Xalq artisti Ramiz Həsənoğlu: "Ac həriflər hər zaman olub, var və olacaq"

 

 

Elə mövzular var ki, onlara müraciət edəndə sanki qarşındakı bu haqda danışan ilk müsahibdir. Hansı ki bu mövzu daima gündəmdə olan bir sahəni əhatə edir və müzakirələr, araşdırmalar, yanaşmalar, fərqli baxışlar, mübahisələr bitmək bilmir ki, bilmir. Biri onu qəlbən sevir, dəyərini bilir, var gücü ilə qoruyur, yaşatmağa çalışır. Digəri ağına-bozuna baxmadan ad-san, şan-şöhrət naminə nəyə desən əl atır. İstedadı varmı-yoxmu onu zərrə qədər maraqlandırmır, təki adı çəkilsin və öz zənnincə, "parlasın". Dünyanın bütün qitələrində bu sahə var və hər bir xalqın, millətin tanınmasında çox əhəmiyyətlidir. Təbii ki, bu sahənin adı mədəniyyətdir.

Biz də mütəmadi olaraq bu mövzuya müraciət edir, bu sahəni tərənnüm və təbliğ edənlərlə tez-tez söhbətləşir, fikir və düşüncələrini sizlərlə də bölüşürük. Günün müsahibini uzun illərdir tanıyıram. Bu gün belə, böyük tamaşaçı kütləsi tərəfindən hələ də maraqla qarşılanan, dəfələrlə izlənilən teletamaşaların çəkilişlərinin demək olar ki, şahidi də olmuşam. Onun yaratdığı hər yeni tamaşa yaxşı mənada səs-küy yarada bilib hər zaman. "Ötən ilin son gecəsi", "Yollar görüşəndə", "Qatarda", "Kökdən düşmüş piano", "Evləri köndələn yar", "Topal Teymur", "Günahsız Abdulla", "Ordan-burdan", "Yaşıl eynəkli adam", "Ac həriflər", "Bala başa bəla", "Fatehlərin divanı" kimi tamaşaların hər birindən el məsəli kimi çəkilən sitatları hələ də eşidirik. Tamaşaların adlarından müsahibimizi tanıdınız.  Əməkdar incəsənət xadimi, respublikanın Xalq artisti, Azərbaycan teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu şənbə qonağımızdır.

- "Haqq bu gün öz haqqını haqsızdan uman olmuş. Hara gedir bu dünya"? Bəxtiyar Vahabzadənin misralarıdır...

- Mən də belə dünyada narahatam. Azərbaycan bu dünyanın bir parçasıdır. Dünyada baş verənlər istər-istəməz Azərbaycanda da əks-səda kimi öz təsirini göstərir. Bu günlərdə ölkə başçısının Milli Məclisdəki çıxışında beynəlxalq vəziyyətlə, Azərbaycanın durumu ilə bağlı ciddi söhbəti oldu. Bir vətəndaş kimi bunları çox dərindən dərk edirəm. Ümid edirəm ki, dünya ilə bərabər, Azərbaycanın da başı üzərindəki bu boz-bulanıq buludlar tezliklə çəkiləcək və insanlar quruculuğa daha çox xidmət edəcək, nəinki vurub-dağıtmağa, özünümüdafiəyə.

- Yəqin Ramiz Həsənoğluda sənətə maraq ailədən gəlir...

- Təbii... Valideynlərim sənət adamları olub, hər ikisi teatrda çalışıb və ömürlərinin sonuna qədər bu işə xidmət ediblər. Bu baxımdan bu peşəni seçməyim təsadüfi olmayıb. Valideynlərinin yolunu davam etməyən bir çoxlarını tanıyıram. Lakin mən bu yolu seçdim və heç də heyifsilənmirəm.

- Və anladınız ki, bu, gedəcəyiniz yeganə yoldur...

- Heç zaman özümə sual vermədim ki, bu yolla hara gedib çıxacağam. Sadəcə gedirdim və yol məni özü harasa gətirib çıxarırdı. O da var ki, insan tutduğu yolu getdikcə, zənginləşir, hansısa bir mərtəbəyə gəlib çatır. Sənət yolu istər-istəməz məni sənət meyarları ilə düşünməyə vadar etdi. Kitablarla dostluğum məni böyük mütaliəyə çatdırdı. Düşüncəsi dərin insanlarla ünsiyyətdə olmaq qazandığım dəyərli meyarlardır.

