İsrafil bəy İsrafilov: sovet cəza
orqanları ilə üz-üzə,
YAXUD BİR AZƏRBAYCANLI ZABİTİN
DÖYÜŞ YOLU
1945-ci il, 10 oktyabr. Qərbi Sibirin Kemerovo vilayətinin
sənaye mərkəzlərindən sayılan Prokopyevsk şəhərindəki
525 saylı hərbi əsirlər düşərgəsinin
yeni “sakini” - “1892-ci ildə Azərbaycan SSR-in Kirovabad şəhərində
doğulmuş, azərbaycanlı, çar ordusunun keçmiş
polkovniki, 1920-ci ildən ağqvardiyaçı” İsrafil bəy
Məhəmməd Nəbi oğlu İsrafilovun həbsi barədə
qərar verilir. Bu sənədi imzalayan müstəntiq - II
Dünya müharibəsi dövründə sovet güc
nazirlikləri tərkibində yaradılmış “Smerş”
(Smertğ şpionam (casuslara ölüm) ifadəsinin
qısaldılmış adı) Əks-Kəşfiyyat
İdarəsinin Qərbi Sibir Hərbi Dairəsi üzrə əməliyyat
müvəkkili kapitan Abaev bu qərarını belə əsaslandırır:
“1918-ci ildə vətəndaş müharibəsinin ilk
günündən sovet hakimiyyətinin düşməni olan
İsrafilov gənc sovet respublikasına qarşı fəal
mübarizə yolu tutmuş, Qafqazda Ağ Ordunun azərbaycanlı
müsavatçılardan ibarət alayına komandanlıq
etmiş və 1920-ci ilin mayına qədər Qızıl
Orduya qarşı vuruşmuşdur. Bundan sonra sovet hakimiyyətinin
cəzasından qorxaraq xaricə mühacirət etmişdir.
Mühacirətdə yaşayarkən könüllü olaraq
Polşa ordusunda xidmət etmiş və orada polkovnik rütbəsi
almışdır. Sovet İttifaqının faşist
Almaniyasına qarşı II Dünya müharibəsi
dövründə könüllü olaraq almanların xidmətinə
keçmiş, 1943-cü ilin noyabrından 1944-cü ilin
dekabrınadək Berlində Almaniyanın Şərq Nazirliyi
yanında Azərbaycan Komitəsində işləmiş,
almanların xidmətində olan azərbaycanlı hissələrlə
alman komandanlığı arasında əlaqə bölməsinə
rəhbərlik etmişdir. Almanlara vicdanla və sədaqətlə
xidmət etdiyinə görə, sonuncular tərəfindən
Qırmızı Orduya qarşı döyüşlərdə
iştirak etmək üçün Qafqaz millətlərindən
olan mühacir və hərbi əsirlərdən ibarət hissəyə
komandir təyin edilmiş, həmin hissənin
formalaşdırılması da ona həvalə olunmuşdur.
1945-ci ilin mayında ingilislər tərəfindən internasiya
olunana (tutulana) qədər bu sonuncu vəzifədə almanlara
xidmət etmişdir”.
İstintaq Qərarında “göstərilənlər
İsrafil bəy İsrafilovun özünün ifadəsi və
şahid Lukyanovskinin ifadəsi ilə təsdiq edilir” cümləsi
bu sıradan sənədlərə formal əlavə
olmayıb, 1945-ci ilin oktyabrında Qərbi Sibirin Prokopyevsk
şəhərində açılan və 1946-cı ilin
avqustunda Azərbaycan SSR-in Bakı şəhərində
yekunlaşan istintaq işində faktoloji baxımdan həqiqətən
İsrafil bəyin çox əhatəli ifadələri ilə
təsdiq olunur.
Burada əvvəlcədən belə bir haşiyə
çıxaq ki, 1937-1939, 1947-1952-ci illər Stalin
repressiyalarının qurbanları olmuş insanların, istər
sovet, istər xarici ölkə vətəndaşlarının
XDİK (NKVD) Siyasi İdarəsi tərəfindən uydurma
ittihamlarla həbsi zamanı etmədikləri cinayətləri
boyunlarına qoymaq üçün onlara qarşı istintaq tərəfinin
təzyiqləri, dindirmə aparan müstəntiqlərin
israrlı tələbləri və digər arzuolunan ifadəni
almaq metodlarına İsrafilovun istintaq işində rast gəlinmir.
