İsrafil bəy İsrafilov: sovet cəza orqanları ilə üz-üzə

YAXUD BİR AZƏRBAYCANLI ZABİTİN DÖYÜŞ YOLU

 

(Əvvəli ötən sayımızda)

 

1941-ci ildə Sovet İttifaqı əleyhinə hərbi kampaniyaya başlayan Üçüncü Reyxin komandanlığı sovet ərazilərində sürətlə irəlilədikcə işğal olunmuş və olunacaq ərazilərdə yaşayan SSRİ xalqları barəsində siyasi planlar işlənib hazırlanırdı. Bu məsələlərlə Xarici İşlər Nazirliyi və Almaniyanın Şərq əraziləri kimi baxdığı regionlarda idarəçilik məsələlərin həlli məqsədilə az sonra yaradılan Şərq Nazirliyi məşğul olurdu. Hər iki nazirlik SSRİ xalqların siyasi mühacirətinin nümayəndələrinin bu işə cəlb edilməsini zəruri sayırdı. Yeni ərazilərin, o cümlədən, Qafqazın və konkret olaraq Azərbaycanın gələcək idarəçilik quruluşu barədə hər hansı konkret vədlər vermək istəməyən Hitler ilkin olaraq bu təşəbbüsə çox mənfi yanaşsa da, həmin planları həyata keçirən yüksək rütbəli alman xadimləri əvvəlcə türk əsilli hərbi əsirlərdən I Dünya müharibəsi dövründəki "Müsəlman legionu" ruhunda könüllü birləşmələrin yaradılmasına, daha sonra mövcud layihələrin icrasında Qafqaz xalqlarının mühacirətdəki görkəmli siyasi nümayəndələri ilə əməkdaşlıq edilməsinə nail olurlar. Bu zaman alman qurumları həm "Prometey" hərəkatının keçmiş iştirakçılarını, həm də onların "Qafqaz" qrupundan olan müxaliflərini 1942-ci ilin iyununda Berlinin məşhur "Adlon" mehmanxanasında toplaşan konfransa dəvət edirlər. Azərbaycan tərəfini bu konfransda Azərbaycan milli azadlıq hərəkatının sözsüz lideri kimi tanınan M.Ə.Rəsulzadə, M.Mehdiyev, M.Vəkilli, X.Sultanov, eləcə də K.Nuru paşanın xahişi ilə dəvət olunan X.Xasməmmədov və F.Əmircan təmsil edir. Konfransın gedişi və yekunu prosesində ciddi problemlər yaransa da, 1942-ci ilin yayında Azərbaycanın siyasi nümayəndəliklərinin Reyx hakimiyyəti tərəfindən tanınması yolunda ilk mərhələ olan Azərbaycan Milli Komitəsi (AMK) təsis edilir. Bu prosesdə Rəsulzadənin israrlı şəkildə Almaniya tərəfindən "Azərbaycanın müstəqilliyini tanımasına təminat verilməsi" tələbini irəli sürməsi və özünü hədsiz müstəqil aparmasından narazı olan nüfuzlu alman qurumlarının müqavimətinə baxmayaraq, Rəsulzadə AMK-nin sədri təyin olunur. Bu zaman Rəsulzadəyə cəbhədə vəziyyətin gedişindən asılı olaraq onun tələbinə mənfi münasibətin dəyişəcəyi vəd edilirdi. Lakin Almaniya tərəfi nəinki Rəsulzadənin tələb etdiyi vədi verir, ilkin dövrlərdə AMK sədri və üzvləri ümumiyyətlə Azərbaycan əsirləri olan düşərgələrə getmək, hətta legionerləri ilə birbaşa ünsiyyət və fəaliyyət qurmaqdan məhrum edilirlər. Bu vəziyyət yalnız 1943-cü ildə, Stalinqrad döyüşündən və alman qoşunlarının Qafqazı ələ keçirməsi məsələsi arxa plana çəkildikdən sonra dəyişir, AMK-ya daha çox müstəqillik verilir. Alman hakimiyyətinin Komitənin fəaliyyətinin güclənməsinə ehtiyacı olduğunu anlayan Rəsulzadə almanlara öz təkliflərini verir, Azərbaycanın və ümumilikdə Qafqazın müstəqilliyinin Berlin tərəfindən tanınmasında təkid edir, əks təqdirdə özünün istefası şərtini irəli sürürdü. AMK heyətində müxalif qüvvələr Rəsulzadənin bu mövqeyindən faydalanmaq məqsədilə Komitəni fəaliyyətsizlikdə tənqid edərək yenisini seçməyi təklif edirlər. Son nəticədə alman qoşunlarının Şərq cəbhəsində (Oryol-Belqorod) strateji təşəbbüsü qəti olaraq itirdiyi, Berlin tərəfindən isə hələ də Azərbaycanın siyasi gələcəyinə dair möhkəm zəmanət verilmədiyi bir şəraitdə Rəsulzadə AMK sədri kimi Almaniyada qalmağı mənasız sayaraq 1943-cü il avqustun 3-də bu vəzifədən istefa verir və Rumıniyaya - Buxarestə qayıdır.

