Dilsuz yaradıcılığı: milli siqlət və bəşəri motivlər

DƏYƏRLİ ƏDİBİMİZİN YAXINLAŞMAQDA OLAN 80 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ

 

 

(Əvvəli ötən sayımızda)

 

Ədəbi prosesi daim izləyən və dəyərləndirən, yeni sözü, yeni nəfəsi duyan, ona diqqət göstərən Xalq yazıçısı Elçinin nəzərindən Dilsuz yaradıcılığı da kənarda qalmayıb. O, 6 dildə - Azərbaycan, ingilis, fransız, rus, alman və ərəb dillərində nəfis tərtibatla, illüstrasiyalarla nəşr olunmuş "Kitabi-Dədə Qorqud aliliyi" əsərində Dilsuzun "Beşik nəğməsi" adlı şeirindən sevə-sevə bəhs edir: "Əsrimizin son illərini yaşayırıq və bu illərdə şair Dilsuz "Kitabi-Dədə Qorqud"dakı qədim oğuz ellərinin hiss-həyəcanlarına söykənərək "Beşik nəğməsi" yazır:

 

Ərcə balam,

Bircə balam,

Ərcəm, laylay,

Bircəm, laylay!

Dədəm Qorqud

Bir ad versin,

Qoç Koroğlu

Qırat versin...

Körpəm, laylay,

Öfkəm, laylay.

 

Xalq yazıçısı bu şeirin necə yaranması sualına cavab axtarır və yazır: "Əlbəttə, ona görə ki, şair doğma bir mənbə kimi, "Kitabi-Dədə Qorqud"dan şövq alıb, hərarət götürüb; əlbəttə, ona görə ki, o hiss-həyəcanlar şair üçün çox məhrəm, çox əzizdir, uzun əsrlərdən bəri genlərlə gələndir və əvəzedilməzdir; əlbəttə, ona görə ki, bu hiss-həyəcanlar eyni zamanda Dilsuz üçün doğma xalqının, el-obasının, ata-baba ruhunun özünüifadəsidir".

Vətənə məhəbbət Dilsuz yaradıcılığının aparıcı mövzusudur. 12 yaşında orta məktəb şagirdi ikən dərsdə bədahətən söylədiyi bir bənd şeir onun həyat və yaradıcılıq kredosuna çevrilir:

 

Nə qədər çalışsa da,

Tuta bilməz o məni.

Od tutub alışsa da,

Mən satmaram Vətəni!

 

"SSRİ mənim vətənimdir" - şüarının hakim olduğu totalitar sovet rejimi dövründə Dilsuzun, belə demək mümkünsə, öz söz sərhədləri daxilində dağı, daşı, çəməni, çayı, "buğdası Günəşdən sarı, ulduzdan iri", o taylı-bu taylı Vətəni vardı. Şair doğma diyarın gözəlliklərini vəsf etməklə kifayətlənmir, o, açıq-aşkar düşmənlərə meydan oxuyur:

 

Güllərdən toxunub, çölü, çəməni

Baxaram, sevdası vurar başıma.

Gedərəm, dağları ötürər məni,

Gələrəm, dağları çıxar qarşıma.

Açım Koroğlunun ürəyini mən,

Qıratı, Düratı boşlayım getsin,

Sürək yağıların alnının üstən,

Sürək, savaşımız, qovğamız bitsin.

 

Şair ana yurdunu yurdların gözü sanır, onunla ağrı-acısını bölüşür, ("Üzünü bəri tut", istəyini ondan gizlətmir. O, elə bayraq istəyir ki, "küləklər əsəndə açsın", "ürəyi üşüyəndə geyinsin" (bununla o, əslidə sovet bayrağı rədd edir), şair "Qıratdan yüyrək, Ağatdan yüyrək, Bozatdan yüyrək at", "ozan dilindən yüyrək dil", "ayrılıqlara son qoymaq üçün körpü", "qılıncını, acığını asmaq üçün alacıq", "atının yüyənini bağlamaq üçün bir qapı" istəyir. Senzuranın qadağalarını nəzərə alan Dilsuz öz istəklərini ayıq oxucularına bax, beləcə üstüörtülü çatdırırdı.

