"Ötən günə gün çatmaz..."  

 

 

(Əvvəli qəzetimizin 20 sentyabr tarixli sayında)

 

BİR ÇAYNİK "FİLLİ" ÇAY, BİR BANKA MÜRƏBBƏ VƏ MƏNİM İLK RƏQSİM

 

Əvvəlcə bir epiqraf: "Xoşunuza gələn milli rəqs melodiyası eşidəndə qol götürüb oynamaqdan utanmayın. Bu, sizi gərginlikdən qurtaracaq, ruhunuzu təzələyəcək".

 

Fikrət Əmirov

1983-cü ilin iyununda gərgin yay sessiyasının son imtahanını verən kimi şəhərlərarası danışıq məntəqəsindən evlə danışaraq "Sabah gəlirəm!" - deyib heç cavab-filan gözləmədən dəstəyi asdım - Mixaylo demişkən, kasıb adam idim, dostlar, zəvzəklik eləməyə pulum harda idi?

Ertəsi gün lap nağıllardakı kimi çəkidən yüngül, qiymətdən ağır nəyim vardı yığdım sürtülməkdən dişlərini ağardan köhnə çamadanıma və üz tutdum köhnə avtovağzala. Hərçənd qanadlarım olsaydı, taxıb yenə də nağıllarda deyildiyi kimi, 3 saat yarımlıq yolu heç olmasa 1 saata gedərdim.

Bu dəfə evimizə çatanda məni evdəkilərin gəlişimə sevinci, amma arıqlayıb anquta dönməyimə təəccübü əvəzinə dəmir darvazamızın bala (yəni kiçik) qapısına vurulmuş yekə bir qıfıl qarşıladı. Qıfılın yanına - böyük qapının layları arasına salınmış kağızı götürüb üstünə yazılanları oxuyandan sonra bildim ki, evdəkilər bibimgilə - bibim oğlunun toyuna gediblər və məni də evə çatan kimi birbaşa ora - həyətdə qurulmuş toy mağarına çağırırlar. Amma mən dəvəti qəbul eləməyə tələsmədim, fikirləşdim ki, toy onsuz da gecə saat 12-yə kimi davam edəcək, indidən ora gedib camaatın yerini dar eləməyin nə mənası? Rəqs etməyi də bacarmıram ki, Ağabala demişkən, Hüseynova bacıları kimi məharətimi göstərib alqış qazanım. Hələlik evdə bir az çaydan-zaddan içərəm - sonrasına baxarıq.

Anquta dönməyim köməyimə çatdı - bircə anın içindəcə qondum hasarın üstünə, ordan da darvazaya keçid edib endim həyətimizə. Darvazanın lay qapılarını tərpənməz edən dəmir yayı çıxarıb qapını araladım və hələ də dişləri ağarmaqda olan çamadanı da saldım həyətə. Doğma həyətimizin doğma aurası, eyvanımızın qabağındakı gilas ağacının budaqlarından sırğa kimi sallanan qıpqırmızı gilasların ətri, asudəlik, sakitlik... daha nə bilim, nələr dərhal məni bihuş elədi, gördüm imtahanların stressindən, həyəcanlarından gərginləşən ruhum yavaş-yavaş dincəlir. Bu prosesi sürətləndirmək üçün cəld eyvana qalxdım, mətbəxə keçib xoşladığım çay tədarükünə başladım. Su qaynayana qədər zirzəmiyə enib anamın HZ-sindən bir banka gilas mürəbbəsi tapdım, sonra üstü filli hind çayından bir çay dəmlədim ki, ətri yəqin ki, gedib toyxanaya da çatdı və anam tam əmin oldu ki, mən artıq evdəyəm. Çünki özü bir neçə dəfə demişdi ki, bala, sən çayı məndən yaxşı dəmləyirsən, sənin çayını lap uzaqdan ətrindən tanıyaram.

Nə isə, yarım saatdan sonra eyvanımızdakı masanın üstündə bir çay dəstgahı açdım ki, gəl görəsən... Xoşbəxtlikdən bu dəmdə sərin bir axşam mehi də əsdi və mən hər qurtum çaya bir qaşıq mürəbbə istemal edə-edə fikirləşdim ki, İlahi, kərəminə şükür, bu dünyada bir çaynik çay, bir banka mürəbbə ilə də xoşbəxt olmaq olarmış.

