O gün “Cəbr” dərsi Bülbüllə başlandı...

26 SENTYABR BÖYÜK MÜĞƏNNİ BÜLBÜLÜN ANIM GÜNÜDÜR

 

 

...1961-ci ildən ən çox yadımda qalan ustad müğənni Bülbülün vəfat etdiyi gündür. O vaxtlar bizim Muradxanlı (Kürdəmir) kəndindən Bakıya ən çox gedib-gələn rəhmətlik Mirzəmməd kişi olardı. Hər dəfə də təzə bir xəbərlə qayıdardı: yəni Bakıda getdiyi teatrlardan, baxdığı tamaşalardan, xüsusilə də “Koroğlu”dan, Bülbülün Qıratın belində Koroğlu kimi nərə çəkməsindən həyəcanla danışardı.

Və adətən axşam çağlarında qoyun-quzu qabağına çıxan, mal-qaranın örüşdən gəlməsini gözləyən adamlar Mirzəmməd kişinin başına yığışıb, onun söhbətlərinə həvəslə qulaq asar, maraqdan yaranan bir istəklə onu sorğu-suala tutardılar. O vaxtlar mən də dövrə vurub dayanan həmin o böyüklərin böyrünə qısılıb onların söhbətlərinə diqqət kəsilərdim. Ən çox da “Koroğlu”dan, “Leyli və Məcnun”dan, “Vaqif”dən danışılanda söhbət lap şirin olardı.

Mən Koroğlu və Bülbül sözlərini ilk dəfə uşaq yaşlarımda həmin söhbətlərdən eşitmişdim. Çünki o vaxtlar kəndimizdə tək-tük adamın evində “daş”la işləyən radio vardı. Sonralar bizim də evimizə radio çəkildi. Bundan sonra mən Bülbülün bənzərsiz səsini, eləcə də “Koroğlu” operasından parçaları, dahi Üzeyirin ölməz mahnılarını radio dalğalarından eşitməyə başladım. Elə o vaxtdan Bülbülün səsi, xüsusi avazla oxuduğu mahnılar canıma, qanıma, duyğularıma hopdu. Mən sözün əsl mənasında o gözəl səsin, bir-birindən gözəl mahnıların sədaları altında böyüyüb yaşa doldum.

...Evimizdə patefon vardı. Yadımdadır, patefonda oxutmaq üçün atam ilk dəfə Bülbülün vallarını almışdı. Yəni evimizdə gördüyüm ilk val Bülbülün valı olub. “Neftçi Qurban”, “Ölkəm”, “Olmazsa olmaz”, “Gülərəm gülsən” və sair mahnılarını patefonda tez-tez oxudur, Bülbülün səsini dinləməkdən doymurduq.

...Səkkizinci sinifdə oxuyurduq. Zəng vuruldu. Birinci dərsimiz “Cəbr” idi. Rza müəllim sinfə daxil oldu. Həmişə zəhmli, sərt və ciddi gördüyümüz Rza müəllim bu gün tamamilə başqa cür görünürdü. O, ötəri salam verib, əlindəki jurnalı stolun üstə qoydu. Əvvəlki günlərdən fərqli olaraq hazır-qayıb aparmadı, dərsi kimin bilib-bilmədiyini də soruşmadı. İlk sözü bu oldu: “Bilmirəm, eşitmisiniz, ya yox, Bülbül rəhmətə gedib...”

Səsi titrəyirdi, az qalırdı ağlasın. Dərs dediyi “Cəbr” kitabı kimi sərt olan Rza müəllimdən o günədək dərslərdə, deyərdim ki, danlaqdan savayı heç nə eşitməmişdik. Odur ki, ürəyinin bu qədər yumşalmasına təəccüb edirdik. Yerişindən, duruşundan, üz-gözündən zəhm yağan, həmişə zəng vurulan kimi sinifdə müntəzir olan, hər dəqiqənin qədrini bilən, sinfə ayaq qoyar-qoymaz, elə qapının ağzındaca dərsi danışmağa başlayan Rza müəllim həmin gün tanınmaz olmuşdu, bərk kövrəlmişdi. İlk dəfə idi ki, dərs vaxtı kənar mövzudan danışırdı.