Yaranmış şəraitdə Üçüncü Reyx hakimiyyəti 1943-cü ilin oktyabrında Azərbaycan Milli Komitəsi əvəzinə daha dəqiq, konkret və geniş səlahiyyətlərə malik qurum yaratmağı qərara alır. Həmin vaxt sıralarında 25 mindən 35 minədək könüllü olan gücləndirilmiş Azərbaycan legionu hissələrinin yaradılması prosesinin də yüksək həddə çatmasının bu qərara böyük təsiri olur. Qafqaz xalqlarının müstəqilliyinin tanınmasının əvvəlkitək əleyhinə olan Berlin ayrı-ayrı İrtibat heyətləri yaratmaq və bu dəfə yalnız siyasi mühacirət nümayəndələrinin deyil, artıq döyüş əməliyyatlarında fərqlənmiş hərbi əsirlərin - legionerlərin də bu işlərə cəlb olunmasını məqsədəuyğun sayır. Yeni yaradılan Azərbaycan İrtibat Heyətinin rəhbəri vaxtilə Sovet Qırmızı Ordusunun Baş Qərargahının mayoru olmuş Əbdürrəhman (Abo) Fətəlibəyli-Düdənginski təyin olunur.

İsrafil bəy İsrafilov, aşağıdakı ifadələrindən göründüyü kimi, məhz Ə.Düdənginskinin vasitəsilə bu qurumun fəaliyyətinə qoşulmuşdu. AİH yaradıldıqdan dərhal sonra cari işlərlə yanaşı, alman idarələri qarşısında Rəsulzadənin rəhbərlik etdiyi Milli Komitənin irəli sürdüyü tələbləri təkrar edir. Buraya tarixi Azərbaycan bayrağının (əmrlə çıxarılmış aypara və ulduz rəmzləri daxil) bərpa edilməsi, legionerlərin içdikləri andın mətninin dəyişilməsi (ümumi mənada "azadlıq uğrunda" əvəzinə öz Vətəninin müstəqilliyi uğrunda mübarizə - ifadəsi daxil olunması) və s. daxil idi. Lakin əsas tələb - Azərbaycanın müstəqilliyinin tanınması, hələ də yerinə yetirilməmiş qalır, əksinə, Reyxin ən yüksək rəhbərliyi tərəfindən bütün milli irtibat heyətlərinin 1942-ci ildə əsir götürülmüş keçmiş rus generalı Vlasovun komandanlığı altında yaradılan "Rusiya Xalqlarının Azad edilməsi Komitəsində" (RXAK) birləşməsinə üstünlük verilir. Bu qərarla razılaşmayan qafqazlılar 1944-cü ilin 14 noyabrında "Qafqaz Milli Komitəsi"ni, noyabrın 18-də isə RXAK-ya alternativ qurum kimi "Rusiyanın əsarətdə saxladığı xalqların Məclisi"ni yaradırlar. "Məclisə" Ukrayna, Belarus, Qafqaz, Türküstan xalqlarının, İdil və Krım tatarlarının görkəmli nümayəndələri daxil idi. Böyük sürətlə cərəyan edən hadisələrin gedişində istənilən gözlənilməzliklərə hazır olmaq qərarına gələn Azərbaycan İrtibat heyətinin üzvləri eyni zamanda "Azərbaycan Milli Komitəsini" təşkil edirlər. Onun qarşısına Reyx hakimiyyəti tərəfindən de-fakto tanınana qədər fəaliyyət göstərmək vəzifəsi qoyulur. Bu Komitə Üçüncü Reyx hökuməti tərəfindən yalnız 1945-ci il martın 17-də - "Azərbaycan xalqının yeganə nümayəndəliyi" qismində - tanınacaq. Ə.Fətəlibəyli-Düdənginskinin sədr olduğu Azərbaycan Milli Komitəsində polkovnik İsrafil bəy İsrafilov hərbi şöbəyə rəhbərlik edirdi.

