Haqq savaşımız  - vətənpərvərlik dərsimiz

 

Esse

 

Tarixin müxtəlif dövrlərində dünyanın böyük yazıçıları - Lev Tolstoy, Ernest Heminquey, Jan Pol Sartır, Çingiz Aytmatov və bir çox başqaları öz əsərlərində müharibənin insan həyatına təsirini diqqət mərkəzinə çəkiblər. İnsanlığı dəhşətli faciələrə sürükləyən müharibələrin səbəblərinə öz daxili dünyasında məntiqli cavab tapa bilməyən Tolstoy, Napoleonun Rusiyaya hücumu ilə 500 min insanın ölümünə yol açan savaş barədə uzun illər düşündükdən sonra bu qənaətə gəlmişdi: "Dünyanın yaradılışından bəri öldürməyin fiziki və əxlaqi cəhətdən pis bir vərdiş olduğu bilindiyi halda, niyə milyonlarla insan bir-birini öldürüb? Deməli, bu, qaçılmaz şəkildə məcburi idi: bunu həyata keçirən insanlar, arıların payızda bir-birini yox etməsinə yol açan, təbiətə məxsus zooloji qanunu tətbiq ediblər. Bu qorxunc sualın başqa cavabı yoxdur".

Müharibələr ədəbiyyata, sənətə zaman-zaman öz möhürünü vurub. Amerikalı yazıçı Kat Fallsın dediyi kimi, "bu gün istifadə etdiyimiz bir çox kəlmə müharibələrin fabrikində toxunub". Materiallarımız, sosial həyatımız, vərdişlərimiz, sənayemiz, ticarətimiz və xarakterlərimiz müharibələrin nəticələrindən təsirlənib. Dünyada ən çox sevdiyimiz varlıq olan övladlarımıza belə müharibə ilə bağlı adlar veririk. Yəni həyata dair bir çox ünsür müharibələrin mirasıdır.

Sözsüz ki, müharibə heç bir xalqın ilk seçimi olmur. Müharibənin yıxıcı təsirləri, nəsildən-nəsilə ötürülən travmalarını nəzərə alsaq, bu, bəşər övladının başına gələn ən pis hadisədir. Ancaq mövzu vətən, azadlıq, ədalət axtarışı olduğu zaman, təəssüf ki, müharibədən başqa çıxış yolu qalmır. Biz 30 il sülh yolunu seçən, amma bir addım yol qət edə bilməyən bir xalq olaraq ən yaxın tariximizdə bunun şahidi olduq. Bizdən alınanı qaytarmaq üçün müharibədən başqa çıxış yolumuz qalmamışdı. Amma bizim Vətən müharibəmizlə ermənilərin 90-cı illərdə apardığı işğalçılıq müharibəsi arasında çox ciddi fərqlər var. Onlar apardıqları müharibədə haqsız idilər və dünya 30 il boyunca uşaqların öldürüldüyü, qocaların qətl edildiyi, qadınların zorlandığı müharibədəki ədalətsizliyi görmək istəmədi.

2020-ci il sentyabrın 27-si Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ötən əsrin 90-cı illərində Ermənistan hökuməti və onun havadarları dünyanın ən ədalətsiz müharibəsinə imza atdı. Hər nə qədər müharibə tərəfdarı olmasaq da, yaranmış şərait onu göstərirdi ki, Qarabağın azadlığı sülhdən yox, məhz müharibədən keçirdi. Bu baxımdan da Qarabağ haqq ilə yalanın, maddiyyat ilə mənəviyyatın bəlkə də gəlmiş-keçmiş ən çətin hesablaşmasının səhnələndiyi ər meydanı oldu. Bu meydana öz gələcəklərini deyil, millətin, dövlətin ortaq gələcəyini düşünənlər, ölümü gözə alanlar atıldı. Onlar sübut etdilər ki, bu vətən, məşhur türk şairi Orxan Şaiq Gökyayın bir misrasında dediyi kimi:

 

İrəli atılıb sellərcəsinə

Köksündən vurulub tam ərcəsinə

Bir gül baxçasına girərcəsinə

Bu qara torpağa girənlərindir.

