GÜNƏŞ
NİYƏ QIZMARDIR?
O vaxt hamısı cavan idi, sabahlara ümidlərlə,
qaynar həvəslə dolu idilər. Güney Azərbaycanından
olanlar da, Quzeydən gələnlər də. Həbib Sahir
Bakıdan buralara qardaş köməkləri göstərməkçün
təşrif gətirmiş qələm qardaşları ilə
tezliklə isinişmişdi, aralarında səmimi dostluq
münasibətləri yaranmışdı. Bütün bunlar
hələ Milli Hökumət bayrağını
qaldırmazdan öncə olmuşdu.
Ancaq həmin əziz bayrağın dikəlməsinin,
Təbrizin səhərlərinin milli sürudla
açılmasının çox səbəbləri
arasında əli qələmli, ürəyi sözlü
otaylı-butaylı qardaşların ürək birliyinin,
bir-birləri ilə isinişərək təzə güc
qazanmalarının təsiri az olmamışdı.
1946-cı il may ayının 16-da Fəthi
Xoşginabinin redaktorluğu ilə "Azərbaycan" qəzetinin
növbəti sayı işıq üzü
görmüşdü və orada Həbib Sahirin "Mətbuat
üfüqümüzdə yeni bir ulduz" adlı məqaləsi
dərc edilmişdi. Yenicə nəşrə
başlamış "Mədəniyyət" qəzetinin gəlişini
sevinclə qarşılayan Sahir təzə nəşrin belə
cazibədar alınmasında münbit Bakı təsirini
görürdü və köhnə dostları yada
salırdı. Ənvər Məmmədxanlını sadəcə
"Ənvər" yazırdı, Cəfər Xəndanı
eləcə "Xəndan" kimi verirdi və bu, səbəbsiz
deyildi. Yaddaş hələ təzə idi, neçə aylar
öncə o imzalar Təbriz nəşrlərində tez-tez
görünərdi, onlar Güneydəki ədəbi-mədəni
mühitin bir parçası idilər və ona görə də
indi birinin adını, o birinin təxəllüsünü
görüncə oxucuların çoxu dərhal bilirdi ki,
söhbət kimdən gedir. İndi üstündən iri zaman
parçası sovuşandan, nəsillər dəyişəndən
sonra gərək hökmən izahat verəsən ki, bunlar kimlərdir,
o günlər nə günlərmiş.
Günlərsə hər halda çox gözəl, hər
sabahı təzə uğurlar vəd edən bəxtiyar
günlərmiş.
O məqaləsində Sahir belə fərəhlənirdi:
"Neçə gün əvvəl qızıl xətlə
müzəyyən olan "Mədəniyyət" qəzeti əlimə
keçdi. Mən onu çox şövq və maraqla oxudum.
Onda olan məhəbbət rəngi və tanış səslər
məni mütəəssir etdi. "Mədəniyyət"
qəzeti bizim milli mətbuat üfüqümüzdə
parlayan yeni bir ulduzdur. Bu ulduz gülüstanın qaranlıq pərdələri
arxasından boylansa da, bir qəmər kimi nurunu uzaqlardan,
başqa bir münəvvər mühitdən kəsb edir. Belə
ki, onda hələ Ənvərin həssas qələmindən
tökülən incilər görünür. O qəzetdə
hələ də Xəndanın səsi, Səməd
Vurğun dünyasının ahəngi duyulur.
"Mədəniyyət" qəzeti bizim sevimli
dostlarımızın köməyi sayəsində nəşr
olunan gözəl və bədii bir əsərdir. Bu əsər
xüsusilə gənclər üçün qiymətli bir
töhfə və böyüklər üçün də
diqqətəlayiq bir məcmuədir. Xülasə, "Mədəniyyət"
hər cəhətdən cəlbedici və gözəl bir nəşrdir.
Biz bu qəzetin davamını arzu edib və onun təsisçiləri
üçün də uğur diləyirik".
Artıq yaşanılıb ötmüş tarixi dəyişmək
mümkünsüzdür. Zaman maşınımız hələ
yoxdur ("hələ"ni bu cümləyə hər
ehtimala qarşı artırıram. Dünyanın işlərini
nə bilmək olur, bəlkə haçansa yarandı?),
keçmişdən gələcəyə, gələcəkdən
keçmişə qayıdışlar "sehrli
xalat"larla baş verə bilir. Ancaq bunu bilə-bilə həmişə
milli tariximizin bir neçə hadisəsinə təəssüflənmişəm
ki, tutalım, bolşevizm onsuz da gələcəkdisə,
heç olmazsa on-on beş il sonra gələydi və
görün o halda Bakı, Azərbaycan necə bir hüsn
alardı, necə tikilib bitkinləşər, göyçəkləşərdi,
qazandığımız o müstəqillik iki ilə
yaxın deyil, iki o qədər uzansaydı, Vətən necə
Vətən olardı, vətəndaşımız necə vətəndaş
olardı. Və ya Güney Azərbaycandakı Milli Hökumət
45-in 21 Azərindən 46-nın 21 Azərinədək deyil,
daha çox illər uzansaydı, millətin düşüncəsi
və taleyi hansı zirvələri fəth edərdi?