Amma onu da hiss edirdim ki, bu xoşbəxtliyi daha sanballı səviyyəyə qaldırmaq üçün nə isə çatmır. 3- cümü, 4-cümü stəkandan sonra onu da tapdım - musiqi! Cəld çamadanı açıb pal-paltarımın arasından köhnə "Xəzər" radioqəbuledicisini çıxardıb işə saldım. O andaca müğənni Nazim Ağayevin şaqraq səsi həyətimizdəki sükutu pozdu - "Ay ləiəli..." mahnısı sona çatmaq üzrə idi. Ardınca "Ay qız, mübarək olsun" başladı və həmin o xoşbəxt dəqiqələrdə mahnının oynaq ritmi, şux ahəngi məni necə ovsunladısa, hiss etdim ki, özümü saxlaya bilməyəcəyəm, bu vaxta qədər bir dəfə olsun belə rəqs etməsəm də, deyəsən, indi şeytanın qıçını sındıracam.

Atalar demiş, utanmasan oynamağa nə var? Ətrafda heç kim olmadığından utanmağa bəhanə  yox idi. Odur ki, radionu masanın üstünə qoyub, "dərə xəlvət, tülkü  bəy" deyə özümü buraxdım musiqinin ixtiyarına - eyvanda o yan-bu yana süzə-süzə bəlkə də, dünyanın əvvəli-axırı, məğzi-mənası bilinməyən elə bir "mükəmməl" rəqsini yaratdım ki, özümün də matım-mutum qurudu - qıraqdan baxan olsaydı deyərdi ki, bu binəva yəqin dəlixanadan təzə çıxıb. Bircə gurultulu "alqışlar" çatmırdı.

Amma mahnı başa çatan kimi gurultulu olmasa da, qeyri- gurultulu olması şübhə doğurmayan alqış səslərinə diksindim. Əvvəl elə bildim ki, ac toyuq yuxusunda darı görən kimi, mən də xəyalən alqış eşidirəm. Amma yox, səs lap yaxından - qonşu həyət tərəfdən gəlirdi. Çevrilib baxanda az qaldı donub yerə yapışam. Sən demə, qonşu uşaqlar bir yerə yığışıb yağış suyunun yuyub alçaltdığı, hətta 1-2 yerdən uçurduğu hasarın üstündən baxa-baxa mənim tamaşaçılarım statusunu ləyaqətlə yerinə yetirirlərmiş və ifam o qədər xoşlarına gəlibmiş ki, alqışlamağı da özlərinə borc biliblər.

Bir halda ki, zər qədrini belə dəqiqliklə bilən tamaşaçılarım vardı, mən niyə rəqqas rolunu sonadək oynamayaydım?

Ona görə də utanıb eləmədən lap artistlər kimi tamaşaçılarıma təzim etdim, hələ yağlı bir hava öpüşü də göndərdim... Əlimdə gül dəstəsi olsaydı, onu da tolazlayardım uşaqlar tərəfə.

Burada göydən 3 çaynik çay düşdü - "filli " çay dəmlisi - mənim, "Azərçay" dəmlisi - özümün, "Beta" dəmlisi də - olmuş əhvalatın təsvirinə, yəni bu hekayəyə qulaq asanların.

 

MÖHTƏŞƏM İMARƏTİMDƏ KOLBASA QONAQLIĞI

 

Universitetin III kursunun axırlarında iş elə gətirdi ki, mən bir müddət Tolstoy küçəsində - A.Zeynallı adına musiqi məktəbinin 2 addımlığındakı kiçik bir həyətdə kirayənişin yaşamalı oldum.

Mənim otağım 2-ci mərtəbəyə qalxan pilləkənin altında qurulmuş, rəhmətlik anam demişkən, "dütdək" kimi bir yer idi. Otağın uzunluğu bir dəmir çarpayının uzunluğu boyda, eni isə bunun yarısı qədər olardı. Bundan başqa, otaqda bir tərəfinə təqaüd pulu ilə təmir emalatxanasından aldığım kiçik televizor qoyulmuş köhnə masa, bir dənə sınıq-salxaq kətil, bir dənə də qoltuğunda istədiyin yerə daşıya biləcəyin kiçik soyuducu vardı. Divardakı taxçalarda isə mənim mətbəx əşyalarım mürgü döyürdü. Ona görə belə deyirəm ki, o vaxtlar Bakının sosiska kafelərinin planlarının artıqlaması ilə dolmasına kömək edən tələbələrdən biri də mən idim (baxmayaraq ki, otağıma bitişik sahəsi 1,5-2 kvadratmetrlik kiçik bir "mətbəxim" də vardı).

   Bu kiçik hücrəmdə bir qarnı ac, bir qarnı tox, şad-xürrəm ömür sürürdüm. Hərdən civilti ilə otağıma hücum çəkən siçanlar, siçovullar da şeş-beş vuran kefimə soğan doğraya bilmirdilər - onlarla şanlı mübarizə sahəsində kifayət qədər təcrübə toplamışdım. Kəşf etdiyim üsul isə lap dahiyanə idi - boş butulkaları sındırıb iri şüşə parçalarını doldururdum divarın dibindən gözünü ağardan deşiklərə: "İndi çıxın görüm, zarazalar!"