Səbəb aydındır. Bu amil ilk növbədə
müttəhimə qarşı irəli sürülən
ittihamların sovet ideologiyası və qanunları, xüsusilə
müharibə dövrünün sərt qaydaları çərçivəsində
həm istintaqda, həm də İsrafil bəyin özündə
şübhə doğurmadığını göstərirdi.
Hərçənd heç vaxt sovet, yaxud Azərbaycan SSR vətəndaşı
olmamış İsrafil bəy İsrafilovun döyüş
yolu RSFSR CM-nin 58-1.a və 58-3 maddələri üzrə (RSFSR
CM. Maddə 58-1a. Vətənə xəyanət, yəni
SSRİ vətəndaşları tərəfindən
SSRİ-nin hərbi qüdrətinə, onun dövlət
müstəqilliyinə və ya ərazisinin
toxunulmazlığına zərər vuran casusluq, hərbi və
ya dövlət sirlərinə xəyanət, düşmən
tərəfə qaçma, xaricə qaçma və ya
qaçma kimi hərəkətlər ölüm cəzası
ilə cəzalandırılır - bütün əmlakı
müsadirə olunmaqla güllələnmə, yüngülləşdirici
hallarda isə - bütün əmlakı müsadirə
olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə.
RSFSR CM. Maddə 58-3. Xarici dövlətlə və ya onun
ayrı-ayrı nümayəndələri ilə əks-inqilabçı
məqsədlərlə münasibətlər, habelə
SSRİ ilə müharibə aparan və ya müdaxilə və
ya blokada yolu ilə mübarizə aparan xarici dövlətə
hər hansı formada köməklik göstərilməsi bu Məcəllədə
göstərilən sosial müdafiə tədbirlərinə
səbəb olur: bu məcəllənin 58-2-ci maddəsi.) təqsirləndirilməsi
üçün həmin maddələrdə göstərilən
“cinayət hərəkətləri” ilə bu və digər dərəcədə
səslənirdi.
İsrafil bəy İsrafilov. Yanvar 1946 (foto ilk dəfə
nəşr olunur)
Mümkündür ki, 300-ə yaxın vərəqdən
ibarət istintaq materiallarının əlimizdə olan dindirmə
protokollarında, o cümlədən, istintaqın yekunu
sayılacaq son dindirmələr zamanı (Novosibirsk və
Bakıda) İsrafil bəyə qarşı irəli
sürülən ittihamlarda onun özünü müqəssir
bilib-bilmədiyinə dair sualın verilməməsi də
bununla bağlıdır. Necə deyərlər, müttəhimin
“günahları” göz qabağında idi və özü tərəfindən
etiraf edilirdi. Doğrudur, burada müttəhimin
özünü sonadək günahkar saymaması müstəntiqlərin
“yarıtmaz” işi kimi qiymətləndirildiyindən bir qayda
olaraq “etiraf edilməyən” dindirmə protokollarının
istintaq materiallarına salınmadığı kimi təcrübənin
də olduğu nəzərə alınmalıdır. İstənilən
halda, “nə SSRİ-ni, nə də keçmiş Sovet Azərbaycanını
özünə vətən saymadığından” İsrafil
bəyin özünə “qarşı irəli sürülən
“vətənə xəyanət” ittihamı ilə
razılaşmadığı” kimi Azərbaycan
tarixşünaslığında təkrarlanan müddəaların
mənbəyi göstərilmədiyi üçün
onları elmi müstəvidə qəbul etmək
düzgün olmazdı. Bu məsələyə belə
israrlı diqqətin isə ciddi səbəbi vardır. Belə
ki, İsrafil bəy “Vətən”, “Vətənə xəyanət”
anlayışları ifadə edilmədən, RSFSR CM-nin
müvafiq maddələrində vurğulanan “SSRİ-nin hərbi
qüdrətinə, onun dövlət müstəqilliyinə və
ya ərazisinin toxunulmazlığına” qarşı
amansız mübarizə apardığını, habelə
“SSRİ ilə müharibə aparan... xarici dövlətə
hər hansı formada köməklik göstərdiyini” nəinki
inkar etmir, əksinə bu mübarizəsinin səbəblərini
məntiqi surətdə əsaslandırırdı. İsrafil
bəy İsrafilovun istintaq işinin materialları ilk növbədə
məhz bu baxımdan, ölümün üzünə dik
baxan bir zabitin keşməkeşli döyüş yolunun şərəflə
başa vurulmasının təcəssümü olmaqla
böyük əhəmiyyət kəsb edir.
