İsrafil bəy İsrafilov:  sovet cəza orqanları ilə üz-üzə

YAXUD BİR AZƏRBAYCANLI ZABİTİN DÖYÜŞ YOLU

 

(Əvvəli ötən sayımızda)

 

Cümhuriyyət dövrü Azərbaycan hakimiyyətindəki dəyişikliklərlə bağlı istintaq sualına İsrafil bəy Fətəli Xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin baş nazir, Mehmandarovun isə hərbi nazir olduğunu bildirir, qalan dəyişiklikləri xatırlamadığını söyləyir. Belliklə, 23 yanvar 1946-cı il tarixdə keçirilən birinci dindirmə prosesi İsrafil bəyin çar ordusunda aldığı mükafatların sadalanması ilə başa çatır.

Lakin bir qayda olaraq arası kəsilmədən aparılan dindirmələri davam etdirmək baş tutmur. Artıq yanvarın 25-də müstəntiq Padarov "İstintaq işinin saxlanılması" haqqında qətnamə qəbul etməli olur. Səbəb kimi müttəhim İsrafilovun sifətinin qızartı iltihabı (roj-erysipelas) və ürək fəaliyyətinin zəifləməsi nəticəsində ağır xəstələndiyi, üz qızartısı yoluxucu xəstəlik olduğundan onun daxili həbsxanada xəstəxanaya yerləşdirildiyi və ayrıca otaqda təcrid olunduğu göstərilir. Bu qərar Azərbaycan SSR DTXK daxili həbsxanasının həkimi Sərkisovun verdiyi arayışdakı məlumatlara, eləcə də məhbus İsrafil bəy İsrafilovun göstərilən xəstəliklər səbəbindən vəziyyətinin ağır olduğu və səhhətinə görə hazırda dindirilməyə buraxıla bilməyəcəyinə dair rəyə əsaslanır. Bununla da İsrafil bəyin istintaqı o sağalana qədər təxirə salınır.

Müstəntiq Padarov İsrafil bəyin istintaq işinə bir də 1946-cı il martın 5-də "İstintaq müddətinin artırılması haqda" yeni Qətnamə qəbul etməklə qayıdır. Bu sənəd özündə İsrafil bəyin istintaqının gedişinə dair bir neçə yeni məlumatlar ehtiva edir. Onun giriş - müttəhimin bioqrafiyasına dair hissəsində İsrafil bəy İsrafilovun atası Məhəmməd Nəbinin əksinqilabi fəaliyyətə görə 1930-cu ildə Xalq Daxili İşlər Komissarlığı tərəfindən güllələndiyi, qardaşı İsrafil Hidayət Məhəmməd Nəbi oğlunun 1931-ci ildə xaricə mühacirət etdiyi göstərilir.

İsrafil bəyin yanvarın 25-dən fevralın 16-na kimi xəstəxanada müalicə aldığı, istintaq işinin o sağalandan sonra bərpa edildiyi qeyd olunmaqla, müttəhimin hələ 1918-ci ildən "gənc Sovet Respublikasına qarşı fəal mübarizə yolunu tutduğu və 1920-ci ilə qədər Müsavat ordusunda polka başçılıq edərək Azərbaycanda Qırmızı Orduya qarşı döyüşlərdə, eləcə də 1918-1920-ci illər Müsavat-Daşnak avantürasında iştirak etdiyi..." göstərilir. Beləliklə, istintaq İsrafil bəyin Azərbaycanda fəaliyyətinə dair "yeni" iddialar irəli sürür, onun mühacirət dövrünə aid isə artıq istintaqa məlum faktları sadalayır. Görünür ki, bu hissədə də İsrafil bəyin mühacirət dövrü antisovet fəaliyyətinin, eləcə də onun almanlarla əməkdaşlığının tam açıqlanmadığı kimi nəticələrə gəlindiyindən istintaq qarşısına 4 maddədən ibarət yeni tələblər qoyulur. "İsrafil bəyin xarici kəşfiyyatla əlaqəsi ilə bağlı əlimizdə olan materialların mahiyyətinə görə dindirməyə davam edilsin" - məzmunlu 1-ci maddədən də məlum olur ki, İsrafil bəyə qarşı həqiqətən mahiyyətcə yeni - xarici kəşfiyyatlarla əməkdaşlığa dair ittiham irəli sürülməsi nəzərdə tutulur. Belə ki, 2-ci və 3-cü maddələrdə İsrafil bəyin məhz kəşfiyyatçı kimi əlaqədə olduğu ehtimal edilən məhbusların, vətən xainləri kimi digər işlər üzrə həbs olunmuş Berlindəki "Milli Komitənin" keçmiş üzvləri - Cümşüd Məmmədovun və Ənvər Qazıyevin, həmçinin Smela şəhərində həbs olunmuş alman kəşfiyyatı rezidentləri - türk Cuvalak oğlu Zəkəriyyə və Fətəliyevin Smela və Çerkassı şəhərlərində kəşfiyyatçı fəaliyyətlərinin İsrafil bəylə əlaqəli olmasına dair dindirilmələri nəzərdə tutulur.

