İsrafil bəy İsrafilov: sovet cəza
orqanları ilə üz-üzə
YAXUD BİR AZƏRBAYCANLI ZABİTİN
DÖYÜŞ YOLU
(Əvvəli ötən sayımızda)
Prometey təşkilatı - Prometeizm hərəkatı
İsrafil bəy İsrafilovun istintaq işinin
materiallarında Polşa dövrü həyatı ilə
bağlı suallar arasında onun ünsiyyət dairəsi və
əlaqələrinə xüsusi maraq göstərilir ki, bu
da təsadüfi deyildi. 1920-ci illərdən başlayaraq
Polşa öz siyasi-hərbi rəhbərliyinin timsalında
Sovet İttifaqı əleyhinə fəal siyasət
yürüdən Avropa mərkəzlərindən birinə
çevrilmişdi və keçmiş çar Rusiyası
xalqlarının milli hərəkatlarının hazırda
mühacirətdə olan liderlərinə və fəal
üzvlərinə öz mübarizələrini davam etdirmək
üçün geniş dəstək verirdi. İstintaq
materiallarında bu sıradan olan adamlar birmənalı şəkildə
"ağ mühacirlər" adlandırılırdı.
Dindirmələrin birində "Polşada yaşayan
ağ mühacirlərdən kimi tanıdığı"
sualına İsrafil bəy ilk olaraq adları artıq istintaqa
məlum olan azərbaycanlı hərbçi həmkarlarının
- Baranoviçidə hansısa suvari alayında xidmət edən
kapitan (rotmistr) Yadigarovun və piyada korpusunda xidmət edən
polkovnik Kazımbəyovun, digər qafqazlılara gəldikdə
isə gürcü zabitləri mayor Siamoşvili və mayor
Kutabeladzenin adlarını çəkir, lakin bu adamlarla
görüşlərinin təsadüfi xarakter daşıdığını
və ötəri mövzularda söhbətlər
apardıqlarını qeyd edir
Polşadakı qafqazlı ağ mühacirlər
arasında hər hansı bir təşkilatın,
ittifaqın, ya cəmiyyətin olmadığını bildirən
İsrafil bəy "Qafqaz konfederasiyası" adlanan belə
bir təşkilatın Parisdə yaradıldığını
və ona Noy Jordaniya, Topçubaşov, Rəsulzadə və
Xatisovun başçılıq etdiklərini göstərir.
Burada əvvəlcədən bir haşiyə
çıxaq ki, İsrafilovun Avropada mühacir hərəkatları
və təşkilatları haqqında verdiyi ifadələrdə
müəyyən qeyri-dəqiqliklər var ki, onların bir
hissəsi məlumatsızlıqdan, bir hissəsi isə
açıq-aydın bilərəkdən təhrif edilir.
Ağ mühacirlərin bilavasitə Polşada fəaliyyət
göstərən təşkilatı kimi isə İsrafil bəy
Ukrayna, Qafqaz və Türküstan siyasi mühacirətini birləşdirən
"Prometey"in (Prometey, Prometeizm təşkilatı-hərəkatı:
1926-1939-cu illər Avropada fəaliyyət göstərən
siyasi təşkilat-hərəkat nəzərdə tutulur.
İkinci Polşa Respublikasının başçısı
Jozef Pilsudskinin siyasi layihəsi olaraq
yaradılmışdı. Layihənin məqsədi dövlət
daxilində milli müqaviməti dəstəkləməklə
Rusiya imperiyasını və SSRİ-ni zəiflətmək, eyni zamanda Rusiya və SSRİ tərkibində
yaşayan əsas qeyri-rus xalqlarının müstəqilliyi
uğrunda millətçi hərəkatlarını dəstəkləməklə
Sovet İttifaqını zəiflətmək və
parçalamaq idi. 1926-cı ildə Parisdə
yaradılmış və Ukrayna, Gürcüstan, Azərbaycan,
Şimali Qafqaz, Türküstan, Don kazakları, İdel-Ural,
İnqriya, Kareliya, Komi, Krım, Kuban nümayəndələrini
əhatə etmişdi. Prometeyin Harbin, Helsinki, Berlin və
Tehranda filialları var idi. Varşavadakı Şərq
İnstitutu və Vilnodakı Şərqi Avropa Tədqiqat
İnstitutu bu hərəkat üçün
çalışırdı. 1939-cu ildə Polşanın
işğalından sonra tabe olduğu Baş Qərargahın
fondu İsveçrəyə
köçürülmüş və üzvlərinə
maddi dəstək vermişdi.) adını çəkir və
onun rəhbərinin ukraynalı Smal-Stotski olduğunu göstərir.
