"Qarabağın və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir"

 

 

Qarabağın və Şərqi Zəngəzurun bərpası bu gün dövlətimiz və xalqımız üçün ən mühüm vəzifələrdən biridir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti azad edilmiş ərazilərin bərpası, yenidən qurulması istiqamətində çox böyük işlər görüb. İşğalın davam etdiyi 30 il ərzində ermənilər ərazilərimizi tamamilə dağıdıb, yerlə-yeksan etmişdilər. Ona görə də həmin ərazilərin sürətlə bərpası, qurulması təbii ki, hər bir dövlətin öhdəsindən gələcəyi, bacaracağı iş deyil. Amma Azərbaycan bunu edir və həm də bütün işləri öz gücünə reallaşdırır.

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin iclasındakı nitqində bu mövzuya geniş yer ayıraraq deyib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası təbii olaraq bizim hər birimizin önəmli vəzifəsidir.

Dövlət başçısı İkinci Qarabağ müharibəsindən sonra görülmüş işlərin miqyasının çox geniş olduğunu söyləyərək, bu miqyası göstərən bir neçə rəqəmi açıqlayıb. Bildirib ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır: "Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.

İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılıb, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə".

Azad olunmuş ərazilərdə mədəni, tarixi irsimizin qorunmasına da xüsusi diqqət yetirilir, tarixi abidələr bərpa edilir.

Prezident vurğulayb ki, ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulub, səkkiz məscidin inşası davam edir: "Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları salınır, yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq xalqımızın böyük imkanlarını göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Bizim qurduğumuz dövlət, eyni zamanda, texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir. Çünki bu işləri görmək - üç min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, doğrudan da böyük peşəkarlıq tələb edir".

Qarabağın və Şərqi Zəngəzurun bərpasını daha tez başa çatdırmaq, insanların yurd həsrətinə tamamilə son qoymaq üçün işlər həm sürətli, həm də çox keyfiyyətli şəkildə davam etdirilir. Azad olunmuş ərazilərdə ağıllı kəndlər, ağıllı şəhərlər salınır, ən yüksək inkişaf etmiş texnologiyalar tətbiq edilir, müasir infrastruktur qurulur. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də hər il artırılır. Dövlət başçısı deyib ki, yaxın vaxtlarda gələn ilin büdcəsi məclisdə müzakirə ediləcəyini deyərək, əmin olduğunu bildirib ki, deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər və biz bunu təmin edəcəyik.

Prezident əlavə edib ki, bütün bu işləri görmək üçün görmək üçün iqtisadi imkanımız olmalıdır: "Çünki mən onu da bildirməliyəm ki, bütün bu işləri biz öz hesabımıza edirik. Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam. Bundan başqa necə deyərlər, bizə bir daş da müftə verilməyib. Biz bütün bu işləri öz hesabımıza edirik. Dünyanın bir çox donor təşkilatları var, onlar, necə deyərlər, bu məsələyə biganədirlər. Halbuki bu böyük ərazini bu vəziyyətdə görən minlərlə xarici nümayəndə olub. Bunu görüb və heç bir praktiki iş görməmək bir daha onu göstərir ki, bizə olan münasibət nəzərə alınmalıdır. Bu, bir daha bizə göstərməlidir ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq, biz öz potensialımıza güvənməliyik".

Bu ilin göstəriciləri də ürəkaçandır. Belə ki, səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Eyni zamanda, ölkəmizin xarici borcu da ildən-ilə aşağı salınır. Dövlət başçısı bildirib ki, bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir: "Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən, bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir. Yəni bu, sadəcə olaraq kiçik bir arayışdır".