Şairin Çili vətənpərvərlərinə, Fələstin qaçqınlarına həsr etdiyi "Qəm yemə", "Fələstin qaçqınları", "Çili dustaqdır" kimi şeirlərini oxuyanda oxucuya elə gəlir ki, şair bu mövzulara elə içindəkiləri - "suyundan, günəşindən, göyündən qovulan" Azərbaycanın "açıq havada dustaq olduğunu" hayqırmaq üçün müraciət etmişdir. Bu qəbildən olan əsərləri şairin ruhunun misralarla ifadəsidir. "Çili"nin, "Fələstin"in arxasında dustaq Azərbaycan, zülmə məruz qalan Azərbaycan, onun dərdini dilə gətirən Dilsuz görünür, amma o, ümidsiz də deyil, nikbindir:

 

Əlində yazdığın yazını yaz;

Tərpət içindəki inadı,

Tərpət içindəki ümidi,

Tərpət içindəki gücü,

Tərpət içindəki haqqı...

Sınma dünya acısına;

 

Gün gələr-

 

Üzün-gözün çiçəkləyər,

Ocaqda közün çiçəkləyər,

Çörəyin, duzun çiçəkləyər,

Ağzında sözün çiçəkləyər.

 

Vaqif Yusifli haqlı olaraq yazır ki, Dilsuz həm də, türkçü idi və bunu o zaman heç gizlətmirdi də. "Dəmir pərdə" dövründə - quş quşluğu ilə sərhədləri çə bilməyəndə Dilsuz az qala adı yasaqlanmış qardaş Türkiyəni, Anadolu yaylalarını, Ulu dağı "gəzir", Boğaziçindən "keçir", Anadolu qovaqlarının necə yelləndiyinə "tamaşa edir", Qızılirmağın "pul-pul, söz-söz" ləpələrini oxşayır, Gündoğandan Günbatana türk dünyasının sevdalısı olduğunu gizlətmir. Onun dilinə, xəyalına, yuxusuna, ruhuna türkçülük elə hakim olmuş, canına, qanına, qələminə elə sarmış, sarılmışdır ki, sovetin hikkəsi, sərhədi, əsgərinin süngüsü, senzurası da gözünə görünmür. Ötən əsrin 70-ci illərində "İçimdə çiçəkləyənlər" şeirində şair yazırdı:

 

İçimdə bir dəniz çiçəklədi

Altay yağışlarından.

Keçib Boğaziçindən

Qarışdım dəniz qardaşlarıma.

İçimdə bir yurd çiçəklədi-

Gündoğanla Günbatan arası...

Çiçəklikdən keçib getdi

Dəli Domrul, Bamsı Beyrək,

qoç Koroğlu;

Əllərində günəşdən,

göy üzündən bayraqlar...

İçimdə bir yol çiçəklədi-

Dəniz-dəniz, nağıl-nağıl,

yayla-yayla.

Dənizlərdən, ulduzlardan,

yaylalardan

Sevgilərdən, nağıllardan keçib

Getdim Gündoğanla Günbatana...

 

"Gündoğanla Günbatanın nağılı"nda  Dilsuz bir qədər də dərinə gedir, o dövrdəki şəraitdə nisbətdə, necə deyərlər, "həddini aşır". Şeirin epiqrafındakı bayatı "Ağ bitdi, Ağ güllər ağ bitdi. Kim əkdi, kim suladı, Aramızda dağ bitdi" - parçalanmış, pərən-pərən salınmış türk dünyasına ağı kimi səslənir. Şeiri oxuduqca şairin qüssə və qəzəbdən sarsılmış siması göz önündə canlanır. Gündoğandakı, Günbatandakı nar ağacları, Qurdlar, dənizlər, uşaqlar, qılınclar, Bayraqlar, atlılar bir-birindən ayrı düşmüş, bir birinə həsrət qalmışlar. Misraların kədərli notları təkcə ağrı-acı, sarsıtı yaratmır, həm də birliyə çağırış kimi səslənir.

