İsrafil bəy İsrafilov: sovet cəza orqanları ilə üz-üzə

YAXUD BİR AZƏRBAYCANLI ZABİTİN DÖYÜŞ YOLU

 

(Əvvəli ötən sayımızda)

 

Almaniyanın Polşaya hücumu başlanarkən dərhal cəbhəyə yollanan İsrafil bəy İsrafilova 29 diviziyanın 2-ci sırasını formalaşdırmaq əmri verilir, lakin Qırmızı Ordu Polşa sərhədini keçdiyi və alman qoşunlarının da Polşa ərazisində sürətlə irəlilədikləri üçün bu əmri tam yerinə yetirmək mümkün olmur. Cəmi 5 batalyon yığmağa müvəffəq olmuş polkovnik İsrafilov Litva ərazisinə çəkilir və burada litvalılar tərəfindən həbs edilir: “Bununla da mənim Polşa ordusunda hərbi karyeram başa çatır”.

Qeyd edilməlidir ki, İsrafil bəyin öz döyüşçüləri ilə Litva ərazisinə keçməsi və burada Litva hökuməti tərəfindən tutulub həbs edilməsi II Dünya müharibəsinin başlandığı günlərdə onun bioqrafiyasında sual altında qalan və məhz İstintaq materiallarındakı ifadələri ilə açıqlanan yeni faktlardan biridir. Belə ki, İsrafil bəyin bu zaman kəsiyində “almanlara əsir düşdüyü” haqda yalnız ehtimallar irəli sürülürdü. 1939-cu ilin 1 sentyabr, yəni alman qoşunlarının Polşaya hücumu ilə başlanan II Dünya müharibəsinin ilk günü üçün Litva müstəqil parlament respublikası idi, Almaniya ilə 22 mart 1939-cu il tarixdə hücum etməmək haqda müqavilə bağlamışdı. Bu müqaviləyə əsasən 1919-cu ilə qədər Almaniyanın ərazisi sayılan, I Dünya müharibəsinin nəticələrinə görə Versal müqaviləsi ilə 1923-cü ilin yanvarında Millətlər Liqası tərəfindən Litvaya verilən Memel vilayəti (indiki Klaypeda) almanlara qaytarılmışdı. Alman-Polşa müharibəsi başlanan gündən hər iki ölkə ilə daim ərazi münaqişələrində olan Litva Respublikası özünün neytral mövqeyini elan etmişdi. Lakin hələ 1920-ci ilin sonlarında Litvanın Vilno (Vilnüs) şəhəri mərkəz olmaqla Vilen vilayəti Polşa tərəfindən zəbt edilmiş, bütün 1920-1939-cu illər Polşa-Litva arasında sərhədlərdə hərbi münaqişələr və qarşılıqlı ultimatumlarla müşayiət olunmuş, nəticədə bu iki ölkə arasında sərhədlər bağlanmışdı. Bu baxımdan almanların hücumu qarşısında 1939-cu il sentyabrın sonlarında Polşa-Litva sərhədləri yaxınlığında yerləşən Qrodnodan Litvaya keçmiş İsrafil bəy kimi polşalı hərbçilərin saxlanılması və Kalvariya düşərgəsində təcrid edilməsi anlaşılan idi. Lakin müharibə başlanmazdan cəmi bir həftə əvvəl 1939-cu ilin 23 avqustunda Almaniya ilə Sovet İttifaqı arasında bağlanan “Hücum etməmək paktı”na (“Molotov-Ribbentrop paktı”) edilən gizli əlavə protokolda yalnız Polşanın deyil, Litva ərazilərinin də taleyi həll olunurdu. Az sonra Polşa ərazisi Almaniya və Sovet dövləti arasında bölünməklə, Litvanın da əvvəl alman hakimiyyəti, 1941-ci ildən isə SSRİ tərəfindən işğalı baş verir.

1939-cu ilin payızından 1940-cı ilin yayına (iyun-iyul) qədər Litva ərazisində saxlanılan İsrafil bəy, nəhayət ki, Polşa ordusunun, adlarını bilmədiyi, 3 zabiti ilə bərabər Kalvariya düşərgəsindən qaçmağa müvəffəq olur və artıq işğal altında olan Polşa ərazisinə keçir. Suvalki şəhərinin yaxınlığında onların dördü də almanlar tərəfindən tutularaq Gestaponun - Almaniyanın gizli dövlət polisinin həbsxanasına salınır.