Müstəntiqin bu təşkilat haqqında daha ətraflı
məlumat vermək tələbi qarşısında
İsrafil bəy ifadəsini genişləndirir:
Varşavadakı müxtəlif millətlərin mühacir
nümayəndələrini əhatə edən
"Prometey" heç də müstəqil qurum olmayıb,
mərkəzi Parisdə yerləşən ümumi mühacirlər
təşkilatının filialı funksiyasını yerinə
yetirirdi və Parisdən aldığı göstərişlər
əsasında fəaliyyət göstərirdi.
"Prometey"in Varşavadakı strukturu ona məlum olmasa
da, bu təşkilatda ümumi rəhbərlik altında hər
millətdən olan mühacirlərin öz qrupları
vardı. Azərbaycan mühacirlərinin nümayəndəsi
Paris nümayəndəliyi tərəfindən göndərilmiş
Rəsulzadə idi, digər nümayəndələri
tanımır. "Prometey" təşkilatının
proqram vəzifəsi Zaqafqaziyada (Cənubi Qafqaz), Ukraynada və
Türküstanda sovet hakimiyyətini devirmək və bu ərazilərdə
burjua-demokratik respublikalar qurmaq idi. Bu məqsədlə
dövri mətbuat və başqa nəşrlər vasitəsilə
kütlələrin, kadrların ideoloji cəhətdən
hazırlanması üçün geniş təbliğat
aparılırdı. Bütün bu mətbuat açıq
milliyyətçi xarakter daşıyırdı. Təşkilatın
praktiki işi millətçi məzmunda antisovet ədəbiyyatın
nəşri və yayılması idi, bu ədəbiyyatda sovet
hakimiyyətini yıxmaq və Ukraynada, Zaqafqaziyada,
Türküstanda burjua-demokratik respublikalar yaratmaq ideyası təbliğ
edilirdi.
Müstəntiqin - "Bu ideyanın hansı yolla həyata
keçiriləcəyi düşünülürdü?"
- sualına İsrafil bəy onun reallaşması
üçün iki yolun nəzərdə tutulduğunu
bildirir: 1. Dinc yolla. Kapitalist dövlətlərinin, o cümlədən
İngiltərə və Fransanın Sovet İttifaqına
müvafiq təsir göstərməsi nəticəsində
Sovet İttifaqı tərəfindən adlarını çəkilən
sovet respublikalarının bu İttifaqdan ayrılması, yəni
onun tərkibindən çıxması hüququnun təmin
edilməsinə nail olmaq. Lakin bu o qədər də real yol
deyildi və millətçi təşkilatlara heç nə
vəd etmirdi. 2-ci - səbir, aqressiya yolu idi. Sovet İttifaqının
beynəlxalq vəziyyətinin ağırlaşması və
bundan SSRİ-də sovet hakimiyyətini yıxmaq, bolşevizmi
məhv etmək məqsədilə faydalanmaq və
burjua-demokratik quruluş yaratmaq.
Bu məsələyə xüsusi diqqət yetirən
müstəntiq İsrafil bəydən adlarını çəkdiyi
respublikalarda olan əks-inqilabi millətçi kadrlardan necə
istifadə olunacağını soruşanda İsrafil bəy
bu haqda məlumatsız olduğunu bildirir. "Prometey" təşkilatının
üzvlərinin təxribatçı işlər
üçün Sovet İttifaqına göndərilirdimi?"
- sualını da eynilə cavablandıran İsrafil bəy,
belə təxribatçıların Varşavadan yalnız həmsərhəd
Ukraynaya göndərilə biləcəyini təxmin edir.
