İnsan gözəlliyin
vurğunu və yaradıcısıdır
(Əvvəli ötən çərşənbə
sayımızda)
Rəssamlıq Renessansı
İtalyan Renessansının dahi rəssamlarından
biri olan universal sənətkar Leonardo da Vinçi bir dəfə
demişdi: “Rəssam kiçik ləyaqətə malik olan rəsmlər
çəkən vaxtdan, əgər o, başqasının rəsmlərini
özü üçün standart kimi götürsə də,
ancaq o, milli obyektlərdən öyrənəcəksə, bu
vaxt yaxşı bəhrə gətirəcəkdir. Öz
standartlarını yalnız başqa birindən
götürürsə, bu vaxt təbiət özünü əbəs
yerə açacaqdır”.
Renessans rəssamlar təbiəti təqlid etməyi,
özlərinin başlıca məqsədi sayırdı.
Onların öz naturalizm axtarışları onda başa
çatırdı ki, obyektlərin təsvirinin arxasınca
gedirdilər və ya bəzən onlar portret çəkənlər
olurdular. Eyni vaxtda onlar ağılın ətrafa yeni
münasibətini, birbaşa yeni rəssamlıq standartı
kimi əks etdirirdilər. Onlardan biri, diqqət fokusuna
çevrilən insan məxluqu idi, bir nəfərin təyin
etdiyi bu münasibət, təsvirin “mərkəzi və
ölçüsü” olurdu.
Leonardo və digər italyanlar bu fikri dəstəkləyirdilər
ki, XIV əsrdəki Cotto ilk dəfə təbiəti təqlid
etməyə başlamışdı. Lakin Cottonun fəaliyyət
göstərdiyi Florensiyada başqa rəssamlar tərəfindən
bu üslub, təəssüf ki, təkrar
olunmamışdı.
Fiquralar və mənzərə arasında sonralar daha
realist olan bir əlaqə yarandı və perspektiv
qanunlarının vizual təqdimatı ilə rəssamlığın
yeni realistik üslubu meydana gəldi. İnsan fiqurunun
üç ölçüdə olması Florensiya rəssamlarının
sonrakı nəslinin modelinə çevrildi.
Yeni Renessans üslubu qəbul edildi və XV əsrdə
digər Florensiya rəssamları tərəfindən bu, dəb
şəklinə düşdü. Onun xüsusi əhəmiyyəti
ondan ibarət idi ki, eksperimentlər aparmağa olan meyl
inkişaf etdi və bu, iki istiqamət aldı. Biri, rəssamlığın
matematik tərəfini vurğulayırdı, bu perspektiv
qanunlarından kənara çıxırdı. Digər cəhət,
eksperimental meyilli hərəkət tədqiqatını və
insanın anatomik quruluşunu əhatə edirdi. XV əsr, bu
vaxt ekspertimentlər və texniki ustalıq dövrü oldu.
XV əsrin son dekadasında Florensiyada yeni ruhlu sosial
ixtira meydana gəlir, Florensiya hökmdarı Möhtəşəm
Lorentso görkəmli rəssamlara himayədarlıq edirdi.
Onlardan biri Sandro Bottiçelli (1445-1510-cu illər) idi. Onun
marağı yunan və Roma mifologiyasına
ünvanlanmışdı və onları özünün məşhur
əsərlərindən biri olan “Primovera” - “Bahar” tablosunda əks
etdirmişdi. Tablo Veneranın əbədi bahar rəmzi olan
bağında gedən hadisəni təsvir edir.
Bottiçellinin fiquralarından hər birinin əhəmiyyətli
olmasına baxmayaraq, onlar digər dünyaya məxsus olan
keyfiyyətlərə malikdirlər, reallıqdan uzaq olan bir
yerdə hərəkət edirlər. Bu da erkən Renessans rəssamlığının
mahiyyətini xarakterizə edirdi.