4-cü maddədə SSRİ DTXK-dan İsrafil bəyin Polşada casus fəaliyyətinə dair materialların tələb olunması və müttəhimin onların əsasında dindirilməsinin zəruriliyi qeyd olunur.

Bu tələblər əsas götürülərək İsrafilovun istintaq işinin müddəti daha bir ay - 1946-cı il aprelin 10-na kimi uzadılır.

Göstərilən məlumatları yoxlamaq və dəqiqləşdirmək üçün istintaq yalnız Moskvaya və digər şəhərlərin müvafiq orqanlarına deyil, Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Arxiv şöbəsinə və Azərbaycan (b) KP Tarix İnstitutunun Partiya Arxivinə də İsrafil bəyin "əksinqilabçı Müsavat" partiyasının üzvü olub-olmadığı, həmçinin onu dair digər ittihamedici məlumatlar barədə sorğular göndərir. Cavab olaraq gələn arxiv arayışlarında İsrafil bəy İsrafilovun adının "Müsavat" partiyasının "natamam siyahılarında" keçmədiyi, Müsavat ordusunun 5-ci Bakı Polkunun şəxsi komanda heyətinin siyahısında polkun komandiri - podpolkovnik kimi çəkildiyi, başqa sənəddə İsrafil bəyin Cümhuriyyət ordusunda tutduğu vəzifələr göstərilir.

İstintaqın maraqlandığı hallar üzrə də dindirmələr aparılandan və verilən sorğulara cavab alınandan sonra istintaq özünün son qətnaməsini hazırlayır və müvafiq mərhələlərdən keçdikdən sonra hökm çıxarılmaq üçün Hərbi tribunala göndərilir.

1946-cı il 11 iyun tarixində Bakı Hərbi Dairəsinin Hərbi Tribunalı ədliyyə podpolkovniki Qalukyanın sədrliyi ilə, üzvlər - ədliyyə mayoru Quzov və ədliyyə kapitanı Kərimovun, katib - baş leytenant Vaksmanın daxil olduğu tərkibdə qapalı məhkəmə iclasında RSFSR 58-3 və 58-6 maddələri üzrə ittihamı olunan "Almaniya SS Ordusunun polkovniki İsrafil bəy Məhəmməd Nəbi oğlu İsrafilovun..." işinə baxır və hesab edir ki, istintaqın göstərdiyi aşağıdakı hallar təsdiq olunmuşdur. Burada yəqin ki, Hərbi Tribunalın çıxardığı Hökmün mətnini olduğu kimi vermək məqbul sayılardı:

"Çar ordusunun zabiti olan müttəhim İsrafil bəy 1917-ci ildə fevral inqilabı günlərində əksinqilabi millətçi Azərbaycan hökuməti yanında rəhbər hərbi iş üçün Azərbaycana göndərilmişdir.