İndi həmin qəliblə bunu da fikirləşirəm
ki, tutalım, elə Sahirin nubar sayını görüb riqqətə
gəldiyi bircə bu "Mədəniyyət" qəzetinin
özü illərlə nəşr edilərək Təbrizin,
Ərdəbilin, Zəncanın, Urmiyanın küçələrindəki
köşklərdə satılsaydı, abunəçilərə
evlərə çatdırılsaydı, o qəzeti oxuya-oxuya
böyüyən, həmin qəzetdə dərc edilənlərin
yaratdığı mühitdə tərbiyə alanlar necə
fərqli insanlar olardılar, belə-belə təməllərin
üzərində hansı ucalıqlara qalxmış
olardıq!
Əlbəttə, olanımıza şükür,
amma röya kimi düşündüyümüz bütün
bunlar ola da bilərdi axı!
Sahirin bu yazısı isə "Azərbaycan"da
daha əvvəl - 1946-cı il fevralın 1-də dərc
edilmişdi. Vur-tut ay yarımdı ki, Güney səadətə
qovuşmuşdu, böyük yol başlanırdı, Pişəvəri
və ardıcılları iş başında idilər,
onların xəyallarında qurduqları və gerçəkləşdirəcəklərinə
də candan əmin olduqları bir-birindən parlaq niyyətlər
aşıb-daşırdı, hər yeni gün
onlarçün quruculuq romantikası ilə
çağlayırdı. Şair Sahir də bütün
varlığıyla, ruhuyla həmin dalğaya köklənmişdi
və bu məqaləsi də həm o çağacan, həm
də ümumən sonrakı bütün ömrü boyu da
onu qayğılandıran əsas məsələ barədə
idi. "Öz dilimiz" adlı bu yazısında şair əvvəlcə
gözəl dilimizi vəsf etdikdən sonra bu ən ali dəyərimizə
xor baxanlara tənə vurur, indiyədək ana dilimizin tədris
edilməməsi ucbatından yaranan sıxıntıların
üstünə gəlir, bu müşkülün
mümkün həll yollarından söz açır: "Azəri
son dərəcə fəsahətli və melodik bir dildir. Bu
dil əsrlərdən bəri tərk edilməsinə
baxmayaraq, yenə də öz orijinallığını və
zənginliyini qoruyub saxlamışdır. Azəri dilinə bələd
olmayanlar onun nə qədər gözəl və ritmik ədəbiyyata
və elm üçün münasib olduğunu da bilməzlər!
Bizim yenicə bu dillə (öz dilləri ilə) tanış
olan vətəndaşlarımız unutmamalıdırlar ki, azəri
dili yoxsul və qaydasız bir dil deyil. Bu ləhcədə
poetik xalq ədəbiyyatı, mahnılar və əfsanələr
mövcuddur. Biz bu gün çətin bir vəziyyətdəyik.
Yalnız şair və ədiblərimiz vasitəsilə bu
günə qədər tərk edilmiş ana dilimizi bərpa
edə və yaya bilmərik. Gərək şahsevən ellərindən,
əfşarlardan və başqa Azərbaycan kəndlilərindən
gözəl və ali bir dil yaratmaq üçün yardım
diləyək. Bizim bu günə qədər yabançı
bir dillə oxuyub yazan, lakin öz ailələri və həmşəhərliləri
ilə azəri dilində danışan ziyalılarımız
təsdiq etməlidirlər ki, öz ana dillərini o qədər
də gözəl və düzgün yaza bilmir və azəri
dilinin qrammatikasına da bələd deyillər. Onlar bir
çox unudulan söz və terminlərə mətbuatımızda
rast gəlirkən başa düşməyib etiraz edirlər
ki, "bizim dildə bu kimi sözlər və terminlər
yoxdur". Buna görə mən vətəndaşlarımızın
zehnini aydınlatmaq üçün fürsət tapdıqca
öz zəngin dilimizin kəndlilər və hətta
uşaqlarımız arasında işlənən bir çox
sözləri və terminləri onlar üçün
yazıb və o sözlərin şərhini verməklə əslən
azəri sözü olduğunu sübut etməyə
çalışacağam. Azəri ləhcəsində
işlənən fəsahətli və aydın ali sözlər
və terminlər çoxdur. Ancaq bir dil də xalqın dilində
işlənən sözlər və ifadələr vasitəsilə
zənginləşir, böyüyür və ədəbiləşir.
Biz bu məqalədə və başqa məqalələrdə
yeri gəldikcə azəri dilində işlənən
sözlərə və ifadələrə işarə edəcəyik".
Və Sahir vədinə əməl edir. Sonra qəzetin
bir neçə sayında onun el dilində işlənən
sözlərimizin şərhlərlə təqdimindən ibarət
yazıları yer alır.