Müstəntiqin "Siz şəxsən
"Prometey" təşkilatının üzvü idinizmi
?" - sualına İsrafil bəy: "Xeyr, mən millətçi
"Prometey" təşkilatının üzvü deyildim"
- cavabını verir.
İstintaq "Prometey" hərəkatında
iştirak məsələsinə bir neçə dəfə
qayıdacaq və İsrafil bəy də hər dəfə bu
təşkilatın üzvü olmadığını bildirərək,
bunu artıq əvvəlki ifadələrində dediyi kimi:
"Polşa vətəndaşı və zabit olduğu
üçün", "Polşa ordusunun zabitlərinə hər
hansı təşkilat və partiyalara daxil olmaq hüququ
verilmədiyi" ilə əsaslandıracaq, hərçənd
"Prometey" hərəkatının Proqramını və
ideyalarını bölüşdüyünü etiraf edəcək.
İsrafil bəy İsrafilov bir hərbçi kimi həqiqətən
"Prometey" siyasi təşkilatının üzvü
deyildi. Amma onun özü qarışıq, azərbaycanlı,
gürcü, şimali qafqazlı, ukraynalı və d. millətlərdən
olan mühacir hərbçilərin 1920-ci illərin əvvəllərindən
başlayaraq Polşa ordusunda xidmətə qəbul
olunması, onlara hərbi biliklərini artırmaq, yüksək
rütbələrə nail olmaq üçün geniş
imkanlar verilməsi "Prometey" layihəsinin bir qolu - siyasi
mərkəzlərlə bərabər hərbi hissələrin
yaradılması - kimi düşünülmüşdü və
ardıcıl olaraq həyata keçirilirdi. Bu hərəkat
haqqında qat-qat artıq məlumatlara malik olan İsrafil bəyin
istintaqın "Prometey" təşkilatı ilə
bağlı suallarına ən ümumi cavablarla kifayətləndiyi
burada diqqətçəkici məqamdır.
Öz tanışlarından kimlərin bu təşkilatın
üzvü olduğu sualının cavabında isə
İsrafil bəy İsrafilov Məhəmməd Əmin Rəsulzadənin
adını çəkir.
Məhəmməd Əmin Rəsulzadə
Əvvəlcədən qeyd edək ki, Məhəmməd
Əmin Rəsulzadənin 1920-1930-cu illər mühacirət
dövrü həyatı və istər Türkiyədə,
istər Avropa ölkələrində geniş fəaliyyəti,
xüsusilə siyasi nəzərləri sovet orqanlarına yaxşı
məlum idi. Odur ki, İsrafil bəyin onun adını çəkməsində
hər hansı bir "qəbahət" axtarmaq, yaxud görmək
düzgün olmazdı. Burada İsrafil bəyin Məhəmməd
Əmin Rəsulzadə ilə bağlı verdiyi ifadələrdə
istintaq üçün hər hansı yeni təfərrüatların
və konkret detalların olub-olmadığına diqqət
yetirilməlidir. Bu baxımdan həmin ifadələr Rəsulzadənin
Polşadakı azərbaycanlı zabitlərlə ünsiyyəti
baxımından maraq doğurur və məhz bu hissədə
Məhəmməd Əmin bəydən daha artıq İsrafil
bəyin özünün milli-siyasi mövqeyinin açıqlanması
ilə ayrıca əhəmiyyət kəsb edir.
Rəsulzadənin kimliyi və onunla
tanışlığı barədə suallara cavablarında
İsrafil bəy İsrafilov milliyyətcə azərbaycanlı
olan Məhəmməd Əmin Rəsulzadəni təxminən
1930-cu ildən tanıdığını, onun
keçmişdə publisist kimi fəaliyyət göstərdiyini,
Azərbaycanın millətçi Müsavat partiyasının
liderlərindən biri olduğunu qeyd edir, lakin Azərbaycan
Müsavat hökumətində iştirakı haqda biliksiz
olduğunu vurğulayır. Rəsulzadənin 20-ci illərdə
xaricə mühacirət etdiyini söyləyən İsrafil bəy
onun Parisdə yaşadığını və mütəmadi
olaraq Varşavaya gəldiyini göstərir. Parisdə millətçi
mühacir "Prometey" təşkilatının Komitəsinə
daxil olan Rəsulzadə onun rəhbərlərindən biri
idi, mühacirət mətbuatında millətçi məqalələr
yazır, ayrıca broşurlər nəşr edir, həm də
millətçi publisist kimi geniş təbliğatı fəaliyyətlə
məşğul olurdu.