XV əsrdə Florensiya rəssamlığının
inqilabi nailiyyətləri həmçinin heykəltaraşlığa
və arxitekturaya da öz təsirini göstərdi. Heykəltaraş
Donatellonun əsərləri arasında “David” xüsusilə
seçilir. Bu heykəl ilk dəfə olaraq təbii
ölçüdə yaradılmışdı, sərbəst
dayanmış bir çılpaq bədənli oğlan
fiqurası idi. Antik dövrdən sonra Avropa incəsənətində
bu yeni üslub idi. Ayağının altında nəhəng
Qoliafın başı olan David, Florensiyanın milanlılar
üzərindəki zəfərini (1428-ci il) meydana gətirən
qəhrəmanların şərəfini əks etdirirdi.
İnsan fiqurunun təsviri Erkən Renessans rəssamlığının
portret sahəsində yeni vurğulanmasını əks
etdirir.
XV əsrin sonunda italyan rəssamları, heykəltaraşları
və arxitektorları yeni incəsənət mühiti
yaratdılar. Bu vaxt yaradıcı ifadənin daha fərdi
formaları meydana gəldi. Renessans rəssamlığı
inkişafının final səhnəsi. 1480-ci illə 1520-ci
il arasındakı dövrdə onun çiçəklənməsi
ilə əlamətdar idi. Bu dövr Yüksək
Renessansının yeni mədəni mərkəzi olmaqla, onun əhəmiyyətini
yüksəltdi.
Yüksək Renessans üç rəssamlıq nəhənginə
- Leonardo da Vinçinin (1452-1519-cu illər), Mikelancelonun
(1475-1564-cü illər) və Rafaelin (1483-1520-ci illər) əsərlərində
dominantlıq edirdi. Təsadüfi deyil ki, F.Engels Renessans dahilərini,
nəhayətsiz ölçüdəki fəaliyyətlərinə
görə titanlara bənzətmişdi. Onlardan biri olan
Leonardoya gəldikdə, o, Yüksək Renessansın prinsipləri
üçün transmilli şəxsiyyət kimi iştirak
edirdi. Rəssam hətta insan bədənini yarırdı ki, təbiətin
insan üzərində necə işlədiyini daha aydın
görsün. O, Yüksək Renessans insanının ideal
formada olan realistik portretini yaradırdı. Leonardonun “Son
şam yeməyi” freskası Milanda kilsə divarı üzərində
çəkilmişdi. Jestlər və hərəkətlər
vasitəsilə Leonardo da Vinçi fərdin daxili aləmini
açmağa çalışırdı. Onun Parisin Luvr
muzeyində saxlanılan “Cokonda”
(“Mona Liza”) tablosu daha məşhurdur, muzeydə əsərə
hər il milyonlarla adam heyranlıqla tamaşa edir. 1911-ci ildə
italyan Perucini tablonu muzeydən oğurlamışdı ki, onu
rəssamın vətəni İtaliyaya qaytarsın. Bu portret
tablosunu isə Leonardo ömrünün sonunda Fransada
yaşayarkən yaratmışdı və onu Fransa kralı I
Fransiskə hədiyyə vermişdi. Onu da qeyd etmək
lazımdır ki, “Cokonda”nın muzeydən oğurlanması, əsərin
şöhrətinin yüksəlməsində,
populyarlığının artmasında qeyri-adi müsbət
rol oynamışdı.
Mikelancelo dahi rəssam, heykəltaraş və
arxitektor idi, Yüksək Renessansın nəhənglərindən
biri idi. O, neoplatonizm təsirinə məruz
qalmışdı, bu, Romadakı Vatikanın Sikstin
kapellasında Bibliya mövzularına həsr olunmuş onun
freskalarında xüsusən nəzərə çarpır.
