Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Qədim dünyada da dəhşətlər az olmamışdır    

Qədim dünyada baş verən dəhşətlərə gəldikdə, Qədim Roma sərkərdəsi Qay Yuli Sezar böyük əraziləri işğal edib, müharibələrdə qan çayı axıtmaqla şöhrət qazanmışdı. B.e. ə. I əsrin ortalarında Qalliyada yerli tayfalara qarşı apardığı döyüşlərdə milyonlarla insanı məhv etmiş və əsir götürmüşdü. Həmin əsrin 49-cu ilində onun qanunu pozaraq, Romaya ordusu ilə qayıtması Vətəndaş müharibəsinin başlanmasına səbəb olmuşdu. Pompey tərəfdarlarını məğlub edən Sezar diktatorluğa yiyələnmiş, çar olmaq eşqinə düşdükdə, buna razı olmayan respublika quruluşunun tərəfdarları, onu Senatın iclası keçirilən zalda qətlə yetirmişdilər.

Sezarın bu fəaliyyətindən 40 ilə yaxın əvvəl Pont çarı VI Mitridat Yevpator Romaya qarşı müqavimətə qalxmış və ondan intiqam almaq üçün Kiçik Asiyada olan romalıların və italiklərin kütləvi şəkildə məhv edilməsinə göstəriş vermişdi. B.e.ə. 88-ci ildə bir gün ərzində 80 min adam öldürülmüşdü. Bir il əvvəl isə Mitridat Poma əyaləti olan Asiyanı işğal etmişdi.

Lakin bir il sonra, 87-ci ildə  Sulla, Mitridata qoşulan Afinaya hücuma başladı və şəhəri ələ keçirib, qarətə məruz qoydu. O, nəhəng Pont ordusunu da darmadağın etdi. Mitridat Romadan qisas almaq üçün bir gündə 80 min günahsız insanı məhv etməsinə görə sevinirdi. Lakin romalıların intiqamı daha güclü oldu. Qay Yuli Sezar  Misirdə olduqdan sonra, Mitridatı Pont çarı kimi əvəz edən oğlu Farnakı ağır məğlubiyyətə uğradıb,  Romaya məşhur “veni, vidi, vici” - “gəldim, gördüm, qalib gəldim” mesajını göndərmişdi.

 

 II Dünya müharibəsinə ödənilən haqq   

 

II Dünya müharibəsində bu Moloxa verilən insan həyatı haqqı nəhəng ölçüdə idi. Ən azı, 21 milyon əsgər həlak olmuşdu. Mülki adamların ölüm sayı daha çox idi, sonralar bunun 40 milyon ətrafında olduğu qiymətləndirilmişdi. Onlardan 29 milyonu sovet adamları və çinlilər idi. Sovet İttifaqı başqa ölkələrlə müqayisədə daha böyük itkilərə məruz qalmışdı, bu, 10 milyon əsgərin və 19 milyon mülki şəxsin məhvi kimi qiymətləndirilir.

1945-ci ildə milyonlarla adam bütün dünya ətrafında aclıqla üzləşmişdi. Avropada 100 milyon adam bəzi fondların ərzaq yardımından asılı vəziyyətdə idi. Qitədə 30 milyon adam yaşayış yerlərindən uzaqlaşmışdı, onlardan 10 milyonu öz evinə qayıda bilmirdi. Asiya qitəsində isə Çində gedən münaqişə hesabına ölkə ağır viranəliyə məruz qalmışdı. Müharibənin ümumi xərcinin 4 trilyon ABŞ dolları həcmində olduğu qiymətləndirilir.     

 

Ləyaqət və möhkəm iradə nümunələri   

 

Bəşər tarixində ən çətin anda belə ləyaqətini qoruyub saxlayan, möhkəm iradəsi hesabına taleyinin dolanbaclarından qalib kimi çıxan şəxsiyyətlər az olmamışdır. Onlar müasir insana da nümunə kimi yol göstərir, böhran anlarında çaşqınlığa yol verməməyi, ali insani keyfiyyətlər hesabına uğursuzluqları da dözümlülük hesabına uğura çevirmək dərsi verirlər.