İstintaqın təkidi ilə İsrafil bəy Rəsulzadə
ilə tanışlığını belə təsvir edir:
"1930-cu ildə Rəsulzadə Varşavaya gəlmişdi və
Şərq İnstitutunda "Azərbaycan nədir"
mövzusunda mühazirə oxuyurdu. Mən bu mühazirədə
iştirak edirdim. Onun məzmunu belə idi: tarixi
keçmiş, tarixi-coğrafi vəziyyət, iqtisadiyyat və
sair məsələlər. Mühazirə ümumi mənada
sırf millətçi xarakter daşıyırdı.
Mühazirədən sonra mən elə orada, institutda Rəsulzadə
ilə şəxsən tanış oldum və yaxşı
mühazirəyə görə onu təriflədim. Biz onunla
başqa məsələlər haqqında da söhbət
etdik. Mən onun harada yaşadığını soruşdum.
Rəsulzadə cavab verdi ki, onun əsas yaşayış yeri
Parisdədir. Sonrakı söhbətlərin məzmununu
xatırlamıram. Mənimlə birlikdə olan polkovnik
Kazımbəyov Rəsulzadəni öz mənzilinə dəvət
etdi. Onlardan ayrılaraq mən öz evimə, onlar isə
ikilikdə Kazımbəyovun mənzilinə getdilər".
Yuxarı sıranın mərkəzində
İsrafil bəy İsrafilov. Varşava,
12 mart 1932-ci il.
Bu gətirilən parçada İsrafil bəyin Rəsulzadə
ilə tanışlığının tarixi kimi 1930-cu ili
göstərməsi, həmin 30-cu ildə Rəsulzadənin
artıq Parisdə yaşadığı kimi ifadələr
sual doğuran, böyük ehtimalla İsrafil bəyin
istintaqın diqqətini daha ciddi məqamlardan
yayındırmağa yönəlik məqamlardır. Belə
ki, Cümhuriyyət ordusunun yüksək rütbəli zabitlərindən,
tanınmış komandirlərindən biri olan İsrafil bəyin
Rəsulzadənin Cümhuriyyət dövrü siyasi mənsəbi
haqqında məlumatsız olması, özü ilə
"şəxsən" ilk dəfə 1930-cu ildə
görüşməsi ifadələri birmənalı həqiqətə
uyğun deyildi. Rəsulzadənin 1929-cu ilin sonları - 1930-cu
ilin əvvəllərinə kimi hələ İstanbulda
yaşadığı, Varşavada mühazirə oxuduğu
1930-cu ildə Polşaya İstanbuldan yeni gəldiyi və
sonrakı illərdə də əsasən Varşavada
yaşadığını İsrafil bəy bilməmiş
deyildi. Eləcə də Cümhuriyyət Ordusu haqqında Rəsulzadənin
təklifi ilə qələmə aldığı və
1932-ci ildə Varşavada çıxan "Qortsı
Kavkaza" jurnalında nəşr olunmuş xatirələrində
İsrafil bəy 1919-cu ildə rəhbərlik etdiyi 5-ci polkun
Lənkəran yürüşü ərəfəsində
Milli Şuranın sədri, Müsavat partiyasının lideri
Məhəmməd Əmin bəy Rəsulzadənin Baş
nazir Nəsib bəy Yusifbəyli və hərbi nazirlə
birlikdə polka baxış keçirməyə gəldiklərini,
döyüşçülər qarşısında nitq
söylədiklərini yazır.