Ümumən Sahir 1945-1946-cı illərdə "Azərbaycan"ın
ən fəal müxbirləri sırasındadır, onun
imzası Firidun İbrahimi, İsmail Şəms, Abbas Pənahi,
Əhməd Musəvi, Əli Fitrət, Mir Mehdi Etimad, Mehdi
Çavuşi, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Məhəmmədəli
Fərzanə... kimi qəzetin səhifələrindən
düşmür. Sahirin həmin dövrdə dərc edilən
məqalələri arasında Güneyin coğrafiyasına və
tarixinə həsr edilən (bu sıralanmada
"coğrafiya"nı irəli çıxarmağım səbəbsiz
deyil. İxtisasca coğrafiyaşünas olan Həbib Sahirə
Milli Hökumətin Maarif Nazirliyi məktəblər
üçün coğrafiya dərsliklərini yazmağı
həvalə etmişdi) tanıtma səciyyəli silsilə
yazılarının məxsusi yeri var. Bu kiçik məqalələrinin
hər birində Sahir Güneyin xəritəsini cızır,
gah göz qabağındakı Təbrizi xalqa dünənindəki
və bugünündəki görünməyən
iftixarlı tərəfləri ilə təqdim edir ("Azərbaycan"
qəzeti, ¹103, 17 yanvar 1946. "Təbriz 13-cü əsr
miladidə"), gah Əfşar dağlarında
çayların heyranedici qovuşmasından bəhs edir
("Azərbaycan" qəzeti, ¹104, 18 yanvar 1946. "Azərbaycanın
təbii gözəllikləri"), gah "bol taxılı, bağı,
balı, mal-davarı Azərbaycan üçün tükənməz
təbii xəzinə sayılan" Həştrudun tərifini
edir ("Azərbaycan" qəzeti, ¹105, 20 yanvar 1946.
"Ölkəmizi öyrənək: Azərbaycanın
gözəllikləri"), gah Səfəvilər dönəmində
yaradılmış mədəniyyət incilərimizdən
oxucusunu agah etməkçün qələminin "yolunu"
İstanbul sarı çevirir, Topqapı muzeyində qorunan,
Hindistanın qiymətli ağaclarından
ustalarımızın yonduğu, zərif ipəyə
sarılmış və cavahiratla bəzədilmiş
"Şah İsmayıl taxtı"ndan, həmin taxtın
yanında asılmış, yenə də Səfəvilərdən
yadigar qalan, onyeddinci əsrdə toxunanlar arasında "bəlkə
də ən gözəl və ən zərif"
adlandırdığı xalıdan söz açır
("Azərbaycan" qəzeti, ¹107, 22 yanvar 1946. "Şah
İsmayıl dövrünün yadigarları"), gah
Güneyin ayrı bir sərvəti - Səlmas, Urmiya və Sulduzdan
başlayıb Mahabad, Miyandoab və Marağaya qədər
uzanan, Marağadan Səhəndin qərb ətəklərinəcən
gələn, Xosrovşah, Sərdrudda genişlənən,
sonra da Təbrizdə Acı çayın mənsəbindən
tutub Basmıncın dərəsinə qədər irəliləyən
meyvə bağları haqqında təfərrüatlı bilgi
verir ("Azərbaycan" qəzeti,
¹113, 30 yanvar 1946. "Azərbaycanın meyvə
bağları"), gah xalqı iqtisadi çətinliklərdən
qurtarmaq üçün Milli Hökumətin tutmalı
olduğu vacib istiqamətlərdən birinə - Güneydə
sənayeləşdirməni sürətlə inkişaf etdirməyin
əsas mənbələrindən ola biləcək mədənlərə
yönəldir, Talış, Ərdəbil, Əhər ətrafında,
Sufiyandakı neft, Təbriz şəhərinin Sarıdağ və
Bağmeşə civarında, Miyanada, "Qaliçə
bulaq"da, Marağada bolluca daş kömür, Əhərdə,
Səngintəpədə, Həsənabadda zəngin dəmir
yataqlarının istismarına başlanmasına
çağırır ("Azərbaycan" qəzeti, ¹117, 4
fevral 1946. "Azərbaycanın təbii zənginlikəri - mədənlər"),
gah Araz çayı ilə Savalan ətəkləri
arasında əski zamanlardan bəri köçəri
halında yaşayan şahsevənlərin tariximizdəki
yerindən, onların zəhmətkeşliyi,
çalışqanlığı, cəsurluğu, Azərbaycana
unudulmaz xidmətlərindən yazır ("Azərbaycan"
qəzeti, ¹167, 8 aprel 1946. "Şahsevənlər və
Savalan"), gah da əsl sadiq vətənpərvərə xas
nəvazişlə bağ-bağçamızın, meşəmizin-ormanımızın
qeydinə qalaraq şah hökumətinin "Azərbaycanı
susuz və ağacsız bir səhraya, quru çöllərlə
əhatə olunmuş bir biyabana çevirmək istədiyini,
bu yolla azərbaycanlıları yoxsulluq və ehtiyac oduna
yandırıb onların ocaqlarını söndürməyə"
cəhd etdiyini, Qaradağın qalın meşələrini insafsızcasına
kəsdirdiyini, Zəncan nahiyəsində gözəl
çaylar boyunca geniş ormanları qurutduğunu, Təbrizin
tarixi Şimal bağını aradan
götürdüyünü ürək ağrısı ilə
vurğulayır, xalqına canı yanan Milli Hökumətin
iradəsiylə ağaclıqların olmadığı
bütün xiyabanlarda ağacların əkilməsini
alqışlayır, amma şəhər idarəsini bəri
başdan əkilmişləri hifz etməyə,
ağacların qurumaması üçün çarələr
düşünməyə çağırırdı və
qəfilcə qələminin səmtini mədəniyyət,
maarif tərəfə çevirərək ağac əkib-becərməyin
mahiyyətcə bu sahələrlə bilavasitə
bağlı olmasını qabardırdı: "Maarif Nazirliyi
hər mədəni ölkədə olduğu kimi,
tehranlıların əliylə quru çölə
dönmüş məktəblərimizdə ağaclıqlar
salmaqla məktəblilərimizin mühitini yaşıl pərdələrlə
örtsün. Çünki ağaclı, çəmənzar
və meşəlik bir mühitin məktəbliləri
zövq və sənət sahibi olurlar. Yalnız zövq və
sənət sahibləri böyük və mədəni millətlər
yarada bilərlər" ("Azərbaycan" qəzeti, ¹172,
14 aprel 1946. "Ağac və ağaclıqlar").