Beləliklə, İsrafil bəy İsrafilovun 1945-ci ilin oktyabrında Novosibirsk şəhərinin hərbi əsirlər düşərgəsində dindirmələr zamanı verdiyi ifadələrdə adı çəkilən "Azərbaycan Milli Komitəsi" kimi ilkin olaraq Rəsulzadənin başçılıq etdiyi Komitə deyil, 1943-cü ilin payızında yaradılmış Azərbaycan İrtibat heyəti nəzərdə tutulmalıdır.

Amma görünür ki, Azərbaycan siyasi mühacirəti ilə yanaşı, hərbi mühacirlərin və legionerlərinin daha geniş təmsil olunduqları bu qurumu onun üzvləri öz aralarında almanların verdiyi rəsmi adla deyil, əvvəlki Komitənin adı ilə çağırmağa üstünlük vermiş və müharibənin bitməsinə yaxın Azərbaycan Milli Komitəsi adını rəsmən öz təşkilatlarına qaytararaq, gec də olsa, təmsilçiliklərinin məhz bu ad altında tanınmasına nail olmuşlar.

İsrafil bəy İsrafilov Azərbaycan Milli Komitəsində 1943-cü ilin noyabrından başlayan fəaliyyətini əvvəlcə "mülki iş" sayır və yalnız 1944-cü ilin sonlarından alman ordusunda hərbi xidmətə keçdiyini qeyd edir, hərçənd bu Komitənin vəzifəsinin alman ordusuna kömək etmək olduğunu gizlətmir. Bu sonuncu məlumatı əsas tutan müstəntiq onun bu yolla alman ordusunda öz hərbi xidmət müddətini azaltması ilə razılaşmır və adıçəkilən Komitənin almanlara köməyinin nədən ibarət olduğu, ümumən bu komitə haqqında ətraflı ifadə verməsini tələb edir.

İsrafil bəy Azərbaycan Milli Komitəsinin alman dilində də adını göstərməklə 1942-ci ilin sonlarında Berlində almanlar tərəfindən, Qırmızı Orduya, Sovet İttifaqına qarşı mübarizədə almanlara kömək məqsədilə yaradıldığını, burjua millətçilərindən ibarət siyasi təşkilat olmaqla aşağıdakı vəzifələri yerinə yetirdiyini göstərir: almanların hərbi əsir düşərgələrində saxlanılan azərbaycanlı könüllüləri toplamaq və onlardan Azərbaycan milli legionunu formalaşdırmaq, alman komandanlığı altında onlardan Qərb cəbhəsində Sovet İttifaqının müttəfiqlərinə qarşı, Şərq cəbhəsində isə Qırmızı Orduya qarşı istifadə etmək. Bunlar əsas vəzifə idi. Köməkçi vəzifələr kimi isə Milli legionların şəxsi heyəti arasında burjua-millətçi təbliğatı aparmaq, alman zabit heyəti ilə legionlar arasında münasibətləri tənzimləmək nəzərdə tutulurdu.

