Dilsuz yaradıcılığı: milli siqlət və bəşəri motivlər

DƏYƏRLİ ƏDİBİMİZİN YAXINLAŞMAQDA OLAN 80 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ

 

 

(Əvvəli ötən sayımızda)

 

İdeya-məzmun baxımından mükəmməl hesab etdiyimiz Dilsuz poeziyası sənətkarlıq nöqteyi-nəzərindən daim diqqət çəkib. Onun şeirlərinin sənətkarlıq problemləri ayrıca tədqiqat predmetidir. Şairin dili bədii təsvir və ifadə vasitələri ilə zəngin, canlı, obrazlı, üslubu orijinal və cəlbedicidir:

 

İçimdə bir dəniz çiçəklədi

Altay yağışlarından.

(“İçimdə çiçəkləyənlər”).

 

Buna bax ha,

içimdə şeir nəfəs alır!..

(“Səhər-səhər”).

 

Bir bayraq istəyirəm -

Ürəyim üşüyəndə geyəcəm.

(“İstək”).

 

Uzanıqlı üzümüzə baxırdı!

Gözlərində qanadları sınmış göy üzü,

Gözlərində çiliklənmiş Tanrı...

(“İçini yeyən adam”).

 

Ev tikirəm xatirələrdən,

İçindəkilər üşüyür.

(“Ev tikirəm”).

...Yazda çiçək-çiçək çatlayır torpaq,

Gün vurur - açılır dünyanın dili.

(“Yazda”).

lll

 

Yaradıcılığa şair kimi iddialı qədəm qoyan Dilsuzun ötən əsrin yetmişinci illərinin sonlarında “Azərbaycan” jurnalında dərc olunan “Yol” adlı hekayəsi ədəbi mühitdə böyük əks-səda yaratmış, dərnək və məclislərin gündəliyini zəbt eləmişdi. “Kulis. Ədəbiyyat. Mədəniyyət, Art” saytının 2016-cı ildə keçirdiyi Azərbaycan ədəbiyyatında ən yaxşı hekayəyə dair bir sorğuda adı çəkilən 100 hekayə sırasında Dilsuzun “Yol”u da var. Hekayə sonralar Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalında və digər dövrü nəşrlərdə çap olunub. “Azərbaycan nəsrinin maraqlı nümunələrindən biri kimi bu gün də xatırlanan”, müzakirə predmeti olan, dildən düşməyən “Yol” nə qədər qəribə olsa da, uzun illər boyu tənqidçi qələmindən uzaq qalıb... Yaxşı ki, Azərbaycan sovet dövrü nəsri haqqında icmal xarakterli materiallarda “Yol” da xatırlanır...

Comərd Qaya adlı müəllif “Unudulmuş “Yol” adlı məqaləsində hekayəni Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biri hesab edir və “Yol” povestini həcminə görə o qədər də böyük olmasa da, dolğunluğuna, içində daşıdığı mənaya görə çox böyük əsər kimi dəyərləndirir, əsərin məzmununu nəql edir, ideyasını açmağa çalışır. Qəşəm Nəcəfzadə “Ulduz”lu səhərlərə salam” adlı məqaləsində (“Ulduz” jurnalı ¹6 (601), iyun 2019) 80-ci illərin nəsrindən bəhs edərkən yazır: “80-ci illərdə Ramiz Rövşənin “Bu yaz gecəsində ölməyə nə var” cümləsi ilə başlayan hekayə və şeirləri, Dilsuzun “Yol” hekayəsi, Camal Yusifzadənin “Ay qonşu, bu evin yiyəsi hanı”, İshaq İbrahimovun “Mən köhnə kişiyəm, bala” devizi ilə başlayan şeirləri bütün ədəbi prosesi ardınca çəkib aparırdı”.

Yuxarıda qeyd etdiyimiz kimi, Dilsuz yaradıcılığına, o cümlədən, nəsrinə dair bir neçə publisistik məqalə qələmə alınsa da, ayrıca elmi məqalələr həsr olunmayıb. Bununla belə, ayrı-ayrı müəlliflərin fərqli ədəbi mövzulardakı mülahizələrində Dilsuzun “Yol” hekayəsinə dair bir-iki cümlə ilə maraqlı fikirlər söylənilib.

Ramiz Rövşən: “Tam səmimi deyirəm, o vaxt bizim aramızda heç kəs bir-birini qısqanmırdı. Hər gözəl hekayə, şeir hamı üçün hadisəyə çevrilirdi. Vidadinin “Vağzalda” və “Çarpaz bucaqlar” hekayələri, Dilsuzun “Yol” hekayəsi, Mövludun, Seyranın, lap bizdən əvvəlki nəsil olsun - Anarın, Əkrəmin, Elçinin, İsinin yazdıqları... Hamı o yazılara sevinirdi, müzakirə edirdi” (Günel Natiq. Ramiz Rövşəndən təəccüb yaradan sözlər - “Xoşbəxtəm ki, bu yaşda o tərifi yazdım...” Teleqraf.com. 21.12.2023).

