“Bir görüşün “manifesti”  

 

 

28 sentyabr görkəmli yazıçı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin anım günüdür. 1978-ci il sentyabrın 28-də dünyasını dəyişən mərhum pedaqoq uzun illər Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətlə  məşğul olub, bu ali təhsil ocağının Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik edib. Mir Cəlal müəllim keçmiş tələbələri tərəfindən bu gün də böyük hörmətlə anılır, onun xeyirxah əməlləri xatırlanır, xatirəsi ehtiramla yad olunur. Anım günü ərəfəsində ötən əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetində bu böyük pedaqoqun tələbəsi olmuş tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyevin hələ 1978-ci ildə - Mir Cəlal müəllimin dünyadan köçdüyü gün qələmə aldığı “Bir görüşün “manifesti” adlı yazısını oxuculara təqdim edirik.

“Bir gəncin manifesti”ni orta məktəb illərində mənim yaşıdlarımdan ağlım kəsmir ki, kimsə oxumasın. Bu roman altmışıncı illər məktəblilərinin ən çox xoşladıqları, ən çox sevdikləri əsərlərdən idi. O cümlədən, mən də romanın və onun müəllifi Mir Cəlal Paşayevin vurğunu idim. Kitabı, necə deyərlər, acqarına üç-dörd dəfə dalbadal oxumuşdum (təxminən on beş il keçməsinə baxmayaraq, yalan olmasın, bəlkə, indi də başdan-ayağa onu əzbərdən söyləyə bilərəm). Və o vaxtlardan da əsərin müəllifini - yazıçı Mir Cəlalı şəxsən görüb-tanımaq ən böyük uşaqlıq arzularımdan biri olmuşdu. Nəhayət, bu böyük yazıçı ilə tanış oldum. Daha doğrusu, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) Jurnalistika fakültəsinin birinci kursunda oxuyanda Mir Cəlal müəllim mənə “Ədəbiyyatşünaslığın əsasları” fənnindən dərs deyəsi oldu...

Auditoriyada oturub, səbirsizliklə onun gəlişini gözləyirdik. Budur, Mir Cəlal müəllim astaca sinif otağının qapısını açıb, içəri daxil oldu. Hamımız bir nəfər kimi ayağa qalxdıq. Bizimlə salamlaşıb, stol arxasına keçdi. Ani bir sükutdan sonra nəzərlərini bir-bir hamının üzərində gəzdirdi. Sonra tanışlıq verib, dərsə, daha doğrusu, söhbətə başladı. Köhnə tanışlar kimi hal-əhvalımızı xəbər aldı, kimliyimizi soruşdu, yaşayışımızla, dolanışığımızla maraqlandı. Daha sonra tədris edəcəyi fənn barədə qısaca məlumat verdi. Dərs başa çatandan sonra bizimlə sağollaşıb getdi. Hamımız onu küçə qapısına qədər ötürdük və növbəti dərsini səbirsizliklə gözləməyə başladıq...

Mir Cəlal müəllim bizə cəmi dördcə ay, yəni bir semestr dərs dedi. Və bu dörd ay içərisində biz ona, o bizə doğma bir adam kimi isnişdik.

Nəhayət, birinci kursun birinci semestri başa çatdı. İmtahanlara hazırlaşmağa başladıq. İlk imtahan da elə “Ədəbiyyatşünaslığın əsasları”ndan idi. Mir Cəlal müəllimin imtahanından heç kəs qorxub-çəkinmirdi. Çünki hamıya məlum idi ki, olduqca həlim, ürəyi yuxa olan Mir Cəlal müəllim kiməsə nəinki “qeyri-kafi” yazar, hətta heç “üç” qiymət verməyə də əli gəlməz, kiminsə təqaüd almamasına heç vaxt razı olmazdı. Mənim isə bu asan və maraqlı fəndən “qeyri-kafi” aldığımı bilənlər təəccüblərini gizlədə bilmədilər, “ola bilməz” - dedilər, - “Mir Cəlal müəllimin ürəyi gəlməz bu ikini yazmağa!” Fakt isə o idi ki, mən artıq “iki” almışdım. Əslində, mənə “qeyri-kafi” yazan Mir Cəlal müəllimin assistenti Azad Nəbiyev idi. O, imtahan başlamazdan bir az əvvəl koridorda siqaret çəkdiyimi görmüş və “ədəbsizliyimə” görə məni “cəzalandırmaq” istəmişdi. Ona görə də məndən heç nə soruşub-eləməmiş “iki”ni yazmışdı kürəyimə.

Nə isə... O biri imtahanları uğurla verdim, qaldı “Ədəbiyyatşünaslığın əsasları”. Dekanlıqdan göndəriş alıb, yollandım universitetin “Kommunist” küçəsindəki binasına. Mir Cəlal müəllimin işlədiyi filologiya fakültəsi o vaxtlar burda yerləşirdi. Hava soyuq olduğundan o, işə gəlməmişdi. Kafedranın işçisi Zahirə Salmanova mənə dedi ki, Mir Cəlal müəllim bu gün işə çətin gələr. Telefon nömrəsini verək, zəng elə, razılıq versə, gedib evində imtahan verərsən. Zəng elədim, razılıq alandan sonra yollandım onun evinə... Qapının zənginə üz-gözündən nur yağan bir qadın çıxdı. Mən Mir Cəlal müəllimin evdə olub-olmadığını soruşanda içəridən bir səs eşidildi.