Azərbaycan Milli Komitəsinin tərkibi haqda suala cavab olaraq onun sədrinin Qırmızı Ordunun keçmiş mayoru, təxminən 37-38 yaşlarında, milliyyətcə azərbaycanlı Abo Düdənginskinin adı çəkilir. Komitə üzvləri kimi Parisdə yaşayan, 45 yaşlarında, azərbaycanlı "ağ" mühacir Abbas Əlibəyov və təxminən 35 yaşlarında, azərbaycanlı, keçmiş professor, Qırmızı Orduda xidmət etmiş Cabbar Məmmədov göstərilir.

Komitə alman komandanlığına və Almaniya Şərq Nazirliyinə tabe idi, mövcudluğu dövrdə bir neçə milli hissələrdən ibarət olmuşdu: İtaliyada İngilis-Amerika ordularına qarşı döyüşən 162-ci Türküstan piyada diviziyasının tərkibində Azərbaycan milli polku, Şərq və qismən Qərb cəbhələrində vuruşan 10-12 Azərbaycan piyada batalyonları; alman hissələrinə və milli legionların tərkibinə əlavə edilən ayrı-ayrı Azərbaycan rotaları.

Milli-burjua təbliğatı sahəsində milli legionların əsgərlərində Sovet İttifaqına, sovet hakimiyyətinə düşmənçilik və nifrət tərbiyə olunması kimi işlər görülürdü. Bu təbliğat Azərbaycanda sovet hakimiyyətin devrilməsi və burjua-demokratik respublikanın yaradılması bayrağı altında, həm şifahi yolla, həm də Komitənin nəşr etdiyi "Azərbaycan" qəzeti və digər ayrı-ayrı broşürlər vasitəsilə aparılırdı.

Almanların zabit heyəti ilə legionların şəxsi heyəti arasında münasibətlərin tənzimlənməsi Komitə tərəfindən bir-birinə qarşılıqlı hörmət, alman komandanlığının əmrlərinin və qoyduqları qaydaların qüsursuz yerinə yetirilməsi siyasəti əsasında görülürdü.

İstintaq İsrafil bəyin Azərbaycan Milli Komitəsinə daxil olmasının təfərrüatları ilə maraqlanır və məlum olur ki, Komitənin bir üzvü Varşavada yaşayan və İsrafilovun dostu olan polkovnik Kazımbəyova məktub göndərərək onu Komitədə işləməyə dəvət edib. Həmin məktublarda İsrafilova da dəvət ünvanlanıb. Lakin Kazımbəyov həmin vaxt xəstə yatdığından Berlinə getməyib və razılığını da verməyib (Polkovnik Cahangir Kazımbəyov sonralar bu Komitənin işində Qafqaz Milli Şurasının sədri kimi ən fəal surətdə iştirak edib). İsrafil bəy də bu məktubu cavabsız qoyub. Bir aydan sonra o, Komitənin sədri Düdənginskidən Berlinə gəlmək və onlarla işləmək haqqında dəvət məktubu alıb. Bu məktubdan sonra İsrafil bəy Varşavadakı işlərini təhvil vermədən Berlinə gəlib, Düdənginski və Əlibəyovla görüşüb. Düdənginski onun gəlişindən çox şad olub, İsrafil bəyi artıq neçə vaxtdır gözlədiklərini bildirib, ona hərbi məsələlər üzrə öz müavini olmaq təklifi edib. İsrafil bəy razılaşıb. Onu Komitənin funksiyaları, işçi tərkibi ilə tanış ediblər, əsas vəzifəsinin Komitə adından alman komandanlığı ilə əlaqə saxlamaq olacağını bildiriblər. İsrafil bəy iki gün Berlində qalıb, Düdənginskinin yaşadığı oteldə yerləşdirilib, bu müddət ərzində keçirilən görüşlərdə ən müxtəlif mövzularda, həmçinin müharibənin nəticələri, Cənubi Qafqaz respublikalarının perspektivləri barədə söhbətlər ediblər. Bu zaman Düdənginski özünün müstəqil burjua-demokratik Zaqafqaziya respublikalarından ibarət "Qafqaz Konfederasiyası" yaratmaq tərəfdarı olduğunu və bu proqramı yerinə yetirmək üçün bütün qüvvələrini sərf edəcəyini bildirib.

