Qasım bəy Zakir: keşməkeşli ömür, misilsiz yaradıcılıq

GÖRKƏMLİ ŞAİR VƏ İCTİMAİ XADİMİN 240 İLLİYİ TAMAM OLUR

 

 

(Əvvəli ötən sayımızda)

 

Qasım bəy Zakir, ilk növbədə, incə ruhlu lirik şair idi. Onun könül oxşayan qoşmaları, təcnisləri, gəraylı və qəzəlləri vardır. Təsadüfi deyil ki, Firidun bəy Köçərli onun qəzəliyyatından söz açarkən, “Qövsidən sonra Zaqafqaziya şüarası arasında Zakirdən gözəl və xoşməzmun qəzəl yazan olmayıbdır” qənaətinə gəlmişdi.

Ədəbiyyatşünas Kamran Məmmədov haqlı olaraq yazır ki, Zakirin gəraylıları ruh, məzmun etibarilə şifahi xalq ədəbiyyatına o qədər yaxındır ki, möhürbəndi olmasa, bunları xalq yaradıcılığı nümunələrindən ayırmaq çətin olar. Doğrudan da, belədir. Diqqət edin. Zakirin aşağıdakı sətirləri hər zaman diri deyilmi:

 

Qəm evində zar olalı,

Eşqə giriftar olalı,

Yarımadıq yar olalı,

Nə mən səndən, nə sən məndən.

 

Qasım bəy Zakirin dilinin belə sadəliyi, xəlqiliyi Firidun bəyin də diqqətindən yayınmayıb. Onun ədəbi dilini Sədi Şirazi və Puşkinlə müqayisə edərək yazıb: “...Sədisi və rusların Puşkini öz ana dillərinin ustadı və xaliqi mənzələsində olduğu kimi, Zakir də Azərbaycan türklərinin ustadi-lisanı olmağa haqlıdır”.

Bu gün biz tarixi olayları nəzərdən keçirərkən Qasım bəy Zakirin kədərini, qəzəbini, nifrətini xalqından yana təsəvvür etməməliyik. Əksinə, bu böyük şairi öz xalqının görən gözü, işğalçılar tərəfindən tapdalanan hüququnun, incidilən ruhunun ifadəçisi kimi qəbul etməliyik.

 

Vilayətdə urus olub ixtiyar,

Eyləyib bir bina, yoxdu görən kar.

Tamam işlər olub cahilə bazar,

Heyif bu vilayət, heyhatü heyhat.

 

Çar Rusiyasının müstəmləkəsinə çevrilmiş bir ölkənin şairi öz dövrünün ağrılı-acılı mənzərəsini bunca açıq-açığına söyləməsi onun bir vətəndaş kimi cəsarətindən xəbər vermirmi?! Onu da deyək ki, Qasım bəy Zakir təkcə sözlərində deyil, həyatda da şücaətli şəxsiyyət olub. O, Qarabağ xanı Mehdiqulu xan Cavanşirlə yaxın simsar olmaqla yanaşı, həm də yaxın dost, məsləkdaş idi. Xındırıstan kəndini də Qasım bəy Zakirə Mehdiqulu xan bağışlamışdı. Əlbəttə, Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xanın da həyatı xoş keçməmişdi. Qafqaz Qoşunları Ali Baş Komandanı, general A.P.Yermolov onu halal hakimiyyətindən uzaqlaşdırmaq üçün min bir hiyləyə əl atırdı. Mehdiqulu xanın qanı qanından, dini dinindən olan bir sıra həmvətənləri, təəssübkeşlik hissindən uzaq, milli şüuru olmayan bəzi bəylər də bu işdə generala yarınaraq yardım edirdilər. Nəhayət, 1822-ci ildə general A.P.Yermolov Qarabağ xanlığını ləğv etdi. Mənliyi incidilmiş Mehdiqulu xan bir gecədə 600 ailə ilə birlikdə Araz çayını keçərək illər boyu ruslarla döyüşən Abbas Mirzə Qacarın yanına getdi. 1827-ci ildə qarabağlıların yenidən doğma yurdlarına qayıtmasında Qasım bəyin də xidməti olmuşdu. Şair özü bu barədə müsəlman əyalətlərinin hərbiyyə rəisi, general-mayor Abxazovun adına yazdığı 24 aprel 1828-ci il tarixli ərizəsində yazır: “...1827-ci ildə Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradıqdan sonra Mehdiqulu xanın yanına gedərək bir gecə onun yanında oldum, onunla söhbətdən sonra Araz çayının o tayından on iki ağaclıq məsafədə olan Soraqlı camaatından 500-ə yaxın evi Arazın bu tayına köçürdüb Tuğ kəndində yerləşdirdim…” (Kamran Məmmədov. Qasım bəy Zakirin “Seçilmiş əsərləri”nə yazdığı ön sözdən).