Ümumi kamerada, 15 nəfər dustaq, o cümlədən, 3 nəfər polyak həmkarları ilə birgə 2 ay həbsdə qaldıqdan sonra 1940-cı il sentyabrın sonları - oktyabrın əvvəllərində İsrafil bəy azadlığa buraxılır. Həbsinin səbəbini “gestaponun əməkdaşları məndən bolşevik agenti kimi şübhələnirdilər” kimi izah edən İsrafil bəy burada 2 dəfə dindirildiyi, kimliyi haqda verdiyi məlumatların onun verdiyi ünvanlar və adlar tərəfindən Varşavada yoxlanıldığı, bu dindirmələrin polyak dilinə tərcümədə aparıldığı və protokollaşdırıldığı, həbsxanada döyülmədiyi kimi ifadələr verir.

Suvalki şəhərində gestapo tərəfindən həbsdən buraxılan İsrafil bəyə və onun polşalı zabit həmkarlarına bildirilir ki, onlar Polşa ordusunun zabitləri kimi bütün hüquqlardan və güzəştlərdən, o cümlədən məvacib və yemək haqqından məhrum edilirlər, Varşavaya gələn kimi dərhal polisə getməli və hər 10 gündən bir qeydiyyatdan keçməlidirlər. Bütün bu şərtlər alman dilində xüsusi iltizam vərəqində çap olunaraq məzmunu İsrafil bəyə və həmkarlarına polyak dilində tərcümə edilir və yalnız bu iltizam vərəqini imzaladıqdan sonra onlar gestapodan buraxılırlar. Suvalki şəhərinə gələn zabitlər dairə polis rəisinə müraciət edərək Varşavaya getmək üçün alman dilində şəhadətnamə və müvafiq sənədlər alırlar. İsrafil bəyin şəhadətnaməsində onun Polşa ordusunun keçmiş polkovniki olduğu və daimi yaşayış yeri kimi Varşavaya getdiyi polis rəisinin imzası ilə təsdiq olunur. Bu sənədləri aldıqdan sonra hər dörd zabit Varşava yollanır.

Varşavada

Gestapoda öz üzərinə hər hansı digər öhdəlik götürmədiyini, Varşavada hər 10 gündən bir qeydiyyatdan keçdiyini, bu şəhərdə gestapoya çağırılmadığı və onların heç bir əməkdaşı ilə tanış olmadığını bildirən İsrafil bəy yalnız Varşava polisində almanlara qarşı hər hansı mübarizə aparmayacağına dair bu məzmunda iltizamnamə verdiyini təsdiqləyir: “Mən, İsrafil bəy İsrafilov, Almaniya hakimiyyətinin bütün qanun və qaydalarına əməl etməyi öhdəmə götürürəm. Alman işğalçı hakimiyyətlərinə qarşı hər hansı bir hərəkətə görə mən güllələnəcəyəm”.

1945-ci il 18 oktyabrda aparılan və axşam saat 22-də başlayaraq 4 saatdan artıq davam edən dindirmə zamanı İsrafil bəy Varşavaya qayıtdıqdan sonra nə ilə məşğul olduğuna aydınlıq gətirir. 3-4 ay işləməyən, aptek mağazasının sahibi olan dostu Mosakovski tərəfindən himayə olunan İsrafil bəy Varşavada təsadüfən Alşibay adlı mühacir tanışı ilə rastlaşır və onun köməkliyi ilə böyük bir şəxsi mülkün idarəçi-müdiri kimi işə düzəlir. Bu tanışı ilə bağlı İsrafil bəy göstərir ki, milliyyətcə gürcü, ixtisasca həkim olan Alşibayı hələ 1919-cu ildən, onun Gürcüstanın Azərbaycanda səfiri olduğu vaxtdan tanıyır, yalnız soyadını bildiyi bu adam mühacirət vaxtı Varşavada yaşayıb və “Kavkazişe fertdaunştele” təşkilatına rəhbərlik edib. Alşibayın yaratdığı bu orqanın heç də siyasi yönlü, hər hansı üzvlərdən ibarət bir təşkilat deyil, yalnız almanlarla qafqazlı mühacirlərlə arasında vasitəçilik edən və sonunculara dəstək verən bir qurum idi. Belə ki, yaşamaq üçün vəsaitsiz, işsiz qalan qafqazlı mühacirlər Alşibaya müraciət edərək özünün almanlara qarşı təxribatçı fəaliyyətlə məşğul olmayacağına dair ondan etibarlılıq haqda zəmanət ala və işə düzələ bilərdilər. Almanların etibar etdiyi bir şəxs kimi Alşibayın verdiyi zəmanət sənədi qafqazlılara alman idarələrində işləmək üçün əsas sayılırdı.