O bu kədərli xəbəri bir də təkrar elədi və sözünə bir anlıq ara verib: “Gözəl oxuyurdu, - dedi - doğrudan da əsl bülbül idi...”

Həmin gün “Cəbr” dərsi Bülbüllə başlayıb Bülbüllə də qurtardı. Biz Bülbül haqqında Rza müəllimdən çox şey öyrəndik...

Zaman keçdi. Bülbülün sənətini daha dərindən duymağa başladım. İnsanın varlığına, qəlbinə hakim kəsilən, ən incə, ən zərif duyğuları belə dilə gətirən o mahnıları ömrümün bu ahıl çağında da kövrələ-kövrələ dinləyirəm. Bülbülün böyüklüyünü, Bülbül sənətinin əzəmətini, onun qəlbimə, varlığıma necə hakim kəsildiyini ifadə edə bilmək mənim üçün çətindir, çox çətin!

...Dahi Bülbülün 100 illiyinə həsr olunan “Bizim Bülbül - dünyanın Bülbülü” kitabı üçün yazı hazırlamaq mənə də qismət oldu. Bu məqsədlə Bülbülün ev-muzeyinə getdim. Bülbül haqqında gözəl xatirələri onun ömür-gün yoldaşı Adilə xanımın dilindən eşitmək mənim üçün son dərəcə maraqlı idi.

Muzeydəki eksponatların hər biri əsl sənət tarixidir. Dahi müğənni Bülbülün sənət dünyasından, sənət uğurlarından bəhs edən çoxsaylı yazılar, sənədlər, fotoşəkillər, təltiflər, mükafatlar, təşəkkürnamələr, eləcə də Bülbülün bir vaxtlar çay içdiyi stəkan-nəlbəkidən tutmuş müxtəlif məişət əşyaları... Bütün bunları seyr etdikcə, olub-keçənləri yada saldıqca dərin bir kədərlə köks ötürməkdən, bu fani dünyanın vəfasızlığına təəssüflə baş bulamaqdan savayı, əlimdən heç nə gəlmədi.

Elə muzeydəcə xəyalım yenidən kəndimizə - Bülbülün adını və səsini ilk dəfə eşidib zövq aldığım o uşaqlıq və ilk gənclik çağlarıma qayıtdı...

 

Bülbül Bədoya gəlmişdi

 

...Yaxın dostum Ağakərim təkcə istedadlı memar deyil, həm də həddən artıq musiqi sevəndi. İndinin özündə də qulağının dibindən radio, gözünün qabağından televizor əskik olmur. Təbi gələndə şeir də yazır. Ya  xşırəssamlığı da var. Evlərində hansı divara baxsan, onun çəkdiyi şəkilləri, portretləri görərsən. Yaşı 75-i haqlasa da, mahnıda deyildiyi kimi, təbi-təravəti cavanlardan geri qalmır. Deyərdim ki, bəzi xasiyyətləri ona rəhmətlik atası Üzeyir kişidən keçib.

Üzeyir kişi həmişə qonaq-qaralı olub. Nə vaxtsa qonağı gələndə, daha doğrusu, evində bir qonaqlıq verəndə mütləq yaxın dostu olan sənətkarları - aşıq Şakiri, xanəndə Eynulla Cəbrayılovu, ustad balabançı Həsrəti də çağırarmış. Qonaqlıq az qala toy kimi keçirmiş. Balaca Ağakərim də bu sənətkarları uşaq yaşlarından görüb tanımışdı...