O, kapellanın tavanını da öz məşhur rəsmi ilə
bəzəmişdi, bu ağır zəhmətə üç
il vaxt sərf etmişdi. Çünki o, hündürlükdə
yerləşən platforma üzərində uzanıb, əlinin
çatdığı tavanda tablosunu çəkirdi. Freskada
Allahın əlini Adəmə toxundurması ilə ilk
insanın yarandığı əks olunur. Onun “David” heykəli
isə 18 fut hündürlüyündə, ağ mərmərdən
yonulmaqla insan bədəninin ideal gözəlliyini iftixar hissi
ilə tərənnüm edir. Heykəl həm də insan məxluqunun
şərəfini nümayiş etdirir.
Rafael erkən illərə məxsus olan rəssam idi,
artıq İtaliyanın ən yaxşı rəssamlarından
biri hesab olunurdu. Rafael madonnaların portretlərində
xüsusən fərqlənirdi. Onun “Afina məktəbi”
freskası Vatikan sarayını bəzəyir. Mikelancelonun
ondan xoşu gəlməsə də, Rafaelin həmin əsərində
Mikelancelonun da portretini təsvir etmişdi: “Sikstin Madonnası”
əsəri isə ali madonnaya həsr olunmuş bir abidə
rolunu oynayır. Mariya Göylə Yer arasında
qucağında tutduğu körpəsi İisusla təsvir
edilir. Əsər, ona tamaşa edəndə, sitayişə bərabər
heyranlıq hissləri yaradır. Drezden qalereyasında saxlanan
bu əsər, onunla müqayisəyə girən başqa bir
tablonu tanımır, çünki onda müqəddəsliyin
təsviri ilə rəssamın ecazkar istedadı birlikdə
zühur edir və özünə hədsiz pərəstişə
bərabər bir ehtiram bəslənməsini təlqin edir.
Bu üç dahi, Bibliya qəhrəmanlarının təsvirinə
müraciət edirlər, əslində isə mifik obrazlar
yaradırlar. Onlara qədər təsviri sənət Bibliya
mövzularına belə bir miqyasda, həm də təsvirin sərbəst
şəkildə ifadə edilməsinə cəsarət etməmişdi. Onlar Köhnə Vəsiyyətdəki
və İncildəki nəql olunanlara dahiyanə qaydada
yanaşmaqla, dini ehkamları, büründükləri dumandan
azad edib, onlara əsl həyat çalarları və
izahını asanlaşdıran cəhətlər bəxş
etmişdilər. Mikelancelo ilk günaha batmanı da
yaratdığı ilk insanları sehrli obrazlar vasitəsilə
təqdim edir. Onun “Pyeta” heykəl kompozisiyasında isə ana Məryəmin qucağnda
ölmüş İisusu təsvir etməklə, ananın
timsalında ümumbəşəri hüznü ön plana
çəkir. Leonardo süfrə
arxasındakı apostolların əhatəsində İiususu
təsvir edərək, onun möcüzəli öncəgörməsini
əsalandıra bilir. Rafael körpə İisusu
qucağında tutan gözəl Mariya ananı mələklərin
əhatəsində təsvir edir. Xristian dini, onların
yaradıcılığı hesabına öz tarixinin
başlanğıcına rəngkarlıq vasitəsilə
sübut ifadələri əlavə edir və sonrakı rəssamlar
bu ənənəyə sadiq qalaraq, İncilə həsr
olunmuş mövzularda öz incilərini yaratdılar.
Yüksək Renessans öz nailiyyətlərini həmçinin
arxitekturada da sübut eydi. Bu, Donato Bramantenin əsərində
xüsusi ilə özünü büruzə verdi. O, Urbinodan,
Romaya gəlmişdi və Müqəddəs Pyotrun şəhid
olduğu yerin yaxınlığında kiçik məbədin
layihəsini vermişdi. Papa II Yuli ona Romada bazilikanın layihəsini
hazırlamağı tapşırmışdı, həmin
tikinti məşhur Müqəddəs Pyotr kilsəsinə
çevrildi. Bu işə 1506-cı ildə
başlanıldı. Bu nəhəng binanın tikintisinə
Bramante ilə yanaşı, Rafael, Mikelancelo və digərləri
başçılıq etmişdi və onların hər
birinin zəhmətinə layiq olduqları ehtiram bəslənməlidir.
