Dünyalar
arasında
Sentyabr ayında gözlədiyim iki önəmli sərgi
vardı. Biri ayın əvvəli yapon sənətçi
Ciharu Siotanın “Dünyalar arasında” sərgisi, digəri ay
sonu təşkil ediləcək olan Pikasso sərgisi idi.
Ciharu Siotanın sərgisinin açılış mərasimi
ayın ilk on günlüyündə gerçəkləşdi.
Xəyal etdiyim o enerjini aldım, özü də
artıqlaması ilə... Qapıdan içəri girəndə
bir anlıq heyrət, ardınca gələn təbəssüm,
sonra dərin düşüncə başladı. Ciharu
Siotanı iki ilə yaxındır izləyirdim deyə,
İstanbul sərgisi mənim üçün bir növ
sürpriz oldu.
Ciharu Siota 1972-ci ildə Yaponiyada doğulan,
böyüyən, 1990-cı ildə Almaniyaya köçərək
oradan yaşayan sənətçidir. Görünən və
yox olan, aydınlıq və qaranlıq, xatırlamaq və
unutmaq, həqiqət və yalan, gerçəklik və xəyal
kimi ziddiyyəti eyni nöqtədə birləşdirən,
bunu qurğulayan, bu yöndə bütün
bacarığını sərgiləməkdə olan və
öndə gələn adlardan biridir. Siotanın hədəfi
həm obyektiv, həm də subyektiv mövzulardır. Əsərlərində
nimdaş ayaqqabı və geyimlər, köhnə
çemodanlar, paslanmış açarlar, mebellər və məktublar
kimi insan bədəni və yaddaşı ilə bağlı
gündəlik əşyaları və nəsnələri
qırmızı, qara və ağ rəngli iplərlə
yaratdığı dumanlı məkanlar içində
bir-birilərinə bağlayır.
Yoxdan var olmaq...
Bəzən sənə elə gəlir ki, bir damla
qansan və onun qırmızı iplərlə
yaratdığı “damarlarda” axırsan. Bəzən də
fikirləşirsən ki, yanan odun, alovun içində yeriyirsən.
Təsadüf deyilmiş, sən demə, uşaqlıq
yanğısı yaddaşına həkk olunmağına
görə bu nüansları əsərlərində mütəmadi
işləyirmiş. Sənətçi keçdiyi bir
çox sınaqları, təcrübələri
yaradıcılığına yansıdır. Əsərlərini
“yoxdan var olmaq” fikrindən yola çıxaraq işləyir.
Varoluş, insan yaddaşı, həyat, ölüm kimi fəlsəfi
mövzular üzərində daha çox dayanır. Ən
maraqlısı isə odur ki, bütün bunları bir yerə
yığır və iplərlə hörərək bir-birinə
bağlayır. Düşünürsən ki, az əvvəl
böyük bir hörümçək içəriyə
girib və hər tərəfi tora bürüyüb. Hətta
arada fikirləşirsən ki, sənətçi bütün
zamanları bir otağa yığaraq dondurmağa cəhd edib,
ya da eynən bir hörümçək kimi çıxıb
getməli olanı sarıyaraq saxlayıb. Altındakı əşyaların
hərəsi bir xatirə, bir həyat, sənətçinin
öz dili ilə desək, hər biri bir varoluş səbəbidir.
Bu qarmaqarışıqlığın içində
asılı vəziyyətdə qalan, bəlkə də
qalmağa davam edən korşalmış, ya da
korşalmağa doğru gedən duyğular və hisslərdir.
Son, yoxsa başlanğıc?
İstanbul Modern Muzeydə açılan “Dünyalar
arasında” sərgisində də həmin
qarmaqarışıqlığı, bəzən ziqzaq gedən,
bəzən dümdüz irəlilədiyinə
inandığın duyğuları iliklərinə qədər
hiss etmək mümkündür. Ümumiyyətlə, sənətçi
daha çox yaddaşa, şüura xitab edən işləri
ilə tanınır. Ayaqqabı, açar, yataq, stul, geyim kimi
adi nəsnələri, əşyaları toplayır və
bunları iplərdən ibarət nəhəng torlar hörərək
əsrarəngiz əsərlər yaradır. Elə
“Dünyalar arasında”kı sərgidə də bu texnikadan
istifadə edib. Sənətçi imzasına çevrilən
qırmızı ipləri özünəxas hörmə
üsulu ilə bir-birinə dolayaraq, düyünləyərək,
dartıb gərərək, əsərin mərkəzində
insan həyatında sonu və ya başlanğıcı
xatırladan çemodanları yerləşdirib.