Qasım bəy Zakirin həyatı Mehdiqulu xanın vəfatına – 15 may 1845-ci ilə qədər öz axarında olub. Sonuncu Qarabağ xanının vəfatından sonra çar generallarının əl-qolu daha da açıldı. Neçə il idi ki, Şuşa vilayətinin rəisi Tarxan Mauravov Mehdiqulu xana və onun yaxınlarına kin bəsləyirdi.

Səbəbi də bu idi ki, qardaşı Aleksandr hələ Kəbirli mahalının naibi olanda Mehdiqulu xanla aralarında nifaq düşmüşdü. Mehdiqulu xan və Qarabağ əhalisinin bir qismi Aleksandrın əməllərindən çara şikayət etmişdilər. Bundan sonra Aleksandr vəzifəsindən azad edilərək cəzalandırılmışdı. İndi Mehdiqulu xanın qəfil ölümü Mauravovun hərəkətə keçməsinə səbəb olmuşdu. O, ilk öncə, illərlə Mehdiqulu xanın xidmətində olmuş, ona oğulluq etmiş, 12 il yaşadıqları Tehrandan vətəninə qayıtmasında yardımçı olmuş, buna görə çar I Nikolayın fərmanı ilə praporşik rütbəsi və qızıl medalla, üstəlik, 300 manat təqaüdlə təltif olunmuş Əli bəy Fuladovu aradan götürmək fikrinə düşür. Mehdiqulu xan Qasım bəy Zakirin qızı Nənəş xanımı Əli bəy Fuladova almışdı. Ədəbiyyatşünas Salman Mümtaz yazır ki, Əli bəy Fuladovun ilk oğlu anadan olanda Mehdiqulu xan onu oğulluğa götürmüş, atasının adını ona verərək İbrahimxəlil xanın möhrünü onun cibinə qoymuşdu. Mehdiqulu xan İbrahimi 10 yaşına qədər öz övladı kimi böyütmüşdü. Tarxan Mauravov qardaşının işindən azad edilib cəzalandırılmasında həm də Əli bəy Fuladovu günahkar bilirdi. Buna görə də Məmədqanlı Kərbalayı Allahverdi kimi dələduzun əli ilə şər atdıraraq Əli bəyin var-dövlətini əlindən aldırdı. Haqsızlığa dözməyən Əli bəy Fuladov vəfat etdi.

Filologiya elmləri doktoru, professor Raqub Kərimov “Qasım bəy Zakir və müasirləri” monoqrafiyasında yazır:

“Əli bəy Fuladovdan intiqam alıb onu sıradan çıxartdıqdan sonra növbəti böhtan, iftira hədəfi Qasım bəy Zakir seçildi. Bunun üçün ağılagəlməz bəhanələr axtardılar və heç bir şahid-sübutsuz Zakirin qardaşı oğlu Rüstəm bəyi tutub Şuşa həbsxanasına salaraq ona 6 ay əzab verdilər.

Nəhayət, bir gün digər məhbusların dustaqxanadan qaçmasını bəhanə edərək Tarxan Mauravovun razılığı ilə onu güllələdilər. Bu misli görünməmiş ədalətsizlik Rüstəm bəyin doğma qardaşı Behbud bəyi qəzəbləndirdi və heç kimlə hesablaşmadan çarizmə və onun müstəmləkə zülmünə qarşı silahlı mübarizəyə girişdi”.

