə tanınmağa başladı. Dostunun könlünü hər vasitə ilə almağa çalışan II Yekaterina ona vaxtından əvvəl general-mayor rütbəsi verdi...

1795-ci ilin yayında Ağa Məhəmməd şah Qacarın eyni vaxtda üç istiqamətdə Zaqafqaziyaya irimiqyaslı hücumları Rusiyanı bərk narahat etməyə başladı. II Yekaterinanın əmri ilə İran şahına qarşı hücum əməliyyatlarına hazırlıq görüldü. Ağa Məhəmməd şah Qacarın Tiflisi tutub, odlara qalaması isə rusların hücumunu bir qədər tələsdirdi. II Yekaterina tərəddüd etmədən öz yaxın və əziz dostu Valierian Zubovu Qafqaza yürüş edəcək qoşunların ali baş komandanı təyin elədi. Və 1796-cı ilin aprel ayında rus ordusunun zabitləri kilsələrdə keşişlərin xeyir-dualarından sonra birbaşa cənub istiqamətinə doğru hərəkət etdilər.

Valerian Zubovun otuz minlik qoşunu Dərbənd ətrafına gəlib-yetişdi və ayın 27-də general-mayor Aleksandr Savelyevin Qızlarda olan dəstəsi ilə birləşdi. Bunu bilən ermənilər əl-ayağa düşdülər, öz yeniskopları İosif Arqutinskini “Qafqaz xristianlarının xilaskarı” olan V.Zubovun hüzuruna göndərdilər. O, generalı Dərbənddə qarşılayıb, Zaqafqaziya erməniləri adından hədiyyələr verdi və ümumi işin xatirinə ermənilərin ruslara hər cür kömək göstərəcəklərini də bildirdi. Rus generalı bu “xeyirxah” ermənini özünə məsləhətçi götürdü və onun göstərişləri ilə hərəkət eləməyə başladı. Keşişin ruslara ilk köməyi Dərbənd ermənilərinə müraciət edərək onları rus qoşunları tərkibində vuruşmağa çağırması idi.

Birləşmiş rus qoşunları Dərbənd şəhəri üzərinə hücuma keçdilər. Dərbənd hakimi Şeyxəli xan əvvəlcə müqavimət göstərsə də, tezliklə başa düşdü ki, rus qoşunlarının güclü hücumlarının qarşısını heç cür ala bilməyəcək. Çıxılmaz vəziyyətdə qalan Şeyxəli xan taleyi ilə barışmalı oldu və may ayının 2-də şəxsən özü Valerian Zubovun yanına gəlib, itaətini bildirdi. Dərbənd müqavimətsiz ruslara belə təslim oldu.

Bu qədim Azərbaycan şəhərinin rus qoşunları tərəfindən qısa müddətə işğalı Sankt-Peterburqda böyük sevinclə qarşılandı. II Yekaterina öz generalının Qafqazda ilk qələbəsini sarayında böyük təntənə ilə qeyd etdi. Və bu qələbəyə görə Valerian Zubov “II dərəcəli Müqəddəs Georgi ordeni”nə layiq görüldü və briliantla işlənmiş xaçla mükafatlandırıldı.

Dərbəndi döyüşsüz alan Valerian Zubov öz iti və acı dişlərini indi də digər vilayətlərə qıcamağa başladı. İlk növbədə, Bakının və Kürlə Araz çayı arasındakı əraziləri tutmaq və Ağa Məhəmməd şah Qacarın qoşunlarını ordan çıxarmaq üçün Xəzər və Qafqaz korpusları ilə Xəzərsahili vilayətlərə tərəf irəliləməyə başladı. O, qarşısına qoyduğu vəzifənin birinci hissəsini bununla başa çatdırmaq istəyirdi. Ona görə də general bir neçə ay ərzində, heç bir ciddi döyüş əməliyyatı aparmadan Qubanı, Şamaxını, Bakını və Salyanı ələ keçirdi.