Sonrakı ifadələrində İsrafil bəy Rəsulzadənin
"ildə 2-3 dəfə Varşavaya gəldiyini" (?) bəzən
bir neçə həftə, hətta bir aya yaxın"
burada qaldığı və onunla tez-tez, əsasən
Varşavada yaşayan Kazımzadənin mənzilində
görüşdüyü, bəzən üçü
birlikdə kafe, restoranlara getdiklərini, eləcə də Rəsulzadə
ilə Kazımbəyovun onun Praqa şəhərində olan mənzilinə
də gəldiklərini bildirir.İstintaq materiallarında Rəsulzadənin
hansı mövzular ətrafında söhbətlər
apardığına dair İsrafil bəyin ifadələri Məhəmməd
Əmin bəyin mühacirət dövrü siyasi irsi ilə
tanışlıqdan sonra ilk baxışda özündə hər
hansı yeni məqamlar daşımadığı təəssüratı
yarada bilər. Bununla belə, uzaq bir diyarda sovet cəza
sisteminin qarmaqları məngənəsində sıxılan
bir şəxsin dilindən səslənən bu ifadələr
Azərbaycan dövlətçiliyinin taleyi ilə
bağlı onun iki fədakar mübarizinin hansı fikirləri
bölüşdüyü və bu zaman heç də
ümidsiz olmadıqlarının təzahürü kimi dərin
təəssürat yaradır, eyni zamanda mühüm elmi-tarixi
əhəmiyyət daşıyır.
Beləliklə, "uzun vaxt keçdiyindən" Rəsulzadə
ilə çoxsaylı söhbətlərinin məzmununu dəqiq
və ətraflı xatırlamasa da, İsrafil bəy
onların ümumən "Fransadakı Qafqaz mühacirətinin
vəziyyəti" ətrafında getdiyini bildirir. 1919-cu ildən
bu ölkədə olan Qafqaz nümayəndə heyətləri
Gürcüstan, Azərbaycan və Ermənistan kimi Qafqaz
respublikalarını bir ümumi "Qafqaz təşkilatında"
- "Zaqafqaziya Federasiyası-Qafqaz konfederasiyası şəklində
birləşdirməyə çalışırdı və
"Şimali Qafqazın" da bura daxil olacağı nəzərdə
tutulurdu. Rəsulzadəyə görə, Qafqaz təşkilatı
İngiltərə, Fransa və Millətlər Liqası vasitəsilə
bolşeviklərə təsir göstəriləcəyinə
və "Neft mədənləri və digər təbii sərvətlərə
dair konsensiyaların müqabilində onların Cənubi Qafqaz
respublikalarını buraxacağına və bu respublikalarda
burjua-demokratik quruluş yaradılacağına" ümid
edilirdi. İkinci variant kimi, Rəsulzadənin fikrincə, Cənubi
Qafqazda sovet hakimiyyətinin devrilməsi və onun Sovet
İttifaqından ayrılması üçün ölkənin
içində üsyan qalxmalı və bolşevik rejiminin məhv
edilməsi üçün əlverişli zəmin
yaradılmalı idi. Cənubi Qafqazda sovet sisteminin məhz
edilməsinin və orada burjua-demokratik respublikalarının
yaradılmasının daha bir və daha mümkün
variantı isə, Sovet İttifaqının xarici, beynəlxalq
vəziyyətinin gərginləşməsi, kiminsə
SSRİ əleyhinə müharibə başlamaq imkanı ilə
bağlı idi.
Rəsulzadə ilə söhbətlərindən
İsrafil bəyə həm də bu məlum idi ki, onların
Parisdəki millətçi təşkilatı çoxlu sayda
ədəbiyyat dərc edir və onları xarici dillərə
çevirirdi. Bu iş iki məqsədlə
görülürdü: 1. Qərbi Avropada Qafqaz
konfederasiyası xeyrinə ictimai fikir formalaşdırmaq; 2.
Mühacirlər arasında konfederasiya yaratmağın zəruriliyi
ideyasını təbliğ etmək və bu əsasda
mühacir qüvvələri bir yerə toplamaq və birləşdirmək;
Rəsulzadənin mühacirət dövrü fəaliyyətini
beləcə, ən ümumi şəkildə şərh edən
İsrafil bəy, nəhayət ki, dindirmənin istintaq
üçün ən mühüm, onun özü
üçün isə ən gərgin sualını
eşidir:
"Sual: Siz Rəsulzadənin bu fikirlərini
bölüşürdünüz?