Həbib Sahirin bu vətən və xalq sevdalı
yazıları qələmə aldığı, sevimli
"Azərbaycan" qəzetinin səhifələrində
hamınınkılaşdırdığı günlərdən
ötən vaxt çox uzundur - hətta təqvimdəkindən
də qat-qat uzun. Ancaq onu o vaxt
düşündürmüş mətləblərin
çoxu bu gün də elə dünənki
mühümlüyü ilə ortadadır. O zaman Sahir "Azərbaycan"da
öz xatirə dəftərlərindən
köçürdüyü, təqribən otuz
yaşındaykən yazdığı "Gələcəyəm"
adlı şeirini də çap etdirmişdi ("Azərbaycan"
qəzeti, ¹167, 8 aprel 1946) və xiffətli şeirdə belə
misralar da vardı:
Tozlu, qəmli mühitlərdən qaçıb bir
gün gələ bilsəm,
Sarı güllər yetişdirən gözəl Zəncan
yaylaqları, sizə sarı!
Qızıl sular üstə yaşıl kölgə
salan söyüdlüklər
Arasında bir kölgətək sizə tərəf
ötüb gəlsəm bir sübhdəm,
Ey çay kənarında düşüb sakit qalan
qara daşlar,
İlk baharda çiçəklənən Sultaniyyə
çəmənləri, görsəz məni,
Tanımazsız bir də məni, əmin olun... mən
deyiləm,
On il əvvəl gördüyünüz şən
ürəkli olan şair, gülən Sahir...
Ey "Kərəfs"in dağ bulağı,
"Qara quş"un meşəliyi,
Ey "Sucas"ın altun rəngi dalğalanan əkinləri,
gəlinləri,
Allı-pullu gənc qızları, unutdunuz nə tez məni?
Ayrı saldı bu kor dünya məni sizdən,
sizi məndən, gül-çəməndən...
Bir də bilməm, içəcəyəm firuzə rəng
qədəhlərdə,
Yazın bayğın səhərində axıb gələn
uzaqlardan - bulaqlardan?
...Tozlu, çirkin mühitlərdən qaçıb
bir gün gələcəyəm
Bir yaz günü səhər tezdən, ey
Çaroymaq baxçaları, sizə sarı...
Sizin mavi pərdənizdə xəyalımın
sönən rəngin
Yollar üstə öz kölgəmin izlərini
arayaraq, ey Çaroymaq!
Gələcəyəm sənə sarı yara-yara əkinləri...
Göz önünə gətirin hərəsi bir
Günəş bənzərli, səmaya boylanan günəbaxanların,
yaşıllana-yaşıllana səliqə ilə
sıralanan qarğıdalıların tarlasını yara-yara
bizə doğru irəliləyən cavan Həbib Sahiri.
Şeirinin içərisində bir az naümidliklə
"gələ bilsəm" deyirdisə də, şeirin
adını inamla "Gələcəyəm" qoymuşdu
və əlbəttə ki, gəlib çatıb,
bugünün içərisindədir, heç indidə
qalmayıb yolunu sabaha doğru da davam etdirməkdədir.
"Azərbaycan"dakı sədası kəsilməyən,
bu gün də gərəkliliyini itirməyən yurd və
xalq eşqli, daha firavan və məsud gələcək arzulu
yazılarının, şeirlərinin hər biri bunun
danılmaz sübutudur!
...Həmidlə yenə dünənlərdəydik,
atasını anırdı, söhbətimizin axarı tez-tez dəyişirdi,
ancaq zahirən pərakəndə kimi görünən bu
xatirələrin hər biri Həbib Sahiri mənə daha
yaxın çəkir, daha aydın göstərirdi. Deyir, Həbib
Sahir elə gözəl bilirdi ki, bütün fransız ədiblərinin
əsərlərini elə öz dillərində oxuyurdu. Həmid
bunu da dəqiqləşdirir: Sahir İranda ilk qələm
sahibidir ki, Fransanın şair və
yazıçılarının əsərlərini farscaya tərcümə
edirdi.
Həmid atasının ilk şeirlərindən Sahirin
öz dilindən danışır. Bunlar elə həqiqətlərdir
ki, onları yalnız elə oğul bilə bilər: "Atam
deyirdi ki, 12 yaşında aşiqanə şeirlər deyərdim.
Yəni o cür çoxlu şeirləri mənim anama deyib.
Bunların bir-birinə uzaq qohumluqları vardı. Anam gözəl
qadın idi, atam da ona uşaqlıqdan vurğunmuş, buna elə
uzaqdan-uzağa aşiqanə şeirlər yazarmış. Yəni
təbi kiçik yaşlarından varmış. Ancaq
Türkiyəyə gedəndən, orada böyük söz
ustalarıyla ünsiyyətə girəndən, Cəlal Sahir
iləsə lap yaxın olandan sonra şair kimi yetişir.