Mir Cəlal Paşayev ailə üzvləri və qohumu Cavanşir Heydərovla.

- Denən evdə yoxdur! Getsin, bir saatdan sonra gələr!

Bu sözlərdən sonra nurani qadının çöhrəsinə xəfif bir qızartı çökdü və utancaqlıqla:

- Bala, incimə, onun adətidir, istirahət edəndə heç kəsi qəbul etmir! - dedi.

Mən üz vurmayıb, “narahat olmayın, xala, bir saatdan sonra gələrəm”, - deyib küçəyə çıxdım. Dənizkənarı parkda “vaxtımı öldürüb”, yenidən həmin evə yollandım. Məni yenə həmin qadın qarşıladı. Mehribanlıqla “buyur, bala, keç içəri!” - dedi.

İçəri adladım. Artıq Mir Cəlal müəllim yerindən durub, yazı masasının arxasına keçmişdi. Nəsə yazırdı. Salam verdim. - Oğlum, otur, - dedi. - Nə istəyirsən, mənlik nə işin var?! - Dedim, Mir Cəlal müəllim, gəlmişəm imtahan verməyə! - Nə imtahan?! - deyə təəccüblə soruşanda dedim ki, bəs sizdən kəsirim var. Dedi ola bilməz. Mən indiyə qədər heç kəsə pislik eləməmişəm, heç kəsi incitməmişəm. Dedim ki, Mir Cəlal müəllim, imtahanda “qeyri-kafi”ni siz yox, Azad Nəbiyev yazıb. Sonra “iki” almağımın səbəbini danışdım. Dedi “bala, inanıram, onda bu cür tip xasiyyət var, pislik eləmək də ki, nə qədər desən, əlindən gələr. Eybi yoxdur, keçənə güzəşt deyərlər. Bu dəqiqə səndən imtahan götürərəm” - deyib, söhbətimizə maraqla qulaq asan gəlini Aida xanımdan evdə olan imtahan biletlərini gətirməyi xahiş elədi. Aida xanım dedi ki, bəs bu oğlan Jurnalistika fakültəsində oxuyur, evdəki biletlər isə Filologiya fakültəsi üçündür. Mir Cəlal müəllim dedi - “Eybi yoxdur, nə fərqi var, bilet biletdir də!” və zarafatla əlavə elədi - “Cavab verər, qiymətini yazaram, verməz özündən küssün”.

Nə isə... Biletlər səpələndi masanın üstünə... Elə bu vaxt bayaq qapını açan qadın - Mir Cəlal müəllimin ömür-gün yoldaşı Püstə xanım bizə yaxınlaşaraq:

Mir Cəlal Paşayev ailə üzvləri və qohumu Əmir Məmmədovla.

- Bala, suyun yaman şirin gəlir, danışığın da biz tərəflərin danışığına oxşayır. Haralısan, oğul?! - deyə soruşdu. Dedim, xala, Şuşanın Malıbəyli kəndindənəm. Elə bunu demişdim ki, o, “bıy, başıma xeyir, kəndçiyik ki! Bəs bunu niyə bayaqdan demirsən?! Kimlərdənsən, ay oğul?!” - Mən tanışlıq verəndən sonra Püstə xanım elə bil çoxdan görmədiyi əziz bir adamını görübmüş kimi, fırfıra kimi başıma dolanmağa başladı. Üzünü gəlininə tutub: - Aida, bala, tez bir çay gətir, mer-meyvə, yemək gətir! - dedi. Sonra Mir Cəlal müəllimə “Cəlal, gördün də, bu oğlanla qohum çıxdıq. Ona “beş” yazmasan, məndən incimə!” - Mir Cəlal müəllim baməzəliklə dedi: - Ay Püstə, bu oğlandan sən nə vaxt imtahan götürsən, “beş” yazarsan. Hələlik isə imtahanı mən götürürəm, - deyərək əli ilə biletləri stolun kənarına itələyib, özünün ən sevdiyi sualları - həzin bir el bayatısını və V.Q.Belinskinin ədəbiyyat haqqındakı məşhur kəlamlarını məndən soruşdu. “Bala, sənə zaval yoxdur, zaçot kitabçasını bəri elə, görüm” - deyərək qiymətimi yazıb əlavə elədi: - İşdir, birdən təqaüdə düşməsən, mənə deyərsən, sənin təqaüdünü özüm verərəm” - dedi.

Mir Cəlal müəllimlə və həyat yoldaşı ilə xeyli söhbətləşəndən sonra sağollaşıb ayrıldım.

Bu istiqanlı ailənin mənə qarşı olan mehribançılığı, xeyirxahlığı, səmimi münasibəti indi də yadımdan çıxmır.

 

Vasif QULİYEV

525-ci qəzet .- 2024.-26 sentyabr (¹175).- S.8.