Cavab: Bəli, mən onunla tam razı idim. Mən onun nəzərlərini
bölüşürdüm, belə ki, şəxsən mən
özüm də Azərbaycanın müstəqilliyinin tərəfdarı
idim. Bolşeviklərsiz, sovet hakimiyyəti olmayan Azərbaycan
burjua-demokratik respublikasının tərəfdarı...
Sual: Siz öz əqidənizə görə millətçisiniz?
Cavab: Öz siyasi əqidəmə görə mən
özümü burjua millətçisi hesab edirəm".
Bu sonuncu etirafdan sonra müstəntiq bir daha
"Prometey" təşkilatının tərkibi məsələsinə
qayıdır və onun "burjua millətçilərini
birləşdirdiyi" cavabına eşidəndə yenidən
İsrafil bəyin özünün bu təşkilatın
üzvü olub-olmadığını soruşur.
İsrafil bəy bir daha bu təşkilatın
üzvü olmadığını, lakin onun proqramını
və ideyalarını bölüşdüyünü
vurğulayır. Təşkilata üzvlük məsələsində
İsrafil bəy əvvəlki ifadələrində göstərdiyi
səbəbi - "zabitlərin ümümən siyasi təşkilatlarda
iştirakının" qeyri-məqbul
sayıldığını xatırlatmağı lazım
bilir və bu dəfə: "Polşa ordusunun zabitlərinə
hər hansı təşkilat və partiyalara daxil olmaq
hüququ verilmədiyini" vurğulayır.
Lakin müstəntiq bu cavabı inandırıcı
saymır: "Siz doğru danışmırsınız.
Sizin, "Prometey" təşkilatına
başçılıq edən burjua millətçilərin
liderlərindən Rəsulzadə ilə əlaqəniz, onun nəzərlərini,
proqram göstərişlərini bölüşməyiniz belə
nəticə çıxarmağa əsas verir ki, siz şəxsən
özünüz də bu təşkilatın üzvü
idiniz".
İsrafil bəy bununla razılaşmır, bir daha
heç bir mühacir, yaxud xaricdə olan hər hansı
başqa təşkilatın üzvü olmadığında
israr edir. Müstəntiqin Rəsulzadənin Azərbaycanın
gələcəyi ilə bağlı İsrafil bəyin nəzərləri
ilə maraqlanıb-maraqlanmadığına dair sualına
İsrafil bəy Məhəmməd Əmin bəyin ona bu
mövzuda birbaşa sual vermədiyini və buna heç ehtiyac
da olmadığını bildirir. Belə ki, Rəsulzadə
"aydın görürdü ki, mən onun burjua-millətçi
baxışlarını bölüşürəm, Azərbaycanın
gələcəyinə dair onun proqram göstərişlərini
qəbul edirəm. Amma bununla bərabər, onların
reallaşacağına inanmırdım".
Müstəntiq yenə də İsrafil bəyin ifadələrinin
ziddiyyətli olduğunu vurğulayır: Millətçi-burjua
təşkilatına qoşulub, amma rəsmən üzv
olmamaq. Bu, nə dərəcədə
inandırıcıdır...
İsrafil bəy bir daha bu təşkilata qoşulmadığını
və üzvü olmadığını iddia edəndə
görünür ki, müstəntiq də artıq bu
mövzunu bağlayır və sonrakı kiçik
sual-cavabdan: - Kazımbəyov həmin təşkilatın
üzvü idimi? - Xeyr, Kazımbəyov da bu təşkilatın
üzvü deyildi; - Siz şəxsən Smal-Stotski ilə
tanış idinizmi? - Xeyr, tanış deyildim; - Bəs eləsə,
onun Varşavada millətçi "Prometey" təşkilatının
sədri olduğunu haradan bilirsiniz ? - Bu haqda Rəsulzdədən
eşitmişəm; - sonra həmin günün dindirmə
protokoluna yekun vurur.