Özünü ləyaqətli aparması hesabına, ağır məğlubiyyətdən sonra yenə ona hörmətlə yanaşılmasına nail olan qədim Şimali Hindistan çarı Poru misal göstərmək olar. İradəsinin gücü ilə çətinliklərə sinə gərməklə, xalqını siyasi sahədə və döyüş cəbhəsindəki igidlikləri ilə sevindirən şəxsiyyətlər sırasına həmçinin iradəlilik nümunəsi göstərib, Konstantinopolu xilas edən imperatriça Teodoranı, həyatında ağır sınaqlara məruz qalsa da, özünü itirməyən Fransa kralı I Fransiski, ölkəsinə qızıl dövr bəxş etmiş İngiltərə kraliçası I Elizabeti, amerikan İstiqlaliyyət ordusunun görkəmli sərkərdəsi Corc Vaşinqtonu, I Napoleon donanmasına qalib gələn ingilis admiralı Horatsio Nelsonu, bu şəxslərdən tam fərqləndiyinə görə antinümunə timsalı sayılan III Napoleonu, mübarizəsini uğurla başa çatdırmış inqilab rəhbəri V.İ.Lenini, Böyük Britaniyanın Baş naziri və II Dünya müharibəsinin qəhrəmanı Uinston Çörçilli, İkinci Dünya müharibəsində görünməmiş məğlubiyyətlərlə və itkilərlə üzləşmiş, sarsılmazlığını itirməyərək, xalqını qələbəyə çatdırmış İ.V.Stalini, yeni dövlət yaratması kimi böyük zəfərdən hələ 15 il əvvəl ordusunu məhv olmaq təhlükəsindən, görünməmiş əzablar hesabına xilas etmiş Mao Tsze-dunu, nəhayət, 2020-ci ildə 44 günlük müharibədə düşmənin ağır məğlubiyyətinin təşkilatçısı, xalqının ilk hərbi qələbəsinin müəllifi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi daxil etmək istərdim. Bu ləyaqətli insanlar siyahısına bircə III Napoleon uyğun gəlmir, ona görə də o, zaman ardıcıllığına xələl gətirməməklə, həm də antinümunə timsalında verilmişdir.

 

Ləyaqət nümunələri olan tarixi şəxsiyyətlər   

 

Böyük Aleksandr b.e.ə. 327-ci ildə Hindistan subkontinentinə daxil oldu. Onun müdaxilə etdiyi ilk yer müasir Pakistanın ərazisi idi. Həmin vaxt Hindistanda bir neçə dövlət var idi. 326-cı ildə Hidasp çayı üzərində ağır döyüş getdi və hind çarı Porun ordusu məğlub edildi və özü əsir düşdü.   

 

Por (b.e.ə. IV əsr)   

 

Böyük Aleksandr b.e.ə. IV əsrdə Hindistan yürüşündə bir sıra çətin döyüşlərdə vuruşdu. Hidasp çayı üzərindəki döyüşdə isə hind çarı Por kimi möhkəm bir rəqiblə üzləşməli oldu. Poru məğlub etdikdən sonra, Makedoniyalı dahi sərkərdənin qədim bioqrafı olan Arriana görə, Aleksandr onunla hörmətlə davrandı.

Fərdi hərəkəti, igidliyi və ləyaqəti hesabına Por özünü təkcə həqiqi hərbi xadim kimi deyil, həm də əsl igid əsgər kimi göstərdi. O, öz süvarilərinin darmadağın olduğunu gördükdə, piyadalarının əksəriyyəti isə həlak olmuşdu, onun filləri də öldürülmüşdü, ya da qəzəbdən qışqırırdı, Persiya çarı III Daradan fərqli olaraq, öz canını xilas etməyə çalışmamış, bir çar kimi ordusunun qalan hissəsini bir yerə yığıb, uzun müddət mübarizə aparmışdı. Por igidliklə vuruşurdu, yalnız özü yaralananda, fillərini başqa səmtə çevirib, geri çəkilməyə başladı.