Mikelancelo bazilikanın tikintisindən heyrətə gələrək,
demişdi ki, “Onu insanlar deyil, mələklər tikmişdir”.
Rafaelin ölümündən sonra tikintini davam etdirməyi 72
yaşlı Mikelanceloya həvalə etmişdilər. O,
binanı taclandıracaq qübbəni icad etdi, bu, Romadakı
Panteonun qübbəsindən iki dəfə böyük
olmalı idi. Ondan sonra tikintiyə başçılıq edən
della Ponta Papadan bu işə 10
il vaxt istəmişdi, Papa isə ona 2 il vaxt vermişdi. Della
Ponta isə bu nəhəng işi 22 aya başa
çatdırmışdı.
Bazilikanın qarşısındakı piyattsanın
(meydanın) dizaynı Lorentso Berniniyə
tapşırılmışdı. Meydan 30 min adamı
tutmalı idi. Bernini meydanı Müqəddəs Pyotr kilsəsinə
açılan qıfılın açar deşiyi kimi layihəşdirmişdi.
Meydanın ortasında Misirdən gətirilmiş obelisk
ucalmalı idi. Arxitektor meydanı dörd cərgə
sütunlardan olan kolonnada ilə əhatə etmişdi.
Kolonnadının üstünü çox saydakı heykəllər
bəzəyirdi.
İslam dünyası öz memarlıq inciləri
olan, XVII əsrdə yaradılmış Tac Mahalla, onu Şah
Cahan sevimli arvadı Mümtaz Mahalın xatirəsi
üçün tikdirmişdi, həmçinin Abu-Dabidəki
müasir Şeyx Zayed məscidi ilə fəxr edir. Şeyx
Zayed məscidi 2004-cü ildə vəfat etmiş, Birləşmiş
Ərəb Əmirliklərinin ilk prezidenti Zayed bin Sultan Al
Nahayanın xatirəsinə tikilmişdir. Rabindranat Taqor Tac Mahalı “zamanın yanağında
qurumuş göz yaşı” adlandırmışdır. Məscidin
nəhəng binası isə ağ mərmərdən tikilməklə,
ona rənglərlə xüsusi bəzək verilmişdir. Məscidin
inşasına 4 milyard ABŞ dollar xərclənmişdir.
Dünyada ən böyük xristian kilsəsi olan San Pedro
bazilikasının və onun qarşısındakı
meydanın tikintisinə isə 9 milyard ABŞ dolları məbləğində
pul xərcləndiyi bildirilir.
İtalyan rəssamlığı sonralar öz mərkəzini
Florensiyadan və Romadan Venetsiyaya keçirdi. Venetsiyalı rəssamlar
Titsianın və Tinterottonun əsərlərində Renessans
öz şöhrətini davam etdirdi.
Renessansdan sonra Avropa rəssamlığı bir
sıra üslub səhnələrindən keçdi. Rəssamlıq
Renessansı sona çatdı və bu vaxt Mannerizm adlanan yeni
bir hərəkat İtaliyada 1520-ci illərdə meydana gəldi.
Reformasiya tərəfindən dini dəyərlərin dirildilməsi,
çox sayda qarışıqlığa səbəb oldu.
Xüsusən İtaliyada Renessans qorxuya, qeyri-müəyyənliyə,
əzab çəkməyə və ruhi eksperimentlərə
yol açmışdı. Mannerizm isə dəyişən
mühiti əks etdirirdi. Rəssamlar Mikelancelonun son
üslubunun manerasında (onu təqlid etmək qaydasında) rəsmlər
çəkirdilər. Mannerist rəssamlar proporsiyanı ləğv
edərək, süni uzadılmış fiqurları çəkirdilər.
Bu, əzab çəkmə düşüncəsi
yaradırdı, həm də emosional atmosferaya sayca daha
çox qarışıqlıq əlavə edilməsinə
səbəb oldu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-2024.- 25 sentyabr (¹ 174).- S.14.