Müstəntiqin: "O, sizdən Komitənin bu Proqramı ilə razılaşdığınız haqda soruşdumu? - sualına İsrafil bəy belə bir sualı xatırlamadığını, amma Düdənginskinin onu burjua-millətçisi, bu proqramın tərəfdarı olduğunu bildiyindən belə suala ehtiyac olmadığını qeyd edir: "Mənim nəzərlərim ona yazdığım məktublardan, eləcə də Kazımbəyovun məktublarından yaxşı məlum idi".

Bu söhbətlərin sonunda Düdənginski İsrafilova Varşavaya qayıdıb ordakı işlərini təhvil verməyi və yubanmadan Berlinə gəlib Komitədə işə başlamağı tapşırır. İsrafil bəy həmin gün Varşavaya yola düşür, burdakı işlərinə son qoyur və 3-4 gündən sonra Berlinə qayıdır. Düdənginski onun gəlişindən bir daha şad olduğunu bildirir. İsrafil bəy işləri təhvil alaraq Komitədə xidmətə başlayır.

1943-cü ilin noyabrından 1944-cü ilin dekabrınadək davam edən bu xidmət müddətində alman komandanlığı və Komitə arasında əlaqələrin, alman zabit və əsgərləri ilə milli legionların könüllü hissələrinin münasibətlərinin tənzimlənməsi sahəsində çalışdığını, bu əlaqələri əsasən almanların Komitədə nümayəndəsi olan alman ordusunun baş leytenantı Kaltovun vasitəsilə qurulduğunu bildirir. Gördüyü işlərə dair İsrafil bəy iki konkret nümunə gətirir: Könüllü hissələrdəki azərbaycanlı zabitlər alman zabitlərinin malik olduqları hüquqlardan məhrum idilər və bu zəmində onların arasında daim münaqişələr yaşanırdı. İsrafil bəyin alman komandanlığına təqdimatından sonra müvafiq addımlar atılır, rota komandirləri vəzifələrinə azərbaycanlı zabitlər təyin olunur, bütün zabit heyətinə isə alman ordusunun zabitləri hüquqları verilir; Hərbi xəstəxanalarda yaralıların, əlillərin vəziyyəti ilə tanış olarkən onlara lazımi xidmət göstərilmədiyi, əlillərə protezlər verilmədiyinin şahidi olan İsrafil bəy işə qarışır və bu vəziyyət yaxşıya doğru xeyli dəyişir.

Müstəntiqin alman komandanlığından hansı göstərişlər aldığı sualının cavabında İsrafil bəy bütün göstərişləri yalnız Düdənginskidən aldığı və onların əsas etibarilə alman komandanlığından azərbaycanlı zabitlərin hüquqlarının genişlənməsinə nail olmaqla məhdudlaşdığı cavabı ilə kifayətlənir, Komitədə öz fəaliyyətinə dair ifadələrini davam etdirmək tələbi qarşısında isə artıq hər şeyi danışdığını bildirir. 1944-cü ilin dekabrında İsrafil bəy alman ordusunun rabitə vasitələrinin mühafizəsini və almanların arxa cəbhəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə İtaliyada azərbaycanlılardan ibarət könüllü hissələri yaratmaq barədə Düdənginskidən göstəriş alır. Elə həmin tarixdə onun polkovnik rütbəsində alman ordusuna daxil edildiyi barədə əmr verilir. Sonrakı göstəriş yenə də Düdənginskidən gəlir: Qərbi İtaliyaya, Paulyaro məntəqəsinə getmək, almanların Qərb cəbhəsinə göndərdiyi azərbaycanlı hərbi əsirlərdən 2-ci qrup adlanan yeni hərbi hissə formalaşdırmaq və onun komandiri olmaq, Almaniyadan İtaliyaya dağ keçidində alman ordusunun rabitə vasitələrini, körpüləri, dəmir yollarını italyan partizanlarının hücumlarından qorumaq.