5-ci Bakı alayını yaradan İsrafil bəy 1919-cu ildə Dağlıq Qarabağın inqilabi ruhlu ermənilərinə qarşı müsavat-daşnak avantürasında iştirak etmişdir. İsrafil bəy öz alayı ilə birlikdə Şuşada olarkən Azərbaycanda sovet hakimiyyətinin qurulmasından xəbər tutmuş və sovet hakimiyyətinə düşmən münasibət bəslədiyindən 1920-ci ilin mayında İrana mühacirət etmiş, orada İran ordusunda xidmətə daxil olmuş, 1921-ci ilin oktyabrında isə Türkiyəyə getmişdir. İsrafil bəy Konstantinopolda nüfuzlu müsavatçı mühacirlərlə sıx işgüzar əlaqələr qurmuş, onların köməyi ilə 1923-cü ildə Polşa ordusunda xidmətə daxil olmuş, 1928-ci ildə isə Polşa Ordusu Baş Qərargahının Hərbi Akademiyasını bitirmiş, polkovnik rütbəsinə yüksəlmiş və Polşanın almanlar tərəfindən işğalına qədər diviziya komandirinin köməkçisi vəzifəsini tutmuşdur.

Xaricdə olarkən "Milli Məclis" əksinqilabi təşkilatının fəal iştirakçısı kimi o, "Qafqaz Konfederasiyası paktı" əsasında "Qafqazın birləşmiş burjua-millətçi ordusu"nun yaradılması layihəsinin hazırlanmasında yaxından iştirak etmişdir. 1937-ci ildə burjua-millətçi mühacirətin antisovet fəaliyyətinin gücləndirilməsi məsələsi ilə bağlı müsavatçıların çağırdığı qurultayın iştirakçısı olmuşdur.

Almanların Sovet İttifaqına hücumundan sonra Varşavada mühacirlər-müsavatçılar Almaniya Faşist Partiyasının proqramı əsasında Azərbaycan Nasional Sosialist Partiyası yaratmağa cəhd etmişlər və İsrafil bəy bu partiyanın birinci katibi kimi nəzərdə tutulmuşdur. Xarici əksinqilabi təşkilatların rəhbərləri Rəsulzadə və başqaları İsrafil bəyin antisovet fəaliyyətindən və əhval-ruhiyyəsindən xəbərdar olduqları üçün onu 1942-ci ildə Berlinə çağırmış və alman komandanlığının göstərişi ilə Qafqaz millətlərindən çoxsaylı legionerlərin daxil olduğu 162-ci Türküstan diviziyasına - bu diviziyanın bölmələrinin mənəvi-psixoloji vəziyyətinin və döyüş effektliyinin yüksəldilməsi istiqamətində iş aparmaq üçün - göndərmişlər.

İsrafil bəy antisovet çıxışları ilə bu diviziyanın əsgərlərini bolşevizmə qarşı mübarizəyə çağırmış, həmçinin hərbi əsirlər sırasından azərbaycanlıların alman ordusunun milli legionuna cəlb olunması istiqamətində fəal iş aparmışdır. Alman komandanlığının bütün tədbirlərini həyata keçirən İsrafil bəy bununla bərabər, Sovet İttifaqı haqqında casusluq məlumatlarının toplanması ilə də məşğul olmuş, həmçinin hərbi əsirləri alman ordusunun casus şəbəkəsinə cəlb etmişdir.

Sovet hakimiyyətinə qarşı mübarizədə müstəsna fəaliyyətinə görə İsrafil bəy "Boz Qurd" ordeni ilə təltif olunmuşdur.

1943-cü ilin noyabrında İsrafil bəy Azərbaycanın gələcək burjua quruluşu haqqında "Bəyannamə"nin hazırlanmasında fəal iştirak etmiş, bu bəyanat 1943-cü il noyabrın 6-da Berlində keçirilən "Birinci Milli Birlik Qurultayı"nda qəbul olunmuşdur. Qurultay Milli Məclis seçmiş və Məclisin hərbi işlərinə rəhbərlik İsrafil bəyə tapşırılmışdır. Qurultay başa çatdıqdan sonra İsrafil bəy legionlara yollanmış və orada SSRİ-də gedən döyüşlərdə legionerlərə qarşıda duran vəzifələri izah etmişdir.

1944-cü ildə alman komandanlığı Qafqaz SS dəstəsinin təşkilini İsrafil bəyə həvalə etmiş, ona alman ordusunda polkovnik rütbəsi vermiş və bu tapşırığı yerinə yetirmək üçün İtaliyaya göndərmişdir.

1944-cü ilin axırlarında İsrafil bəy sonradan alman ordusunun rabitə vasitələrinin mühafizəsinə xidmət edən Azərbaycan SS alayını təşkil etmiş, daha sonra isə müttəfiq qüvvələrin Şimali İtaliyaya gəlməsi ilə əsir götürülərək SSRİ-yə internasiya edilmişdir.