Xülasə, hər şey iqtisadiyyat müəllimimizin dediyi kimi, planauyğun və proporsional şəkildə davam edirdi. Narahatlıq doğuran yeganə şey - hərdənbir yanıma dost- tanış, qohum-əqrəba gələndə otağın darısqallığının yaratdığı problem idi. Ora eyni zamanda yalnız 2 adam yerləşə bilərdi - biri çarpayının ayaq tərəfində, o biri isə çarpayı ilə masanın arasına zorla sığışan kətildə oturmalı, əgər 3-cü bir şəxs də vardısa, o, zəhmət çəkib bayırda dayanmalı idi (!) Belə məqamlarda otaqda hərəkət etməyin mümkün parametrləri santimetrlərlə ölçülürdü, yəni tutaq ki, mən 50 sm sol tərəfə hərəkət etmək istəyirdimsə, gərək qonağım da zəhmət çəkib 50 sm sağa çəkiləydi.

Günlərin bir günü rayondan elə mənim yaşda 2 qohumum qapımı döyəndə başa düşdüm ki, artıq otağımda mövqe tutmağın yeni proyektini hazırlamalıyam. Qonağa hörmət bizim müqəddəs borcumuzdur axı. Ələlxüsus da tələbə evinə rayon yerindən tullana-tullana əliboş gələn qonaqlara. Mən evimin olmayan ən ləziz yeməyini onlara yedirtməli idim. Ona görə də əl-qolumu çırmalayıb mətbəxə keçdim, elə bir kolbasa qızartdım ki, ətri Göyçaya, nəinki Göyçaya, həyətimizə, lap evimizin içinə qədər gedib çıxdı və oradakılar xəbər tutdu ki, mən növbəti dəfə kolbasa ziyafətinə hazırlaşıram.

Yemək hazır olanda qonaqlardan birinə dedim, zəhmət olmasa, çölə çıx ki, tavanı masanın üstünə rahat şəkildə qoya bilim. Bu şanlı vəzifəni uğurla yerinə yetirdikdən sonra özüm çölə çıxıb qonağı içəri itələdim: "Yoldan gəlmisən, keç çörək ye". O, içəri keçib kətildə oturdu. O biri qonaq isə elə bayaqdan çarpayının ayaq tərəfində lövbər salmışdı. Oradan isə əli tavaya çatmırdı. Qonaqlar ac, mən isə lap ac idim. Gördüm kətildə oturan qonağım Koroğlu kimi daraşdı kolbasaya və belə getsə, mən də, o biri qonaq da dünyanın ən ləzzətli təamından dadmaq xoşbəxtliyindən məhrum olacaq, anam demişkən, şişib partlayacağıq. Mən prosesləri çöldən - yəni həyətdən idarə edən dirijor kimi dərhal işə qarışdım, dedim, filankəs, qalx ayağa süfrəyə yaxınlaş, nə olar, bu dəfə də ayaq üstə nahar elə. Qohumum elə bil bunu gözləyirmiş - durub tavaya necə hücum çəkdisə, o biri oldu bunun yanında toya getməli. Mənsə bayırda ağzımın suyu axa-axa fikirləşirdim ki, burada 3-cü bir acın da olduğunu onların yadına necə salım ki, mənə də bir yetim payı saxlasınlar. Gah öskürür, gah ah çəkir, gah da boğazımı arıtlayırdım, amma xeyri olmurdu. Axırda dözə bilmədim, dedim, gəlin naharımızı yeni, orijinal üsulla edək. Qonaqlardan biri ağzına qoyduğu tikənin böyüklüyündən bərəlmiş gözlərini mənə dikib guya soruşdu:

- Narx...təxr..? (yəni "Nə təhər"?)

Dedim, 1 nəfər çöldə təmiz hava udur - 2 nəfər yeyir, sonra onlardan biri çıxır çölə, çöldəki girir içəri və proses davam edir, "Daş və çiçək" filmindəki Sarakram demişkən, dünya fırlanır, biz də fırlanırıq.

...Nə başınızı ağrıdım, kəşf etdiyim dahiyanə üsulu tətbiq edib axır ki, naharı başa vurduq. Lütfəli Abdullayevin sözü olmasın, belə yağlı nahardan sonra məxməri çay içmədin, nə ləzzəti. Amma mən cibimdəki son manatlara və yaxın günlərdə alacağım təqaüdə güvənib çay dəmləmədim. Fikirləşdim ki, çayı da növbə ilə içsək, lap ağ olar. Odur ki, qonaqlarımı da götürüb getdim yaxınlıqdakı çayxanaya...

 

(Ardı var)  

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet .- 2024.-27 sentyabr (№176).- S.14.