Elmdə və ədəbiyyatda
yeri daim görünəcək şəxsiyyət
GÖRKƏMLİ TARİXÇİ VƏ
DƏYƏRLİ ŞAİR ŞAHİN FAZİLİN
ƏZİZ XATİRƏSİNƏ
Azərbaycanın görkəmli tarixçisi və
şairi Şahin Fazil (Fərzəliyev) 18 avqust 2024-cü il
tarixində 84 yaşında qısa sürən xəstəlikdən
sonra vəfat etdi. Bu ağır itki AMEA əməkdaşları
ilə bərabər, ölkəmizin elmi və ədəbi
ictimaiyyətini də çox kədərləndirdi.
Çünki tarix elmləri doktoru, professor Şahin Fazil
sıradan bir elm adamı və şair deyildi. O, fars dilini
mükəmməl bilən, ərəb dilinə və klassik
Osmanlı türkcəsinə yaxından bələd olan mənbəşünas
alim idi. Azərbaycan Səfəvilər dövlətinin, Səfəvi-Osmanlı
münasibətləri tarixinin bir sıra qiymətli farsca və
osmanlıca mənbələrini tərcümə və şərh
etməklə, eyni zamanda həmin mövzularda qiymətli elmi
monoqrafiyalar yazmaqla mənbəşünaslıq
və tarixşünaslıq elmimizə əvəzsiz töhfələr
vermişdi. Onun təkcə orta çağların məşhur
türk (azərbaycanlı) tarixçiləri olan İsgəndər
bəy Münşi Türkmanın “Tarixe-aləmi-araye-Abbas”
(“Dünyanı bəzəyən Abbasın tarixi”) və Həsən
bəy Rumlunun “Əhsənul-təvarix” (“Tarixlərin ən
yaxşısı”) əsərlərini farscadan ana dilimizə
tərcümə etməsi, orada işlədilmiş yüzlərlə
beyt şeir nümunələrini, Qurani-Kərim ayələrini
də tərcümə və şərh etməyi
bütöv bir tədqiqat institutunun görəcəyi işə
bərabərdir. AMEA prezidenti, akademik İsa Həbibbəylinin,
akademik Yaqub Mahmudovun və professor Kərim Şükürovun
ön söz və müqəddimələr
yazdıqları bu nadir və dəyərli kitabların tərcüməsi
və nəşri Abbasqulu ağa Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunda
mühüm elmi hadisə kimi dəyərləndirilib.
Ayrıca vurğulanmalıdır ki, Şahin Fazilin
elmi yaradıcılığı onun ədəbi fəaliyyəti
ilə üzvü vəhdətdə idi. 25 ildən çox
idi ki, zəngin irsə, klassik ənənələrə malik
olan ədəbi məclisə - “Məcməüş-şüəra”ya
rəhbərlik edirdi, həmkarları ilə birlikdə əsrlərdən
süzülüb gələn, xalqımızın ruhunu və
zövqünü oxşayan Azərbaycan qəzəlini, həmçinin
digər klassik ədəbi janrları yaşadır və
inkişaf etdirirdi. Bu qəzəllər onun Allah, bəndə,
eşq, ümid, dünya, zamanə, tale, insan, həyat,
ölüm, cəmiyyət, əxlaq, mənəviyyat, ədalət
və başqa dəyərlər barəsində duyğu və
yaşantılarının poetik ifadəsi idi.
Mən sözşünasam, söz ki, bu dünyanı
tutubdur,
Qəlbin gözü hər sözdəki mənanı
tutubdur.
...Alim o kəsə söylə ki, elmində ziya var
Aşiq o kəsə söylə ki, sevdanı tutubdur.
...Yandım, məni söndürməyə cəhd
eyləməsinlər,
Var məndə o cür yanğı ki, dəryanı
tutubdur.
1970-ci illərdən etibarən 13 il qürbətdə
? Əfqanıstanda yaşayıb tərcüməçilik fəaliyyəti
ilə məşğul olan Şahin Fazildə ailə və Vətən
sevgisi birləşib onun poetik ilhamının qaynaq mənbəyi
olmuşdu. Həmin illərdə onun qürbət şeirləri
üstünlük təşkil edirdi. Fars dilində, eləcə
də dəricə (əfqan farscası) bir çox şeirləri
Əfqanıstanda və İranda
nəşr edilmişdi.
