“Bu şərtlərlə
necə xoşbəxt ola bilərəm?”
AKTYOR MƏHƏMMƏD VERDİZADƏ: “İNSAN
YAŞLANDIQCA PULA DAHA ÇOX EHTİYACI OLUR”
Müsahibimiz tamaşaçıların əsasən
“Babək” filmindəki “Buğday” kimi tanıdıqları
aktyor, pedaqoq Məhəmməd Verdizadədir.
- Necəsiniz?
- Mən həmişə yaşadığım fəslin
havası kimi oluram.
- Məsələn, payızda necə olursunuz?
- Əslində, yaxşı, yaxud da pis olmaq xoşbəxtlik
kimi nisbi anlayışdır. Şükür bu günə.
- Yaxşı, onda sualı belə verim: Azərbaycanda
xoşbəxtsiniz?
- Yox.
- Niyə?
- Çünki burada mənə iş vermirlər, ad
vermirlər... Bu şərtlərlə necə xoşbəxt
ola bilərəm?
İndi işlədiyim yer - Teatr Xadimləri
İttifaqı ictimai təşkilatdır. Məni bura Azər
Paşa Nemətov dəvət eləmişdi. Azərbaycana
qayıdandan sonra xeyli müddət işsiz qaldım. Teatrlar məni
işə götürmədi. Dedilər ki, artıq təqaüd
vaxtındır. İncəsənət Universitetinə
altı-yeddi dəfə müraciət etsəm də, orda da
götürmədilər. Halbuki ixtisaslı rejissor-aktyor sənəti
müəllimiyəm.
- Bəs necə dolanırsınız?
- 350 manat maaş alıram. Dolanmıram,
günü-günə verirəm.
- Mən elə bilirdim, sizin çoxlu pulunuz var.
- Rusiyada var idi. Orada bizneslə məşğul
olurdum, üstəlik, seriallara çəkilirdim. On səkkiz
il yaşayandan sonra qərara gəldim ki, vətənə
qayıdım. Necə deyərlər, “Gəzməyə qərib
ölkə, ölməyə vətən yaxşı”. Vətənə
qayıtmağın da bir vaxtı var axı. Mən
torpağımı çox sevirəm. Özüm Kəlbəcərdənəm.
Kəlbəcər qayıdanda elə bil mənə
dünyanı verdilər (fikrə gedir).
Bilirsiniz, doxsanıncı illərdə
yaşayış başqa şey tələb edirdi. O vaxtlar
teatr adı çəkiləndə gülürdülər
ki, “Nə teatr?”, biz
çörək haqqında fikirləşirik. Mən Rusiyaya
1997-ci ildə getmişdim. O dövr haqqında danışanda
deyirəm ki, çörəyin içindən daş
çıxan illər idi. Həqiqətən də, həmin
illərdə çörəyin içindən
çıxan daş dişimi sındırmışdı.
Məcbur olub getdim ki, ailəmi dolandıra bilim. Əgər
evli olmasaydım, heç yerə gedəsi deyildim, elə sənətdə
də qalacaqdım. Ancaq mənim iki övladım var,
onların qarşısında cavabdehəm. Balalarımı
dolandırmaq problemi yarananda sənət mənim
üçün ikinci plana keçdi.
- Övladlarınızdan sizin yolunuzu davam etdirən
oldu?
- Biri mənim yolumu davam etdirib rejissorluq təhsili
aldı. Ancaq burada iş tapa bilmədi. Hazırda Amerikada
yaşayır. İki qızım var, hər ikisi evlidir.
Hə, onu deyirdim axı. Mən qayıtdım,
heç kəs mənə “Xoş gəlmisən” demədi.
Çətinliyim odur ki, səkkiz ildir iş tapa bilmirəm.
Bu illər ərzində bir şeyi də başa
düşdüm ki, insan yaşlandıqca pula daha çox
ehtiyacı olur.
- Niyə?
- Alçalmamaq üçün, başını əyməmək
üçün... Mən qürurumu heç vaxt
sındırmıram. Məsələn, bir də
görürsən, hansısa serialdan zəng edib, dəvət
edirlər. Məsələ qonorara gələndə deyirlər
ki, çəkilişin günü əlli manatdır.