 

Qarabağ yurdun dörd bir tərəfindən gələn onminlərlə vətən övladının istiqlal və azadlıq uğrunda dünyaya meydan oxuduğu yer oldu. Onların hər biri qəhrəmanlıq dastanı yazdı. Gəncliyinin baharında şəhadət şərbətini içib qanları və canları ilə al-qırmızı laləli çöllər kimi bəzədikləri bu torpaqları bizə vətən olaraq əmanət qoydular. Biz onların yazdığı qəhrəmanlıq dastanının hər sətirinə canlı şahidlik etdik. Vətəni qarış-qarış necə azad etdilər, anbaan izlədik. Bəzisinin son sözlərini, bəzisinin son nəğməsini dinlədik. Biz isti evimizdə oturub qələbə xəbərləri aldığımız zaman onların "yastığı vətən daşı, yorğanları qar oldu". Qarabağın hər qarış torpağında iz qoydular o vətən oğulları. Bu gün sahib olduğumuz bu azad torpaqlar qəhrəman oğullarımızın hər qarışını qanları ilə sulayıb bizə əmanət etdikləri torpaqlardır.

Bu torpaqlar asanlıqla vətən olmadı bizə. Minlərlə solan həyatın, torpağa gömülən arzuların hesabına qazandıq bu şanlı qələbəni. Bəlkə elə ona görə vətən dünyanın ən bahalı, uğrunda ən çox bədəl ödənilən quru parçasıdır. Bu torpaqlar beşiyində körpəsini, əlində xınası qurumayan yarını, kitab-dəftərini buraxıb silaha sarılan fədakar insanların sayəsində azaddır. Acı da olsa, bu bir həqiqətdir ki, şəhidlər olmasa, bu torpaqlar vətən olmaz. Tarix boyu işğallara, təcavüzlərə məruz qaldıq. Amma ayağımıza vurulan zəncirlər azadlıq eşqimizi, əzmimizi məhv edə bilmədi. Bu dik duruşumuzu, azadlığımızı bağrından çıxıb, yenə onun üçün torpağa düşən vətən övladlarına borcluyuq. Bu borc ödənməyəcək borcdur: müqəddəsdir, əbədidir!

Bu vətəni gəlinlik qızlarımızın, gənclərimizin xəyallarının, arzularının, ümidlərinin beşiyi, uşaqlarımızın gələcəyi, hamımızın dünyadakı ən dəyərli varlığına çevirən şəhidlərimizi dünya var olduqca unutmamaq və unutdurmamaq üçün yaşamalıyıq. Çünki qəhrəmanlarını unudan xalq gələcəyini qucaqlaya bilməz.

Biz öz tariximizi qalibiyyət və məğlubiyyətləri ilə, əskiksiz gələcək nəsillərə ötürməliyik. Bu işdə ən böyük pay təhsilə düşür. Təhsilin ən böyük məqsədi vətəndaş yetişdirməkdir. Lakin tarixini doğru şəkildə öyrənə bilməyənlərdən də vətəndaş olmaz. Çünki bir cəmiyyət uşaqlarını təkcə kübar, bəy kimi deyil, eyni zamanda vətənə, millətə faydalı fərdlər olaraq yetişdirməlidir.

Biz əslində vətəni sevməyi də, sevdirməyi də yaxşı bilən xalqlardanıq. Yurd sevgisinin müqəddəsliyi xalqımız tərəfindən ən yüksək səviyyəyə qaldırılması təsdiqlənmiş faktdır. Bunu Birinci və İkinci Qarabağ müharibələrində verdiyimiz şəhidlərin sayından, ön və arxa cəbhədə insanların etdikləri fədakarlıqlardan aydın hiss etmək olur.

Türk milliyyətçiliyinə ilham qaynağı olmuş yazıçılardan Namiq Kamal vətənin mənəvi sərhədlərini belə müəyyənləşdirir:

"İnsan vətənini sevər. Çünki vətən hər hansı bir qalibin şəmşiri və ya mirzənin qələmi ilə çəkilən qeyri-müəyyən cizgilərdən ibarət deyil, millətə, azadlığa, qardaşlığa, əmanətə, suverenliyə, əcdada, ailəyə hörmətin, sevginin və bunlar kimi bir çox ülvi hisslərin cəmindən yaranmışdır".

44 günlük Vətən müharibəsinin bu gün böyük fəxrlə andığımız şəhidləri də bu ülvi hisslərin cəmi ilə ayağa qalxdılar, Vətənin içində çəkilən qanunsuz sərhədləri yox etdilər. Onlar həm də dünyaya ədalətli savaş mədəniyyəti öyrətdilər.

 

Günel MUSA

525-ci qəzet .- 2024.-28 sentyabr (№177).- S.13.