Əkrəm Əylisli: “Rəhman Əlizadənin “Əncir qurusu”, Mövlud Süleymanlının “Dəyirman”, Dilsuzun “Yol” povestini çap etməyin xatalı məsuliyyətini kim boynuna götürəcəkdi?” (Ayxan Ayvaz. Əkrəm Əylisli: “Bəlkə, o əsərimdən imtina elədim”. kulis.az, 06.12.2021).

Kamil Vəli Nərimanoğlu. “Sovet xarakteri anlayışının... Dilsuzun “Yol”una,.. nə dəxli var, anlamıram ki, anlamıram” (Kamil Vəli Nərimanoğlu. Sovet ədəbiyyatı, gerçəklilər, həqiqətlər, ziddiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi ¹25, səh.33-81).

“Yol” niyə bu qədər hay-küy yaratdı, əks-səda verdi? Oxucular əsərdəki obrazları ? Yunisoğlunu, Hümbət müəllimi, Aslanı... tanımırdılarmı, baş verən hadisələrlə qarşılaşmamışdılarmı, yaxud bu olayların iştirakçısı olmamışdılarmı? Əlbəttə, əsərin mövzusu real həyatdan götürülmüşdü. Amma oxucu cəmiyyətdə cərəyan edən belə olayla ilk dəfə ədəbiyyatda rastlaşırdı. Dilsuzun dili, üslubu, sənətkarlığı, əsərin bədii mükəmməlliyi, kompozisiyası, canlı və parlaq obrazları, hadisələrin dramatizmi və psixologizm konteksində təsviri hekayənin uğurunu şərtləndirən amillərdən olmuşdu.

Dilsuz “Yol”dan (bəzən onu povest də adlandırırlar) sonra da bir sıra maraqlı mövzularda hekayələr qələmə aldı. Onun bu qəbildən olan “Mən qəbirdən zəng eləyirəm”, “Tragikomik və bir qədər də fantasmaqorik hekayə” oxucu rəğbəti qazanıb.

Dilsuz müstəqillik dövrü uşaq ədəbiyyatının inkişafında müstəsna rol oynayıb, bənzərsiz nümunələr yaradıb. O, uşaqlar üçün 80-dən çox nağıl yazmış, yaxud mövcud nağılları yenidən işləyib, necə deyərlər, milliləşdirərək nəşr etdirib. Bu nağılların hər biri həm məzmun, həm forma baxımından uşaq ədəbiyyatı xəzinəmizi zənginləşdirən parlaq nümunələrdir. Həmin kitabların dəyərini Azərbaycan Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində akademik Bəkir Nəbiyev aşağıdakı cümlələrlə izhar etmişdi: “Körpələrə müəyyən xəstəliklərdən qorunmaq üçün peyvənd edilir. Onların mənəvi mərəzə məruz qalmaması, yad, zərərli, ziyanlı vərdişlərə düçar olmaması üçün valideynlər körpələrini Dilsuzun hekayələri ilə vaksin etməlidirlər”.

