Anım Günü - dərin ehtiramın ifadəsi

 

 

“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayan bədnam qonşularımız daim münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilib.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmişdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra olunmadı. Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi.

Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.

Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdən bəri qəlbimizdə dərin izlər yaratmışdı. Öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə ötən ilin 27 sentyabrında son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqı­mızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Əminliklə deyə bilərik ki, Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Artıq bayrağımızın şövqlə dalğalandığı ölkəmizin nadir incisi, mədəniyyət beşiyi olan Şuşada bu gün silsilə tədbirlər keçirilir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.

Bu günlər Şəhidlər xiyabanına gələn böyükdən-kiçiyə hər kəs ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşı kimi böyük qürur hissi keçirərək şəhidlərimizin xatirəsini ehtiramla yad edir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Azərbaycan Xalqı!

 

Mehdi Mehdiyev,

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri

525-ci qəzet .- 2024.-27 sentyabr (¹176).- S.8.