Günlərin birində Cəlal Sahirin yanına xahişlə
gedir, izin istəyir ki, onun soyadını özünə
şairlik təxəllüsü götürsün. Ustadı
hesab elədiyi Cəlal Sahir icazəni verir və Mir Həbib
Mir Qəvam o gündən dönüb olur Həbib Sahir".
Həbib Sahirin yorğun, sanki illərin yükü
belini əymiş təsiri oyadan duyğulu səsində daha
bir şeirini dinləyirəm, qüssələnirəm, amma həm
də bu üslubu Güney şeirimizin ümumi mənzərəsi
qoynunda təsəvvür edərək bu tərzin vaxtına
görə irəliçiliyinə,
çağdaşlığına, ədəbi dil sarıdan
kəsirləri çox olan Güney poeziyamıza onillər
öncə saf yaz havası gətirərək mühiti və
ruhları necə təzələyə bilməsinə,
"bu sayaq da yazmaq olarmış" ovqatını yarada
bildiyinə görə qürrələnirəm.
Ağlayın, qumrular, bahar sovuşdu,
Məxməri güllərin zamanı getdi.
Gün başı gün çıxdı, zəmanə
döndü,
Cavanlıq dövranı yel gibi getdi.
O dəmir tanrısı yanğın salalı
Dumana büründü əlmas ulduzlar,
Cavanlar gəlmədi qanlı səfərdən
Ağlayın, a qızlar, ağlayın, qızlar!
Qaranlıqlar çöküb gecə əl verdi,
Ağlayın, çıraqlar, yurdlar boşaldı,
Yoxsulluq əritdi bir ailəni,
Süfrə başında tək bir nənə
qaldı.
Fələk yer üzünü qaranlıq
görüb
Ayın xanısını göylərdən asdı.
Sevgili gedəli gecə uzandı,
Gəlinlik aynasın qara tor basdı.
...Məhəmmədhüseyn Şəhriyarın nisbətən
cavan yaşlarında lentə alınmış şeir
oxularını da eşitmişəm. O vaxt da şeirlərini
insanı cazibəsinə salan tərzdə, hər beytdə,
misrada, hərdənsə ayrı-ayrı kəlmələrdə
vurğuları dəqiqliklə yerinə qoyaraq, misralardakı
hissiyyata səsini insanın iliyinə qədər işləyəcək
sirayətliliklə kökləyərək oxuyub. Amma
ömrünün ixtiyar çağlarında Şəhriyarın
şeir oxuması bir ayrı aləmdir. Əvvələn, illərin
elə şairin vücudu kimi qocaltdığı səsində
məhrəmlik, istilik, doğmalıq artıb, cavan
çağlarında sözlərdəki mənalara
müvafiq olaraq Şəhriyar səsini özü idarə edərək
onlara uyğunlaşdırırdısa, indi sözlər və
onların məna çalarları özləri Şəhriyarı
dərin təsirində saxlayaraq sanki ixtiyarını əlindən
alır, onu tam idarə edir. Qəhərlənir, ah çəkir,
köks ötürür, arada susur, amma sükutunda da
misralardakı sözaltı, söziçi incə
anlamlarının havası aşkarca duyulur. Şeir oxuyan qoca
Şəhriyar misralar daxilindəki məna qatlarına elə
həssaslıqla varır ki, istər-istəməz dinləyən
də bu təlqinedici səsin sehrinə qapılır. Elə
qoca Sahirin də şeir oxuyan səsi həmin cürdür.
Eyni təsirlilikdə, eyni səmimiyyətdə, eyni
inandırıcılıqda, eyni duyğululuqda. Şəhriyarın
məşhur bir qəzəlinin son beytində onların ikisi
birgədir. Yəni həmin sətirlərdə əslində
Şəhriyarın təəssüfü var ki, niyə
bir-birlərindən ayrı düşüblər, amma oxuduqca
bunu da hiss edisən ki, yox, heç ölüm də onları
ayırmaq gücündə deyil, bir-birlərindədirlər,
ruhca qovuşublar, ən dar macalda da o bunun yaddaşında,
ürəyindədirsə, demək, heç vaxt, lap qiyamətlər
qopsa belə ayrılan deyillər:
Şəhriyara, bi Həbib-e xod nemikərdi səfər,
İnsəfər rah-e qeyamət mirəvi, tənha
çera.
Sən Həbibsiz, Şəhriyara, getməz idin
heç yana,
Son səfərdir, tək çıxıbsan sən
yola indi niyə?
Həmiddən Sahirin Şəhriyarlı günləri,
yalnız böyük ustad kimi yox, həm də atasının
sirdaşı olaraq əmi kimi baxdığı "Heydərbaba"
şairi ilə özünün görüşlərində
atası haqqında onun dilindən eşitdikləri barədə
soruşuram. İki böyük şairin və şəxsiyyətin
bir ömür sürən dostluğunun macəralı
tarixçələrini vərəqləməyə
başlayır: "Atamla Şəhriyar uşaqlıq illərində
bir-birlərinə çox bağlı olmuşdularsa da, sonra
onlar 50-60 ildə ayrı düşmüşdülər.
Ancaq bir-birlərini görməsələr də, atam Şəhriyara
şeir qoşurdu, Şəhriyar da buna cavab verirdi. Yəni
görüşməsələr də, bunlar şeir vasitəsilə
daim bir-biri ilə əlaqədə idilər, uzaqdan-uzağa
da olsa danışırdılar, dərdləşirdilər,
yeri düşəndə höcətləşirdilər.