Soruşuram ki, bir ayda mənim çəkiliş günüm
nə qədər olacaq? Deyir, üç-dörd dəfə.
Bu, nə deməkdir? Sən aktyoru belə qiymətləndirirsənsə,
yaxşı film, yaxşı serial necə yarana bilər?
- Sizcə, hazırda teatrımızın vəziyyəti
nisbətən yaxşıdır, yoxsa kinonun?
- Heç birinin.
- Film çəkmək ciddi maliyyə tələb
edir. Kinoindustriya problemləri də prosesi ləngidir. Bunu
başa düşdük. Bəs teatrın
inkişafını ləngidən səbəblər
hansılardır?
- Bir sahənin inkişafı üçün o sahənin
tənqidçisi olmalıdır. Bizdə tənqid yoxdur,
dostluq var. Ona görə də, kiminsə xətrinə dəyməmək
üçün həqiqəti deməkdən çəkinirlər.
Bədbəxtçiliyimiz ondadır ki, bu gün kino və
teatr haqqında yazanların əksəriyyəti jurnalistdir.
Onların da çoxu teatrı, kinonu bilmədən analiz
aparır. Sizin buna ixtiyarınız yoxdur. Heç bir jurnalist
mənə peşəkar kimi deyə bilməz ki, “sən pis
oynayırsan”. Uzağı, həvəskar kimi fikir bildirə
bilər. Sən teatrı bilmirsənsə, nəyə əsaslanıb
məni tənqid edəcəksən? Aktyor oyununu, rejissor
işini bilmədən aparılan analizlər sadəcə
gülüş doğurur. Jurnalistin işi xəbər verməkdir.
- Bəs peşəkar teatrşünaslar niyə tənqid
eləmirlər? Onların ki, işidir.
- Onlar da narahat olurlar ki, nöqsanları yazsalar, öz
işlərinə mənfi təsir edər. Teatrı
düşünən yoxdur, hər kəs özünü
fikirləşir.
Yaxud da filmlərdəki vəziyyət. Bu gün sənəti
söyüşlə bir tutanlar var. Soruşanda da deyirlər
ki, türklər söyürlər. Türklərin bu məsələyə
yanaşması fərqlidir. Onlar adi danışıq dilində
də bəzi söyüşlərdən istifadə edirlər.
Ruslardakı kimi. Bizdə axı o adət yoxdur. Elə ədəbi
sözlər var ki, kinoda istifadə olunur. Elə “Babək
filmində” Əzrək deyir ki, “ey anası fahişələr”.
Mənim buna etirazım yoxdur. Ancaq elə söz var ki, biz
beş kişi ilə oturanda da o sözü üzr istəyib
işlədirik. Sən isə tamaşaçıdan üzr
istəmədən bu sözü deyirsən.
- Ad çəkmək istəmirsiniz?
- Mən onların adını niyə çəkim
ki? Savadsız rejissorlardır. Heç institut da bitirməyiblər.
Əgər savadları varsa, gəlib desinlər ki, səhv
deyirsən. Nə kino estetikasını bilirlər, nə
etikasını. Əgər sən hara qədər gedəcəyini
bilmirsənsə, o xətti tapdalayıb keçirsənsə,
bu, artıq kino olmur. Belə şeylər də
savadsızlıqdan irəli gəlir. Bir dənə də
sözləri var: “Bu, həyatdır”. Başa
düşmürlər ki, kino və teatr həyat deyil, həyatın
bədii formasıdır.
- Sizdə Buğdaydan nə var?
- Buğday roluna çəkiləndə mən elə
Buğday idim.
- Qorxaq?
- Buğday ssenaridə qorxaq deyil. Ssenaridə qeyd olunur
ki, Buğdayın on səkkiz yaşı var, ancaq hələ
heç bir döyüşdə olmayıb.