Aleksandr bu böyük və fərasətli sərkərdənin həyatını xilas etmək qayğısına qalıb, onun yanına Moroes adlı bir hindlini göndərdi, ona desin ki, o öz rəqibi Porun dostu olacaqdır. Por Moroesin mesajına qulaq asdı, öz filini dayandırıb, onun belindən aşağı düşdü. Susuzluqdan yandığına görə su içdikdən sonra özünə gəlib, Moroesə dedi ki, o özü də Aleksandrla nə qədər mümkünsə, daha tez görüşmək istəyir.

Aleksandra onun gəldiyini xəbər verdilər, o, Poru qarşılamağa çıxdı. Onlar görüşdükdə o öz düşməninə heyranlıqla baxmağa başladı. Por yaxşı fiquraya malik idi, boyu yeddi futdan da çox ola bilərdi və şəxsi bir gözəlliyə malik idi. O öz bədən quruluşunu itirməmişdi, bu xüsusiyyəti onun bir igid insan olması ilə birləşirdi. Çarın qarşısında başqa bir çar dayanmışdı, o öz səltənəti üçün Aleksandrla da şərəflə vuruşmuşdu.

Aleksandr ilk olaraq danışmağa başladı, dedi ki, “Yaxşı, sən özünlə necə davranmağımı istəyirsən?” Por  cavab verdi: “Mənə çara olan kimi münasibət göstər”. Aleksandr dedi: “Mənə qaldıqda, sənin istəyinə əməl ediləcəkdir. Lakin burada elə bir şey yoxdurmu ki, sən özün üçün arzu edəsən?” Cavab belə oldu: “Hər şey onun təkcə bir xahişində ifadə edilmişdir”.

Porun nitqindəki sözlərin ləyaqəti Aleksandra daha xoş gəldi və o, Porun öz təbəələri üzərindəki hökmranlığını bərpa etdi və üstəlik, onun səltənətinə hətta yeni geniş ərazilər də əlavə etdi. Sonra həqiqətən bu igid insandan çara layiq olan kimi istifadə etdi və həmin vaxtdan sonra da onunla bütün yollarla bir loyal dost kimi davrandı.

Çar Por ləyaqətini nümayiş etdirmək hesabına Böyük Aleksandrın etimadını qazanmışdı.

Bizans imperiyasında isə 532-ci ildə Konstantinopolda qiyam baş verəndə, imperatriça Teodora böyük iradə nümayiş etdirərək, əri Yustinianın qaçmasına mane olmuş və onu həm də qiyamı yatırtmağa həvəsləndirmişdi.

    

 

Teodora (VI əsr)  

 

Teodora “ayı saxlayanın” qızı idi, atası Konstantinopolda oyunlar göstərirdi və qız uşaq olanda, o ölmüşdü. Teodora anasının peşəsinin arxasınca gedib, aktrisa olmuşdu. O vaxtlarda bu fəaliyyətlə məşğul olanlar aşağı təbəqədə doğulmuş kimi hesab olunurdu. Çox vaxt aktrisalar həmçinin fahişə kimi xidmət göstərirdilər və Teodora da bu məsələdə istisna təşkil etmirdi. 25 yaşı olanda o, Yustinianla qarşılaşdı, bu vaxt şahzadənin 40 yaşı var idi. Onun əmisi olan imperator Yustin qanunu dəyişdirib, aristokrat senatorların aktrisa olanlarla nikaha girməsinə icazə vermişdi. 527-ci ildə əmisi öldükdən sonra Yustinian imperator, Teodora isə imperatriça oldu, qadının belə yüksəlməsi aşağı sinfə məxsus olan bir şəxsin böyük nailiyyəti idi.