İntiqam hissi ilə alışıb-yanan Behbud bəy gedib Qaçaq Əli bəy Molla Ağacan oğluna qoşularaq çar məmurlarını, polisləri təqib edir, bəzilərini isə öldürürdü. Tarxan Mauravov və əlaltıları “Zakiri günahlandırmaq üçün münasib şərait yarandığını hiss edərək əməli işə keçdilər. Zakir artıq çıxılmaz vəziyyətə salınmışdı: ya qardaşı oğlu Behbud bəyi tapıb dövlətə təhvil verməli, ya da onun himayəçisi kimi məhkəmə məsuliyyətinə cəlb olunmalı idi” (R.Kərimov).

 

İki od arasında qalan Zakir Şamaxı vilayətinin rəisi Mixail Petroviç Kolyubakinə yazdığı mənzum məktubunda bu məsələyə belə aydınlıq gətirir:

 

Qaçaqlıq binası edəntək Behbud,

Pişnihad eylədim öz ərzimi zud.

Tərəfgirlik oldu axırda nə sud,

Mənim doğruluğum zərər gətirdi.

 

Qasım bəy Zakir “Var özgə vilayətdə də tək-tək köpəyoğlu” sərlövhəli həcvini Hüseyn bəy adlı müasirini nəzərdə tutaraq yazmışdı:

 

Min evlə neçin eyləmisən dəfi-məzərrət,

Asandı əgər Behbudu gəzmək, köpək oğlu.

 

Şairin istehza ilə söylədiyi kimi, qaçaq həyatı yaşayan, çar məmurlarına qənim kəsilən Behbud bəyi tapmaq elə də asan deyildi, asan olsaydı, polislər özləri tapardılar. Fikrimcə, Tarxan Mauravov və ona züy tutan yerli satqınlar üçün Behbud bəyin tutulmasından daha ziyadə millətin görən gözü, düşünən beyni olan Zakirin tutulması vacib idi. Bu məqsədlə 1849-cu ilin oktyabr ayında Tarxan Mauravov böyük bir dəstə ilə Xındırıstan kəndinə basqın etmişdi. Təəssüf ki, Zakirlə arası olmayan, ona kin bəsləyən bir neçə bəy də bu çar məmuruna qoşulub məkrli niyyətlərinin həyata keçməsini öz gözləri ilə görmək üçün Xındırıstana gəlmişdilər. Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər bəy gələnləri qarşılayarkən Tarxan Mauravov dərhal onları həbs etdirib Şuşa qalasına göndərir. Xındırıstana girən atlı dəstəsi, başda Tarxan olmaqla qarşılarına çıxan böyük şairə sayğı göstərməyərək onu təhqir edirlər. Tarxan Mauravov və qulbeçələri 10 gün Xındırıstan kəndində qalıb tədqiqat aparır, əhalini incidir, talançılıq edirdilər.

Unudulmaz ədəbiyyatşünas Kamran Məmmədovun Gürcüstan Respublikasının dövlət arxivindən əldə etdiyi bir sənəd ədalətsizliyin bariz nümunəsi kimi çox qiymətlidir. Zaqafqaziya mülki idarə rəisi qaçaq Behbud bəy və Qasım bəy Zakirlə əlaqəsi olan adamların cəzalandırılması haqqında Qafqaz canişininə göndərdiyi raportda yazırdı:

“Altmış yaşlı Qasım bəy Əli bəy oğlu ciddi polis nəzarəti altında saxlanılmaq şərti ilə Bakıya sürgün olunsun, ailəsi isə onunla birlikdə oraya getməyə məcbur edilməsin; iyirmi üç yaşlı oğlu Nəcəfqulu bəy, iyirmi yaşlı qohumu İsgəndər bəy Əli bəy oğlu hərəsi təklikdə üç il müddətinə Rusiyanın daxili vilayətlərinə sürgün edilsinlər; həm də sürgün xərcləri onların öz hesabına olmalıdır. Behbudun anası və səkkiz yaşlı kiçik qardaşı Mustafa yaşadıqları yerdə qalsınlar”.

 

Siz çar üsul-idarəsinin ədalətsizliyinə baxın ki, nahaqdan dustaq etdikləri şəxslərin sürgün xərclərini belə onların boynuna qoyur. Guya bu günahsız şəxsləri sürgünə yox, harasa istirahətə göndərirmişlər. Böyük haqsızlıqla rastlaşan Zakir əsl zülmkarın ünvanını çox dəqiq göstərib:

 

Divan demə, hərgiz buna kim, afəti-candır,

Mən söyləmədim, nola ki, məşhuri-cahandır.