Yuxarıda göstərilənlərə əsaslanaraq, Hərbi Tribunal İsrafil bəyi RSFSR Cinayət Məcəlləsinin 58-3 və 58-6-ci maddələri ilə nəzərdə tutulan cinayətlərdə təqsirkar bilir və Az.SSR Cinayət Prosessual Məcəlləsinin 316-317-ci maddələrini rəhbər tutaraq:

İsrafil bəy İsrafilov Məhəmməd Nəbi oğlunu RSFSR Cinayət Məcəlləsinin 58-2 (58-2 maddənin sanksiyası ilə) və 58-6-cı maddələri əsasında əmlakı müsadirə edilmədən (məhkumun əmlakının olmadığı səbəbindən) törətdiyi cinayətlərin məcmusuna görə ən yüksək cinayət cəzasına - GÜLLƏLƏNMƏYƏ məhkum edir.

 

Hökmdən onun elan edildiyi andan 72 saat ərzində Bakı Hərbi Dairəsinin Hərbi Tribunalı vasitəsilə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına kassasiya qaydasında şikayət verilə bilər..."

İsrafil bəy İsrafilov yanvar 1946 ilk dəfə nəşr olunur

İstintaq materiallarından belə aydın olur ki, Hərbi Tribunalın bu hökmündən SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına kassasiya qaydasında şikayət verilib. Belə ki, hökmün çıxarıldığı vaxtdan düz iki ay sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri, ədliyyə general-polkovniki V.Ulrixin imzası ilə Cənubi Qafqaz hərbi dairəsi Hərbi Tribunalın sədrinə "tamamilə məxfi" qrifi ilə ünvanlanan 12 avqust 1946-cı il tarixli məktubdan İsrafil bəy haqqında verilən hökmün bütün səlahiyyətli orqanlar tərəfindən təsdiq olunduğu və icra tələbi qoyduğu bəlli olur: "Bakı Hərbi Dairəsi Hərbi Tribunalının 1946-cı il iyunun 11-də ölüm cəzasına məhkum edilmiş şəxs - İsrafil bəy İsrafilov Məhəmməd Nəbi oğlu barəsində çıxardığı hökm, bütün orqanlar tərəfindən təsdiqləndiyi üçün, dərhal icra olunmalıdır.

Hökmün icrası barədə məlumat verin".

1946-cı il avqustun 21-də Bakı Hərbi Dairəsi Hərbi Tribunalının möhürü ilə qeydiyyatdan keçdiyi təsdiq olunan bu məktubun üzərində 22 avqust 1946-cı il tarixdə qoyulan dərkənar - "Təcili icra edilsin" - əmri İsrafil bəy İsrafilovun həmin vaxt son günlərini yaşadığından xəbər verirdi...

 

Son söz əvəzi

 

Azərbaycanın müasir hərb tarixinin, Cümhuriyyəti ordusunun, daha sonra 1930-1940-cı illər hərbi və siyasi mühacirətinin tanınmış simalarından olan İsrafil bəy Məhəmməd Nəbi oğlu İsrafilov haqqında istər vətəni Azərbaycanda, istər mühacirət həyatı yaşadığı ölkələrin tarixşünaslığında və memuar ədəbiyyatında kifayət qədər məlumat vardır. Müxtəlif mənbələrdən alınmış bu məlumatlar, xüsusilə onun özünün 1932-ci ildə Varşavada dərc olunmuş xatirələri bu peşəkar hərbçi və vətənpərvər insanın əlamətdar və acı hadisələrlə zəngin, məşəqqətli, eyni zamanda şərəfli bir həyat yolu keçdiyini göstərir. İsrafil bəy İsrafilovun istintaq işinin materialları, daha bir mənbə olmaqla, bu həyat yolunun şərəfli olduğu qədər də gərgin, təhlükəli, şəxsi-mənəvi baxımdan isə olduqca ağır və iztirab dolu məzmun daşıdığını və azadlığı uğrunda mübarizə apardığı vətənində qoluqandallı, faciəvi bir sonluqla bitdiyini açıqlayır.