Belə bir vasitəçiliklə Varşavada əvvəlcə bir mülkün, daha sonra əsasən polyaklara məxsus 6 şəxsi binanın idarə müdiri - administratoru işləyən İsrafil bəy 1943-cü ilə qədər davam edən bu işində öz səlahiyyətlərinə daxil olan vəzifələr haqqında məlumat verir, bir daha gestapo ilə heç bir əlaqə saxlamadığını, yalnız 10 gündən bir polisdə qeydiyyatdan keçdiyini və almanlar əleyhinə heç bir mübarizə aparmadığını təkrar edir.

İstintaqın bu dövr öz tanışları, xüsusilə keçmiş Polşa ordusunun zabitləri ilə bağlı suallarını cavablandırarkən İsrafil bəy bu sıradan heç kəslə yaxın münasibətdə olmadığını, yalnız keçmiş iki həmkarı - kapitan Pekarnyak və poruçik (leytenant) Dirilno -ehtiyatda olan zabitlərlə nadir hallarda rastlaşdığını və sadəcə salamlaşdığını göstərir. Litva düşərgəsindən birliklə qaçdığı və gestapoda birgə saxlanıldığı polyak zabitləri ilə də görüşmədiyini, bu zabitlərin adlarını unutduğunu bildirəndə müstəntiq, demək olar ki, ilk dəfə İsrafil bəyin ifadəsinə etiraz edir: “İstintaq burada sizə inanmır. Əvvəlcə göstərdiyiniz kimi, onlarla düşərgədən qaçmısınız, iki ay eyni kamerada saxlanmısınız, bir yerdə azad edilmisiniz və birlikdə Varşavaya getmisiniz. Əgər bunlar həqiqətdirsə, siz onların soyadlarını bilməli idiniz. Demək, sizin ifadələriniz uydurmadır və həqiqətə uyğun deyildir”.

İsrafil bəy öz əvvəlki ifadələrini və sözü gedən zabitlərin adlarını unutduğunu bir daha təsdiq etdiyindən müstəntiq dərinə getməyərək, ümumən dindirmənin məzmununu dəyişir və bioqrafik məlumatlardan siyasi mövzulara keçir.

“Almanlar tərəfindən işğal edilmiş Varşavada polyakların hər hansı gizli vətənpərvərlik təşkilatlarının olduğundan xəbəriniz vardımı?” sualına, bura qədər demək olar ki, ifadələrini inkar üzərində quran İsrafil bəy birdən-birə müsbət cavab verir: Belə bir təşkilatın “mövcudluğu haqda konkret heç nə bilməsə də”, Varşavanın ətrafında polyak vətənpərvərlərindən ibarət hansısa təşkilatın ingilislərin köməyi ilə almanları Polşadan qovmaq məqsədilə onlara qarşı mübarizə apardığı haqda yuxarıda artıq adını çəkdiyi kapitan Pekarnyakdan və soyadlarını bilmədiyi şəxslərin söhbətlərindən xəbəri olub. Daha dəqiq deyilərsə, Pekarnyakın sözlərindən Varşavanın Xmelnoy küçəsində üsyançıların yüksək mənsəbli bir almana hücum edib onu döydüklərini eşidib və bunun üsyançıların işi olduğu qənaətinə gəlib.