- Beləcə, o zaman Azərbaycan Dövlət Teatr İnstitutu adlanan ali məktəbin mədəni-maarif fakültəsinə daxil oldunuz...

- Bəli, əvvəl axşam şöbəsinə daxil oldum sonra qiyabi təhsilə yönəldim, çünki işləməyə çox həvəsli idim. 20 yaşında üz tutduğum televiziya ilə taleyimi bağlamış oldum.          

 

- Amma bir ali təhsillə kifayətlənmədiniz axı...

- Zaman göstərdi ki, gördüyüm işlər üçün müəyyən bir səviyyə lazımdır. Artıq yolumu dəqiqləşdirəndən sonra hiss etdim ki, arsenalımdakı biliyim kifayət qədər deyil. Ətrafıma göz gəzdirdim və gördüm ki, yaşda məndən böyük olan həmkarlarım Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasını bitirib və onların karyerasındakı irəliləyiş daha çox gözə çarpır. Düşündüm ki, bəlkə mən də bu yolla gedim. Bu fikrə gələnə qədər isə mən Sankt-Peterburqda təkmilləşdirmə kursu keçmişdim. Elə o zaman orada maraqlı bir mühitin olduğunu görmüşdüm. Şəhərin özü, insanları, televiziyada ola yaradıcı atmosfer həm maraqlı, həm də cəlbedici idi. Və sonda qəti qərara gəldim ki, fikirlərimin inkişafı üçün həmin akademiyaya daxil olmalıyam və oldum da. Ustadımız televiziya rejissorluğu sahəsində zamanının nəhənglərindən olan David İsaakoviç Karasik idi. İkinci Dünya müharibəsini keçmiş bu insanın zəngin mütaliəsi, gözəl zövqü vardı, tələbələrinin sevimlisi olsa da, hədsiz tələbkar bir pedaqoq idi.

Təhsilimiz qiyabi idi və ilin iki ayını orada olsaq da, bizi var gücümüzlə işləməyə yönəldə bilirdi. Çox maraqlı yanaşma tərzi vardı. Bizə deyirdi ki, iki ay burdasız sonra hərə öz məmləkətinə gedir. Qalan vaxtda siz nə edirsinizsə, bunu mən bilmirəm. Ona görə də bizdən gündəlik yazmağımızı tələb edirdi. Öz növbəmizdə biz tələbələr onun dediyi gündəlikləri yazıb müəllimimizə göstərirdik. Və beləcə, 1973-cü ildən bu günə qədər mən gündəlik yazıram.

- Yəni fasiləsiz...

- Yox, bir ara fasilə oldu sonradan yenə başlandı yazılmağa. Bir var gündəliyi özün üçün yazırsan, onu kimsə nə vaxtsa oxuyacaq bilinmir. Amma biləndə ki, yazdığın gündəliyi ustadın oxuyacaq, çalışırsan ki, müəllimin səni daha yaxşı tərəfdən tanısın. Bəzən özünü bəyəndirmək üçün orijinallığa üz tutursan və sənə elə gəlir ki, bu, həqiqətən belədir. Mən yazıçı deyiləm, lakin insan təkbaşına qalanda istər-istəməz öz-özü ilə danışır. Bax, bu gündəliklər həmin danışıqların yazılı variantıdır. Gündəlikləri yazanda anladım ki, yazıçılar çox xoşbəxt insanlardır. Onların qarşısındakı ağ vərəq öz-özünlə danışmaq üçün bir vasitədir.

- Yəqin ki, ikinci təhsilin təsiri yaradıcılığınızdan yan keçmədi...

- Mənim əsas işlərim orada təhsil aldığım və bitirdikdən sonrakı illərdə ərsəyə gəldi. "Ötən ilin son gecəsi", "Qatarda", "Evləri köndələn yar", "Topal Teymur", "Günahsız Abdulla", "Ordan-burdan" və üzü bəri gələnlər. Bu yolu keçdiyimə görə taleyimə və məni bu yola təhrik edənlərə minnətdaram.

- Teatr, kino və televiziya rejissorusunuz. Təbii ki, bu üçündən birində daha rahatsınız.