Atamın Şəhriyar haqqında bir sıra şeirləri
var ki, onu məzəmmət edir, məsələn, bir
şeirində böyük qardaş kimi dostuna nəsihət
verir ki, niyə bu işi görürsən, niyə o işi
görürsən? Yəni onların etibarlı uşaqlıq
dostluğu elə sonacan əvvəlki möhkəmliyində
qalmışdı".
İllərcə görüşməsələr də,
Sahirlə Şəhriyarın arasında ərkin, bir-birinə
inamın, ehtiramın və əlbəttə ki, məhəbbətin
axıracan əvvəlki gücündə qalmasının təməl
səbəbi, zənnimcə, yalnız o deyildi ki, bu dostluq
ömürlərinin qayğısız çağlarında,
dünyanı yeni-yeni dərk etməyə
başladıları uşaqlıq illərindən gəlirdi
və sonrakı onillərin bir çox fikir müxtəliflikləri,
yol və yanaşma fərqləri onları ayrı sala bilmədi.
Mənə görə onları bir edən ən ümdə
səbəb ortaq sevgili idi - Söz!
Vaxtilə doktor Cavad Heyət mənə Şəhriyarla
görüşlərindən, bir müddət onu öz evində
saxlamasından, həmin günlərin hadisələrindən
çox maraqlı söhbətlər etmişdi. İş elə
gətirdi ki, Həmid Sahir də o xatirələrin davamı
olan, onları bir az da rövnəqləndirən ayrı bir hekayəti
nəql etdi. Həmid Şəhriyarla keçiriləcək
bir görüşə çağıran afişa gətirmişdi
və əslində həmin Şəhriyar
axşamının təşəbbüsçüsü də
Həbib Sahir olmuşdu.
Şah Şəhriyara ev veribmiş, amma Həmid
danışır ki, şair həmin evə köçmədi,
heç təmir də elətdirmədi, satdı, həmin
pula Təbrizdə özünə yaxşı bir ev aldı.
O evin yaxşılığını, xudmaniliyini mən də
təsdiq edirəm, çünki hər guşəsində
Ustadın ruhunun duyulduğu o otaqlarda özüm də
olmuşam.
Şəhriyar Tehrana seyrək gələrmiş və
adətən gələndə də mehmanxanada-filanda yox, elə
artıq öz evi kimi olan Heyətgildə qalarmış. Bir
gün Doktor zəng vuraraq Həmidə xəbər verir ki,
Şəhriyarı görmək istəyirdin, bizdədir, gəl.
Həmid sevincək Doktorun pəncərələri Keşavərz
bulvarına açılan evinə yollanır.
Həmid bunu da söyləyir ki, o vaxt Tehranda sərgilər
qoyduğu, sənət gecələri, yazıçı və
şairlərlə görüşlər təşkil etdiyi
bir qalereyası varmış. Öz deməsincə,
İranın tanınmış şairlərinin əksərinin
orada şeir gecələri olubmuş. Şəhriyarla
görüşməkdə də məqsədi onu həmin
qalereyada oxucularla, sənətinin pərəstişkarları
ilə görüşə dəvət etməkmiş.
Həmid danışır: "Şəhriyarla
görüşdüm, sözümü dedim, o da
razılığını verdi. Gəldik afişa çap elədik,
qəzetlərə xəbər verdik. Görüş cümə
axşamı, saat altıda başlanacaqdı, amma artıq saat
dörddən bütün salonumuz dolmuşdu. Hətta
keçməli olduğumuz pilləkənlərdə də
oturmuşdular. Daha içəri girib-çölə
çıxmağa yol da qalmamışdı. Hamı Şəhriyarı
görmək, eşitmək istəyirdi. Bütün İranda
məşhur olan, Simin Behbahani, Şamlu kimi şairlər, daha
neçələri oradaydı. Biz bir maşın kirayə
etdik. Getdik ki, Ustadı doktor Heyətin evindən gətirək.
Gedib gördük ki, Ustad belə əyləşib, məşğuldur.
Dedik ki, ustad, çox bevəxt olub, tez paltarızı geyinin,
gedək, hamı müntəzirdir, sizi gözləyirlər.
Dedi ki, ay Həbib Sahirin oğlu, gəlməyəcəm.
Soruşdum ki, axı necə gəlməyəcəksiniz,
camaat gözləyir axı. Dedi ki, məlakələr gəlib
mənə deyiblər ki, Şəhriyar, bu gecə evdən
çıxma, səni öldürəcəklər. Biz hər
nə qədər desək də ki, Ustad, sizi hamı sevir,
xeyli adam da görüşünüzə gəlib, orada
intizardadır, lazımdırsa, ehtiyat edirsinizsə, lap polis
çağırtdıraq, mühafizə etsinlər. İnad
etdi ki, yox, getmərəma, məlakələr mənə
yalan deməz, söyləyiblərsə təhlükə var,
demək, nəsə olacaq, getmirəm. Biz qayıtdıq gəldik.
O qədər adam da qalereyada oturub gözləyir, artıq saat
altını keçirdi. Atam da o gecəyə gəlmişdi
ki, nəhayət ki, 60 ildən sonra Şəhriyarı görə.