Nəyə şəhadət edir bu sənədlər? Hələ yeniyetmə yaşlarından öz peşə seçimini etmiş və dərhal I Dünya müharibəsinin burulğanına atılmış gənc bir insan az sonra nəhəng hərbi-siyasi sarsıntılar, imperiyaların süqutu, dünyanın yeni düzümündən xəbər verən beynəlxalq miqyaslı hadisələrin törətdiyi təlatümlərlə dolu bir zamanda yenə də seçim qarşısında qalmış və öz yerini eyni təlatümləri yaşayan və seçimini etməli olan xalqının, onun müstəqil dövlətçilik yolunu tutan milli qüvvələrinin yanında görmüşdü. Sonralar, sərgərdan kimi dolaşdığı ölkələrdə dəfələrlə ən müxtəlif yollar ayrıcında dursa da, O, özünün ilk və son seçiminə - peşəsinə və amalına daima sadiq qalmışdı.

İsrafil bəy İsrafilovun istintaq materialları, xüsusilə onun öz dilindən səslənən ifadələr bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. "Müsavat" partiyasının bütün ideyalarını qəbul etdiyi, bu hökumətin ordusunda yüksək vəzifələr tutduğu halda həmin partiyanın üzvü olmadığına inanmayan müstəntiqlərə İsrafil bəyin - "Köhnə zabit ənənələrinə görə, heç bir zabit bu və ya digər partiyanın üzvü olmamalıdır" cavabı onun öz hərbçi peşəsinə bütün incəliklərinə qədər sədaqətinin bariz nümunəsi idisə, "mən Sovet İttifaqına nifrət edirdim, mən onun düşməni idim" - açıq etirafı və "burjua-demokratik Azərbaycan" uğrunda mübarizədə almanlarla əməkdaşlığı ona vətəndaşlıq vermiş Polşanın azadlığı yolunda mübarizədən üstün tutması kimi seçimi öz doğma Vətəninə və onun müstəqil milli dövlətçiliyinə sədaqətinin ən yüksək təsdiqi idi.

Həmin Sovet İttifaqı, özünün ən qəddar cəza orqanının - SMERŞ-in əli ilə, ona qarşı silahlı mübarizə aparan, ya casusluq edən hər kəsi müharibə başlayan gündən izləyib, qələbədən hələ neçə illər sonra da, harada olurlarsa-olsun axtarmış, tapmış və cəzalandırmışdır. "Vətən xaini" saydığı şəxsləri isə, öz tanınmış generallarının nümunəsində ən yüksək cəzaya məhkum edib və güllələdib.

Müharibənin artıq ilk aylarında sovet ordusunda kütləvi surətdə əsir düşmə hallarının miqyasından dəhşətə gələn Stalinin (1941-ci ilin sonları üçün bu rəqəm 3 milyonu keçmişdi) "Hərbi qulluqçuların əsirliyə təslim olması və silahını düşmənə qoymasına görə məsuliyyəti haqqında" ağır cəzalar nəzərdə tutulan 16 avqust 1941-ci il tarixli qərarı, Sovet İttifaqının öz hərbi əsirlərinin vəziyyətini yüngülləşdirəcək beynəlxalq konvensiyalara qoşulmaması, bu sahədə xidmətlərini müxtəlif formalarda və israrla təklif edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin köməyindən imtina etməsi, təbii ki, sovet hərbi əsirlərinin fiziki və mənəvi durumunda çox ağır əks olunurdu. Alman, fin, rumın əsirliyində olan 6 milyondan artıq sovet vətəndaşının ümumi sayının üçdə iki hissəsi düşərgələrdə məhz ağır saxlanma şərtləri səbəbindən həyatını itirsə də, bu, sovet rəhbərliyini narahat etmirdi. Belə ki, aralarında yüzlərlə ordu, diviziya, korpus komandanları - generallar, yüzminlərlə yüksək rütbəli zabit, milyonlarla kiçik zabit və əsgər olan əsirlərə ilk gündən son dərəcə mənfi münasibət formalaşmış, onlar rəsmi surətdə "qorxaq, satqın, xain" kimi damğalanmış, bir çoxlarının ailə üzvləri repressiyalara məruz qalmışlar.