- Bu yaxınlarda bir sitata rast gəldim. Məşhur aktyor Jan Qabenə sual verirlər ki, yaxşı rol oynamaq üçün nə lazımdır? Cavab verir ki, bunun dörd şərti var: ssenari, ssenari, ssenari və yenə də ssenari. Rejissor sənətinin əsasını təşkil edən amillər var ki, həm teatrda, həm kinoda, həm də televiziyada tətbiq olunur. Bu yolla getdiyimdən hansı sahədə çalışmaq kimi bir problemim yoxdur. Lakin mən özümü daha çox televiziyada təsdiq etdiyim üçün əsas yönüm elə oradır. Bununla belə, nə teatrda, nə də kinoda özümü təsadüfi biri hesab edirəm.

- Onda bir az televiziyadan danışaq...

- Cəmiyyət fərdlərdən ibarətdir və hərənin fərqli baxışı, münasibəti var. Eləsi var ki, televizoru heç söndürmür, evdə imkanı olmasa belə, əlindəki telefonla televizoru izləyir. Elələri də var ki, hərdən bir kanala qonaq gedir, yəni nəyə baxacağını seçir. Mən məhz bu ikincilərin tərəfindəyəm. Televiziya dünyanı dərk etmək üçün vasitələrdən biridir. Bu, bir həqiqətdir. Lakin bir də var professional tərəfdən yanaşma. Azərbaycan teleməkanında bəyənib və bəyənmədiyim kanallar var. İnciklik yaranmasın deyə, ad çəkmək fikrindən uzağam. Lakin onu da bilirəm ki, istənilən zaman hardan nəyi gözləmək olar və nəyə baxmaq olar.

- Çəkdiyiniz tamaşalar janr etibarilə müxtəlifdir. Amma mənə bu gün Azərbaycan televiziyasındakı komediyalara münasibətiniz maraqlıdır.    

 

- Yəni əyləncəli proqramları nəzərdə tutursunuz. Bu proqramları ucdantutma qılıncdan keçirmək olmaz, çünki onların arasında ciddi yanaşan müəlliflər var. Bunların içində "Bu şəhərdə"ni qeyd edə bilərəm. Onların tamaşalarında sırtıqlıq yoxdur, ssenari var, aktyorların ustalığı var, gördükləri işdə bayağılıqdan çox uzaqdılar. O üzdən digər kanallara da tövsiyə edərdim ki, bu aktyorların ciddi yanaşmasından bəhrələnsinlər.

 - Amma sanki tarixi mövzulara müraciət istəyi çox zəifdir...

- "Topal Teymur" tamaşasına 42 il əvvəl quruluş vermişəm və hələ də tarixi mövzu mənim üçün aktualdır. Buna "Fatehlərin divanı"nı da nümunə çəkə bilərəm. Bu günün özündə bu tamaşanın davamı haqqında söhbətlər var və iş də gedir. İşin ləng getməsinin müəyyən səbəbləri olsa da, ümid edirəm ki, çıxış yolu tapılacaq və ürəyimiz istədiyi şəkildə "Fatehlərin divanı"nı tamaşaçılara təqdim edə biləcəyik. Biz bu tamaşanın çəkilişlərinə başlayanda onun davamlı olacağını düşünürdük və o türk tarixinin Mircəfər Bağırova qədər gəlib çatmaq kimi bir fikirlərimiz vardı. Hazırda İlqar Fəhminin qələmə aldığı ssenaridə Qarabağ, Zəngəzur motivləri yer alıb, artıq hazırlıq mərhələsindəyik və düşünürük ki, yaz aylarında çəkilişlərə rəvac veriləcək.

- Tariximizin Qarabağ adlı yaddaşı...