Naəlac qalıb atamdan xahiş elədim ki, sən köhnə
yoldaşsan, gedək, bəlkə səni görüb gəlməkdən
boyun qaçırmaya.
Atam mənim bu təklifimə çox sevindi. Biz mindik
maşına, getdik Doktorgilə. Atam içəri girib salam
verəndə Şəhriyar əyləşmişdi, əlində
nəsə işi vardı. Səsə çevrildi, atamı
görüncə aşağıdan üstə atama baxdı,
dedi: "Ay Həbib, sənin o qızıldan qanadlarına
qurban!"
Bunlar qucaqlaşdılar, Şəhriyar başladı
ağlamağa. Gözlərindən elə pır-pır
yaş tökülürdü, atam da onu öpürdü,
oxşayırdı. Çox təsirli səhnə idi. İki
yaxın dost, həmdəm, iki uşaqlıq yoldaşı
altmış illik ayrılıqdan sonra
görüşürdülər, qucaqlaşmaqdan doymurdular.
Əsrarəngiz mənzərə idi. Amma hətta bundan sonra
atam da nə qədər xahiş etsə belə, Şəhriyar
yola gəlmədi. Dedi ki, Həbib, sən mənim yaxın
dostumsan, ürəyimin parçasısan, sən qıyma ki,
bu gecə məni öldürərlər".
Şəhriyarın belə müqavimətinin, getməyə
heç cür razılıq verməməsinin, xəyalında
hansısa surətlərin oynaşmasını elə
gerçəklik kimi qavramasının nədən törəndiyini
onun ömür yoluna bələd olanlar bilir. Hərdən
Şəhriyarın başının belə dumanlanmaları
olurmuş, xumara qapılanda özünü elə fikrindəki
həmin aləmdə, mələklərin əhatəsində
də hiss edirmiş. Sahir çox pərişan olur, Şəhriyarı
yuxu içərisindəymiş kimi görüncə
kor-peşman oradan ayrılır.
Ancaq qalereyada yığılanları nə şəkildəsə
yola vermək lazım idi. Sahir təklif edir ki, yaxşı,
Şəhriyar gəlmir-gəlmir, digər tanınmış
şairlər buradadır, onlar şeirlərini oxusunlar, məclis
belə keçsin. Yenə çıxış yolunu Həmid
tapır: "Bir az fikirləşdim, yadıma Canet adında gənc
rus xanım düşdü. O, mühacir idi - anası rus,
atası asor idi, bunun da Svetlana adında gözəl bir rəfiqəsi
vardı. Şəhriyarın surətpərəst
olmasından xəbərdardım. Bu xanımlara dedim ki, sizin
köməyinizə ehtiyacımız var, bəlkə bir cəhd
də edək, sizinlə gedək, bəlkə gözəlliyinizi
görüb şair gəlməyə razılaşdı. Qara
bir "Ford" avtomobili kirayələyərək dübarə
bu xanımlarla Şəhriyarın yanına getdik. Doktorgilə
yetişib Şəhriyarın otağına yaxınlaşanda
baxdıq ki, qapısı açıqdır, gendən
qızları görüncə başladı şeir
oxumağa ki, budur, məlakələr gəldi. Həm də mələklər
haqqındakı o şeiri elə həmin dəmdə bədahətən
qoşurdu. Qızlara üz tutub soruşdu ki, gəlmisiniz məni
aparasız? "Bəli" dedilər. Bu, qalxdı,
xanımı tez Şəhriyara paltarlar gətirdi, onu geyindirdi.
Bir gözəl bu yandan, bir gözəl o yandan Şəhriyarın
qoluna girdilər, bayaqdan yerindən tərpənmək istəməyən
adam quş kimi gəldi əyləşdi maşında.
Qalereyaya çatıb pilləkənlərlə qalxınca
Şəhriyarın gəlməsini görənlərin
hamısı hədsiz sevindi. Özü də gördü ki,
cəmiyyət onu necə sevir, necə hərarətlə
qarşılayır, bu da çox şad oldu. Mənə dedi
ki, Həmid, pəs sən məni bir yerdə oturt ki, nisbətən
qıraq olsun, elə şeir gecəsi qurtaran kimi mən oradan
qaçım. Bir terrasımız vardı, orada qapını
yarıaçıq qoyduq. Dedim ki, Ustad, baxın, qapı
açıqdır, buradan istədiyiniz vaxt rahatca gedə biləcəksiniz.
Xoşhal oldu, sonra başladı gözəl şeirlərindən
oxumağa. Camaat məftun olmuşdu. Şəhriyar buradan
şeir oxuyurdu, Simin Behbahani o tərəfdən buna cavab
verirdi, gözəl şeirlər məclisə
yağış kimi səpilir, hamısının ruhunu dincəldirdi.
O mələklər - gözəl rus xanımları da
oturmuşdular Şəhriyarın böyründə.
Xanımlar axıracan elə də oturdular, Şəhriyarın
da artıq məclisi tərk etmək həvəsi yox idi. Atam
da o gecə öz şeirlərindən oxudu. Ancaq məhəbbət
şeirlərindən, qəzəllərindən deyil, sırf
ictimai məzmunlu şeirlərindən oxudu".