Almaniyada
"Siz alman ordusunda xidmət etmisinizmi?" sualı və
dindirilən şəxsin: "Bəli, xidmət etmişəm,
polkovnik rütbəsində" cavabı ilə İsrafil bəy
İsrafilovun Novosibirsk şəhərində dindirmələrinin
istintaqa məlum, təkzibedilməz və əslində ən
mühüm mərhələsi başlayır. Bu mövzuya
İsrafil bəyin Polşa vətənpərvər
könüllülərinin alman
işğalçılarına qarşı müqavimət hərəkatında
iştirak etmədiyinə dair ifadələrdən sonra
keçilməsi diqqət çəkir. Belə ki, dindirmənin
bu səmtdə gedişinə Polşa ordusunda xidmət
etmiş azərbaycanlı zabitin sonrakı seçimin səbəbini
aydınlaşdırmaq cəhdi kimi də baxıla bilər.
Burada, istintaqın ən ağır sualına müttəhimin
müsbət cavabı - alman ordusuna könüllü daxil
olduğu etirafı - qarşısında irəli sürüləcək
ittihamı daha da dəqiqləşdirmək və möhkəmləndirmək
məqsədilə sovet müstəntiqinin qurduğu "dialoq" qarşı tərəfin
birmənalı cavabları ilə dramatik bir həddə
çatır:
"Sual: Alman ordusuna könüllü getdiniz ki, onun
sıralarında Sovet İttifaqına qarşı
vuruşasınız?
Cavab: Bəli. Mən alman ordusuna ona görə
könüllü xidmətə getdim ki, Sovet İttifaqı əleyhinə,
bolşeviklər əleyhinə vuruşum, sovet hakimiyyətini
məhv etmək üçün vuruşum.
Sual: Polşa vətənpərvərlərinə
almanlarla mübarizədə kömək etməyə siz
özünüzdə güc tapmadınız, amma
Qırmızı Orduya qarşı almanların tərəfində
mübarizə üçün belə güc tapıldı
Cavab: Bəli, məndə bu güclər
tapıldı, çünki mən Sovet İttifaqına nifrət
edirdim, mən onun düşməni idim".
Bu sual-cavabla İsrafil bəy İsrafilovun mübarizə
hədəfinin özünün az qala ikinci vətəni hesab
etdiyi Polşanı işğal etmiş faşist Almaniyası
deyil, məhz Sovet İttifaqı olduğu tam təsdiqini
tapır. Bu seçimin səbəbi isə İsrafil bəyin
sonrakı dindirmələrində müstəntiqin növbəti
- "Sizi könüllü surətdə almanlara xidmətə
nə vadar etdi ?" - sualına verdiyi ətraflı
cavabın bir cümləsində bütün
çılpaqlığı ilə əks olunur:
"Mənim Sovet Rusiyasına, sovet hakimiyyətinə
nifrətim, düşmənçiliyim 1920-ci ildən, öz
Vətənimin hüdudlarını tərk etməli
olduğum vaxtdan sönməmişd".
Dindirmə prosesində İsrafil bəyin hansı
şəraitdə və şərtlər daxilində alman
ordusunda xidmətə daxil olduğu geniş
araşdırılır və bu zaman həmin addımın məhz
Azərbaycan adına, Azərbaycanın müstəqilliyinin bərpası
yolunda atıldığı aydınlaşır.
Alman ordusunda rəsmən 1944-cü ilin sonlarında
xidmətə başladığını bildirən
İsrafil bəy İsrafilov o vaxta qədər artıq
1943-cü ildən Berlində fəaliyyət göstərən
Azərbaycan Milli Komitəsində
çalışdığını və bu komitənin
tapşırığı ilə azərbaycanlılardan ibarət
hərbi hissə təşkil etməli olduğunu bildirir.
Burada bir haşiyə çıxaraq adı çəkilən
Azərbaycan Milli Komitəsi
haqda qısa arayış vermək məqsədəuyğun
olar...
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2024.-26 sentyabr (№175).- S.12-13.