Bu münasibət almanlara sovet əsirləri arasında müvafiq təbliğat aparmaq üçün geniş imkanlar vermiş və ən azı həyatlarını xilas etmək müqabilində onların alman ordusunda xidmətə keçmək qərarlarına müsbət təsir göstərmişdi. Lakin Sovet İttifaqı hər hansı dəstəkdən məhrum etdiyi, taleyin hökmünə buraxdığı öz hərbçilərinin bu seçimini də bağışlamamışdı. Müharibə bitdikdən dərhal sonra istər özünün azad etdiyi ərazilərdəki hərbi düşərgələrdə, istərsə də əvvəldən bağlanmış razılıq əsasında müttəfiqlərinin - ingilis və amerikalıların nəzarətində olan hissələrdə saxlanılan sovet əsirləri - 1 milyon 832 min nəfər ölkəyə gətirilərək Sovet Daxili İşlər Komissarlığının (NKVD) xüsusi düşərgələrinə yerləşdirilmiş, onların hər birinin əsir düşmə və almanlarla əməkdaşlıq halları araşdırılmış və 333 400 min keçmiş hərbi əsir təqsirkar bilinərək ən müxtəlif cəzalara - həbs müddətlərinə və ya güllələnməyə məhkum edilmişdi.

Təbii ki, əsirlikdə olmuş, xüsusilə Sovet İttifaqına qarşı vuruşmuş milyonlarla sovet hərbçilərinin hamısını ələ keçirmək və cəzalandırmaq mümkün deyildi. Müxtəlif millətlərdən olan legionların rəhbərləri, o cümlədən, Azərbaycan legionunun başçısı və digər yüksək rütbəli zabitlər - Ə.Düdənginski, C.Kazımbəyli və digərləri, eləcə də Azərbaycan siyasi mühacirətinin - M.Ə.Rəsulzadə başda olmaqla - görkəmli xadimləri müxtəlif vasitələrlə azərbaycanlı legionerlərin və əsirlərin Sovet İttifaqına təhvil verilməsinin qarşısını almağa çalışırdılar. Avropa ölkələri ərazisində öz taleləri də sual altında olan bu xadimlərin çox böyük səyləri nəticəsində yüzlərlə insanı onları gözləyən acı sonluqdan qurtarmaq mümkün olmuşdu. Lakin qurtulanların sayı daha "uğursuz" taleli soydaşları ilə nisbətdə müqayisəyəgəlməz dərəcədə az idi. Belə ki, 1945-ci ilin mayında, Almaniyanın təslim olduğu vaxt hələ yalnız Qərb müttəfiqləri tərəfindən əsir götürülən 28 minə yaxın azərbaycanlı könüllülərdən sadəcə 800 nəfəri böyük çətinliklərlə Avropa ölkələrində qalmış, bir qismi Misirə və Türkiyəyə sığına bilmişdi. Qalanlar sovetlərə təhvil verilərək xüsusi düşərgələrdən, sərt yoxlamalardan və filtrasiyalardan keçərək ən yaxşı halda müxtəlif müddətlərə həbsə məhkum edilmişdilər.

Başqa bir mənbədə siyasi mühacir Məhəmməd Sadıq Aran İngiltərə-Amerika nəzarət zonalarında müxtəlif məkanlara sığınmış 65 min azərbaycanlı legioner-əsirdən yalnız 600 nəfərin Ə.Fətəlibəyli-Düdənginskinin səyləri sayəsində sovet tərəfinə təhvil verilməsinin qarşısının alındığını göstərir.

İsrafil bəy İsrafilovun taleyi, bu baxımdan əlbəttə, uğursuz sayıla bilər. Hərçənd Əbdürrəhman Düdənginskinin özü çox böyük çətinliklə bu təhlükədən qurtula bilsə də, 1954-cü ildə Münhendə sovet agenti tərəfindən məkrli surətdə qətlə yetirilmişdi ki, bu da Sovet İttifaqının öz qisas əməliyyatlarına xitam vermədiyini, Düdənginskiyə nə müharibə dövrü Azərbaycan Legionerlərinin komandiri kimi alman ordusunda sovet qoşunlarına qarşı vuruşduğunu, nə də 50-ci illərdə ABŞ-ın "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru kimi sovetlər əleyhinə geniş təbliğat fəaliyyətini bağışlamadığını göstərirdi.