Bakıya dönüşü, əvvəl Azərbaycan
Dövlət Universitetində, sonra isə Elmlər
Akademiyasının Tarix İnstitutunda
çalışdığı illərdə onun elmi araşdırmaları ilə
poetik yaradıcılığı paralel olaraq həyatının
qayəsinə çevrilmişdi. Xalqımızın yüz
illiklərlə yaratdığı ədəbi xəzinəmizi,
xüsusilə qəzəl yaradıcılığına
öz töhfəsini vermişdi. Bir qəzəlinin
sonluğunda bunu belə ifadə etmişdi:
Şahina, gül qoparır çoxları gülşənlərdən,
Gülşənə gül gətirən tazə qəzəlxanəm
mən.
Şahin Fazilin şeirləri onun həyat
yaşantılarıdır. Şəxsiyyəti, xarakteri, həyata
və insanlara, cəmiyyətə münasibəti
misralarında görünürdü, şeirlərinin ritmində
duyulurdu. Şahin Fazildə də tarixçilik və
şairlik, yəqin ki, peşə ilə eşqin izdivacı
idi, belə ki, şeirlərin böyük hissəsi tarixi
yaddaşla, keçmişimiz və gələcəyimizlə,
xalqımızın taleyi və mübarizəsi ilə
bağlı idi. Onun poeziyasında bütöv bir Qarabağnamə
var: ağrılı, acılı, tənəli,
qınaqlı, amma qələbə
ümidli:
Qarabağ torpağımızdan bizi kimlər qovdu.
Gələ əyyam, açıla cümlə kələklər
bir-bir.
...Tutulan yerləri azad edə bilməzsək əgər,
Əvəz etsin papağı onda ləçəklər
bir-bir.
Lakin onun şair intuisiyası ona ümid verirdi ki, bir
gün torpaqlarımıza sahib olacağıq. Hələ
2001-ci ildə qələbənin üfüqlərinin belə
sezilmədiyi zamanda yazdığı bir şeirində deyirdi:
Sahib ollam yenə Xankəndimə, Allah qoysa!
Salaram düşmənimi bəndimə, Allah qoysa!
2020-ci ilin iyulunda Tovuz döyüşlərində
ordumuzu qələbəyə çağırırdı:
Minlərlə köçkünün naminə,
Qaçqının, üzgünün naminə,
Öndəki xoş günün naminə,
İrəli, irəli, irəli!..
İrəli neçə bağ yurduma,
İrəli sinədağ yurduma,
İrəli Qarabağ yurduma,
İrəli, irəli, irəli!..
Hökm edib “qana-qan” deyəcək,
“Çox dözdük, çatıb an” deyəcək,
Ali Baş Komandan deyəcək
İrəli, irəli, irəli!..
14 oktyabr 2020-ci il tarixində, Vətən müharibəsinin
18-ci günündə yazdığı “Qarabağnamə”qəzəlində
uzun illərin həsrətindən sonra Qarabağımıza səslənirdi:
Ey şanlı diyar, ey Qarabağ, ey ana yurdum,
Hökmən düşəcəksən təzədən
səhmana, yurdum!
...Tərtər çayına axdı yenə su, su
qovuşdu,
Gəlməkdə yenə təşnə çəmənlər
cana, yurdum!
Qiymətlidi Xankəndi, Laçın, Ağdərə
mülkü,
Sahib olarıq biz Şuşatək mərcana, yurdum.
Alqış da əsgərlərə, zabitlərə
əhsən,
Eşq Ali Komandan kimi bir loğmana, yurdum!
Tezliklə səni eyləyib azad olarıq şad,
Ey şanlı diyar, ey Qarabağ, ey ana yurdum!
Qələbəmiz ona sanki ikinci nəfəs
vermişdi, demək olar ki, Vətən müharibəsinin hər
günündə şeir yazırdı, çox zaman yeni
şeirlərini mənə oxudurdu, deyirdi ki, sən bəhrinə
uyğun oxuyursan, şeirin ruhunu, ritmini tutursan. Şahin Fazil
2023-cü il sentyabrın 20-də Qarabağda erməni
terrorçularına qarşı 23 saat çəkən
uğurlu antiterror əməliyyatının ertəsi
günü yazmışdı:
Sərkərdə əsgəri səfərbər
etdi,
Ordumu təzədən müzəffər etdi!
Bir günü bir ilə bərabər etdi
23 saat!
...Yadın təntənəsi bitdi nəhayət,
Əsarətin sonu yetdi nəhayət,
Qarabağı Ağbağ etdi nəhayət
23 saat!