Sentyabr ayında rus qoşunları Salyanda olarkən Sankt-Peterburqdan Valerian Zubova bir məktub gəldi. Məktubda bundan sonra generalın necə hərəkət edəcəyi barədə göstərişlər verilmişdi. Həmin göstərişlərə əsasən o, Gilana və Təbrizə hücuma keçməli və bunun üçün də mütləq ermənilərin gücündən istifadə etməli idi. Hələ 1783-cü ildə müstəqil erməni çarlığı təsis etmək, bunun müqabilində Zaqafqaziyada yaranacaq çarlığın hakimlərini təyin etmək və bu dövlətin ərazisində qoşun saxlamaq hüququnun Rusiyaya məxsus olacağı barədə erməni-rus müqaviləsinin layihəsini hazırlamış İosif Arqutinski ermənilərə müraciət edərək onları öz qan qardaşlarına köməyə çağırdı. Valerian Zubov da “rus xalqını sevən” bu erməniyə vurğun olduğundan onun göstərişləri ilə oturub-durmağa başladı. İosif Arqutinski rus generalına belə bir məsləhət görmüşdü ki, o, Kür çayını keçəndən sonra Muğanda dayansın, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə müraciət edərək ondan özünün böyük oğlunun və beş erməni məliyinin komandanlığı altında qoşun göndərilməsini tələb etsin və onların da hər birinin sərəncamında min nəfərdən ibarət qoşun olsun. Erməni arxiyepiskopu Valerian Zubov həm də belə bir məsləhət görürdü ki, əgər İbrahimxəlil xan qoşun göndərməkdən imtina etsə, ermənilərin köməyi ilə onu hakimiyyətdən kənarlaşdırsın və Şuşa qalasını tutsun. Arxiyepiskop İosif generalı əmin edirdi ki, əgər o, erməniləri himayəyə götürsə, onlardan da xeyli sayda qoşun toplaya bilər.

Həmin vaxt özünü Kərim xan Zəndin qardaşı oğlu kimi qələmə verən və Ağa Məhəmməd şah Qacara qarşı mübarizə aparmaqda Rusiya hökumətindən kömək istəyən Nurəli xan adlı bir nəfər İrandan qaçıb, rus qoşunlarına pənah gətirmişdi. Erməni yepiskopu ilə rus generalının məqsədini bilən İbrahimxəlil xan Valerian Zubovun yanında olan Nurəli xana gizli məktub yazaraq onların hər ikisinin öldürülməsini ondan xahiş etmiş və bunun əvəzində isə onu himayə edəcəyini və üstəlik, qızı Ağabəyim ağanı ona verəcəyini də vəd etmişdi. Lakin bu iş baş tutmamışdı. İbrahimxəlil xanın Nurəli xana yazdığı məktub Valerian Zubovun əlinə keçmiş, general da dərhal Nurəli xanı tutub, Həştərxana sürgün etdirmişdi. Digər tərəfdən də o, Ecmiədzin katolikosu Lukiyə məktubu göndərərək ermənilərin rus qoşunlarına, xüsusən də, Gəncə yaxınlığında düşərgə salacaq general Rimski-Korsakova köməklik göstərməsini xahiş etmişdi. Ermənilər də canla-başla bu xahişi yerinə yetirmişdilər və V.Zubov da erməni yepiskopuna ikinci dəfə məktub yazaraq etdikləri köməyə görə ona təşəkkürünü bildirmişdi. Üçüncü tərəfdən isə İosif Arqutinski Qarabağda yaşayan ermənilərə müraciət edərək demişdi: “Valerian Zubovun yürüşündə məqsəd xristianları müsəlman zülmündən azad etməkdir. Ermənilər bundan istifadə edib gələcəkdə “Böyük Ermənistan” dövlətinin yaranması imkanını əldən verməməlidirlər”. Bu müraciət Qarabağ ermənilərini də hərəkətə gətirdi, onlar özlərini daha sərbəst hiss etməyə başladılar. Ermənilərin bütün bu xəyanətkar işlərindən agah olan İbrahimxəlil xan başda məlik Şahnəzər olmaqla məliklərin bəzilərini cəzalandırdı, bəzilərini isə böyük məbləğdə cərimə elədi.