Buradan aydındır ki, İsrafil bəyin dindirmə
prosesi nə üçün müttəhimin bütün
bioqrafiyası ətrafında gedir, onun həyatının
müxtəlif mərhələlərində fəaliyyətini
əhatə edir, müəyyən detalları dəqiqləşdirmək
üçün verilən suallara cavablar bir qayda olaraq hər
hansı etiraza məruz qalmır, hətta müttəhimin
yaxın ünsiyyətdə olduğu insanların
adlarını çox vaxt “unutması” belə müstəntiqi
o qədər də “narahat etmir”. Təbii ki, müstəntiq də,
İsrafil bəy də onu qarşıda nə gözlədiyini
çox yaxşı bilirdilər, odur ki, istintaqın
gedişində İsrafil bəyin öz “həyatını
xilas etmək” üçün hər hansı cəhdi nəzərə
çarpmır, bəzi məsələlərin üstündən
keçmək halları isə bilavasitə təfərrüata
getməmək və adlar çəkməmək niyyətindən
irəli gəlir. Beləliklə, bütün istintaqın
gedişində müstəntiq zəruri saydığı
sualları verir, müttəhim də özü lazım
bildiyi qədər bu sualları cavablandırır, hərçənd
bəzən müstəntiqlə müttəfiqin “dialoqu”
qaldırılan mövzuya fərqli yanaşma baxımından
birdən kəskin məzmun alaraq dramatik həddə
çatır.
Kapitan Abayevin İsrafil bəy İsrafilovun həbsi
haqda 10 oktyabr 1945-ci il tarixli qərara əsas verən ilk
dindirmə bir gün əvvəl, oktyabrın 9-da Prokopyevskdə
525 saylı hərbi əsirlər düşərgəsində
aparılıb. Bioqrafiyası ilə bağlı suallara -
harada doğulduğu, ailəsi, ilkin, o cümlədən, hərbi
təhsili, 1914-1917-ci illər I Dünya müharibəsində
iştirakı, 1917-ci ildə Azərbaycana qayıtdıqdan
sonrakı həyatı, Azərbaycan Cümhuriyyət Ordusunda
xidməti haqqında bu birinci dindirmə prosesində verilən
ümumi məlumatlar İsrafil bəyin haqqında tədqiqatlardan
bəlli olduğundan onların üzərində dayanmadan
yalnız bunu vurğulayaq ki, tərcümeyi-halı,
xüsusilə Rusiya İmperiyası və Cümhuriyyət
ordularında xidmətlə bağlı suallar sonrakı
dindirmələr zamanı da veriləcək və dindirilən
şəxs bir çox məqamları detallarla dəqiqləşdirməli
olacaq. Lakin bu mövzuda təfərrüatlar səsləndirildikdə
belə, aydın olur ki, İsrafil bəy öz ifadələrində
yalnız məlum faktoloji məlumatları, həm də
özünə uyğun şəkildə dilə gətirmişdir.
Belə ki, İsrafil bəyin 1930-cu illərdə Varşavada
dərc edilmiş, sonralar professor Vilayət Quliyev tərəfindən
Azərbaycan dilinə tərcümə edilmiş “Xatirələrində”
onun mühacirətə qədərki hərbi fəaliyyəti
özü tərəfindən ətraflı
işıqlandırılıb və bu xatirələrlə
tanışlıq İsrafil bəyin istintaqa məlum olmayan və
yoxlanılması qeyri-mümkün faktları qəsdən
qabartmadığını söyləməyə əsas
verir. Məs., Cümhuriyyət Ordusunda xidməti ilə
bağlı müstəntiqin “rəhbərlik etdiyiniz 5-ci
Bakı polku Qırmızı Orduya qarşı vuruşubmu?”
