Rənglərin vəhdəti,
fakturanın sehri
Azərbaycan xalqı bütün dövrlərdə
istər incəsənət və mədəniyyət, istərsə
də elm sahəsində zaman-zaman istedadlı gənclər bəxş
edib. Belə gənclərimizdən biri də haqqında
söhbət açmaq istədiyim rəssam Rufanə
Dünyamalıyevadır. Əslən Qarabağdan olan Rufanə
1997-ci il yanvarın 28-də Sumqayıt şəhərində
dünyaya göz açıb. 2011-ci ildən Sumqayıt şəhər
Uşaq və Yeniyetmələr Yaradıcılıq mərkəzində
rəssamlıq sənətinin sirlərini öyrənməyə
başlayan Rufanə 2014-cü ildə dərnəyi müvəffəqiyyətlə
bitirərək ADPU-ya daxil olub və 2018-ci ildə bu
universitetin "Təsviri incəsənət müəllimliyi"
ixtisasını bitirib.
Rufanənin ilk uğurları elə
yaradıcılıq mərkəzinə daxil olduğu illərdən
başlayır. Yaradıcılıq mərkəzi tərəfindən
keçirilən sərgilərdə fəal iştirak etməyə
başlayır və buna görə hər dəfə rəhbərlik
tərəfindən fəxri fərmanla təltif olunur. 24
fevral 2011-ci ildə isə Azərbaycan Respublikası Təhsil
Nazirliyi Sumqayıt Təhsil Şöbəsi nəzdində fəaliyyət
göstərən Gənc Müəllimlər
Şurasının keçirdiyi "Xocalı
soyqırımı uşaqların gözü ilə"
adlı rəsm müsabiqəsində II yerə layiq
görülür. Sonralar o, müxtəlif beynəlxalq və
yerli sərgilərdə fəal iştirak edərək
sertifikatla, diplomla təltif olunub. 2 fevral 2022-ci ildən Azərbaycan
Rəssamlar İttifaqı Gənc Rəssamlar Birliyinin
üzvüdür.
Yaradıcılığında daha çox
natürmort və animalist janrında olan əsərlər
üstünlük təşkil edir. Güllərə olan
sevgisi onu bu mövzuda silsilə əsərlər yaratmağa
meylləndirib. Müxtəlif meyvələrin yer
aldığı rəngarəng natürmortlar da işləyib.
Bunlardan biri kağız üzərində sulu boya ilə
işlənmiş "Narlarla natürmort"dur. Bu
natürmort 2021-ci ildə Albaniyada Milli Tarix Muzeyində Beynəlxalq
Suluboya Cəmiyyətinin təşkilatçılığı
ilə keçirilən Tirana Beynəlxalq Suluboya biennalesinin IV
nəşrində nümayiş olunub. Bu biennalledə Rufanə
Azərbaycanı təmsil edən yeganə sənətçi
idi.
Bakının ən qədim hissəsi olan İçərişəhər
bir çox rəssama ilham mənbəyi olub və kətana
köçürülüb. Gənc rəssam Rufanə
Dünyamalıyevanın "Köhnə şəhər
nağılı" əsəri də bu mövzudadır.
Mürəkkəb və maraqlı kompozisiyaya malik olan əsər
rəssamın kətan üzərində yağlı boya ilə
işlənmiş ilk böyük həcmli (110x70) əsəridir.
Kompozisiyanın mərkəzində biz bir gözü mavi, digər
gözü qəhvəyi olan azadlıq simvolu qadın
obrazı görürük. Rəssam bununla Azərbaycanda fərqli
dünyagörüşünə malik insanların
yaşadığını vurğulamaq istəyib. Fonda rəssam
İçərişəhərin memarlıq tikililərini
göstərib. Kompozisiyanın aşağı hissəsində
birlik rəmzimiz olan, milli elementlərimizdən nar və nar
yarpaqları təsvir edilib. Gənc qızın baş hissəsində
narlardan sanki tac yaratmış rəssam, hətta
sırğaları da nar çiçəyi formasında
verib. Gəncin qarşısında tam mərkəz hissədə
Abşeronun memarlıq incisi, Azərbaycan
memarlığının vizit kartı sayılan Qız
qalası təsvir edilib. Gənc xanımdan sağda və
solda isə İçərişəhərə məxsus
tikililər kiçildilmiş şəkildə yer alıb.
Hophop quşunun təsviri əsərə dinamiklik bəxş
etməklə yanaşı, Abşeron ab-havası da gətirib.
Rufanə öz yaradıcılığında cəmiyyət
həyatında böyük əhəmiyyət kəsb edən
müxtəlif mövzulara müraciət edir. Onun əsərləri
sırasında daima aktual mövzu olan Qarabağa aid rəsmlər
də var. Bunlardan Qarabağ atlarına həsr olunmuş
"Böyük qayıdış" və
"Qarabağın milli izləri" rəsmlərini
nümunə göstərmək olar. "Qarabağın milli
izləri" 18 yanvar 2021-ci ildə ADRA-nın və qardaş
Türkiyənin Alanya Alaaddin Keykubat Universiteti ilə birlikdə
təşkil etdiyi Uluslararası onlayn "Geleneksel izler" sərgisində
nümayiş olunub. Əsər kağız üzərində
qarışıq texnikada işlənmişdir. Ön planda
qızılı-kürən rəngini günəşdən
almış bir-birinə sığınmış iki at təsviri
görürük. Qarabağ atları üçün səciyyəvi
xüsusiyyətləri rəssam dəqiqliklə əsərində
əks etdirib. Fonda Qarabağ xalçaçılıq məktəbinə
məxsus müxtəlif xalçalardan fraqmentlər verilib.
