İstirahət -
işgüzarlığın sinonimi
Azərbaycanın görkəmli tədqiqatçı
alimi Nizaməddin Şəmsizadənin yetmiş yaşı
tamam olur. Onu ürəkdən təbrik edir,
cansağlığı, ailə sevinci arzulayıram.
1954-cü ilin son ayında, son günündə dünyaya gəlmişdir.
Haqqında oxuduğum mənbədə gördüm ki, bu
mötəbər insanın demək olar, hər günü gərgin
və işgüzar olub, elə bu günlərədək.
Yəqin ki, ilk görüşlərimdə
suallarımın biri bu olacaqdı ki, "istirahət"ə,
bu sözə necə baxırsınız? Cavabını da təsəvvür
edirəm: yəqin özünəxas təbəssümlə
deyə bilər ki, "işgüzarlığın
sinonimi!"
Əlbəttə, bu bəlkə zarafatdı, ancaq
müəyyən yaşdan sonra, onun elmi yaradıcılıq
işgüzarlığı yəqin ki, istirahət günlərinin
sinonimi olmuşdur.
Yeri gəlmişkən, bir misal: Günəşin
dünyaya gəlişi çağırış deyilmi?
Yazıb yaratmağa, işgüzarlığa
çağırış. İnsanın günəşlə
görüşü də yəqin istirahətin yox,
işgüzarlığın sinonimidir.
Hələ gənclik illərindən elmi tədqiqata
güclü meyl göstərən Nizaməddin müəllim
Universitetin filologiya fakültəsini 1977-ci ildə bitirmiş,
bundan sonra o, günləri "vaxt", "zaman"
meyarları ilə ölçməyə-biçməyə
başlamış, elmi müəssisələrdə sanki
bir-birinin ardınca laborant, kiçik elmi işçi, baş
elmi işçi kimi fəaliyyət göstərmişdir.
Namizədlik və doktorluq dissertasiyalarını
müvəffəqiyyətlə müdafiə edən gənc
istedad sahibinin qarşısında yeni elmi
yaradıcılıq imkanları açılır. Bir
sıra elmi müəssisələr onu işə dəvət
edir. Azərbaycan Yazıçılar Birliyinin üzvü
olur. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətini
davam etdirməklə, müsabiqə yolu ilə baş müəllim,
dosent, professor seçilir, "Ədəbiyyat və dillər",
"Ədəbiyyat və Azərbaycan dili", eləcə də
"Ədəbi yaradıcılıq" kafedrasının
müdiri vəzifəsində işləyir. Beləliklə,
Tiflisdə, Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi
üzvü seçilir.
Nizaməddin müəllim elmi xidmətlərinə
görə, akademik Y.Məmmədəliyev mükafatı
laureatıdır. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı"
(müştərək) kitabına görə Azərbaycan
Respublikasının Dövlət mükafatına layiq
görülür.
Tanınmış tədqiqatçı alimin bir
sıra monoqrafiyaları, o cümlədən: "Ədəbi
mübahisələr", "Azərbaycan
ideologiyası", "Azərbaycan ədəbiyyatşünaslığı",
"Türk təfəkkürü məcrasında",
"Əli Nazim", "Tənqidin ədəbi prosesdə
rolu", "Azərbaycançılıq", "Ədəbi
proses və ədəbi nəsil" və b. nəşr
olunmuş, geniş yayılmış, "Əgər onlar
olmasaydı", "Mən kiməm",
"Tüstü", "Duman", "Müdriklər
bunları deməyib" və bu kimi ədəbi-tənqidi məqalələri,
şeirləri, elmi-nəzəri və fəlsəfi-publisistik
məqalələrdən ibarət kitabları çapdan
çıxmışdır.
N.Şəmsizadənin yaradıcılığı
haqqında 80-dən artıq elmi məqalə, eləcə də
professor Ş.Vəliyevin "Azərbaycanşünas alim"
monoqrafiyası və "Filosof tənqidçi" kitabı
işıq üzü görmüşdür. O, "Milli ideologiyamız - Azərbaycançılıq
nəzəriyyəsi haqqında" ilk kitabın müəllifidir.
İndiyədək bir sıra mötəbər vəzifələrdə
işləyən görkəmli alim, hazırda Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Ədəbiyyat və dillər"
kafedrasının professoru kimi elmi-pedaqoji fəaliyyətini
davam etdirir.
Nizaməddin müəllim Bakı Dövlət
Universitetinin 100 illiyi münasibətilə Azərbaycanda təhsilin
və elmin inkişafındakı xidmətlərinə görə
"Əməkdar elm xadimi" fəxri adına layiq
görülmüşdür.
Hörmətli qələm dostumuz ailəlidir, dörd
övlad, yeddi nəvə sahibidir.
Daha yeni ailə sevinci, daha yeni yaradıcılıq
uğurları arzusu ilə hələlik
sağollaşıram.
Nəriman HƏSƏNZADƏ
525-ci qəzet .- 2024.-26 sentyabr (№175).- S.9.