Valerian Zubov artıq bir neçə ay idi ki, Qarabağ xanlığının sərhədlərində oturmuşdu. Salyanda, iki ay əvvəl Ağa Məhəmməd şah Qacarın qoşunlarının durduğu yerdə düşərgə salıb, yazda Qarabağa hücum etməyi planlaşdırmışdı. Hələ hücuma çox vardı. Ona görə də rus generalı Salyanda qışlayarkən Kürlə Arazın qovuşduğu yerdə bir şəhər-qala salmaq və adını II Yekaterinanın şərəfinə Yekaterinoserd qoymaq fikrində idi. Qısa müddətdə o, şəhər-qalanın layihəsini də hazırlatdırmışdı. Hətta onun ilk sakinlərini - iki minə yaxın rus əsgərini də bura köçürtmüşdü. Üstəlik, ermənilərə də göstəriş vermişdi ki, gələcək dostluqlarını möhkəmləndirmək üçün öz qızlarını bu əsgərlərə ərə versinlər. Buyuruq qulu olan ermənilər də generalın əmrini dərhal yerinə yetirmişdilər.

Valerian Zubov burdan Ağa Məhəmməd şah Qacara məktub yazıb bildirmişdi ki, Tiflisdən apardığı çoxlu əsir və qəniməti geri almaq ona tapşırılıb. Ona görə də Qacar bunları ya geri qaytarmalı, ya da müharibəyə hazırlaşmalıdır.

Bu vaxt İbrahimxəlil xan Valerian Zubovun Şuşa qalası üzərinə hücuma hazırlaşdığı xəbərini alır. Qacarla müharibədən təzəcə çıxmış xan camaatı bir daha qırğına və Qarabağı rus qoşunlarının tapdağına verməmək üçün II Yekaterinaya məktub yazdı: “Bu xəbərlərin həqiqiliyinə şübhə etməyən xan sarayında rus qoşunlarını qarşılamaq üçün böyük hazırlıq görülürdü. Xanın oğlu Əbülfət Qarabağ zadəganlarının, habelə bəzi vassal xanlıqların adlı-sanlı adamlarından təşkil edilmiş dəbdəbəli bir dəstənin müşayiəti ilə rus sərkərdəsini qarşılamaq və onunla danışıqlar aparmaq üçün Muğana - iki ay əvvəl Ağa Məhəmməd xanın durduğu yerə yola düşdülər. Düşərgədə xan oğlunu böyük bir ehtiramla qarşıladılar, gətirdiyi hədiyyələri qəbul edib, əvəzində ona qiymətli bəxşişlər verdilər. Burda ona ordunu İran sərhədlərinə qədər yeritmək üçün bir süvari dəstəsi tələb etmək təklifi edilmişdi”1 (“Qarabağnamə”, Bakı, “Yazıçı” nəşriyyatı, 1988-ci il, səhifə 166).

Qarabağın bir neçə bəyzadəsini xüsusi töhfələrlə, sovqatlarla, müxtəlif hədiyyələrlə və cins atlarla Valerian Zubovun yanına göndərdi. General da öz növbəsində, Əbülfət ağanı hörmət və mehribanlıqla qarşıladı. İbrahimxəlil xanın II Yekaterinaya yazdığı məktubu təcili olaraq Peterburqa yolladı. Rus çariçası da Qarabağ xanının məktubunu müsbət qarşıladı, ona hədiyyələr göndərdi. Bu hədiyyələrin içərisində qiymətli daşlarla bəzədilmiş bir əsa da vardı. Bu əsa isə Qarabağ xanının vəziri Molla Pənah Vaqifə çatacaqdı.

İbrahimxəlil xanın Valerian Zubovla danışıqlarını və onun Rusiya hökumətinə itaət etmək fikrində olduğunu eşidən qonşu hakimlər - Talış, İrəvan, Naxçıvan, Qaradağ, Xoy, Gəncə xanları Qarabağ xanı ilə məsləhətləşəndən sonra Rusiya himayəsini qəbul etmək üçün öz elçilərini Valerian Zubovun yanına göndərdilər. Lakin bu vaxt, yəni 1796-cı il noyabrın 6-da II Yekaterinanın qəflətən ölümü bütün bu işlərin qarşısını aldı. Rus çariçasının oğlu II Pavelin əmri ilə Valerian Zubov da öz qoşunlarını götürüb geri - Rusiyaya qayıtmağa tələsdi...

 

Vasif QULİYEV

525-ci qəzet .-2024.- 24 sentyabr (¹ 173).- S.12.