Müstəntiq bu ifadələrdəki ziddiyyətlərə - müttəhimin əvvəlcə Pekarnyakla demək olar ki, nadir hallarda, ötəri görüşdükləri və yalnız salamlaşdıqları, indi isə birdən-birə belə bir mövzuda söhbət etdiklərinə diqqət çəkəndə İsrafil bəy, sanki söylədiklərini yenidən danmalı olur, Pekarnyakla bu söhbətə əhəmiyyət vermədiyini, başqa heç kimlə bu mövzuda danışmadığını bildirir. Pekarnyakın özünün həmin üsyançılar dəstəsinin üzvü olması ehtimalına İsrafil bəy - “bilmirəm, maraqlanmamışam, onunla bu haqda danışmamışam, əgər üsyançılara qoşulsaydı belə, mənə deməzdi... Onunla o həddə yaxın deyildik, buna görə də mənə heç nə deməyib” kimi cavablar verir.

Bundan sonra İsrafil bəy İsrafilov üçün istintaqın, yəqin ki, ən həssas və dramatik məqamı başlayır. Dindirmənin bu hissəsi müstəntiqin suallarının qoyuluşu və məntiqi, İsrafil bəyin cavablarının isə əvvəlki qısa, yığcam, təsdiq, ya inkar formasından çıxaraq emosional həddə qalxması və ilk dəfə daxili psixoloji durumunu ifadə etməsi baxımından çox maraqlı və təsirlidir. Odur ki, bu dialoqu olduğu kimi izləyək:

 “Sual: Siz özünüzü hansı ölkənin, hansı dövlətin vətənpərvəri (patriotu) sayırsınız?

Cavab: Mən özünü Polşanın vətənpərvəri sayıram, belə ki, Polşada mən 20 ildən çox yaşamışam, Polşa mənə hər şey verib - təhsil, cəmiyyətdə yaxşı mövqe, o cəmiyyətdə ki, hamı mənə çox hörmət edirdi. Burada mənim dəlicəsinə sevdiyim ailəm vardı.

Sual: Siz, Polşa vətənpərvəri kimi, alman qəsbkarları ilə mübarizə aparan Polşa vətənpərvərlərinə qoşulmuşdunuzmu?

Cavab: Xeyr. Qoşulmamışam və onları dəstəkləmirdim.

Sual: Nə üçün?

Cavab: Mən üsyançılara qoşulmur, dəstəkləmir və almanlara heç bir müqavimət göstərmirdim, yalnız ona görə ki, almanların bütün əmrlərini vicdanla yerinə yetirəcəyim və onlara hər hansı zərər vurmayacağım barədə öhdəlik götürmüşdüm.

Sual: Demək, siz Polşada almanların hökmranlıq etdiyi kimi bir vəziyyətlə barışmışdınız?

Cavab: Bəli, mən bu vəziyyətlə barışmışdım, çünki çox ağır mənəvi durumum vardı, ən başlıcası isə almanlara yazılı öhdəlik-iltizam vermişdim ki, onlara heç bir zərər vurmayacağam”.

 

Müstəntiq, qvardiya mayoru A.Çernıx tərəfindən 1945-ci il 18 oktyabrda saat 22-də başlayan dindirmə oktyabrın 19-da gecə saat 02.30 dəqiqədə bu hissədə saxlanılır, bir neçə saatdan sonra - 19 oktyabr saat 10.45 dəqiqədə qaldığı yerdən yenidən davam etdirilir.

“Sual: Sizə nə əzab verirdi? Almanlar qarşısında götürdüyünüz öhdəlikmi?

Cavab: Mənə əzab verən düşdüyüm vəziyyət idi. Mən almanların Polşanı işğalı zamanı cəmiyyətdəki bütün imtiyazlarımdan məhrum olmuşdum. Almanlar gələnə qədər mən polkovnik idim. Polşada böyük hörmətim vardı, tamamilə təminatlı idim. Almanların vaxtında isə bütün bunlardan məhrum oldum və şəxsi mülklərin idarəçisi işləmək məcburiyyətində qaldım. Bu, mənə dəhşətli dərəcədə əzab verirdi. Bundan başqa, Litvada hərbi əsirlər üçün düşərgədə, oradan qaçarkən və gestaponun həbsxanasında çəkdiyim iztirablar məni hədsiz narahat edirdi.