İsrafil bəy bu vəzifəni yerinə yetirə bilmir. Cəmi 350 nəfər könüllü azərbaycanlı toplamağa müvəffəq olsa da, onları nə hərbi forma, nə silah-sursatla təmin etmək, nə də lazımi rabitə əlaqələri qurmaq mümkün olmur. Az sonra İtaliyanın şimalında olan ingilis qoşunları tərəfindən tutulur və sovet qüvvələrinə təhvil verilir: "Bununla da mənim alman ordusunda karyeram başa çatdı".

Görünür ki, bu son ifadə müstəntiqi bir daha onu alman ordusunda xidmətə getməyə nə vadar etdiyi sualını verməyə təhrik edir və İsrafil bəy də artıq neçənci dəfə verdiyi cavabları təkrarlayaraq almanların xidmətində olan Azərbaycan Milli Komitəsində, eləcə də alman ordusunda xidmətinin səbəblərini açıqlayır: bolşeviklərin 1920-ci ildə işğal etdiyi Vətənini tərk etməyə məcbur olması ilə başlanan nifrət, sovet hakimiyyətinə qarşı sönməyən düşmənçilik hissi; Azərbaycan Milli Komitəsinin sovet hakimiyyətini devirmək, bolşevizmi məhv etmək, nəhayət, Cənubi Qafqazda burjua-demokratik respublikalar yaratmaq proqramının onun maraqlarına, siyasi görüşlərinə uyğun gəlməsi! Məhz bu məqsədlə - almanlarla birlikdə sovetlərə, bolşeviklərə qarşı mübarizə etmək üçün o, alman ordusuna xidmətə getmişdi.

Bu açıq və qətiyyətli cavabın qarşısında müstəntiq bir söz deməyərək ingilislər tərəfindən tutulduqdan sonra onun da digər hərbi əsirlərlə birlikdə bir müddət Avstriya ərazisində saxlanıldığını dəqiqləşdirir və onun milli hissəsindəki azərbaycanlı əsgərlər arasında Sovet İttifaqına qayıtmaq istəyənlərin olub-olmadığını soruşur. İsrafil bəy öz dəstəsindəki əsgərlərin təxminən yarısının - 200 nəfərə yaxın adamın Sovet İttifaqına qayıtmaq fikrində olduğu, bu məqsədlə ingilis komandanlığına təqdim etmək üçün siyahılar tutulduğunu bildirir.

Bu məsələyə münasibətinə, əsgərlərin bu niyyətlərinə hər hansı müqavimət göstərdiyinə dair suallara "bitərəf olduğu, heç bir müqavimət göstərmədiyi" kimi cavablar qarşısında müstəntiq İsrafil bəyi "yalan danışmaqda" ittiham edir: "İstintaqın əlində sizin əsgərlərin bu qərarlarına qarşı çıxdığınıza, onları güllələməklə hədələdiyinizə dair məlumatlar var. Düzünü deyin: əsgərlərin Sovet İttifaqına qayıtmaq niyyətlərinə necə baxırdınız?"

İsrafil bəy bu məsələdə əsgərlərə heç bir təzyiq göstərmədiyini və güllələnmə ilə hədələmədiyini bildirəndə müstəntiq Vukov adlı bir adamı tanıyıb-tanımadığını soruşur. İsrafil bəy bu adamla rastlaşdığını, lakin yaxından tanış olmadığını bildirəndə müstəntiq, Vukovun 18 oktyabr 1945-ci il tarixdə, əsgərlərə təzyiqlə bağlı İsrafil bəyin əleyhinə verdiyi ifadələri təqdim edir. İsrafil bəy bir daha həmin ifadələrdə göstərilənləri inkar edir, belə bir qərar vermiş əsgərlərə hər hansı təsir göstərmədiyini, təhdid etmədiyini və güllələməklə hədələmədiyini bildirir.

