"İdeoloji mübarizədə din amili: mediadan gözləntilər"

ŞUŞADA KEÇİRİLƏN İKİ GÜNLÜK SEMİNAR MARAQLI VƏ FAYDALI MÜZAKİRƏLƏRLƏ DİQQƏT ÇƏKİB

 

Sentyabrın 23-24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminar keçirildi. Müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, 30-dan çox media nümayəndəsinin iştirakı ilə keçirilən seminarın ilk günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ümummilli lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və "Global Media Group"un birgə ərsəyə gətirdiyi 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbiri giriş sözü ilə açaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində tarixi qələbə qazandığını vurğulayıb. Media nümayəndələri ilə dini mövzuda seminarın işğaldan azad edilmiş ərazilərimizdə təşkil olunmasının təsadüfi olmadığını, bu torpaqlarda məhv edilən, təhqirə məruz qalan  dini və tarixi abidələrin bərpa edilməsinin Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə münasibətinin ən gözəl ifadəsi olduğunu bildirib.

Seminarın aktual mövzuya həsr olunduğunu deyən Ramin Məmmədov müxtəlif dövlətlər tərəfindən dindən siyasi manipulyasiya, ideoloji təzyiq predmeti kimi istifadə cəhdlərinə qarşı Azərbaycanın kifayət qədər mübarizə imkanlarına malik olduğunu vurğulayıb. Qeyd edib ki, müvafiq strukturlar bu sahədə koordinasiyalı şəkildə fəaliyyət göstərir, lakin ideologiya elə bir həssas istiqamətdir ki, dövlət qurumları, media nümayəndələri və cəmiyyət birlikdə çalışmalıdır. Seminarın təşkilində də əsas məqsəd ənənəvi düzənin dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə din amilinin siyasi-psixoloji və ideoloji təsir alətinə çevrilməsi cəhdlərinə qarşı fikir mübadiləsi aparmaq, qeyd və təklifləri dinləməkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli bildirib ki, Şuşa şəhərinin 2024-cü ildə İslam Dünyasının Mədəniyyət paytaxtı elan olunması istiqamətində Tədbirlər Planına uyğun olaraq il ərzində çoxsaylı layihələr həyata keçirilir. Bütün bu tədbirlər əbədi və əzəli Azərbaycan torpağı olan Şuşanın dünya miqyasında öz layiqli yerini tutmasına töhfəsini verir. Bəzi regionlarda islamofobiya, ksenofobiyanın güclənməsi fonunda Azərbaycan öz multikultural ənənələrini davam etdirir. Bu dəyərlərin təbliği və təşviqində medianın üzərinə mühüm vəzifələrin düşdüyünü deyən Ə.Həbibbəyli dini mövzularla bağlı maarifləndirmə və təbliğat işlərinə geniş yer verilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə "Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?" mövzusunda panel sessiya keçirilib.

Panel sessiyada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan istər regionun, istərsə də dünyanın ən sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkələrindən biridir. R.Həsənov tolerantlıq ənənələrinə görə Azərbaycanın dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov müasir media dünyası, informasiya siyasəti, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məsələlərdən bəhs edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının artırılması və ixtisaslaşmasının təmin edilməsi üçün təlimlərin keçirildiyini və bugünkü seminarın da sahəvi jurnalistikanın inkişafı istiqamətində xüsusi əhəmiyyətini qeyd edib.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov media subyektləri və dövlət qurumları arasında effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsinin zəruriliyi barədə danışıb.

Çıxışlardan sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra seminar iştirakçıları üçün mediatur təşkil edilib. Media nümayəndələri Şuşada həyata keçirilən yenidənqurma işləri ilə tanış olub, tarixi məkanları ziyarət ediblər.

Sentyabrın 24-də Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə baş tutan "Dini radikalizmlə mübarizə və media" mövzulu ikinci sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev çıxış edərək bildirib ki, dini radikalizm anlayışı əslində həqiqi dini dəyərlərdən tamamilə uzaqdır, çünki həqiqi İslam sülh, mehribanlıq, xoşgörü dinidir. O, media nümayəndələrinin dini sahədə maariflənməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov çıxışında bildirib ki, radikalizm və ekstremizm kimi neqativ meyllərə qarşı qabaqlayıcı tədbirlər görülməsi istiqamətində hüquq mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq qurumları əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib, medianın bu sahədəki fəaliyyətinin önəmindən bəhs edib.

Sonra müzakirə olunan məsələlərlə bağlı media nümayəndələri fikirlərini və qeydlərini səsləndiriblər.

Şuşada "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda ikigünlük seminar "Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları" mövzusuna həsr olunan üçüncü sessiya ilə işini yekunlaşdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan sessiyada "525-ci qəzet"in redaktoru Seyfəddin Hüseynli çıxış edərək bildirib ki, müasir media maarifləndirmə, təbliğat kimi funksiyaları ilə yanaşı, ictimai rəyin formalaşmasında mühüm element kimi çıxış edir. S.Hüseynli deyib ki, media tribunası vətəndaş - dövlət, vətəndaş - ictimai sektor, vətəndaş - din münasibətlərinin inkişafında, onun sağlam təməllər üzərində qurulmasında mühüm rol oynayır. Azərbaycan mediası ümumən bu istiqamətdə öz fəaliyyətini bütövlükdə dini-milli fərq tanımadan qurmaqdadır.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova sosial mediada təbliğatın ənənəvi media qədər səmərəli olmadığını vurğulayaraq qeyd edib ki, ənənəvi medianın azad, sərhədsiz məkan olan sosial media ilə müqayisədə effektivliyinin artırılmasında mətbuat nümayəndələri xüsusən maraqlı olmalıdırlar. S.Məmmədova süni intellektin dini maarifləndirmə, təbliğat sisteminə təsirləri və ixtisaslaşdırılmış media kontenti, habelə televiziya verilişlərinin hazırlanmasının önəmindən söz açıb.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Dini mövzuda başlıca manipulyativ istiqamətlər və media" mövzulu təqdimatla çıxış edərək, radikal dini cərəyanların istifadə etdikləri təbliğat və təsir alətləri, informasiya sahələrinin formalaşdırılması istiqamətləri və digər məsələlərə toxunub. V.Zifəroğlu müxtəlif ölkələr tərəfindən maliyyələşdirilən dini cərəyanların təbliğatı ilə məşğul olan elektron media, həmin quruluşların ölkəmizdəki müstəqil media orqanlarına ötürdüyü məlumatlar əsasında internet mediasına təsiri barədə geniş şərh verib.

Sonda çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı açılış nitqində müxtəlif sahələrə aid olan, hər birimiz üçün yol xəritəsi hesab edilən fikirlərini xatırladaraq bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri də ideoloji mübarizədə Azərbaycana yönələn təhdidlərə qarşı mübarizə aparmaqdır. Dövlət Komitəsinin sədri ideoloji sahədə çağırışlara həssas yanaşmanın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Seminarda aparılan səmərəli fikir mübadiləsinə görə tədbirdə iştirak edən qurumların nümayəndələrinə və media mənsublarına təşəkkürünü bildirən R.Məmmədov bütün təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.

"İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatıb.

 

S.QARAYEVA

525-ci qəzet .- 2024.-27 sentyabr (№176).- S.11.