- Bu mövzuya Azərbaycan televiziyasında 32 ildir fəaliyyət göstərən "Sabah" yaradıcılıq emalatxanası son illərdə bir neçə dəfə müraciət edib. Sirac Mustafayevin çəkdiyi "Yağlı boya ilə ailə portreti" adlı filmi kifayət qədər bəyənildi və tamaşaçı marağı qazana bildi. Hazırda qələbəmizə həsr olunmuş "Gecikmiş vağzal" adlı quruluş artıq istehsalatdadır. Tamaşanın ssenarisi Sirac Mustafayevə aiddir, o, eyni zamanda rejissordur. Artıq məşqlər gedir, gələn ay çəkilişlər başlanacaq. Daha bir ssenari İlqar Fəhmiyə aiddir və "Bir bazar günü" adlanır. 44 günlük Vətən müharibəsinin ilk günü haqqında yazılan bir pyesin televiziya ssenarisi aktual olduğuna görə istənilən vaxt onu istehsalata buraxmaq imkanımız var. "Sabah" yaradıcılıq emalatxanasının eyni zamanda bədii-sənədli formatda hazırladığı "Yad et məni" silsiləsi var ki, orada da Qarabağ mövzusu kifayət qədər işıqlandırılr.

 

- "Sabah" yaradıcılıq  emalatxanasının işlərindən danışdınız. Dövlət Televiziyasının "Azərbaycantelefilm" adlı Yaradıcılıq Birliyi də var ki, bir müddət ora rəhbərlik etmisiz. Yaradıcılığınızda kəmiyyət, yoxsa keyfiyyət yanaşması...

- Heç vaxt kəmiyyət mənim üçün məqsəd olmayıb. Harada fəaliyyət göstərməyimdən asılı olmayaraq çalışmışam ki, mən və ətrafımdakı insanlar birlikdə yalnız keyfiyyət üçün işləyək. Yəni ortaya qoyduğumuz işdə professionallıq olsun.

- Ramiz Həsənoğlunun dəsti-xəttini davam etməyə maraqlı olan və ya həvəs göstərən yetirmələri...

- Düzü, mən istəməzdim ki, kimsə mənim dəsti-xəttimi özü üçün əsas götürsün. Mənim üçün daha maraqlıdır ki, hər kəsin öz fərdi yanaşması olsun. Belə olan halda o insan artıq öz seçimini edə bilir. Mən kiməsə bənzəməyi, kimisə təqlid etməyin tam əleyhinə deyiləm, bu yolu biz də keçmişik. Əgər bir gənc vaxtilə mənim gördüyüm işlərə baxıb ondan bəhrələnirsə, buna ancaq sevinə bilərəm. Lakin mənim üçün daha vacibi odur ki, həmin gənc orada ilişib qalmasın, öz üslubunu tapıb onun ardınca getsin.

- 70-ci illərin sonu 90-cı illərin ortalarına qədər hazırladığınız teletamaşalar hamısı bir qayda olaraq böyük əks-səda yarada bildi...

- Bunu dövr tələb edirdi və o zamanın tamaşaçıları bugününkü deyil. O dövrdə yaradıcılarla tamaşaçılar arasında bir ahəng vardı və dediyiniz əks-səda həmin harmoniyanın cazibəsindən yaranırdı.

- Bir rejissor kimi özünüzü tam qane edən bir işiniz olmamış deyil...

- Olub... Amma hansı iş olduğunu deməyəcəyəm.

- "Ac həriflər" zəmanəmizə də gəlib çatıb...

- Çünki ac həriflər hər zaman olub, var və olacaq... Bu, insanın xislətidir və zəmanəyə baxmır.

- "Fatehlərin divanı"nın qorxusu...

- Məsuliyyəti çox böyükdür. Bu divana çəkilən insanlar dövrdən, əsrdən, kimliyindən, şəxsiyyətindən asılı olmayaraq, gördüyü işlərin məsuliyyətini daşımalıdır. Ona görə də hər birinin "Fatehlərin divanı"na ehtiyacı var.

SÖZARDI: İki il əvvəl dövlət televiziyası Ramiz Həsənoğlu haqqında "Uzun yolun bələdçisi" adlı film çəkib. Mənə çox maraqlı oldu ki, görəsən, peşəkar rejissor filmin yalnız qəhrəmanımı olub, yoxsa bir professional kimi filmə müdaxiləsi də olub. "Ara-sıra haqqımda yazanlar da olur, çəkənlər də. Mən hər zaman etikamı gözləyir və müdaxilə etməklə özümə haqq qazandırmıram" cavabını alanda, bir daha anladım ki, kübarlıq yolun keçmək hər kəsə nəsib olmur.

 

Tamilla M-zadə

525-ci qəzet .- 2024.-28 sentyabr (¹177).- S.14;15.