Ağakərimin bir söhbəti mənim üçün gözlənilməz oldu. Sən demə, o, uşaq vaxtı hətta Bülbülü də görübmüş. “Bu necə olmuşdu” - deyə soruşdum. Ağakərim maraqlı bir xatirə danışdı. Onun dedikləri Bülbül haqqında hazırladığım bu yazı üçün lap göydəndüşmə oldu. Dostum Ağakərimin Bülbüllə bağlı xatirəsi belədir:

“Atam, demək olar, hər il yayda İsmayıllıya - Bədo bulağına dincəlməyə gedir, nənəmlə məni də özü ilə aparırdı. Kürdəmirin istisindən çıxıb Bədoya gələndə adam özünü o ki var rahat hiss edirdi.

Budəfəki gedişimiz çox yaddaqalan, maraqlı oldu. Həmyerlimiz xanəndə Eynulla Cəbrayılov da bizimlə biryerdə idi. 1960-cı il olardı. Onda mənim 11-12 yaşım vardı.

İstirahətə gələnlər bir azdan bir yerə yığışıb nahar eləməyə başladılar. Atamın gətirib kəsdiyi toğlunun dadlı kababı adamları süfrə ətrafına çağırırdı. Yemək-içməyin şirin yerində gördük ki, mavi rəngli bir “Volqa QAZ-21” gəlir. Maşın gəlib bir qədər aralıda dayandı. Maşında sürücüdən başqa bir nəfər də vardı. O, maşından düşəndə xanəndə Eynulla Cəbrayılov cəld yerindən qalxıb: “Gələn Bülbül əmidir” - dedi. Və sevincək halda tez ona yaxınlaşdı. Görüşüb öpüşdülər. Hamı süfrə başından durub Bülbülü qarşılamaq üçün ona tərəf getdi. Bülbül camaatın gur olduğunu görüb daha da ruhlandı. Maşından qavalı götürüb elə oradaca Koroğlunun o məşhur mahnısını oxumağa başladı:

 

Səni gördüm, aşiq oldum,

dərdə saldın canımı,

Qara qaşlar, işvə-nazlar

tökdü nahaq qanımı.

Gözəlim, gəl, halımı sor, rəhm elə,

Nədir əmrin, tacidarım, sərvərim?..

 

Bülbül şaqraq səsli bu gözəl ifası ilə hamını salamladı. Eynulla onun səhhətini soruşdu. Bülbül cavab olaraq dedi: “Həkimlər mənə dağ havasını, kükürdlü bulaq suyunu məsləhət görüblər. Odur ki, ara-sıra buralara da gəlib-gedirəm”.

Eynulla ilə atam Bülbülü süfrəyə dəvət etdilər. Bülbül əvvəllcə beş-on addımlıqdakı bulağın başına enib kükürdlü sudan içdi, əl-üzünü yuyandan sonra süfrə başına keçdi. Bir az yeyib-içəndən sonra çalıb-oxumaq başladı. Yaxşı ki, yaxın kəndlərin birində qarmon çalan vardı. Maşın göndərib onu gətirtmişdilər. Bülbülün sorağını eşidib yaxın kəndlərdən xeyli adam gəlmişdi. Necə deyərlər, əsl konsert başlandı. Bülbül gözəl mahnılarından bir neçəsini oxudu. O, fasilə verəndə Eynulla oxuyurdu.

Beləcə musiqi məclisi xeyli davam elədi. Artıq hava qaralmışdı. Bülbül məclis əhlinə üz tutub, getmək istədiyini bildirdi. Camaat Bülbüldən xahiş elədi ki, getməyib gecəni qalsın. Amma o, mütləq gedəcəyini bildirdi. Onu böyük hörmətlə yola saldılar. Eynullanın isə konserti davam elədi.

Allah rəhmət eləsin Bülbülə, həmin o günü hər dəfə fəxrlə xatırlayıram. Çünki uşaqlıq illərimdən yadigar qalan əziz bir xatirədir”.

Bu gün biz hamılıqla özümüzü xoşbəxt hesab edirik ki, dahi sənətkar Bülbülü onun ana vətəni olan Şuşamızın azad və xoş günlərində daha böyük qürurla yada salır, xatirəsini dərin ehtiramla anırıq!

 

Tofiq ABDULLAYEV,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

525-ci qəzet .- 2024.-26 sentyabr (¹175).- S.11.