Böyük türk mədəniyyətinə məhəbbət Dilsuzun bütün dövr yaradıcılığına xasdır. 60 il əvvəl - yaradıcılığa yeni başladığı ilk vaxtlardan bu sevgi nə tükəndi, nə də bitdi, əksinə, daha  artdı, çoxaldı. Son vaxtlar qələmə aldığı "Ya mənə belə gəldi?" şeirində şair:

 

 "Sən yanmasan, mən yanmasam,

biz yanmasaq,

Necə çıxar qaranlıqlar aydınlığa..."

 

- türküsünü bir ağızdan oxuyan üç nəhəng türk xadimini məhəbbətlə vəsf edir:

 

İndicə burada -

Gülxanə parkında,

şabalıd ağaclarının altında idilər:

Nazim Hikmət,

Abidin Dino,

bir də İbrahim Balaban...

Ya mənə belə gəldi?

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, müstəqillik illərində istər klassik, istərsə də çağdaş türk ədəbi nümunələrinin, daha çox poeziyasının ölkəmizdə tanıdılması, təbliği sahəsində Dilsuz müstəsna rol oynayıb. O, Nazim Hikmət, Aydın Hatiboğlu, Ruhsati, A.Hicri İzgörən,Yılmaz Ərdoğan, Behçet Aysan, Gültən Akın,Əhməd Arif, Ziya Osman Saba, Faruk Nafiz Çamlıbel, Bədri Rəhmi Eyuboğlu, Əhməd Səlcuq İlkan, Arif Nihat Asya,Özdəmir İncə,Necati Cumali, A.Qədir Bilgin, A.Sayar, Adnan Qorxmaz, Atalay Dəmiroğlu, Özgər, Bakı Süha Ədiboğlu, Turqut Uyar, Özdəmir Asəf, Əbdürrəhim Qaraqoç, Əsəd Selşik, Afşar Timuçin, Camal Sürəyya, Yılmaz Odabaşı, İbrahim Tənəkəçi, Ağgün Ağova, Zəki Müren, Sultan Səlim, Əsməray, Bülənt Ecevit, Heydər Ərgülən, K.Nərgiz,Okan Nar, Barış Əkən, Ay Yıldız, Həsən Hüseyn Qorxmazgil və başqa sənətkarların əsərlərini türkcədən dilimizə uyğunlaşdıraraq, "Ədəbiyyat qəzeti"nin müxtəlif saylarında dərc etdirib. Tərcüməçilik fəaliyyətindən söz açmışkən əlavə edək ki, Dilsuz bir çox yazıçıların, o cümlədən, Uilyam Şekspirin, Fridrix Dürrenmattın, Anatoli Krımın, Qriqori Qorinin, Tuncər Cücənoğlunun, İbrahim Sadıqovun və başqalarının dram əsərlərini də dilimizə uğurla tərcümə edib.