sualına İsrafil bəy “mən Qırmızı Orduyla
heç yerdə və heç zaman vuruşmamışam”
cavabını verir. Başqa bir dindirmə zamanı isə
müstəntiq A.Çernıxın “5-ci Bakı polku
Qırmızı Ordu ilə döyüşlərdə
iştirak edibmi?” - dəqiqləşdirici sualını
İsrafil bəy bir daha - “Yox, iştirak etməyib” kimi
cavablandırır, öz polkunun əsasən Qarabağda erməni
millətçiləri ilə
döyüşdüyünü, bu zaman ermənilərin
Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək
üçün qiyam qaldırdıqlarını
vurğulayır.
Hərçənd, İsrafil bəyin xatirələrindən
məlumdur ki, onun rəhbərlik etdiyi polk 1920-ci ilin
mayında Gəncə üsyanı zamanı bolşevik
qüvvələrinə qarşı ən fəal surətdə
vuruşmuş və yalnız qeyri-bərabər
döyüşlərdə məğlubiyyət səbəbindən
Azərbaycanın hüdudlarını tərk edərək
qonşu İran ərazisinə keçmək məcburiyyətində
qalmışdı.
İranda
İsrafil bəy İsrafilovun istintaq ifadələri
onun məhz bu ölkədə başlanan mühacirət həyatına
dair bir sıra yeni fakt və təfsilatlar baxımından
xüsusi maraq doğurur. Elə birinci dindirmə zamanı məlum
olur ki, 1920-ci ilin may ayının sonlarında İranda
sığınacaq tapmış və 10 aya yaxın müddətdə
Təbrizdə yaşamış İsrafil bəy bu dövlətin
hərbi strukturlarında, İran-kazak diviziyasında təlimatçı-zabit
kimi xidmət edib, 1921-ci ilin fevral ayında isə İngilis
komandanlığının “İranı rus təsirindən
azad etmək” tələbi ilə ölkədən
çıxmalı olub. İsrafil bəyin
bioqrafiyasının İranla bağlı dövrünə
bir daha qayıtmamaq üçün onun sonrakı dindirmə
proseslərində də bu haqda verdiyi ifadələrdəki məlumatları
ümumiləşdirək.
1945-ci il oktyabrın 16-da artıq Novosibirsk şəhərində
aparılan dindirmə zamanı İsrafil bəy bildirir ki,
komandiri olduğu 5-ci Bakı polkunun 5 zabiti ilə birlikdə
İrana, Təbriz şəhərinə gəlmiş, 5-6 nəfər
silahdaşını İran jandarmeriyasına işə
düzəltmiş, özü isə polkovnik Staroselskinin rəhbərlik
etdiyi İran-kazak diviziyasında təlimatçı kimi xidmətə
başlamışdı. Bu diviziyanın əsasını
iranlıların təşkil etdiyi, lakin bütün zabit heyətinin
rus ağqvardiyaçılarından ibarət olduğunu
vurğulayan İsrafil bəy, özünün İran
jandarmeriyasında işləyib-işləmədiyi sualına
mənfi cavab verir, eyni zamanda bu orqanda işə düzəltdiyi
öz silahdaşlarının - onunla birgə İrana
keçmiş azərbaycanlı zabitlərin adlarını
“indi xatırlamadığını” bildirir. Müstəntiqin
İran jandarmeriyasına marağı qarşısında
İsrafilov bu qurumun heç də “bizim indi təsəvvür
etdiyimiz” orqan deyil, “İran ordusunun ayrıca piyada batalyonu”
olduğunu vurğulayır, özünün hərbi
qulluğu haqda sualı isə belə cavablandırır: “Mən
adı çəkilən diviziyanın Təbriz alayında pulemyot
təlimatçısı idim. Fəaliyyətim ondan ibarət
idi ki, alayın kiçik zabitlərinə pulemyotun maddi hissəsinə
dair təlimatçı dərsləri verir və pulemyotdan
praktiki atışlar keçirdim”.