O axşam Sahir nə oxuyubsa, hamısı ana dilindəki
şeirlərindənmiş. Şəhriyarsa həm farsca, həm
türkcə yazdıqlarından oxuyurmuş. Həmid bunu da
unuda bilmir ki, o axşam Şəhriyar dönüb olubmuş
cavan oğlan. Sahirlə görüşü, bu şeir məclisinin
ab-havası onu elə tutubmuş ki, yenə röyalar
dünyasında imiş. Amma bu röya bir neçə saat əvvəlkinə
bənzəməyən büsbütün ayrı bir röya
idi. Elə bir röya ki, Şəhriyarın bütün
ömrü o röyanın içində keçmişdi. Bu
röya ŞEİRİN, BÖYÜK SÖZÜN
röyası idi.
...Sahirləyəm, səsini dinləyirəm. Bu
şeiri də Bakıda işıq üzü
görmüş olan ən iri şeirlər toplusunda yoxdur.
Əsl rəssamdır, belə yazmaq, belə təsvir
etmək sadəcə şair işi deyil, gərək həm
şair, həm rəssam olasan ki, belə yaza biləsən:
İydələr güllənən zaman
Sarıköynək bəstələrdi
İlk baharın nəğməsini
Meşələrin xəlvətində.
Tumurcuqlar açan zaman
Eşidərdik səhərləri
Yaz gününün bayğın səsin
Yarpaqların nəğməsində.
Sən ey gözəl şəhla gözlü,
Yadındamı o günlərdə
Göy ormanlar pərisi tək
Göy ətləsə bürünərdin?
Əsatiri xatırladan
Xiyaləngiz bir aləmdə
Gün doğarkən bir kölgətək
Uzaqlardan görünərdin.
Çaylar suyu durulanda
Dalğaların aynasında
Ağacların kölgəsi ilə
Sənin əksin görünərdi.
Sən gəlirkən gün doğardı,
Sən güləndə gül açardı,
Sən gedərkən zülmət çökür,
Dağlar sisə bürünərdi.
60 illik həsrətdən sonra iki zirvənin
görüşü belə baş vermişdi. Həmin həyəcanlı
vüsaldan az sonra Sahir vəfat edir, üstündən bir qədər
ötəndən sonra da Şəhriyar.
Ancaq o ölümlə bu ölümün
aralığında da Şəhriyarın zahirən bir
gözələ yazılmış kimi görünən, amma
əslində qədim bir dostluğa ağı kimi səslənən
qəzəli yaranır:
Amədi canəm be qorbanət, vəli hala çera,
Bivəfa, hala ke mən oftadeəm əz pa çera?
Ömr-e mara möhlət-e emruz o fərda-ye to nist,
Mən ke yek emruz mehman-e toəm, fərda çera?
Gəlmisən canım sənə qurban ola, indi niyə,
Düşmüşəm əldən daha, ey bivəfa,
indi niyə?
Mümkün olsa mərhəmət qıl, ömrlərdə
yox vəfa,
Söyləmə mehmanına zövq ü səfa,
indi niyə?
..."Sorxab dağlarında" adlı bu şeiri isə
Sahir 1946-nın istiqlal havalı xoşbəxt aylarında yazmış,
əslində həmin şeiri ilə öz portretini nəqş
etmişdi ("Azərbaycan" qəzeti, ¹145, 10 mart 1946).
Bu misralarda o Mir Həbib idi ki, dan yeri
qızarmamış dağa qalxardı, Günəşlə
salamlaşardı, Gün batanda yenə ora dikələrdi,
bulaqla pıçıldaşardı, ürəyi ilə
danışardı.
Və sonra başlardı daha dərinlərə getməyə
- ürəyindəki dərdlərlə dərdləşməyə:
Mən bir bulaq kənarında əyləşib
Sudan qopan nəğmələri dinlərdim.
Dağda-daşda yalnız qalan bir quştək,
Günün yorğun dəmlərində inlərdim.
Axşam dağa qaranlıqlar çökərkən
Küləklərtək dərələrdə gəzərdim.
Dərdlərimlə dərdləşərdim
dağlarda,
Anlardılar nədir möhnətim, dərdim.
Kiçik yaşdan sirdaşımdır dərdlərim,
Mən onları ürəyimdə saxlaram.
Həmdərdimdir mənim Sorxab dağları,
Onlar mənim həm dayəmdir, həm anam.
Yenə o dağlar yerindədir, yenə o bulaqlar onillər,
yüzillər qabaqkı kimi qaynayıb yerdən
çıxır, sonra burula-burula axıb gedir. Yenə
axşamlar sanki Günəş yorğun-arğın
dağların ardında gizlənir, yenə səhər erkəndən
ilk dəfə doğurmuş kimi bütün şəfəqi
ilə parlayır, bəlkə də indi dan yeri söküləndə
onu salamlamağa gələn bir başqa Sahiri salamlayır.
Amma hər halda o Sahir də mütləq yadındadır.
Axı o Sahir onu bu dünyada hər kəsdən daha məhrəm
bilərək ona ürəyinin sirlərini
açırdı, onun hüzurunda dərdləriylə dərdləşirdi.
Adamlar adamları unuda bilir, etibarlı Günəşinsə
yaddaşında heç bir yazıya pozu yoxdur. Bəlkə elə
içərisində o qədər ürəyin hərarətini
daşıdığından Günəş belə
qızmardır?!
19 sentyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2024.- 25 sentyabr (¹ 175).- S.10-11.