Burada Sovet İttifaqının öz düşmənlərini, əlində silah ona hərbi xəyanət etmiş keçmiş vətəndaşlarını cəzalandırmaq haqqını məntiqi baxımdan tanımaq müqabilində 1946-cı ildə güllələnmiş İsrafil bəy İsrafilovla NKVD-nin əlinin yalnız 1954-cü ildə çatdığı və qətlə yetirdiyi Düdənginskinin eyni aqibəti bölüşməsi məntiqi baxımdan uyğun sayıla bilməz. Belə ki, Çar Rusiyası dövründə doğulsa da, şəxsiyyət və vətəndaş kimi artıq Sovet Azərbaycanında formalaşan, Tbilisidə hərbi-piyada məktəbini, daha sonra Moskvada Hərbi Akademiyanı bitirən, Azərbaycanda və Rusiyada hərbi hissələrdə xidməti zamanı rəhbər mövqelər tutan, mayor rütbəsinə yüksələn, 1939-cu il Sovet-Fin müharibəsində göstərdiyi şücaətə görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunan, 1940-cı ildə Baltikyanı respublikalarının sovet ordusu tərəfindən işğalından sonra Riqadakı hərbi qərargahda xidmət edən Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin sovet hərb məktəbinin yetirməsi və orta rütbəli zabiti kimi döyüş yolu, təbii ki, İsrafil bəy İsrafilovun döyüş yolundan çox fərqli idi. Burada ilk növbədə Rus İmperiya ordusunda hərbi xidmətə başlamış, daha sonra Azərbaycan Cümhuriyyəti Milli Ordusu, Polşa ordusu və Alman ordusunun yüksək rütbəli zabiti olmuş İsrafil bəyin heç vaxt sovet vətəndaşı olmadığı, bir gün belə sovet ordusunda xidmət etmədiyi, əksinə, ilk gündən milli-siyasi zəmində bu dövlətə, onun bolşevik hakimiyyətinə, siyasi rejiminə və ideologiyasına qarşı vuruşduğu nəzərə alınmalıdır.

Bu baxımdan Polşa vətəndaşı və alman ordusunun zabiti kimi tutulan İsrafil bəy İsrafilov ingilis komandanlığı tərəfindən hər hansı səbəblə sovetlərə təhvil verilsə də (İsrafil bəylə bağlı xatirələrdə yer almış bir məqam - onun zabit kimi azadlığa buraxıldığı, lakin öz əsgərlərini tək qoymamaq üçün könüllü şəkildə sovet tərəfinə təslim olması kimi müddəalar İsrafil bəy İsrafilovun istintaq materialları ilə təsdiq olunmur. Belə bir hadisənin baş verdiyi təqdirdə İsrafil bəyin özünün bunu dilə gətirməməsi də onun istintaq boyu tutduğu xəttə uyğun gəlmir), məntiqə görə, sovet istintaq orqanları tərəfindən məhz alman zabiti qismində əsir kimi qəbul edilməli və ona Sovet İttifaqının da tanıdığı beynəlxalq qanunlar çərçivəsində müvafiq münasibət bəslənməli idi. Yəni mövcud qaydalara uyğun olaraq, o, alman əsirlərlə bərabər statusda tutulmalı, ən azı güllələnməməli idi, çünki alman ordusunun əsirləri müharibədən sonra müxtəlif cəzalara məhkum edilir, amma heç bir halda öldürülmürdülər. Lakin İsrafil bəyin nümunəsində görünür ki, sovet ədliyyə orqanları onu tarixən özünün Rus-Sovet əraziləri kimi baxdığı Azərbaycanda doğulmuş, əvvəllər Rusiya İmperiya ordusunda xidmət etmiş, sonra milli mübarizə yolunu tutmuş bir əksinqilabi element və sovet dövlətini bəyənməyərək ona qarşı silahla vuruşan yüksək rütbəli zabit kimi qəbul etmişdi. Məhz bu məntiqlə İsrafil bəy öz soydaşları və əsasən sovet vətəndaşları olan hərbi əsirlərindən ibarət milli legionerlərlə bərabər tutulmuş və "günahlarının dərəcəsinə" görə RSFSR CM-nin "Vətənə xəyanət" kimi müvafiq maddələri üzrə ən yüksək cəzaya məhkum edilmişdi.

