Şəhid ruhları şaddır!

ONLAR ÖZ MÜQƏDDƏS ARZULARINA ÇATIBLAR - AZƏRBAYCAN BÜTÖVLÜYÜNÜ, SUVERENLİYİNİ TAM BƏRPA EDİB

 

 

Bu gün Vətən müharibəsinin başlanmasından dörd il ötür. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən və Azərbaycanın böyük zəfəri ilə noyabrın 10-da başa çatan müharibə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalı müddətdə aparılan sülh danışıqları heç bir nəticə vermədi. Ermənistan hakimiyyəti sülhlə manipulyasiya edir, ATƏT-in artıq keçmiş olan Minsk qrupunun həmsədrləri isə regiona sadəcə turistik səfərlər etməklə işlərini bitmiş sayırdılar. Azərbaycan Prezidenti hər zaman bəyan edirdi ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılmasına heç vaxt imkan verə bilmərik. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik.

2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası təxribatçı bəyanatları və addımları ilə danışıqlar prosesində staqnasiya vəziyyəti yaratdılar. Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal altındakı torpaqlarına səfərlər edir,  "Qarabağ Ermənistandır və nöqtə" kimi təxribatçı bəyanatlar verirdi. Həmin vaxt müdafiə naziri vəzifəsində çalışan David Tonoyan isə 2019-cu ilin martında ABŞ-da "yeni torpaqları üçün yeni müharibə" çağırışını etdi.

Ardınca Ermənistan 2020-ci ilin iyul ayında Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik yaratmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaq idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. 2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.

Nəhayət, 27 sentyabrda 44 günlük müharibəyə gətirən daha bir hərbi təxribat... Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Müharibənin ilk günlərindən başlayaraq hərbi üstünlüyə malik olan ordumuz "Dəmir yumruq" adlandırılan əməliyyatlarla kəndləri, strateji yüksəklikləri, ardınca şəhər və rayonlarımızı düşmən işğalından azad etməyə başladı. 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.

Ümumilikdə, Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Şuşanın işğaldan azad edilməsi xəbərini isə dövlət başçısı noyabrın 8-də Şəhidlər xiyabanından xalqa sayca yeddinci müraciətində elan etdi. Həmin günü hələ də hər bir azərbaycanlı böyük həyəcanla xatırlayır. Çünki Şuşanın tarixən Azərbaycan xalqı və dövləti üçün böyük mənəvi dəyəri olub.

Dövlət başçısı Şuşanın azad olunması xəbərini elan edəndə "Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!", - dedi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Nəhayət, noyabrın 10-da ağır məğlubiyyətlə üz-üzə qalmış Ermənistan rəhbərliyi kapitulyasiyaya məcbur oldu. Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanata uyğun olaraq, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Prezident Laçının mərkəzində dövlət bayrağımızı ucaltdı. 44 günlük müharibədəki böyük qələbəmizi təmin edən mühüm məqamlardan biri də Azərbaycan xalqının Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi oldu. Dövlət başçısı həmin günlərdə tək döyüş meydanında deyil, həm informasiya cəbhəsində apardığımız müharibənin başında dayanmışdır.

Azərbaycan qalib tərəf olsa da, müharibədən sonra məğlub Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ermənistan sözdə sülh desə də, təxribatlarını həm hərbi, həm siyasi müstəvidə davam etdirdi. Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, ərazimizə qanunsuz yollarla silah-sursat, canlı qüvvə, minalar daşımaqda davam etdilər. Eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını ərazimizdən çıxarmadı, əksinə, onları Laçın postu qurulana və qanunsuz daşınmalarda istifadə edilən yollar tam nəzarətə götürülənə qədər sürətlə silahlandırdı.

Ermənistan vəziyyəti gərginləşdirəcək bütün addımları atdı. Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri növbəti terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı oldu. Bundan sonra Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirdi və 24 saatdan az müddət ərzində qarşıda duran bütün vəzifələr yerinə yetirildi. Bununla da Azərbayan dövləti öz ərazi bütövlüyün və suverenliyini tam bərpa etdi.

Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində hərbçilərimizin qəhrəmanlığını xüsusi vurğuladı: "Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər". 

Azərbaycan 44 günlük müharibə, bir günlük lokal antiteror tədbirləri ilə təkcə Ermənistanın, Qarabağdakı separatçıların deyil, eyni zamanda bölgə ilə bağlı planlar quran, burada öz təsir dairəsini yaratmağa çalışan və problemin illərlə qalmasında maraqlı olan bəzi xarici qüvvələrin də iflası oldu. Baxmayaraq ki, həmin dairələr bu gün də öz çirkin niyyətlərindən əl çəkmir, bölgəyə nüfuz etməyə, yükün sülh sazişinin imzalanmasına maneələr yaratmağa çalışırlar.

Amma Azərbaycanın öz qələbəsi ilə regionda yeni reallıqlar yaratdığının da fərqindədirlər. Yeni reallıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası faktoruna əsaslanır.

Azərbaycanın qələbəsini təmin edən əsas amillərdən biri xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, güclü və vətənpərvər ordu oldu. Bu gün Azərbaycan ordusu dünyanın ən güclüləri sırasındadır və istənilən müdaxilənin qarşısını almaq iqtidarındadır.

Əminik ki, bu gün Vətən uğrunda gözünü qırpmadan canından keçən şəhidlərimizin ruhu şaddır. Çünki onların öz müqəddəs arzularına çatıblar - Azərbaycan bütövdür, Qarabağ Azərbaycandır. Anım günündə şəhidlərimizi bir daha ehtiramla yad edib, ruhları qarşısında baş əyirik.

 

Pərvanə

525-ci qəzet .- 2024.-27 sentyabr (№176).- S.6.