lll

Dilsuzun publisistikası həm mövzu, həm də sənətkarlıq cəhətdən diqqəti çəkir. Onun oçerklərinin qəhrəmanları sadə, zəhmətkeş insanlardır. Dilsuz öz qəhrəmanlarına artıq bəzək-düzək vurmur, onların portretini real ştrixlərlə canlandırır. Onun maraqlı və faydalı məlumatlarla müsahibələri həmişə diqqəti çəkib. Sovet dövründə yüksək titullu, vəzifəli şəxslərdən müsahibə almaq hər jurnalistə nəsib olmurdu və o, müəyyən çərçivələr daxilində suallar verə bilər, cavablar da senzuranın tələbləri nəzərə alınmaqla üzə çıxarıla bilərdi. Dilsuzun Xalq yazıçısı İlyas Əfəndiyevlə (“Həqiqi sənət yollarında. “Azərbaycan” jurnalı, 1984 ¹5, s. 109), Xalq şairi Süleyman Rüstəmlə və başqa ədəbi simalarla müsahibəsi onun peşəkarlığına dəlalət edir. Şairin iş yoldaşı və dostu İntiqam Mehdizadənin Xalq yazıçısı Anara həsr etdiyi “Dəyişən saçın rəngidir” adlı məqaləsi, belə demək mümkünsə, Dilsuzla başlayır və Dilsuzla bitir. Bu yazı bütövlükdə Anarın həyat, yaradıcılığına həsr olunsa da, Dilsuzun xarakterini açmaq nəzərindən də maraqlıdır. Məqalə belə başlayır: “Yadımdadır, ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində eyni redaksiyada birlikdə çalışdığım şair dostum Dilsuz Mustafayevi o çağlarda hansısa bayram ərəfəsində Xalq şairimiz Süleyman Rüstəmdən müsahibə almağa göndərmişdilər. Son dərəcə həssas olan və o zamanacan hörmətli şairə bir o qədər də rəğbət bəsləməyən Dilsuz o görüşdən çox qəribə, fərqli, bir az da sarsılmış ovqatla qayıdıb gəlmişdi. Süleyman müəllimlə görüş onu mütəəssir etmiş, fikir və duyğularında təbəddülat yaratmışdı. Danışırdı ki, yox, hər şey biz bildiyimiz, bizə öyrədilən kimi deyil. Kişilər o dünyanı görüb gəlmiş, kirpikləri ilə od götürmüşlər. O vaxt mənə Dilsuz çox şey danışmışdı. Tək bircəsini bu yazıya daxil etməsəm, olmaz, ? deyirdi, soruşdum ki, Süleyman müəllim, ən çox istəmədiyiniz, arzu etmədiyiniz nədir? Dünya görmüş şair cavab verir ki, ildə bir kərə yolumuz üstə çıxan 28 Aprel, 1 May bayramları. Dərd məni bürüyür ki, yenə qəzetlər hücum çəkəcək üstümə ki, şair, bu münasibətlə bizə yeni şeirlərini ver. Əşşi, nə qədər yazmaq olar, məndən başqa şair yoxdur begəm?” (İntiqam Mehdizadə. Dəyişən saçın rəngidir. “525-ci qəzet”. 05.06.2010. s.22.). Qeyd etdiyimiz kimi, müəllif məqaləyə Dilsuzun müsahibəsindən bir məqamı da xatırlamaqla nöqtə qoyur: “Yazının əvvəlində işarə vurduğum Süleyman Rüstəmlə Dilsuzun arasındakı söhbətə bir də qayıtmalıyam. Dilsuz dostumuz o vaxt Süleyman Rüstəmə ünvanladığı daha bir suala Xalq şairimizdən gözləmədiyi cavab almışdı. Soruşanda ki, ay Süleyman müəllim, bəs sizi bu vaxtacan ən çox ağrıdan nə olub, şair deyibmiş ki, məni ən çox sarsıdan istedadlı ədəbiyyatşünasımız Salman Mümtazın 37-ci ildə tutulandan sonra çox zəngin kitabxanasının və dünyanın hər yerindən toplayıb şəxsi arxivində saxladığı qədim mənbələrin, əlyazmalarının çekistlər tərəfindən müsadirə edilərək gözümüzün qabağındaca alovu ərşə qalxan tonqala atılıb yandırılması olub. O səhnəyə baxa-baxa biz də yanıb qovrulurduq, amma səsimizi çıxara bilmirdik. Zaman elə zamanıydı, oğlum...

Əlbəttə, İ.Mehdizadə dövrün problemlərini daha qabarıq nəzərə çatdırmaq niyyəti ilə Dilsuzun müsahibəsini xatırladır. Amma biz diqqəti Dilsuzun müsahibi danışdırmaq, onu etiraf etdirmək məharətinə, səriştəsinə yönəltmək istərdik. Xalq şairi S.Rüstəmlə söhbəti elə qurmaq, ustalıqla onu elə məcraya istiqamətləndirmək lazım idi ki, o, həqiqətləri səmimiyyətlə etiraf etsin. Bunu Dilsuz bacarırdı. Dilsuzun digər müsahibələri də həm aktuallığı, həm sanbalı, həm də problemə yanaşma nöqteyi nəzərindən maraq doğurur.

Dilsuzun redaktorluq fəaliyyəti qibtəediləcək dərəcədə yüksək səviyyəlidir. O, neçə-neçə romanı, povesti, dram əsərlərini, poeziya nümunələrini peşəkarlıqla redaktə etmiş, oxucuların ixtiyarına verib.

Sonda onu qeyd etməyi vacib bilirəm ki, Dilsuzun çap olunmayan əsərləri işıq üzü görənlərdən ən azı on dəfə çoxdur. “Heyva iyi” adlı romanı, çox sayda povestləri, 30-dan çox dram əsəri Dilsuzun “dustağıdır”. Müsahibələrinin birində (Mirmehdi Ağaoğlu. 40 il susan yazıçı danışdı. kulis.az, 11 oktyabr 2013) o deyib: “Ümumiyyətlə, qəribə də olsa, mən, əsasən, yazdığım yox, yazacağım əsərlər barədə daha çox düşünürəm. Yaxşıdı, pisdi - bilmirəm”.

 

15.09.2024

Abid Tahirli

525-ci qəzet .- 2024.-28 sentyabr (¹177).- S.23.