Dilsuz yaradıcılığı: milli siqlət və bəşəri motivlər

DƏYƏRLİ ƏDİBİMİZİN YAXINLAŞMAQDA OLAN 80 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ

 

 

Dilsuz sovet dövründə dünyaya gəlib, yaradıcılığa da həmin dövrdə başlayıb, lakin əsərlərinin ideya istiqaməti, mövzusu və məzmununa görə onu sovet yazarı adlandıra bilmərik. Başqa sözlə desək, o, şeirlərində kommunist ideologiyasını vəsf etməyib, rejimin sifarişlərini yerinə yetirməyib. Bu o demək deyil ki, Dilsuz dissident şair olub. Onun poeziyası daha çox milli siqlətli, bəşəri motivlidir. Şair əsərlərində Vətən, tarixi şəxsiyyətlər, ana, torpaq, ailə dəyərləri, məhəbbət  kimi temalara toxunur və mövzuları özünəxas bir formada ifadə edir. Dilsuz poeziyası lirik “mən”inin yüksək milli, mənəvi-əxlaqi keyfiyyətlərinə, sənətkarlıq məziyyətlərinə, bədii-estetik özəlliklərinə görə aktualdır, cəlbedicidir. Bədii yaradıcılığa ötən əsrin 70-ci illərindən başlayan şair-publisistin əsərləri “Dilsuz”, “Dilsuz Mustafayev” imzaları ilə “Azərbaycan”, “Ulduz” jurnallarında və respublikanın nüfuzlu qəzetlərində dərc edilib, Azərbaycan radiosunda səslənib. Şeir və hekayələri rus, türk, fransız, gürcü və sair dillərə tərcümə olunub. Yaradıcılığında bədii tərcüməyə xüsusi yer verən Dilsuz daha çox dünya dramaturqlarının əsərlərini doğma dilə çevirib.

lll

 

Həyat yoluna qısaca nəzər saldıqda görürük ki, Dilsuz (Mustafayev Dilsuz Murtaza oğlu) 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olub. Səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən, orta təhsilini 1961-ci ildə 1 nömrəli məktəbdə başa vurub. 1962-1968-ci illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakının Əmircan qəsəbəsindəki sənaye müəssisələrinin birində layihəçi-mühəndis kimi başlayıb, 1968-1970-ci illərdə həmin müəssisədə işləyib. Gənc şair Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin (2005-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) radio verilişləri bölməsi ilə əməkdaşlığa başlayıb, sonra orada əmək fəaliyyətini davam etdirib, səs operatoru, ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979) kimi çalışıb.

Ötən əsrin 70-ci illərinin ən çox sevilən “Sabahınız xeyir”, “Axşam görüşləri”, “Natəvan” qızlar klubu, “Lirika dəftərindən”, “Muğam saatı”, “Arzu” musiqi poçtu”, “Yazıçı və zaman”, “Mahnı şəhəri gəzir”, “Teatr mikrofon qarşısında” kimi radio verilişləri sırasında Dilsuzun sıx əməkdaşlıq etdiyi “Bulaq” verilişi xüsusilə populyar idi. Tanınmış jurnalist Aybəniz Məmmədəliyevanın unudulmaz publisist İntiqam Mehdizadənin xatirəsinə həsr etdiyi “Əlvida, “Bulaq dədə” məqaləsi dövrün radio ab-havası və onun yaradıcıları, o cümlədən, Dilsuzun fəaliyyəti haqqında aydın təəssürat yaradır: “1973-cü ildən İntiqam müəllim özünə müqəddəs məbəd bildiyi Azərbaycan Radiosunda işləməyə başladı. O günləri belə xatırlayırdı: “Elə bil dünən idi. 1973-cü ilin martı və məni Azərbaycan Radiosuna, sonralar müdiri olduğum “İncəsənət və radio teatrı” şöbəsinə redaktor vəzifəsinə işə götürdülər. Başçılıq etdiyim şöbədə Gülşən Salmanova, Rafiq Səməndər, Çingiz Kərimov, “Ədəbi-dram”ın o biri şöbələrində Məmməd Oruc, Dilsuz, Famil... Hamısı da istedadlı, yeni söz deməkdən yana sinov gedən, savadı, səriştəsiylə çoxlarından seçilən şöbəyə hamı həsəd aparırdı. Baş redaktor Mailə Muradxanlı əməkdaşlarıyla öyünürdü”.