Yadınızdadırsa, orada bir səhnə var. Həmədandan
gələn adam Babəkdən kömək istəyəndə
heç kim ora getməyə razı olmur. Sərkərdələr
deyirlər ki, Həmədan arandır, biz isə dağda
döyüşməyə öyrəşmişik. Orada
uduzarıq. Babək heç kimin getmədiyini görüb,
oğlunu göndərir. Bu, Buğdayın ilk
döyüşü idi. Ona görə də, uduzması təəccüblü
deyil.
- Yəni Babəkin oğlu bir buna görə sağ
qalır?
- Bu suala cavab ola biləcək səhnələr
sonradan filmdən çıxarılıb. Məsələn,
mənim həmin döyüşlə bağlı bir səhnəm
var. O yer kəsildiyi üçün sonrakı səhnə
göydəndüşmə olur. Deməli, uduzduğumuzu
görəndə iki döyüşçü “Heç
olmasa, Babəkin oğlu sağ qalsın deyib”, məni
döyüşdən çıxarır. Ümumiyyətlə,
o boşluqlara görə, obrazım qorxaq görünür.
- Bildiyim qədərilə həmin dövrdə
seçdiyiniz peşədən dolayı “atalar-oğullar”
problemi sizin də həyatınızda aktual idi. Buğdayda
olduğu kimi.
- Hə. Atam partiya işçisi idi. Mənim də sənədlərimi
hüquq fakültəsinə vermişdi. Daha sonra Xalq Təsərrüfatı
İnstitutuna qəbul olundum. Ancaq davam etmədim. Ordan da
qaçandan sonra atam dedi ki, məni bezdirdin, axı sən nə
istəyirsən? İncəsənəti istədiyimi deyəndə
cavab verdi ki, ora mənlik deyil. Get, neyniyirsən elə.
- Elədiyinizdən peşmansınız?
- Yox, mən bu sənəti çox sevirəm. Hələ
üçüncü kursda “Babək” filminə çəkilməklə
özümü atama təsdiq elədim. Atam da, anam da ilk dəfə
o filmə baxanda kinoteatrdan gözüyaşlı
çıxmışdılar. Bu, mənim qələbəm
idi.
- Sizcə, “Babək”i Həsən Seyidbəyli çəksəydi,
necə olardı?
- Bu, həvəskar sualıdır axı.
- Olsun. Mən peşəkar cavabı istəyirəm.
- Bilirsiniz, biri var ssenaristin yazdığı ssenari,
biri də var rejissor ssenarisi. Güman edirəm ki, Həsən
Seyidbəylinin yazdığı ssenari, Eldar Quliyevin
yazdığından fərqli idi. Hansının daha
yaxşı çəkəcəyini isə mən deyə
bilmərəm. Hər rejissorun öz baxışı var.
- “Babək” filmi həmin dövrdə böyük əks-səda
doğurmuşdu. O günləri siz necə
xatırlayırsınız?
- “Babək”in bütün sovet ölkələrində
eyni gündə, eyni saatda premyerası olmuşdu. Təsəvvür
edin, bir saata filmin çəkilişinə sərf olunan pul
yığıldı. Mən həmin gün Tiflisdə idim.
Gürcü dostlarımla birgə filmə baxmağa getdik.
Kinoteatrda adam əlindən tərpənmək olmurdu.
Çünki “Babək”i bütün SSRİ-də səbirsizliklə
gözləyirdilər. Deməli, kinoya baxan vaxt dostlarım
tez-tez məndən nəsə soruşurdular. Bu, qabaq
sırada oturan tamaşaçıların diqqətini çəkdi.
Dönüb baxanda gördülər ki, filmdəki oğlanam.
İnanın, kino bitəndən sonra bütün zal
ayaqüstə əl çaldı. Sonra
tamaşaçıların içindən bir nəfər
kişi “Azərbaycanı azad görməyincə,
qıılıncımı qınına qoyan deyiləm”
sözlərini xatırladıb dedi: “Heydər Əliyevə
sağ ol deyin ki, azadlıqdasınız”.
Həqiqətən də, sovet vaxtında bu sözə
görə adama on il iş verərdilər. Əgər Ulu
öndər olmasaydı, azadlıq haqqında bu cür
danışa bilməzdik.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.-28 sentyabr (¹177).- S.15.