...Dövrün türk poeziyasının, xüsusilə Nazim Hikmət sənətinin sehrinə düşən bir çox sənətkar qüdrətli şairin söz, sənət dünyasına heyrətini, heyranlığını, məhəbbətini ona həsr etdikləri şeirləri ilə izhar edib. Rəsl Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Mədinə Gülgün, Mirvarid Dilbazi, Hökumə Billuri, Zahid Xəlil, Nəriman Həsənzadə, Xəlil Rza, Məmməd Araz, Balaş Azəroğlu, Fikrət Sadıq, Fikrət Qoca, Vilayət Rüstəmzadə, Zeynal Xəlil, Vaqif Nəsib, Vaqif Səmədoğlu, Məmməd Aslan, Azər Abdulla, Abbas Abdulla, Arif Abdullazadə, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Tofiq Məlikli, Çingiz Əlioğlu, Ramiz Rövşən və başqa şairlərin şeirlərində "dünya poeziyasının türk şahzadəsi" (Azər Turan) Nazim Hikmət sevgisi, ağrısı, ayrılığı, nisgili və təsiri açıq-aşkar görünür. V.Yusiflinin təbirincə desək, "Nazim Hikməti mütaliə etməyi gündəlik vərdişə çevirən"  Dilsuz da Nazim Hikmət dühasını, dünyasını, dərdini və fəlsəfəsi dərindən dərk edən, dəyərləndirən şairdir. Türk poeziyasında yeni ığır açan, ona yeni nəfəs gətirən Nazim Hikmətin "kommunist" içindəki türkçülüyü, Vətən, millət sevgisini bütün varlığı ilə duyan Dilsuz ustadını nifrətlə "Vətən xaini", "satqın", "dönük" adlandıranlarla, onu təqib, təhdid edənlərlə qətiyyən barışmayıb, şeirləri ilə onlara qarşı üsyan edib... Dilsuzun "On beş il oldu Nazim öləli" adlı şeirini dahi şairə elegiyası da adlandırmaq olar. Nazim Hikmətin vəfatından sarsılan şair ah-nalə çəkir, fəryad qoparır. "Üstünə qar yağdı", "küləklər əsdi", "ozan çaldı, çağırdı", "Anadolu qovaqları yelləndi", "gözəllərin yanaqları allandı", "heyvalar, armudlar ballandı", "dağlar, daşlar dilə gəldi" ... "qalxmadın" - deyə sızlayan şairin giley-güzarı bitmir:

 

Yer üzünün küləkləri

Aldı başına qara sevdanı-qalxmadın.

Yanıq-yanıq bağrımıza qalxmadın,

Ağrımıza, acımıza qalxmadın.

Bir sözün əlində qaldıq-qalxmadın

Bir sazın əlində qaldın qalxmadın

 

Nazim Hikmətin vəfatından illər, on illər ötür, amma Dilsuz bu itkini unuda bilmir. Onun "Triptix"ti Nazim Hikmət həsrətinə, kədərinə bürünüb:

 

Ağır-ağır yağır qar,

Fağır-fağır yağır qar...

İslanır

Moskvada,

"Novı Deviçi" qəbirstanlığında

qəbirlərin mərmər əyni...

Dikəlin,

ustad,

başınızın altına

qoymaq istəyirəm Türkiyəni,

yastıq kimi...

 

Dilsuz nəğməkar şairdir. Onun dərin mənalı, məhəbbət dolu, oynaq, ürəyi tərpədən musiqi libaslı, musiqdən yoğrulmuş misraları dillər əzbəridir:

Göydə ulduz gilə-gilə,

Yığmaq olmaz gilə-gilə

Mən baxaram, qəlbim yanar,

Sən baxarsan gülə-gülə.

("Canım dünya, gözüm dünya").

 

Yaxud,

 

Bura Vətəndi,

Gülü bitəndi.

Əlim çatandı,

Ünüm yetəndi -

Bura Vətəndi.

("Bura vətəndi").

 

Təsadüfi deyil ki, adlı-sanlı bəstəkarlar Ramiz Mirişli, Oqtay Rəcəbov, Aydın Əzimov, Cavanşir Quliyev, Azər Dadaşov... onun sözlərinə mahnılar bəstələmiş, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva, Yalçın Rzayev... kimi məşhur müğənnilər bu nəğmələrlə milyonların qəlbini fəth etmişlər.

 

(Ardı var)

Abid TAHİRLİ

525-ci qəzet .- 2024.-27 sentyabr (№176).- S.15.