“Səadət quranlar”  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət' Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Sevinc Babaxanovadır. Onunla Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Mikayıl Abdullayevin "Səadət quranlar" əsəri haqqında danışmışıq.

Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci ildə Bakı şəhərində anadan olub. 1935-1939-cu illərdə ilk rəssamlıq təhsilini Azərbaycan Rəssamlıq Texnikumunda alan sənətkar ali təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq institutunda tamamlayıb. Rəssam 1960-cı ildə SSRİ Rəssamlar ittifaqının üzvü, daha sonra katibi seçilib. Mikayıl Abdullayev Respublikamızda ilk dəfə "SSRİ xalq rəssamı" adına layiq  görülən və SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilən sənətkardır.

- Mikayıl Abdullayev yaradıcılığında yenidənqurma xətti. Gəlin söhbətimizə elə bu məsələdən başlayaq.

- Mikayıl Abdullayev sərhədlərin bağlı olduğu, müstəqilliyin buxovlandığı şəraitdə belə daxilən azad, milli ruhlu, bəşəri fikirli bir sənətkar idi. Onun rənglər aləminə gətirdiyi mövzular həmişə aktual, canlandırdığı obrazlar rəngarəng olub.

Yaradıcılığının ilkin mərhələsində çəkdiyi tablolarda sovet təsviri sənətinin təsiri duyulan rəssam, daha sonralar səfərlər edir, yaradıcılıq materialları toplayır. Mingəçevir şəhərinə etdiyi səfərlər Mikayıl Abdullayevin yaradıcılığında dönüş nöqtəsi olur. Rəssamın bu şəhərlə bağlı təəssüratları "Mingəçevir silsiləsi" adlı əsərlər seriyasında öz əksini tapıb. "Mingəçevir silsiləsi"nin yaranması ilə təsviri sənətimizdə yeni tematika, ictimai həyat və məişət səhnələrinin əks olunması başlandı. Müharibədən sonra yeni şəhərin təməlinin qoyulmasını, keçdiyi inkişaf prosesini, quruculuq işlərini rəssamın tablolarında izləmək mümkündür. Bu əsərlərdən biri də "Səadət quranlar"dır.

- Əsər hazırda harada saxlanılır?

- Tablo Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

- Əsərin rəng həlli və kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Burada lirik məhəbbət səhnəsi təcəssüm olunub. Kompozisiyanın mərkəzində aparılan quruculuq işlərinin fonunda iki gənc aşiq görürük. Arxa planda təsvir olunmuş yeni qurulan şəhər onların gələcək həyatının, səadətinin rəmzinə çevrilərək özündə dərin məna daşıyır. Əsərdə yenidənqurma ənənələri ön plana çıxarılıb. Sevginin başlanğıcı gələcəyə ümidlər doğurur. Əsərin digər bir adı "Xoşbəxtlik memarları"dır. Bu tabloda cavanlıq və optimizm hissi bəlkə də hər bir boyada, hər bir yaxmada hiss olunur. Aşiq olmuş bu iki gənc, gələcək Mingəçevir SES-in tikintisi ilə aparılan işlər zamanı görüşərək, nəinki öz xoşbəxtliklərini, həmçinin doğma ölkələrinin xoşbəxtliyini qurmağa hazırdırlar. Tabloda ümumi kaloritə hakim olan tutqun rəng tonlarına qarşı əsərə parlaqlıq verən açıq rəng çalarlarından istifadə olunub. Rəssam kağız və fırça ilə təkcə təbiəti, ətraf aləmi yox, insan deyilən varlığın zəngin dünyasını təsvir edib. Əsər pak məhəbbətin xarüqələr yaratdığını, xoşbəxt sonluqla nəticələndiyini tamaşaçıya çatdırır. Kompozisiya bütünlüklə yenidənqurmanın həyata keçirilməsini, bu ənənələrin tarixin bütün mərhələlərində böyük bir anlayış olduğunu ön plana çıxarır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əvvələ onu qeyd edim ki, sənaye şəhəri Mingəçevirin kətana köçürülməsi onu Azərbaycanın hüdudlarından kənara çıxararaq, respublika sərgilərində tanıtdı, məşhurlaşdırdı.

Mikayıl Abdullayev "Səadət quranlar" adlı bu əsərində qurub-yaratmaq əzmli insanların bədii əmək dastanını yaradıb. Rəssam əsərdə əmək mövzusunun çalarlarını genişləndirərək ona başqa aspektdən yanaşıb, əməyin romantikasını ifadə edib.

 

Aytac SAHƏD

525-ci qəzet .-2024.- 25 sentyabr (¹ 175).- S.9.