“Seçmələrin
seçməsi - qranulalar”ın təqdimatı olub
Sentyabrın 25-də Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq
yazıçısı Kamal Abdullanın “Seçmələrin
seçməsi - qranulalar” adlı yeni kitabının imza
günü və təqdimat mərasimi keçirilib. “Libraff”
kitab mağazaları şəbəkəsinin Park Akademiya
filialında həyata keçirilən tədbirdə bir
çox görkəmli ziyalılar - tanımış ictimai
xadimlər, yazıçılar, ədəbiyyatşünas
alimlər və oxucular iştirak ediblər.
Böyük maraqla qarşılanan təqdimat mərasimində,
ilk öncə, “Seçmələrin seçməsi -
qranulalar” kitabının müəllifi, akademik Kamal Abdulla
söz alıb, nəşrin yazılma səbəblərindən
danışıb. Xalq yazıçısı bildirib ki, indiyədək
yazdığı əsərlərdən seçilmiş bir
sıra qranula-cövhər sayıla biləcək məqamlar
ayrı-ayrı şəkildə ilk dəfə bu kitabda
toplanıb. Eyni zamanda, kitabda əhvalat və tərzə
uyğun olaraq müəllifin sevdiyi yazıçı və
şairlərin misraları, fikirləri də öz əksini
tapıb:
“Günlərin bir günü illərdən bəri
yazdığım şeirlərin, esselərin, pyeslərin,
hekayə və romanların, elmi-publisistik məqalələrin
hər birinin içində yer almış və bu gün də
öz məzmunu ilə diqqətimi çəkən cümlələr,
sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən
zaman və məkanca ayrılığımıza son qoy. Bizi
bir-birimizin yanında yerləşdir. Onda biz tamamilə yeni bir
cazibədə zühur edəcəyik”.
Xalq yazıçısı bildirib ki, qranula, əsərin
özəyini təşkil edən, artıq və
lazımsız hissələrdən təmizlənmiş saf
düşüncələri, mətnin cövhərini ifadə
edir. Müəllif yeni kitabında məhz bu qranulalar vasitəsilə
öz bədii dünyasını oxucuya daha aydın və
qısa bir şəkildə çatdırmağı,
yalnız əsərin cövhərinin saxlanılmasını
qarşısına məqsəd qoyub:
“Bu kitabda yer alan qranulalar vaxtilə yazdığım
mətnlərin hər birində müxtəlif əhvalın
məhsulları kimi ortaya çıxmışdı.
Onları bir-birindən nəinki onilliklər, hətta tamamilə
əks əhval-ruhiyyələr, səviyyələr
ayırırdı. Həmçinin onları bir-birindən
müxtəlif məqsəd və niyyətlər də fərqləndirirdi.
İndi isə onlar bir-birinin yanında doğma
bacı-qardaş kimidirlər. Mən bir daha inandım ki,
ömrüm boyu sahəsindən, janrından, məzmunundan
asılı olmayaraq bir əsər yazmışam. İndi o əsərin
“ən ləyaqətli nümayəndələri” bu kitabda
bir-birinin yanında yer alıb. Mənə elə gəlir ki,
bu qranulalar bir-birinin yanında dururkən təkcə özlərini
deyil, aid olduqları mətnləri də bir-birilə yaxın
edə biliblər. Əgər bu qranulalar oxucunu yenidən aid
olduqları ilkin mətnlərə doğru yönəldə
biləcəksə, demək, məqsədə nail
olunmuşdur”.
Təqdimat mərasimində çıxış edən
akademik Vaqif Abbasov, Xalq şairi Ramiz Rövşən, millət
vəkili Fazil Mustafa, akademik Muxtar İmanov, professor Cəlil
Nağıyev Xalq yazıçısı Kamal Abdullanın Azərbaycan
ədəbiyyatına verdiyi töhfələrdən, təqdim
edilən kitabın bədii məziyyətlərindən
danışıblar.
Bildirilib ki, Kamal Abdulla oxucuların onun
yaradıcılığını daha dərindən dərk
etmələri üçün onilliklər ərzində
yazdığı əsərlərin ən dəyərli hissələrini
yeni kitabda bir araya gətirərək cövhər kimi təqdim
edib. Bu qranulalar bədii əsərlərin içindəki əsas
məqamları, mətnin ən saf və qiymətli hissələrini
təşkil edir. Beləliklə, Kamal Abdulla illərlə
müxtəlif janrlarda qələmə aldığı mətnlərin
hər birindən ən vacib hissələri bir araya gətirərək
yeni və bütöv bir əsər yaratmışdır. Məhz
bu cəhətlərinə görə, “Seçmələrin
seçməsi - qranulalar” kitabı Kamal Abdulla
yaradıcılığının məğzini ifadə edən
bütöv bir əsər kimi son dərəcə qiymətlidir.
Kitabda təqdim olunan qranulalar fərqli janrlarda və
mövzularda olsa da, bir araya gəldikdə yeni bir cazibə və
mənəvi bütövlük yaradır.
Çıxış edənlər vurğulayıblar
ki, yeni nəşr seçilmiş incilər toplusu olmaqla
yanaşı, eyni zamanda, yazıçının geniş ədəbi
dünyasının incəliklərinə işıq
salır. Nəticə olaraq, “Seçmələrin seçməsi-qranulalar”
kitabı Azərbaycan ədəbiyyatında yeni bir mərhələni
təmsil edir. Bu kitab Azərbaycan ədəbiyyatının ən
gözəl incilərindən biri kimi yaddaşlarda qalacaq. Həmçinin
oxucular üçün bir çox yeni suallar doğuracaq və
onları fəlsəfi düşüncələrə, mənəvi
axtarışlara sövq edəcək.
Nəşrin redaktoru, dosent Maral Yaqubova mülahizələrini
bölüşərkən kitabın Azərbaycan ədəbiyyatında
unikal layihə olduğunu bildirdi. Qeyd olundu ki, Kamal Abdulla
yaradıcılığına yeni baxış bucağı bəxş
edən “Seçmələrin seçməsi-qranulalar”
kitabı ədəbiyyatımızın gələcəyinə
işıq tutacaq orijinal bir sənət incisi kimi
yaddaşlarda qalacaq.
Təqdimat mərasimində Azərbaycan Respublikasının
Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar
Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin şagirdlərinin
Kamal Abdullanın yaradıcılığından seçmələr
səsləndirməsi tədbirə xüsusi rəng
qatdı. Gənc nəslin nümayəndələrinin
yazıçının əsərlərini dərindən mənimsəməsi
və yüksək səviyyədə ifa etməsi Kamal Abdulla
yaradıcılığının oxucular tərəfindən
nə qədər çox sevildiyini bir daha təsdiqlədi.
Tədbirin sonunda Xalq yazıçısı Kamal
Abdulla hər kəsə təşəkkürünü
bildirərək, yeni kitabı oxucular üçün
imzaladı.
Qeyd edək ki, “Everest” nəşriyyat evində nəfis
şəkildə çap olunan kitab geniş oxucu
auditoriyası üçün nəzərdə tutulub.
Kitabın redaktorları akademik Muxtar Kazımoğlu və tənqidçi
Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov,
Cavid Zeynallı və Toğrul Mehdidir. Müəllifi
kitabı yazmağa ruhlandıran imzalar isə Xalq şairi
Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli
və Fərhad Təhməzlidir.
Sadiq Zaman,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.-28 sentyabr (¹177).- S.16.