Müstəntiq Çernıx fasilələrlə artıq bir neçə saat sürən dindirməni burada saxlayır. İki gündən sonra, oktyabrın 22-də öz işini bərpa edən istintaqın maraq dairəsi kəskin surətdə dəyişir və yenidən İsrafil bəyin mühacirətdən əvvəlki günə qədər Azərbaycandakı Cümhuriyyət dövrü fəaliyyəti üzərinə qayıdır. Düşünmək olar ki, məhz bu dövrə aid məlumatları dəqiqləşdirmək və İsrafil bəy İsrafilovun öz vətənində fəaliyyətini daha dərindən və ciddi araşdırmaq məqsədilə, müttəhimin RF Cinayət Məcəlləsinin göstərilən maddələri üzrə irəli sürülən ittihamların ən azı Sovet İttifaqına və Qırmızı Orduya qarşı vuruşmaq hissəsində tam təsdiqini tapdığına baxmayaraq, İsrafil bəy İsrafilovun istintaqının Azərbaycanda davam etdirilməsi məqsədəuyğun sayılır və bu məsələ ən yüksək səviyyədə - SMERŞ Baş Əks-kəşfiyyat İdarəsinin 1 dekabr 1945-ci il tarixli göstərişi ilə həll olunur. Həmin göstərişə əsaslanan Qərbi Sibir Hərbi Dairəsinin "Smerş" əks-kəşfiyyat bölümü 1945-ci ilin 7 dekabrında İsrafil bəy İsrafilovun özünün və istintaq işinin Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarlığına (NKQB) nəql edilməsi haqda verdiyi qərar müvafiq orqanlarda təsdiqdən sonra İsrafil bəy İsrafilov 25 il əvvəl tərk etməyə məcbur olduğu Azərbaycana yola salınır.

Azərbaycanda

1946-cı il 10 yanvar tarixində Azərbaycan SSR DTXK "A" istintaq şöbəsinin müdiri, polkovnik Padarov İsrafil bəy Məhəmməd Nəbi oğlu İsrafilovun istintaq işini öz icraatına götürməsi haqda qətnamə qəbul edir. İstintaq materialları ilə tanış olduqdan sonra İsrafilovun Azərbaycana Novosibirskdə qaldırılmış istintaq işinin davam etdirilməsi məqsədi ilə göndərildiyi faktından çıxış edən polkovnik Padarov yanvarın 13-də "İstintaq müddətinin uzadılması" haqda daha bir Qətnamə qəbul edir və bu qərarını belə əsaslandırır: "İsrafil bəyin İranda, Türkiyədə, daha sonra Polşada mühacirətdə, eləcə də almanların xidmətində olarkən Qırmızı Ordu ilə mübarizə üçün hərbi əsirlərdən ibarət hərbi hissələrin yaradılması kimi antisovet fəaliyyətinin hələ tam şəkildə açılmadığı nəzərə alınaraq istintaq müddətinin və müttəhimin həbs müddətinin bir ay uzadılması tələb olunur". Bu sənəddə İsrafil bəyin Azərbaycan SSRDTXK daxili həbsxanasında saxlanıldığı qeyd edilir.