Sadəcə qırmızı
Artıq sənətsevərlər bilir ki, iplər,
xüsusilə də qırmızı rəngdə olanlar onun
etiketinə, imzasına çevrilib. Siota deyir ki, iplər onda
fərqli hisslər yaradır və həyatındakı
önəmini belə izah edir: “İplər özümü
kosmosdaymışam kimi hiss etdirir. Qatlar artıb
çoxaldıqca elə bilirəm ki, yavaş-yavaş
kainatı yaradıram, arxasında yanan işıqları
ulduzlar kimi təsəvvür edirəm. Doğrudur, əsasən
qırmızı iplərdən istifadə edirəm.
Çünki qanı, bədəni və insanlar arasında
bağlar qurduğumu və onlara toxunduğumu düşünürəm.
Ötən illərdə yeni bir şey sınaqdan keçirmək
istədiyim üçün ağ iplərdən istifadə
etməyə başladım. Məqsədim qeyri-adi nəsə
yaratmaq idi. Açığı, əvvəllər ağ rənglə
işləmədiyim üçün bu, mənə bir az qəribə
gəldi. Amma indi qırmızı qədər olmasa da, ağ
iplər də sənətimin bir parçasıdır”.
Fərqli formalar yaradan sənətçi heykəllərində,
rəsmlərində, videolarında, foto və tablolarda
insanın varoluşu ilə əlaqələndirdiyi
duyğuları gözlər önünə sərir.
Yaponiyada doğulub böyüyən, Berlində yaşayan sənətçi
hər iki mədəniyyətdən təsirləndiyini
söyləyir. Onu hərəkət elətdirən, enerji verən
təməl faktorun duyğular, hisslər olduğunu deyir: “Sənətimi
qayğıları, problemləri ört-bas eləmək, ya da
bir növ terapiya məqsədilə icra etmirəm.
Başlanğıcda duyğularımdan yola
çıxıram. Hər kəsin içində bir dünya
olduğunu bilirəm və məncə, məqsədimiz
içimizdəki dünyanın enerjisini kainata bağlamaq
olmalıdır. Elə nail olmağa
çalışdığım da budur -
duyğularımı, ruhumu anlamaq və başqaları ilə
bağlantı qurmaq üçün yaratmaq”.
“Anlamasınlar, hiss etsinlər”
Adətən, installyasiya, məkana məxsus əsərlər
olanda izləyici sənəti anlamağa və ya anlam verməyə
çətinlik çəkə bilir.
“Dünyalar arasında” sərgilənən
nümünələr də bu hissi qurmaqda çətinlik
çəkdirən əsərlərdəndir. Ziyarətçilərin
beynində “Sənətçi burada nə demək istəyir,
görəsən, bir mesaj almalıyam, yoxsa istədiyim kimi mənalandırmalıyam”
suallarının yaranmağı qaçılmazdır. Siota
bu tərəddüdü və qeyri-müəyyənliyi belə
izah edir: “Məncə, böyük ölçülü əsərləri
asanlıqla anlamaq və duyğusal olaraq daha sürətli
qavramaq sənətçi tərəfindən verilən
ağıllı mesaj deyil. Mən öz əsərlərimdə
izləyicidə necə təsir yaratmaq istədiyimə
köklənirəm. Təbii ki, beyinlərində sualların
yaranmasını uğur hesab edirəm. Heç vaxt sənətimi
bəri başdan açıqlamaq istəməmişəm.
İzləyici öncə təsirlənməlidir. Əsərdə
nəyinsə görülməsi mütləq deyil, vacib olan
hissdir, duyğudur”.