Yustinian və Teodora yaxın və sevimli kompanyonlar idilər. Arvadı həmçinin ona kilsə və dövlət işlərində də təsir göstərirdi. Güclü iradəyə və bacarığa malik olan bu qadın xüsusən 532-ci ildə çox lazımlı oldu, həmin ili Konstantinopolda keçirilən döyüş arabalarının yarışında bir-birinin rəqibi olan iki fraksiya vahid qüvvə kimi birləşib, imperatora qarşı qiyam qaldırdı. Qiyam tezliklə üsyana çevrildi, adamlar şəhəri yandırmağa və qarət etməyə başladı. Onlar “Nika” (“qalib gəldik”) deyə qışqırırdılar. Bu sözü, adətən, azarkeşlik etdikləri zamanlarda sevimli komandaları qalib gələndə səsləndirirdilər. Yustinian qaçmağa hazır idi, lakin Teodora ona bu sözləri dedi: “İndi mənim rəyim belədir ki, indiki vaxtda hər şeydən üstün olanı, hətta təhlükəsizlik üçün imkan yaratmaq üçün də, vuruşmaq lazımdır. İmperator olan üçün qaçqına çevrilmək dözülməz bir işdir və bir gün mənim qarşıma çıxan adamlar mənə təzim edilməli bir xanım kimi müraciət etməsələr, buna dözmərəm. Mən sonra sağ qalmasam belə”. Arvadının bu sözlərini Yustinian eşidib, şəhərdə qalmağa və vuruşmağa qərar verdi. Etiraz edənlərin çoxu öldürüldü və Nika üsyanı adlanan hərəkat sona çatdı.

Əgər Teodoranın möhkəm iradəsi olmasaydı, Yustinian paytaxtı tərk edib, onu günahsız qan axıtmaq və qarət etmək məqsədi güdən üsyançıların əlinə verəcəkdi və Yustinianın Konstntinopolu gözəlləşdirmək sahəsindəki sonralar böyük işləri də, əlbəttə ki, işıq üzü görməyəcəkdi: Teodora, bəlkə də, tək imperator ərini deyil, Konstantinopolun mövcud abadlığını və gələcək gözəlliyini də xilas etmişdi. Yustinianın qiyamdan sonrakı fəaliyyətində, paytaxt şəhərinin möhtəşəm binalarla və kilsələrlə gözəlləşməsi xüsusi yer tutdu.

Əslində, 532-ci il üsyanından sonra Yustinian şəhəri yenidən qurdu və ona təzə bir heyranedici görünüş verdi, bu, demək olar ki, 1,5 min il keçdikdən sonra da müəyyən ölçüdə yaşamaqda davam edir. Ondan əvvəl imperator II Teodorus (408-450-ci illər) şəhərin bütün perimetr boyu quru tərəfdən nəhəng divarlarla əhatə olunmasının layihəsini vermişdi. Şəhərdə nəhəng saray kompleksi var idi. İqamətgahı əhatə edən küçələr təkcə gözəl saraylara malik deyildi, onların ətrafında həmçinin komalar da var idi.

Yustinian çoxlu yeni binalar tikdirdi, çoxlu yollar salındı, körpülər, divarlar, hamamlar, hüquq məhkəmələri binası və nəhəng yeraltı rezervuarlar tikdirdi. Axırıncılar şəhəri təchizatı qıt olan su ehtiyatı ilə təmin etməli idi. O, həmçinin xəstəxanalar, məktəblər, monastırlar və kilsələr inşa etdirirdi. Kilsə tikintisinə onun xüsusi ehtirası var idi və Konstantinopolda 34 yeni kilsə tikildi və ya bərpa edildi. Onun ən böyük nailiyyəti isə bu gün də hamını heyran edən Hagia Sophia (Aya Sofiya) - Müqəddəs Müdriklik kilsəsi idi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 28 sentyabr (¹177).- S.22.