Təbii ki, istər Azərbaycan siyasi və hərbi mühacirətinin əvvəlki nəsil, istərsə də özlərindən asılı olmayan şərtlər daxilində dünənə kimi düşmən sayılan düşərgəyə keçmiş azərbaycanlıların ikinci nəsil nümayəndələrinin öz talelərini faşist Almaniyası və onun ordusu ilə bağlamasının ilkin motivlərindən asılı olmayaraq, son nəticədə bu insanların mübarizəsinin əsas hədəfinin Azərbaycanın milli maraqları, Vətənin bolşevik-kommunist əsarətindən azad edilməsi, müstəqil dövlətçiliyin bərpası olduğu sual doğurmur. Bu zaman birinci nəsil Azərbaycan vətənpərvərlərinin "düşmənimin düşməni" formulu çərçivəsində həmin məqsəd yolunda Almaniyanın gücündən istifadə etmək qərarı İsrafil bəy İsrafilovun nümunəsində, onun istintaq ifadələrindən də açıq göründüyü kimi, tam təsdiqini tapır, birmənalı anlaşılan və qəbulediləndir.

İkinci nəsil Azərbaycan vətənpərvərlərinin ən parlaq nümayəndəsi olan Əbdürrəhman Fətəlibəyli-Düdənginski isə özünün rəhbərlik etdiyi Azərbaycan milli-siyasi-hərbi qüvvələrinin almanlarla əməkdaşlığına dair münasibətini "Azərbaycan xalqına onun oğullarının II Dünya müharibəsi dövründə vətəninin müstəqilliyi uğrunda mübarizəsi haqqında Hesabat" adlı məqaləsində açıqlayıb. Bir neçə hissədən ibarət olmaqla mühüm tarixi-siyasi mənbə və proqram xarakteri daşıyan bu geniş hesabat-məqalədə müstəqil dövləti Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra SSRİ tərkibinə daxil edilmiş xalqını təmsil edən milli qüvvələrin SSRİ-yə müharibə elan edən istənilən dövlətin təbii müttəfiqi olduğu fikri qırmızı xətt kimi keçir. Stalinin Hitlerlə ittifaq sazişindən sonra bu milli qüvvələrin rəğbətinin Qərb dövlətlərinə yönəldiyi, "Stalin Hitlerlə birgə Polşanı böləndə, Baltik ölkələrini müstəqillikdən məhrum edəndə, Finlandiyaya hücuma keçəndə İngiltərə, Fransa, Belçika, digər Avropa ölkələrinin və bütün bunlara qarşı çıxan ABŞ-ın SSRİ-yə müharibə elan edəcəyi" gözlənildiyi halda: "...Almaniya SSRİ-yə hücum etdiyi gündən vəziyyət dəyişdi. Qərbin milli maraqları onu sovetlərin müttəfiqi, bizi isə Almaniyanın müttəfiqi etdi..."

 "Almaniyanın müttəfiqi" kimi 1943-45-ci illərdə bu ölkədə fəaliyyət göstərən "Azərbaycan Milli Birlik Məclisi" və Azərbaycan legionlarının siyasi-hərbi fəaliyyətinin geniş işıqlandırıldığı və Azərbaycan xalqına ünvanlanan bu Hesabatın sonunda bu qurumların rəhbəri olmuş Müəllif "azadlıq, müstəqillik və demokratiya uğrunda bolşevizmə qarşı mübarizəni" davam etdirdiklərini bildirir və bu zaman həmin mübarizənin gedişində həyatlarını qurban vermiş, həbs olunmuş, güllələnmiş silahdaşları ilə birlikdə sanki özünün də qarşıdakı faciəvi sonluğunu hiss edərək artıq Tanrıya müraciət edir:

 

"Böyük Tanrım, Böyük Tanrım!

Sən bizim qanımızı yerdə qoyma!"

 

Müstəqilliyini bərpa etmiş müasir Azərbaycan dövləti Ə.Fətəlibəyli-Düdənginskinin öz xalqına Hesabatının başlığında vurğuladığı Azərbaycan oğullarının yalnız qanını deyil, adlarını da yerdə qoymadı. İsrafil bəy İsrafilov də həmin Azərbaycan oğullarından biridir!

 

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru, professor

525-ci qəzet .- 2024.-28 sentyabr (№177).- S.18-19.