Şeirlərinin həcminə vəznlərinə və
janr müxtəlifliyinə görə, yəqin ki, müasir dövrümüzdə
ona tay tapmaq çətindir. Bu, on minlərlə beyt deməkdir.
Onlarla dəyərli elmi əsərin, yüzlərlə elmi məqalənin
müəllifi idi. Bununla belə, elmi təvazökarlığı
bütün tədqiqatçılara ən canlı nümunə
idi.
Şahin Fazil təqribən beş min səhifəlik
beş divanın müəllifi idi. Klassik divan ənənəsini
yaşadan və inkişaf etdirərək poeziya xəzinəmizə dəyərli
töhfə vermişdi. Bütün şeirlərinin, o
cümlədən, qəzəllərinin dili dupduru ana dilimizin
zənginliyini nümayiş etdirirdi:
Üzünə rəng, əzizim, çiyələkdən
gəlmiş,
Nə gözəllik bu... İnandım ki, mələkdən
gəlmiş...
...Var qəzəlxan ki, gəlir sözləri dildən
amma
Şahinın sözləri dildən yox, ürəkdən
gəlmiş.
Akademik İsa Həbibbəyli Şahin Fazilin 80 illiyi
ilə əlaqədar nəşr edilən
“Qocalığın mübarək!” kitabına
yazdığı ön sözdə deyirdi: “Hər şeydən
əvvəl, qeyd olunmalıdır ki, Şahin Fazil XX əsrdə
ölkəmizdə ilk mətbu “Divan” yazan, divanlarının
sayını tədricən beşə çatdıran və
qəliz dilli müasir qəzəlxanlara, özünün təbiri
ilə desək, “divan tutan” şairdir”. Müəllifi
olduğu “Təzkireyi-Şahin”də 120 şair-qəzəlxanın
haqqında məlumat verirdi.
Həyat yoldaşını vaxtsız itirəndən
sonra ömrünün son 22 ilini yalqız keçirsə də,
həyatda və cəmiyyətdə tənha deyildi,
övladları Şahanə və Ülviyyəyə ata kimi
çox bağlı idi, dostları, həmkarları, elmi rəhbəri
olduğu və çoxunun namizədlik və doktorluq
dissertasiyalarını uğurla müdafiə edən yetirmələri
hər zaman onun diqqət və qayğı mərkəzində
idi.
Şahin Fazil yüksək insani keyfiyyətlərə
malik idi, mülayim, nəzakətli, xeyirxah, təmənnasız
və iddiasız idi. Həyatda kiməsə yük
olmağı istəməzdi, ölümü də,
özünün dediyi kimi, “ağac kimi dim-dik”
qarşılamaq istəyirdi.
Allahım, cismimi qeyb eylə məzarıstanacan,
Olmağı yük diləməm çiyninə
insanların.
Çox təvazökar idi. Qocalığına dair
bir neçə şeir yazmışdı - şəni də
var, qəmlisi də:
Bu da mən,
Qocalmışam, bu da mən.
Çəliksizəm, gəzirəm
Sözdən tuta-tuta mən.
Elmi fəaliyyəti ilə əlaqədar onlarla
ölkəyə səfər etmiş və gələcəkdə
dəyərli ilk mənbəyə çevriləcək Səfərnamələr
yazmışdı.
Bir səhər işdə
görüşdüyümüz zaman mənə dedi ki, son
vaxtlar qızlarım mənə daha tez-tez zəng edirlər,
yəqin qorxurlar ki, birdən ölərəm. Yeri gəlmişkən
ölümdən də əsla qorxmurdu. Onun üçün
ölüm qorxulu bir kabus deyildi, çünki ruhun əbədiliyinə
inanırdı. Bir şeirində deyirdi:
İnsan ölə bilər ruh ölən anda,
Elə zənn etməyin öləcəyəm mən.
Mənim tabutumu siz aparanda
Sizin ardınızca gələcəyəm mən.
Nəslinə-kökünə, doğulduğu Quba
torpağına çox bağlı idi, Ahıl yaşında
da atasını, anasını daim xatırlayır, onları
tez-tez yuxuda gördüyünü deyirdi.
Şahin Fazil cismən aramızda olmasa da, onun ruhu,
şeiri, bədii və elmi əsərləri bizimlədir.
Demək, o, ürəklərdə, yaddaşlarda,
doğmalarının və dostlarının qəlbində
yaşayır, hər zaman da yaşayacaq. Ruhu şad olsun!
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet .- 2024.-26 sentyabr (¹175).- S.14.