Sual: Elə isə, bir Polşa vətənpərvəri kimi, necə ki, özünüzü belə hesab edirsiniz, bütün bu vəziyyət sizdə almanlara qarşı düşmənçilik hissləri, nifrət doğurmalı idi, daha onlara tabeçilik hissləri yox...

Cavab: Bəli, tamamilə doğrudur.

Sual: Bəs onda siz niyə onlarla barışdınız? Niyə almanlarla mübarizə eləmədiniz?

Cavab: Məni buna həbsdən azad olduqdan sonra almanlara verdiyim öhdəlik borclu edirdi və mən almanlara qarşı hər hansı bir hərəkət etməyə özümdə güc tapmırdım...”

 

Qeyd olunmalıdır ki, verdiyi ifadələrin düzgün yazıldığının təsdiqi kimi İsrafil bəy dindirmə protokollarını bir qayda olaraq hər vərəqin sonunda imzaladığı halda, polşalıların almanlara qarşı gizli müqavimət hərəkatına dair verilən ifadələrdə artıq onun hər cavabı qarşısında imzası qoyulur. Bu məqam İsrafil bəyin söylədiklərinin özü tərəfindən sonralar inkar edilmək ehtimalını aradan qaldırmaqla yanaşı, həmin ifadələrin istintaq üçün də xüsusi əhəmiyyət daşıdığının göstəricisi idi. Dindirdiyi şəxsin nə üçün almanlara qarşı döyüşmədiyinə dair başqa səbəblər göstərməsinə nail olmayan müstəntiq Çernıx dindirmənin mövzusunu dəyişir. Bütün xoşbəxt həyatını pozmuş, onu ağır iztirablara məruz qoymuş almanlara qarşı vuruşmağa “özündə güc tapmayan” müttəhimə: - “Siz alman ordusunda xidmət etmisiniz?” - sualını verir və - “Bəli, xidmət etmişəm, polkovnik rütbəsində” - cavabını alır. Buradan İsrafil bəy İsrafilovun mühacirət həyatının Almaniya dövrünə dair ifadələri başlayır. Lakin bu sonuncu mərhələyə keçməzdən əvvəl İsrafil bəyin hələ Polşadakı həyatının bir sıra çox mühüm səhifələrinə diqqət yetirək.

İsrafil bəy İsrafilovun ailəsi

1892-ci ildə Gəncə (Elizavetpol, Kirovabad) şəhərində kəndli (qolçomaq, iri təsərrüfat sahibi) ailəsində doğulmuş İsrafil bəy Məhəmməd Nəbi oğlu İsrafilovun 1945-ci il 9 oktyabr tarixində açılan istintaq işinin ilk günlər ard-arda aparılan dindirmə protokollarında onun bioqrafiyası - doğulduğu tarix, yer, valideynləri, bacı-qardaşları, mənsub olduğu sosial təbəqə, ailəsinin mülkiyyəti və sair haqqında məlumatlar bir neçə dəfə təkrarlanır.

İstintaq işindəki “Həbs olunmuş şəxsin anketi” formasının “Ailə tərkibi” bölməsində İsrafil bəy atasının 1929-cu ildə vəfat etdiyi, anasının vəfat tarixini bilmədiyi qeyd olunur.

Bacı və qardaşları haqqında bölmədə dörd qardaşının adı çəkilir: İsrafilov Hidayət - 38 yaş, doğum yeri - Azərbaycan, yaşadığı yer - Varşava, Polşa; İsrafilov Fərhad - 32 yaş, Seyfəli kəndi, Azərbaycan SSR; İsrafilov Şəmşad - 30 yaş, Seyfəli kəndi, Azərbaycan SSR; İsrafilov Bəhram - 27 yaş Seyfəli kəndi, Azərbaycan SSR;