İsrafil bəyin sonrakı ifadələrindən
aydın olur ki, o, İranı, ilkin dindirmədə bildirdiyi
kimi, 1921-ci ilin fevral ayında deyil, sentyabr, ya oktyabr
aylarında, İranda olan bütün rus
ağqvardiyaçı zabitlərlə birlikdə tərk edib
və Türkiyəyə keçməli olub. Bu məcburi
addım İngilis Komandanlığının Çar
Rusiyasının bütün rus zabitlərinin İrandan
çıxarılmasına dair əmr-tələbi ilə
bağlı olub: “İngiltərə İranı
özünün tam nəzarətinə almaq istəyirdi və
bizi ölkədən çıxarmaqla İranda rus təsirinə
son qoymaq məqsədi güdürdü”.
Müstəntiqin “İrandan çıxmaq və
Türkiyəyə girmək üçün hər hansı
sənədlərə malik idinizmi, ya ora qeyri-leqal
keçirdiniz?” sualına cavabı İsrafil bəyin həyatının
bu məqamına da işıq salır. Məlum olur ki,
ingilislər İran hüdudlarını tərk etmək tələbi
qoyduğu çar ordusunun bütün zabitlərini şəxsiyyət
vəsiqəsi və Türkiyəyə daxil olmaq hüququ verən
sənədlərlə təchiz ediblər. Bu sənədləri
və yol xərclərini zabitlərə İran kazak
diviziyasına daxil olan polkların komandirləri vasitəsilə
polkovnik Staroselsev təqdim edib. Həmin dövr ingilis zabitləri
ilə hər hansı ünsiyyət, yaxud rəsmi
görüşlərdə iştirak haqda sualları
İsrafil bəy mənfi cavablandırıb.
Türkiyəyə getdikləri marşrut isə
İsrafil bəyin öz səfər yoldaşı polkovnik
Tarkovski ilə birlikdə İstanbula az qala həmin dövr
ingilislərin hökmfərma olduqları Yaxın Şərq
regionunu dolaşaraq yetişdiklərini açıqlayır: Qəzvin,
Bağdad, Bəsrə, Bombay, Port-Səid, Konstantinopol.
Türkiyədə
İstintaqa verdiyi ifadələrdən bəlli olur ki,
1921-ci ilin sonlarında İstanbula gələn İsrafil bəy
İsrafilov burada Azərbaycandan olan mühacirlərlə əlaqə
saxlamış, onların tövsiyəsi ilə Əli Mərdan
bəy Topçubaşova - mühacirlərə yardım
göstərən Paris Sülh Konfransında Azərbaycan
Nümayəndə Heyətinin başçısına məktubla
müraciət etmiş və 1922-ci ilin noyabr ayına -
İstanbulu tərk edənə qədər ondan ayda 30 lirə
məbləğində maddi yardım almışdı. Həmin
müddət ərzində heç bir yerdə işləməyərək
bu pulla dolanmış, Türkiyə təbəəliyini qəbul
etməmiş, İstanbuldakı ingilis və fransız hakimiyyətinin
nümayəndələri ilə heç bir əlaqəsi
olmamışdı. Az sonra Əli Mərdan bəydən
aldığı məktubdan öyrənir ki, Parisdəki Azərbaycan
mühacirətinin başçısı Topçubaşov və
Gürcüstan mühacirətinin rəhbəri Noy Jordaniya
Polşa hökuməti ilə bir qrup azərbaycanlı və
gürcü ağqvardiyaçı zabitlərin Polşaya gəlməsi
haqda razılıq əldə ediblər və İsrafil bəy
digər zabit soydaşları ilə birlikdə bu ölkəyə
giriş vizası almaq üçün Polşanın
İstanbuldakı səfirliyinə müraciət etsin.