Bütün bu xüsusiyyətlər onun azərbaycanlı sənətkar
tərəfindən yaradıldığını demədən
də göstərir.
"Şuşa xatirələri" də öz əsrarəngizliyi
ilə diqqət çəkir. Bu əsər 2022-ci ildə Azərbaycan
Milli Xalça Muzeyində "Şuşa ili" nə həsr
olunmuş gənclərin əl işlərindən ibarət
sərgidə nümayiş olunub. Muzeyin Şuşa filialı
Qarabağ xalçalarını, Şuşanın tarixi abidələrini
gənc rəssamların gözü ilə tanıtmaq məqsədilə
layihə həyata keçirmişdi. Layihəyə 114 sənət
nümunəsi təqdim olunmuş və onlardan 30-u mütəxəssislər
tərəfindən seçilərək sərgidə
nümayiş etdirilmişdi. Əsərin koloriti çox əlvan,
gözoxşayandır. Gənc rəssam bu əsəri yaradarkən
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa
filialının eksponatları ilə yaxından tanış
olmuş və öz əsərində Şuşa xatirələrini
canlandırarkən onların təsvirinə də yer
vermişdi. Əsər kətan üzərində
qarışıq texnikada işlənib. Bu əsərdə rəssam
yağlı boyalardan, qızılı kağızdan,
konturdan, akrildən istifadə edib.
Gənc rəssam daima yaradıcılıq
axtarışında olub, öz üzərində
çalışıb, nəhayət öz dəsti-xəttini
tapıb. Son illərdə yaratdığı əsərlərlə
tanış olduqda rəssamın özünəməxsus
işləmə texnikasının olduğunu əminliklə
qeyd edə bilərik. Onun son illərdə yaratdığı
əsərlərdə, əsasən, qarışıq
texnikadan istifadə etdiyini görürük. Rəssam əsərlərinin
eskizini işləmir, kompozisiyanı əvvəldən
düşünmür. Kompozisiya iş prosesində yaranır.
O, əsəri yaradarkən cəsarətlə yeni-yeni vasitələrdən,
müxtəlif boyalardan istifadə edir və nəticədə
ərsəyə gələn əsərlər öz təkrarolunmazlığı
ilə diqqət çəkir. Son işlərindən olan,
Meksika səfirliyindəki sərgidə nümayiş
etdirilmiş "Çardaqda natürmort" əsəri də
məhz belə işlərindəndir. Öz əlvan rəngləri
ilə Meksika təbiətini, mədəniyyətini
xatırladan bu əsəri rəssam qarışıq texnikada
işləyib.
Rəssamın 2024-cü ildə Azərbaycan Dövlət
Rəsssamlar İttifaqının Gənclər Gününə
həsr olunmuş sərgidə nümayiş etdirilən əsərləri
də özünəməxsus dəsti-xətdə
yaradılıb. Bunlardan biri qadın zorakılığına
həsr edilib. 25 noyabr dünyada Qadınlara Qarşı Zorakılığın
Aradan Qaldırılması Günü kimi qeyd edilir və
Narıncı gün kimi də tanınır. Narıncı rəng
zorakılığın olmadığı parlaq gələcəyi,
həmçinin zorakılığın hər bir halına
qarşı birgə mübarizəni ifadə edir. Gənc rəssam
da qadın zorakılığına həsr etdiyi
"Dünyanı narıncıya boya" əsərində
zorakılığa mübarizə fikrini əks etdirərkən
narıncı rəngdən məharətlə istifadə
edib. Tünd fonda narıncı rəngdən istifadə etməklə
rəssam hələ heç nəyin gec olmadığı
fikrini vurğulamaq və qadınları öz
hüquqlarını müdafiə etməyə səsləmək
istəyib. Kompozisiyanın sol hissəsində barmağına
üzük keçirilən əl təsviri verilib və bu
üzük kəndirlə dartılır. Rəssam bununla erkən
nikaha, eyni zamanda sevgisiz qurulan ailələrə
etirazını bildirməyə çalışıb.
Aşağı sol hissədə qadına uzanan əllər sanki
qadınları susdurmağa çalışanlara
qarşı etirazı əks etdirib. Rəssam qadınların
ali varlıqlar, cəmiyyətin əsas qurucuları və
onların toxunulmaz olduqları fikrini çatdırmağa
çalışıb. Mərkəzdəki dibçəkdə
təsvir edilən qızılgüllər isə
zorakılığa məruz qalmış qadınları əks
etdirir. Zorakılığa məruz qalan qadınlar nə qədər
büruzə verməsələr də, biz onların
baxışlarında, gözlərində onların üzləşdiyi
zorakılığı sezə bilərik.
Rufanə Dünyamalıyevanın uğurları
bunlarla bitmir. O, rəssamlıq sevgisi olan övladlarımıza
bu sənətin sirlərini aşılayır, onların istər
yerli, istərsə də beynəlxalq sərgilərdə
iştirakına çalışır. Onun tələbələrinin
də uğurları saysızdır. Rəssama
yaradıcılığında uğurlar arzulayır və
yeni-yeni əsərlərini səbirsizliklə gözləyirik.
Zəkiyə NURİYEVA
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2024.-26 sentyabr (№175).- S.10.