İsrafil bəyin Gəncədəki ailəsi, daha çox atası ilə bağlı məlumatlar, demək olar ki, dindirmə protokollarında da çox cüzi dəyişikliklər və əlavələrlə təkrar olunur. Məsələn, Gəncə yaxınlığında Seyfəli kəndində yaşayan atası Məhəmməd Nəbinin iri təsərrüfat sahibi olduğu, təsərrüfatında 10 baş iribuynuzlu mal-qara, 10-a yaxın at və sair saxlanıldığı, muzdlu fəhlələr işlətdiyi göstərilir. SSRİ-də yaşayan qohumları haqqında suala İsrafil bəy belə bir qohumlarının olmadığı, mühacirətə getdikdən sonra atası ilə əlaqəsinin kəsildiyi və onun yəqin ki, artıq vəfat etdiyi kimi cavablar verir. Bu zaman 1931-ci ildən Varşavaya gəlmiş və mühacir həyatı yaşayan qardaşı Hidayət İsrafilovun adını çəkmir.

İ.İsrafilovun Bakıda doldurulmuş həmin anket məlumatlarında onun həbsdə çəkilmiş şəkli ilə bərabər, sözlə yazılmış portreti də verilir: boy - orta (165 sm); bədən quruluşu - orta; çiyinlər - üfüqi; boyun - qısa; saçların rəngi - çal düşmüş; gözlərin rəngi - boz; sifət - dairəvi; alın - hündür; qaşlar - qövsvari; burun - böyük; ağız - kiçik; dodaqlar - qalın; çənə - çıxıntılı; qulaqlar - iri. Xüsusi əlamətlər - sağ əlində şəhadət barmağı sınıqdır.

Lakin İsrafil bəyin ailəsi ilə bağlı indiyədək naməlum və ən yeni faktlar onun Polşadakı şəxsi həyatına aiddir. Belə ki, bu tarixi şəxsiyyət haqqında bütün açıq ədəbiyyatda yazılanlara, o cümlədən, yaxın qohumları, qardaşları, onların uşaqları və nəvələrinin şəhadətinə görə, İsrafil bəy heç vaxt evli olmayıb. Şəxsi həyatı ilə bağlı bütün məlumatlarda o, “subay” kimi qeyd olunur.

Lakin İsrafil bəyin istintaq işindəki anket formasının “Ailə tərkibi” səhifəsindəki “Arvadı” bölümündə yazılıb: “1937-ci ildə vəfat edib”. Həmin səhifənin “Uşaqları” bölümündə isə bu məlumat verilir: “İsrafil bəy Hidayət; Anadan olduğu il - 1932; anadan olduğu yer - Varşava şəhəri, Polşa”.

“Həbs olunmuş şəxsin anketi” formasının başındakı təlimatda göstərilir ki: “Formanın doldurulması üçün onun həbs edilmiş şəxsə verilməsi qadağandır. Həbs edilən şəxsin sözlərindən doldurularaq sənədlərlə yoxlanılır”. Aydındır ki, həbs olunduğu vaxt üzərində hər hansı sənədlər olmadığından İsrafil bəyin bioqrafiyasının bir çox detalları ilə yanaşı, ailə vəziyyətinə dair məlumatlar da yalnız onun öz dilindən yazıla bilərdi. Odur ki, yuxarıdakı anket məlumatlarını şübhə, yaxud sual altına almağa əsas yoxdur. Həmçinin, onun Varşavada ailəli, xüsusilə övladı olduğuna dair məlumatlar dindirmə protokollarında da bir neçə dəfə təsdiq olunur. Məsələn, 1945-ci il 13 oktyabr tarixində Qərbi Sibir Hərbi Dairəsi “Smerş” əks-kəşfiyyat bölməsinin müstəntiqi leytenant Ratanovun apardığı dindirmə protokolunun “Ailə tərkibi” qrafasında yazılıb: “oğlu, İsrafil bəy Hidayət, 1933-cü ildə anadan olub, Polşada, Varşavada yaşayıb”.

Beləliklə, İsrafil bəyin 1932/1933-cü ildə Varşavada oğlunun dünyaya gəldiyini və ona öz adını verdiyini əminliklə söyləmək olar. Onun Polşada evli olduğu müstəntiq A.Çernıx tərəfindən 1945-ci il 18-19 oktyabr tarixlərində aparılan dindirmə protokolunda Polşada həyatına dair verdiyi ifadələrdə - “Burada mənim dəlicəsinə sevdiyim ailəm vardı” cümləsi ilə də bir daha təsdiqini tapır.