İsrafil bəy və həmkarları belə də ediblər
və 2 gündən sonra vizaları alıblar. Polşa səfirliyində
yalnız ərizə yazıblar, səfirliyin əməkdaşları
ilə hər hansı söhbətləri,
razılaşmaları olmayıb. Türkiyədən
Polşaya 50-yə yaxın adam birlikdə, Konstantinopol-Konstansa
(Rumıniya)-Lvov-Varşava marşrutu ilə yola
çıxıblar. Səfər yoldaşlarından
İsrafil bəy yalnız polkovnik Cahangir Kazımbəyovun və
Vəli Yadigarovun adlarını çəkir. C.Kazımbəyov
və Vəli Yadigarovla bağlı suallara İsrafil bəy hər
ikisinin çar Rusiyası ordusunun zabitləri kimi
“ağmühacir” (beloemiqrant) olduqlarını, heç vaxt,
heç bir siyasi partiyaya qoşulmadıqlarını bildirir.
Əli Mərdan bəy Topçubaşovla bağlı suallara
da İsrafil bəy onun “keçmişdə, haradasa 1919-cu ildə,
Azərbaycan Parlamentinin sədri olduğu, ingilislərdən və
fransızlardan Azərbaycanın müstəqilliyinin
tanınmasına nail olmaq məqsədilə Sülh nümayəndə
heyətinin başçısı kimi Parisə getdiyi” kimi
ümumi məlumatlar verir. Topçubaşov Parisdə
yaşadığından, nə onunla, nə də Noy Jordaniya
ilə heç vaxt görüşmədiyini, ümumən
heç vaxt Parisdə olmadığını, Varşavada
yaşayarkən da onlarla heç bir əlaqə
saxlamadığını və yazışmadığını
bildirir. Həmçinin öz həmkarları və
tanıdığı ağqvardiyaçılardan heç
kimin bu şəxslərlə
yazışmadığını göstərir.
Burada, İsrafil bəyin istər özünü, istərsə
adı çəkilən həmkarlarını Azərbaycan
Milli Ordusunun deyil, çar Rusiyası ordusunun və sovetlər
tərəfindən “ağqvardiyaçı” kimi qəbul edilən
zabitlər kimi təqdim etməsi diqqət çəkir.
Mümkündür ki, bu amil İsrafil bəyin uzaq Novosibirskdə,
Qərbi Sibir Hərbi dairəsi “Smerş” Əks-kəşfiyyat
bölməsinin, demək olar ki, hər dindirmə zamanı dəyişən
müstəntiqlərinin diqqətini Cümhuriyyət
dövrü ordusuna cəlb etməmək niyyətindən irəli
gəlirdi. Hərçənd hər yeni müstəntiq
dindirməni onun öz bioqrafiyasını təkrar etməsi
üçün eyni suallardan başlayırdı. Lakin bu zaman
müttəhimin Cümhuriyyət dövrü hərbi xidmətinə
dair suallar yalnız onun Qızıl Orduya qarşı
vuruşub-vuruşmadığı ilə məhdudlaşırdı.
Burada rus əməliyyat müvəkkillərinin Azərbaycanın
Cümhuriyyət dövrü tarixini, yəqin ki, bilmədikləri
amili də müəyyən rol oynayırdı. Buradan,
İsrafil bəyə qarşı irəli sürülən
maddələr üzrə ittihamlar ilk növbədə onun
özü tərəfindən tam təsdiqini tapdıqdan sonra
da, istintaqın əslində öz işini bitirməsinə
baxmayaraq, müttəhimin hələ cəzaya məhkum edilməməsi,
istintaqın davamı üçün öz vətəni Azərbaycana
göndərilməsi təsadüfi deyildi. Bakıda
aparılan istintaq prosesi bu ehtimalı təsdiq edəcək.
Amma İsrafil bəyin dindirmə prosesi hələ davam edir və
onun istintaq üçün ən mühüm mərhələsi
- Avropa dövrü başlayır.
Polşada
1945-ci ilin 17 oktyabrında Novosibirsk şəhərində
fasilələrlə bir neçə saat davam edən dindirmə
protokolu müstəntiq tərəfindən hər dəfə
dəqiqləşdirilən suallarla bağlı İsrafil bəyin
Varşavaya gəlişindən sonrakı həyatının
bir çox təfərrüatları əhatə edir.
Müstəntiqin hansı məqamlara diqqət yetirdiyi
İsrafil bəyin ümumiləşdirilmiş Varşava hekayətindən
məlum olur.