 

Tarxan Mauravovun hökmü ilə Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər bəy Sibirə sürgün edildi. Qasım bəy Zakir isə Bakıya göndərildi. Üç-dörd ay Bakıda gözdustağı olan Zakir həm doğma Qarabağın həsrətini, həm də uzaq Sibirə sürgün edilmiş gənclərin nigaranlığını çəkirdi. O, üzünü göydə uçan durnalara tutub deyirdi:

 

Mən sevmişəm onun çəmən-düzünü,

Nəsib ola, bir də görəm üzünü.

Yoxsa danışırsız Vətən sözünü,

Veribsiniz nə baş-başa, durnalar!

 

Qasım bəy Zakirin düşmənləri olduğu kimi, Mirzə Fətəli Axundzadə, general İsmayıl bəy Qutqaşınlı, Mixail Petroviç Kolyubakin, general Həsən bəy Ağalarov kimi dostları da var idi. Şair adlarını çəkdiyimiz bu şəxslərə mənzum məktublar yazaraq həm qəlbinin harayını çatdırır, eyni zamanda ölkədə ədalətsizliyin son həddə çatdığından söz açır, həm də oğlu ilə qardaşı oğlunun azad edilməsi üçün kömək etmələrini xahiş edirdi. O, dostu Mirzə Fətəli Axundzadəyə mənzum məktubunda nigaranlığını dilə gətirərək yazırdı:

 

Gözüm yolda qaldı, könül intizar,

Gəlmədi cavabi-namələr səndən.

Bir aydan artıqdı gedib uşaqlar,

Yetişmədi bizə bir xəbər səndən.

 

Əldə olan xatirələrdən öyrənirik ki, Qasım bəy Zakir dostlarının köməyi ilə 3-4 aydan sonra sürgündən azad olunaraq doğma yurduna qayıtsa da, bütün cəhdlərinə baxmayaraq, oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər bəy üç il sürgünlük həyatı yaşayırlar. Nəhayət, 1853-cü ildə sürgündən azad olub vətənə qayıdırlar. Zakirşünas alim Raqub Kərimovun yazdığına görə, elə həmin ildə hər iki gənc Mirzə Fətəli Axundzadənin və Zakirin yaxın dostu gürcü Qrendyov polkunun komandiri Qriqori Orbeliyani vasitəsilə xidməti vəzifəyə götürülmüşlər.

Qasım bəy Zakirin qaçaq qardaşı oğlu Behbud bəyi də illər sonra polislər tutaraq Şuşa türməsinə salaraq, orada öldürmüş, hətta meyitini ailəsinə verməyərək türmə həyətinin bayır hissəsində basdırmışlar. Bu vəhşilikdən xəbər tutan Qasım bəy Zakirin qızı Nənəş xanım gecə ikən bir neçə adamla Behbud bəyin cəsədini basdırıldığı yerdən çıxararaq gizli bir yerdə dəfn ettmişdi.

Satirik şeirimizin bayraqdarı olan Zakirin işğalçı generallar, nəfsinin qulu olmuş yaltaq soydaşları, hər şeyə laqeyd, biganə, qaxmarlıq hissindən uzaq insanlar tərəfindən incidilmiş, küsdürülmüş ruhunun hayqırtısını bu gün də ürək ağrısı ilə eşidirik:

 

Adəm idim, əbəs yerə zay oldum,

Vilayət içində mən rüsvay oldum.

Oğrulara, quldurlara tay oldum,

Sanırdı xəlayiq peygəmbər məni.

 

Əlbəttə, bu yazıda mənim məqsədim Qasım bəy Zakirin yaradıcılığını təhlil edib, görünən dağa bələdçilik etmək deyildir. Qasım bəy Zakirin həyatı və yaradıcılığı nəinki kiçik bir məqaləyə, möhtəşəm bir romana sığmaz. Mənim məqsədim klassik poeziyanın hər janrında özünü sınamış və qadir bir şair olduğunu hər sətrində sübut etmiş Qasım bəy Zakirin 240 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin vacibliyini əlaqədar qurumların, ədəbi ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

6 sentyabr 2024-cü il

 

Mustafa ÇƏMƏNLİ

525-ci qəzet.-2024.- 25 sentyabr (¹ 174).- S.15.