Dilsuzun tərcümeyi-halı və yaradıcılığında Azərbaycanın istiqlalı, Cənubla bağlı problemlər müəyyən iz buraxıb. Millətin dərdini yazan şair kimi ümummilli məsələlər daim onu düşündürür, fikirlərini oxucularına üstüörtülü çatdırır, eyni zamanda məhdud sayda olan soydaşları ilə bu istiqamətdə gizli fəaliyyət də göstərirdi. Dilsuz dostu Abbas Abdullaya ithaf etdiyi “Sevdiyim şairə məktub” şeirində Quzeyə, Güneyə gözləməyin yox, ayağa qalxıb birləşməyin zamanı olduğunu söyləyir, yoxsa söyüdlərin, qovaqların, qoz ağaclarının, qarağacların quruyacağını, dağın, dənizin, torpağın üşüyəcəyini bildirir, arzularını dilə gətirir:

 

Əkməyəkmi bayraqlarımızı? -

İstidə kölgəsinə yığışarıq...

Bir and var - içim,

Bir bayraq var - açım,

Bir qaranlıq var - keçim...

 

 

Milli ideyalar təbliğ etdiyinə görə 15 yanvar 1975-ci ildə həbs və mühakimə olunan Əbülfəz Elçibəy sonralar Dilsuzun adını dövrün “fəal vətənpərvəri, elsevərləri” cərgəsində çəkir və ondan o dövr üçün əldə olunması ağlasığmaz nəşr - türklər haqqında kitab əldə etdiyini yazırdı.

Radioda işlədiyi illərdə getdikcə ədəbi mühitdə nüfuz və geniş oxucu auditoriyasında rəğbət qazanan Dilsuz dövrün seçkin nəşrlərindən “Azərbaycan” jurnalı redaksiyasına ədəbi işçi kimi işə dəvət olunur, çox keçmir ki, ona publisistika şöbəsinin müdiri vəzifəsi etibar edilir (1979-1992). Dilsuz özü nisbətən gənc olsa da, ədəbiyyata yeni qədəm qoyan gənclərə diqqət və qayğı ilə yanaşır, istedadlı qələm əhlini daim ruhlandırırdı. Şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə illər sonra xatırlayır: “Dilsuz maraqlı və həm də sevdiyim şairdir... “Yol” hekayəsinin, “Ağ atlı oğlanın nağılı” kitabının müəllifidir. 80-ci illərin əvvəllərində şeirlərimə baxıb dedi: - Sən indiyəcən hardasan? - Rayondayam. - Niyə indiyəcən gəlməmisən? - İndi gəlmişəm, bəyənirsiniz şeirlərimi? - Əlbəttə, üzümüzə gələn nömrə çap olunacaq. - Doğrudan layiqdir? - Hətta jurnalın üz qabığında çap olunmağa belə layiqdir”.

1991-ci ildə Azərbaycan müstəqilliyinə qovuşanda Dilsuza müəyyən məqamlar təklif edilsə də, o, kürsüdən imtina etmiş, yaradıcılıq fəaliyyətinə üstünlük vermişdi. “Axtarış” qəzetində ədəbi işçi (1992), “Kəndin səsi” qəzetinin redaktor müavini vəzifəsində çalışmışdı (1992-1993). Nəhayət, o dövrdə Baş nazirin müavini olan Kamil Vəliyevin israrlı dəvəti ilə Nazirlər Kabinetində işə başlayır və pensiyaya çıxanadək (2010) Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçi kimi fəaliyyət göstərir.

lll

Dilsuzun yaradıcılığı poeziya, bədii nəsr, publisistika, dramaturgiya, tərcümə sahələrini əhatə edir. O, eyni zamanda çox sayda bədii, publisistik əsərlərə redaktorluq edib, rejissor, ssenarist kimi də fəaliyyət göstərib. Dilsuzun ideya, mövzu və aktuallıq baxımından diqqətəlayiq yaradıcılığı zəngin, amma özünün də etiraf etdiyi kimi, pərakəndə, dağınıq və nizamsızdır. Əsərlərinin siyahısını belə kimsə, heç Dilsuzun özü də bilmir. Təsadüfi deyil ki, onun irsi ilə bağlı bir-iki kiçik həcmli qəzet, sayt yazısı istisna olmaqla, elmi məqalələr, monoqrafiyalar, kitablar yazılmayıb. Bununla belə, çoxsaylı oxucu məhəbbətini qazanan Dilsuzu tanımayan söz, sənət əhli yoxdur. Ayrı-ayrı ədəbi dərnək, məclis və tədbirlərdə Dilsuzun yaradıcılığı haqqında sahə mütəxəssisləri ən yüksək fikirlər söyləmiş, əsərlərinin ideyası, məzmunu, sənətkarlığı barədə ağızdolusu danışmışlar.