Beləliklə, 1923-cü ilin əvvəllərində,
qış aylarında İsrafil bəy öz zabit həmkarları
Kazımbəyov və Yadigarovla birlikdə Varşavaya
yetişərək birbaş Polşanın Hərbi Nazirliyinə
müraciət edirlər. Adını bilmədikləri polyak
polkovnikinə lazımi məlumatlar verildikdən sonra yüksək
rütbəli zabitlər üçün kurslara göndərilmələri
haqda razılıq əldə olunur, onları otelə yerləşdirən
həmin polkovnikdən yubanmadan polyak dilini öyrənmək əmri
alınır. 2-3 gündən sonra İsrafilov və Kazımbəyov
yüksək rütbəli zabitlər kimi 6 aylıq zabit
kursuna göndərilirlər. Əsasən polyaklardan ibarət
60-a yaxın zabitin olduğu bu kurslarda I Dünya müharibəsinin
təcrübəsi öyrənilir, Rusiya, Alman və Avstriya
ordularının nümunəsində taktika, istehkam, əsgərlərin
təlim və tərbiyəsi kimi fənlər üzrə
ümumi nəticələr çıxarmaq kimi məsələlər
müzakirə edilirdi.
İsrafil bəy bu kursları bitirir və Kaliş
şəhərində 29-cu piyada polkuna göndərilir.
Polşa hərbi forması geymək hüququ verilmədən,
yalnız polkun həyatı ilə tanış olmaq
üçün ezam edilmiş digər zabitlər kimi
İsrafil bəyin də komandanlıq səlahiyyəti yox idi
və bu xidmət mahiyyət etibarilə müşahidəçi
statusu daşıyırdı. 1926-cı ilə qədər bu
polkda xidmət edən İsrafil bəy ilk dövrlərdə
mövcud qaydalarla tanış olur, polyak dilini öyrənir,
1925-ci ildə komandir vəzifəsinə müvəqqəti təyinatlar
alır, qısa müddətlərlə yüksək rütbəli
zabitlərin: polk komandirinin müavinini, polk komandirini əvəz
edir. Bu polkda 1926-cı ilə, dinləyici qismində Polşa
Baş Qərargahının Akademiyasına qəbul olunana qədər
xidmət eir.
İstintaq gedişində müstəntiqin “Akademiyaya
kimin himayəsi ilə daxil oldunuz?” sualına verdiyi cavab
İsrafil bəyin bioqrafiyasında çox mühüm bir məqamı
açıqlayır ki, bu haqda aşağıda ayrıca bəhs
ediləcək.
İsrafilov müstəntiqin Polşa Baş Qərargahının
Akademiyasına daxil olmaq şərtləri və qaydaları
haqda sualına aydınlıq gətirir, bu zaman yalnız bir
neçə sınaq pillələri və müvafiq imtahanlar
mərhələsindən keçməyin zəruri
sayıldığı, hər hansı himayəyə, zəmanətə
ehtiyac olmadığını bildirilir. Akademiyada oxuduğu illərdə
ayrı-ayrı müəllimlər və dinləyicilərlə,
xüsusilə fransızlarla tanış olan, ara-sıra
onlarla kafe və restoranlarda ümumi söhbətlər edən
İsrafil bəy bu müəllim və dinləyici zabit
tanışlarının hərbi rütbələrini və
tədris etdikləri fənlərini xatırlasa da,
adlarını unutduğunu, eləcə də Baş Qərargahın
2-ci şöbəsində (defenziva - hərbi əks kəşfiyyat)
heç bir zabit tanışının
olmadığını bildirir.
1928-ci ilin oktyabrında hərbi akademiyanı bitirən
İsrafil bəy polkovnik rütbəsini alır və
36-cı piyada polkunun döyüş üzrə komandir
müavini təyin edilir. Varşava ətrafında yerləşən
bu polkda 1929-cu ilin sonlarından 1937-ci ilin yayına kimi xidmət
edən İsrafil bəy 1937-ci ildə Qrodno şəhərinə,
29-cu piyada diviziyasının döyüş üzrə
komandir müavini vəzifəsinə keçirilir və
1939-cu ilin payızına, II Dünya müharibəsi ərəfəsinə
qədər burada xidmət edir.
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .-2024.- 24 sentyabr (¹ 173).- S.10-11.