Əlimizdə olan istintaq materiallarında İsrafil bəyin izdivacda olduğu qadının adı çəkilmir, həyat yoldaşı ilə bağlı suallara da rast gəlinmir. Mümkündür ki, bu məqam istintaq işinin anket formasında onun xanımının 1937-ci ildə vəfat etdiyi barədə məlumatla bağlıdır. Lakin dindirmələrin birində İsrafil bəy öz şəxsi həyatı ilə bağlı çox maraqlı açıqlamalar verir ki, buradan da onun xanımının kim olduğu barədə ehtimal yürütmək mümkündür.

1945-ci il 17 oktyabr tarixli protokoldan müstəntiq A.Çernıxın: “Polşa Baş Qərargahının Hərbi Akademiyasına “kimin himayəsi ilə daxil oldunuz?” - sualına İsrafil bəyin verilən cavabdan onun bu qərarının şəxsi motivlərlə bağlı olduğu aydınlaşır: “Mən... Kaliş şəhərində yerləşən 29-cu polka təyin olunduğum vaxt istirahət saatlarında, bayram günlərində, digər imkanlar daxilində tez-tez Varşavaya gedirdim. Burada mən Fatimə Bayraşevski ilə tanış oldum. Onun atası çar ordusunun istefada olan polkovniki idi. Onlar Slomniki şəhərində yaşayırdılar, amma tez-tez Varşavaya, qohumlarının yanına gəlirdilər. Bu tanışlıq 1929-cu ilə kimi davam etdi. Mənim Bayraşevski ilə evlənmək niyyətim vardı. Amma o, mənim qarşıma şərtlər qoydu. Cəmiyyətdə müəyyən statusa malik olmaq üçün mən Polşa Baş Qərargahının Akademiyasını bitirməli, Polşa vətəndaşlığını qəbul etməliyəm. Mən Bayraşevskini itirmək istəmədiyim üçün onun tələblərinə əməl etdim və 1926-cı ilin avqustunda Akademiyaya dinləyici qismində qəbul olundum”. İstintaqın Fatimə Bayraşevskinin atası haqqında sualına aydınlıq gətirən İsrafil bəy bildirir ki, Məhəmməd (Matvey) Bayraşevski çar Rusiyası ordusunda polkovnik rütbəsində qoşunların hərəkəti üzrə hissələrdə işləyib. Polşa ordusunda da elə bu vəzifədə xidmət etmişdi, son zamanlar istefaya çıxıb. Heç bir siyasi partiyaya, ya inqilabi cərəyanlara mənsub olmayıb və heç vaxt da qoşulmayıb.

İsrafil bəy 1929-cu ildə hərbi Akademiyanı bitirdikdən sonra Polşa təbəəliyini qəbul etmək qərarını da əsasən evlənmək arzusu ilə əsaslandırır. Polşa vətəndaşlığına keçmək üçün o zaman yaşadığı Praqa şəhərinin başçısına yazdığı ərizədə artıq tələb olunan 5 ildən artıq müddətdə bu ölkədə yaşadığını, Polşa Baş Qərargah Akademiyasını bitirdiyini və Polşa təbəəsi olan vətəndaşla evlənmək istədiyini göstərib və bir həftədən sonra Polşa pasportu alıb.

Sonrakı dindirmə protokollarında İsrafil bəyin şəxsi həyatı ilə bağlı hər hansı əlavə məlumatlar rast gəlinmir. Amma artıq bu sənədlər və faktlar İsrafil bəy İsrafilovun həyatının indiyədək naməlum qalan, əslində təhrif olunan səhifələrinə yenidən baxılması, həqiqətin aydınlaşdırılması üçün kifayət qədər əsas verir ki, bu axtarışlar, təbii ki, davam etdiriləcək.

 

(Ardı var)

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru, professor

525-ci qəzet .-2024.- 25 sentyabr (¹ 175).- S.12-13