Bu gün Azərbaycan öz doğru bildiyi yolda davam edir və ölkənin daha da inkişafı üçün mühüm addımlar atılır. Bütün bölgələrdə, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. Bu günlərdə "İstisu" su zavodunun açılışı oldu. Prezident İlham Əliyev bunun həm böyük rəmzi məna daşıdığını, həm də ki, tarixi ədalətin bərpası olduğunu deyib.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının VII çağırış Milli Məclisinin ilk iclasında parlamentlə hökumətin birgə fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi. Dövlət başçımızın qeyd etdiyi vəzifələr çoxşaxəlidir və ölkəmizin güclənməsinə, inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. Belə ki, həmin vəzifələrin arasında iqtisadi inkişafla bağlı səsləndirilən fikirlər digər məsələlərin həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. O bildirib ki, dövlət başçımızın rəhbərliyi altında Azərbaycan Respublikası böyük inkişaf yolu keçib: "Dövlət başçısı Qarabağın və Şərqi Zəngəzurun bərpasının təmin edilməsinin vəzifələrimizdən biri olduğunu qeyd etdi. Dövlət başçımız Qarabağın və Şərqi Zəngəzurun bərpasının təmin edilməsini vəzifələrimizdən biri olduğunu qeyd etdi. Müharibənin başa çatdığı gündən bu ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılmış vəsait 19 milyard manatdır. Məlumdur ki, artıq 3 min km avtomobil yolu, dəmir yolu inşa edilib, iki hava limanı istifadəyə verilib, 70 km uzunluğunda 45 tunel və 450 körpünün tikintisi davam etdirilməkdədir. Yaşayış məntəqələrin yenidən qurulması işləri mərhələli şəkildə başa çatdırılmış ərazilərə keçmiş məcburi köçkünlər qaytarılır. Bu günə qədər 8 mindən çox şəxs öz doğma yurdlarına qayıdıb. Məhz dövlət başçımızın diqqəti sayəsində 2026-ci ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıdışı təmin ediləcək və Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla başa çatdırılacaqdır. Biz bütün bu işləri dövlətimizin iqtisadi imkanları daxilində həyata keçiririk. Dövlət başçımız xüsusilə Özbəkistan, Qazaxıstan və Qırğızıstanın hədiyyə etdikləri təhsil müəssisələri istisna olmaqla xaricdən heç bir kömək almadıqımizı qeyd etdi. Halbuki beynəlxalq donor təşkilatları müharibədən əziyyət çəkən ölkələrə bərpa işlərinə dəstək göstərdiyi halda Azərbaycana bir dollar belə maliyyə dəstəyi göstərilmir. Bu, Qərbin islamofob, azərbaycanofob siyasətinin bariz göstəricisi hesab edirəm".

Deputat deyib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri də ölkənin iqtisadi gücünün artırılması ilə bağlıdır: "Məhz iqtisadiyyatı güclü olan ölkələr siyasi müstəqilliyinə qovuşurlar. Bu baxımdan Azərbaycan dünyada iqtisadi və siyasi müstəqilliyini əldə etmiş çox az ölkələrdəndir. Bu ilin 8 ayının göstəriciləri Azərbaycanın iqtisadi inkişafının indikatorudur. Belə ki, 8 ayda iqtisadi artım 4%-i keçmiş, xarici dövlət borcumuz ÜDM-in 7,5%-dir. Bu, çox yaxşı göstəricidir. Çünki inkişaf etmiş ölkələrədə xarici dövlət borcu ÜDM-in 100%-dən aşağı olmur. Sosial siyasətin davam etdirilməsi və əhalinin rifahının yaxşılaşdırılması dövlətimizin əsas məqsədlərindəndir. Belə ki, son 5 ildə minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artırılıb, 2018-ci ildən sonra 4 milyon insanı əhatə edən və 7 milyard manat maliyyə tutumu olan 4 sosial paketin icra olunması əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edib. Gələn ildə də minimum əmək haqqı və minimum pensiyaların artırılmasının gözlənildiyini dövlət başçımızın vurğulaması vətəndaşların rifahının yaxşılaşdırılması daima dövlətin diqqət mərkəzində saxalanıldığının göstəricisidir".

 

Pərvanə  

525-ci qəzet .- 2024.-27 sentyabr (№176).- S.5.