Ölümdən sonrakı həyat
Siotanın bəzi əsərlərində
ölümlə həyat arasındakı qeyri-müəyyənliyi
sorğuladığını görürük. Məsələn,
“Həyata bağlanmaq” əsəri cənnətə doğru
yüksələn xəstəxana otağındakı
çarpayılardan, “Digər tərəf” adlı əsəri
isə qara torla əhatələnmiş bağlı
qapılardan ibarətdir. Təbii ki, sənətçinin
ölümü bu qədər anması sadəcə
yaradıcılıqdan qaynaqlanmır. Siota bir dönəm
yumurtalıq xərçəngindən əziyyət çəkib,
ölümlə üz-üzə dayanıb. Kimyaterapiya
aldığı zaman ölümü hər zamankından
çox düşündüyünü,
düşündükcə də nə qədər çox
yaşamaq istədiyini başa düşüb. Bu ruh halı əsərlərində
də özünü ciddi şəkildə büruzə
verir. “Qaranlıqda işıq” adlı installyasiyası bunun ən
böyük örnəyidir. Sənətçi o əsərin
necə ortaya çıxdığını belə izah edir:
“Kimyaterapiya çantalarıma işıqlar yerləşdirmişdim.
İşıq nəfəs almaq kimidir, mənə ümidi
xatırladırdı. Ölümə yaxınlaşdıqca
daha çox yaşamaq istəyirdim. Xəstəlik keçib
gedəndən sonra ölüm ilə yaşamaq duyğusu
üz-üzə dayandı həyatımda. Ölümümdən
sonra necə yaşaya biləcəyimi sorğuladım. Ruhlarla
daha çox maraqlanmağa başladım. İndi daha çox
necə var olacağımı, cəmiyyət haqqında və
bütün fərqli millətlərdən olan insanlarla necə
bağlantı quracağımı düşünürəm.
Ölümdən qorxmuram. Həyat və ruh mənim
üçün doğmadır. Həyat varlıqdır, ruh
isə yalqızdır. Ruh Yer üzünə deyil, göy
üzünə, göy üzü isə ölümdən
sonrakı yaşama bağlıdır və mən
varoluşun sonsuz olduğuna inanıram”.
Bu günə qədər dünyanın bir çox
ölkələrində olan, Türkiyəyə ilk dəfə
gələn Siotanın əsərlərindən ibarət sərgisi
Yaponiya fondu, Yaponiya səfirliyi, Yaponiya konsulluğunun
işbirliyi ilə açıldı, özü də
Türkiyə-Yaponiya diplomatik əlaqələrinin
ildönümünə ithafən: “Doğrudur, 33 ildir
Almaniyada yaşayıram, amma hər şeyə rəğmən,
özümü yapon sənətçi olaraq görürəm.
Bu sərginin Yaponiya fondu tərəfindən dəstəklənməsi
və Türkiyə-Yaponiya diplomatik əlaqələrinin
100-cü ildönümündə reallaşması və
Avrasiyanın sərhəddindəki qədim limanda - Qalatada
baş tutması mənim üçün xəyal olacaq qədər
mükəmməldir”.
İstanbul Modern Muzeyinin şef kuratoru Öykü
Özsoy və köməkçisi, kurator Yazın
Öztürk tərəfindən tərtib edilən sərgi
20 aprel 2025-ci il tarixinə qədər ziyarətə
açıqdır.
Yeri gəlmişkən, muzeyin sinema zalında
Siotanın əsərlərindən, hekayələrindən təsirlənərək
qırmızı rəngin baş rolda olduğu
qısametrajlı filmlər göstərilir. Qorxularla
başlayıb, Yaponiya tarixinə qədər uzanan bu filmlərin
kinosevərlərin ürəyincə olacağına
şübhəm yoxdur. Muzeyə
məxsus İstanbul Modern Mağazada isə Siotanın əsərlərindən
ilhamlanaraq dizayn edilən əşyalar satışdadır.
Qeyd edim ki, sərgi İstanbul üçün rekord hesab ediləcək
dərəcədə ziyarət edilir. Təkcə 12 sentyabrda
bu sərgini 6 min insan ziyarət edib. Bu isə olduqca ciddi
göstəricidir.
Türkan TURAN
525-ci qəzet .- 2024.-28 sentyabr (¹177).- S.17.