İstintaq işinin 1946-cı il 12 fevral tarixinə qədər uzadılmasına dair Bakı Hərbi Dairəsinin Hərbi prokuroru qarşısında qaldırılan Vəsatət təmin olunduqdan sonra yanvarın 23-də Padarov ilk dəfə İsrafil bəyi dindirir. Çap makinasında stenoqrafik üsulla hazırlanmış bu dindirmə protokolu Novosibirskdə əllə yazılmış bütün əvvəlki protokollardan öz həcminə, eləcə də məzmununa görə fərqlənir. Belə ki, bu dəfə müstəntiqi bütünlüklə İsrafil bəyin Çar Rusiyası və Cümhuriyyət ordularında fəaliyyəti maraqlandırır. İsrafil bəy geniş ifadəsində 1914-cü ildə Tiflis hərbi məktəbini bitirdikdən sonra xidmət etdiyi hərbi hisslərinin keçirdiyi müxtəlif hərbi əməliyyatların coğrafiyası və özünün bu əməliyyatlarda iştirakı, iki dəfə hansı şəraitdə yaralandığı, haralarda müalicə olunduğu, bu məqsədlə doğma şəhəri Gəncəyə gəldiyi, müalicədən sonra könüllü olaraq yenidən orduya qayıtdığı, çar ordusunda aldığı mükafatlar və s. barədə ətraflı məlumatlar verir. 1917-ci ildə Rusiyada monarxiya devrildikdən sonra rus ordusunda baş verən dəyişikliklər, Müvəqqəti hökumətin başçısı Kerenskinin "ordunun dağılmasının" qarşısını almaq və "intizamı qaldırmaq" məqsədilə milli korpusların yaradılması təşəbbüsü, bu haqda qərarı "bolşevik çevrilişi ərəfəsində, özü qaçmazdan əvvəl" verməsi kimi ifadələr, onun Novosibirsk dindirmələrində dedikləri ilə birlikdə İsrafil bəyin zabiti olduğu rus ordusuna baxışları nəzərindən ayrıca maraq doğurur. Kerenskinin həmin qərarı İsrafilovun Qafqaza qayıtmasını və keçmiş artilleriya generalı Şixlinskinin Tiflisdə formalaşdırmağa başladığı müsəlman korpusuna daxil olmasını şərtləndirir. Bu hərbi hissənin sonradan Gəncəyə köçürüldüyü, Şıxlinskinin bir qədər süst fəaliyyəti qarşısında general Mehmandarovun bu işə cəlb edildiyi, Şıxlinskinin də onun müavini təyin olduğu kimi ümumi bəlli məlumatlardan sonra İsrafil bəy özünün bu dövr hərbi xidməti haqda danışmağa başlayır. Bu ifadələrdə artıq 1918-ci il "Bakıda bolşeviklərin hakimiyyəti ələ alması və bu hakimiyyətin yalnız Hacıqabula qədər yayılması" və bu zaman İsrafil bəyin "Azərbaycan ərazisinin burjua-millətçilərinin əlində olan" hissəsində aparılan hərbi əməliyyatlarda iştirakı kimi məsələlər diqqət mərkəzində olur. Bu mərhələdə özünün döyüş yolu barədə dedikləri çox qısa, səthi, ümumi xarakter daşımaqla İsrafil bəy Azərbaycan ordusu haqda 1932-ci ildə Varşavada dərc edilmiş ətraflı xatirələrinə yeni heç nə əlavə etmir. Hərçənd, həmin xatirələrdən xəbərsiz olan istintaqı onun 1918-ci ilin yaz-yay aylarında Gürcüstandan göndərilmiş zirehli qatara rəhbərlik etməsi, bu qatarın hərbi gücü, kimə qarşı döyüşdüyü haqda detallar xüsusi maraqlandırır. 1918-ci il mart-noyabr aylarında baş verən hadisələr - Azərbaycana daxil olmuş xarici qüvvələr, türk ordusu, ingilis komandanlığı, Biçeraxovun dəstələri, Bakının azad edilməsi, Azərbaycan hökumətinin Gəncədən Bakıya qayıtması və digər bu kimi məsələlərin şərhində İsrafil bəy bir sıra qeyri-dəqiqliklərə yol verir. 1919-cu ilin əvvəllərində hərbi nazir Mehmandarovun əmri ilə podpolkovnik rütbəsi alan və yeni yaradılan 5-ci piyada Bakı polkuna komandir təyin olunan İsrafil bəy Azərbaycanın bütün bölgələrində belə hərbi hissələr yaradıldığını qeyd edir. Bir müddət sonra 5-ci polkun hazırlıq səviyyəsi Mehmandarov tərəfindən yüksək qiymətləndirilərək onun Lənkəran yürüşündə iştirakı barədə əmr verilir. Bu yürüşün səbəbini həmin bölgədəki vəziyyətlə - dəyişilmiş siyasi-hərbi şəraitə baxmayaraq, çar ordusu sərhədçilərinin hələ də bu mövqeləri tərk etmədiyi və Azərbaycan hakimiyyətini tanımadığı ilə izah edən İsrafil bəy Lənkəran əməliyyatı haqqında çox qısa məlumat verir.

 

(Ardı var)

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru, professor

525-ci qəzet .- 2024.-27 sentyabr (№176).- S.12-13.