Dilsuzun yaradıcılıq yolu enişli-yoxuşludur, yatmış vulkana  bənzəyir: qəfildən püskürür, illərlə sönür, səs-sorağı gəlmir. Gözlənilmədən “Beşik nəğməsi” ilə ədəbi mühiti çalxalayır, yaxud birdən “Yol” ilə az qala fırtına qoparır, anidən qeyb olur, sonra da bir “Triptix”lə, yaxud tərcümə əsərləri ilə xəbərsiz peyda olur. Dilsuz xaraktercə qəhrəmanı Ağ atlı oğlana bənzəyir, cəsur, ədalətli, zülmə və zalıma qarşı amansız, mərd, humanist, xeyirxah, nəcib!

Yaradıcılığının ana xəttini poeziya təşkil edir. Şeirlərinin mövzu dairəsi geniş və əlvan olsa da, bütün əsərləri ideya baxımından bir-biri ilə səsləşir. Şairin milli duyğularla, vətənpərvərlik hissləri ilə, mənəvi dəyərlərə, adət-ənənələrə məhəbbətlə süstlənmiş əsərləri dərin məzmunu, orijinal fikirləri, yüksək sənətkarlığı ilə oxucunu təsirləndirir, həyəcanlandırır, düşündürür, ona mənəvi qida, estetik zövq verir.

Dilsuzun ilk mətbu şeiri o hələ məktəbli ikən Tərtər rayon qəzetində dərc olunub. “Ana” adlı həmin şeir ədəbi həyata istedadlı gəncin gələcəyini müjdələyir:

 

Azmı daramısan telimi yana,

Əllərin saçıma daraq olubdur.

Doğulduğum gündən bir an, ay ana,

Sanma, könlüm səndən uzaq olubdur!

 

İlk və hələlik son şeir kitabı 1981-ci ildə işiq üzü görüb. “Ağ atlı oğlanın nağılı” adlı topluda 37 şeir verilib. Bəlkə, sovet dövründə buraxılan yeganə kitabdır ki, burada “Lenin”, “Sovet”, “Kommunizm”, “Qırmızı bayraq”, “Sosializm yarışı”, “Komsomol”, “Pioner”, “Kolxoz”, “Sovxoz”, “28 Aprel”, “26-lar”, “Qızıl Ordu” kimi sözlər tamamilə “unudulub”, “yaddan çıxıb”. Əvəzində şairin ideya və istəyini, yaradıcılığının məğzini, mayasını, cövhərini oxucuya ötürməyə xidmət edən açar sözlərə - “Vətən”, “Yurd”, “Ocaq”, “Azadlıq”, “Dədə Qorqud”, “Oğuz”, “Dəli Domrul”, “Bamsı Beyrək”, “Qoç Koroğlu”, “Qırat”, “Dürat” “Şuşa”, “Araz”, “Göycə”, “Kəpəz”, “Mil”, “Muğan”, Şahdağ”, “Xəzər”, “Bayraq”, “Türk” “Qurd”, “Gündoğan”, “Günbatan” kimi milli ruhu oyadan, diri saxlayan kəlmələrə tez-tez rast gəlinir.

Yuxarıda qeyd etdiyimiz kimi, Xalq yazıçısı Elçin istisna olmaqla, Dilsuz haqqında heç bir ədəbiyyatşünas, tənqidçi, yazıçı, jurnalist, publisist ətraflı, tutarlı söz deməyib. Bəzən 3-5 ortabab şeir yazana “Uğurlu yol” yazır, meydan verir, bəh-bəhlə tərifləyir, göyə qaldırırıq. Nədənsə, Dilsuz kimi milli duyğuların nadir tərcümanı gözdən-könüldən uzaq qalır.

 

(Ardı var)

Abid TAHİRLİ

525-ci qəzet .- 2024.-26 sentyabr (¹175).- S.15.