“Bugünkü tamaşaçı əylənmək
istəyir,
amma əyləncəni də elə göstərmək
lazımdır ki, cəmiyyətə, insanlara ziyan vurmasın”
Müsahibimiz “Xəyanətə yox”, “Evdə
qalmış”, “Şor Biznes”, “Aramızda qalsın”,
“Qayınana”, “Bir ailəm var”, “Həyat sən nə qəribəsən”,
“2 ömür”, “Ata ocağı”, “İmtahan” kimi serial və
filmlərin rejissoru kimi tanıdığımız rejissor,
ssenarist, aktyor və prodüser Valeh Əhmədovdur.
- Rejissor, ssenarist, aktyor, prodüser Valeh Əhmədov.
Bu sahələrdən hansında daha çox uğurlusunuz,
özünüzü hansı sahədə daha çox
peşəkar kimi görürsünüz?
- Bəlkə də təvazökarlıqdan uzaq olacaq,
amma bunu eqoistcəsinə demirəm, mən sonuncu filmimin
montajını da özüm etmişəm. Yəni mənim
üçün hər bir işin dərinliyini bilmək
önəmlidir. Bu peşələrin hamısına eyni
cür yanaşıram. Mən heç vaxt qışqırıb-bağıran
rejissorlardan olmamışam. Heç vaxt ayağımı
ayağımın üstünə aşırıb seti idarə
etməmişəm. Görsəm ki, bir işdə hansısa
çətinlik var, əlimi həmin işin altına qoyuram.
Bəzən rejissor assistenti də oluram. Daha çox ssenarist
kimi fəaliyyət göstərmişəm, məni
tanıyanlar ssenarist kimi tanıyırlar. Amma işin çox
mərhələsi öz əlimdən keçir deyə mən
hər prosesdə olmaq məcburiyyətindəyəm.
Hansında daha uğurlu olduğumu isə mən deyə bilmərəm.
Onu qıraqdan baxanlar müəyyən edə bilərlər.
Hər işin öz çətinliyi var. Ssenarini yazmaq,
ideyanı tapmaq, dialoqları yazmaq, hekayəni bir-birinə
bağlamaq, davamiyyəti qorumaq çətin işdir.
Rejissorluq isə belədir ki, istər hava soyuq olsun, ya günəşli
olsun, yaxud da çəkiliş yerində təmir işi
getsin, səs gəlsin, sənə maneçilik yaradan bir insan
olsun, fərq eləmir, sən həmin çəkilişi
çatdırmalısan. Prodüser kimi əlində olan
imkanlara görə bütün komandanı idarə etməlisən
və həmin gün o çəkilişi bitirməlisən.
Montaj da zülmlü işdir. Düşünün, elə
olur ki, montajda yeni ssenari yazıla bilir. Bəzən elə olur
ki, səhər çəkməli olduğun səhnəni gecə
çəkməli olursan. Yəni bütövlükdə
çəkiliş prosesi ağrılı prosesdir.
- 2024-cü il üçün dörd layihə üzərində
işlədiyinizi demişdiniz. Həm də dediklərinizdən
belə anlaşıldı ki, film çəkmək elə də
asan başa gəlmir. Bəs motivasiyanı haradan
alırsınız?
- Düşünürəm ki, insanın
özünün də bilmədiyi, onu güclü edən
fövqəltəbii güclər var. Mənim birinci motivasiyam
inanclı olmağımdır. İkincisi, ətrafımda həmişə
mənə dəstək olan insanlar olub, ailəm yanımdadır
və “Qələm” qrupunun üzvləri var. Onlardan motivasiya
alıram. Sənətdə var olan təmiz ürəkli
insanlardan motivasiya alıram. Eyni zamanda, maraqlanıram,
araşdırmalar edirəm, kitablar oxuyuram, filmlər izləyirəm.
Filmlərdə yeni trendlər nədir, yeni mövzular nədir - bunları araşdırıram. Və
bütün bunlar da ümumillikdə bir işin ərsəyə
gəlməsinə gətirib çıxarır.
- Müxtəlif janrlara, mövzulara üz tutursunuz -
komediya, dram, müharibə mövzulu film. Hansı sizin
üçün daha rahatdır?
- Hər şey inandırıcı olmalıdır.
Tamaşaçıya nəyisə inandıra bilirsənsə,
hər şey uyğundur və rahatdır. Hollivudun istehsal
etdiyi filmlərə diqqət etsək görərik ki, o
mövzuların çoxu absurddur, inandırıcı deyil.
Amma bir şeyi inandırıcı edəndən sonra, hər
janrda film çəkmək mümkündür. Film də,
serial da bir təbliğat növüdür, yetər ki
insanlığa zərbə vurmasın. Sənət bəzən
çox şeyi ifşa edir. Bu zaman sərhədi qorumaq
lazımdır ki, insanlığa xidmət eləsin, ona ziyan
vurmasın. Bizim istehsalatlar azbüdcəli olur, amma mən həmişə
çalışıram ki, ən ağır işlərin
içində olum. Mən işimi sevirəm. Ona görə mənim
üçün hansı janrda film çəkməyin qorxusu
yoxdur. Amma hələ ki, dediyim kimi, əlimizdə azbüdcəli
filmlərdir və zövq alsaq da, almasaq da, bu filmləri
çəkirik. Mən, ümumiyyətlə,
gördüyüm hər işdən zövq alıram.
- “Ata ocağı” serialı haqqında şərhlərdə
bir tamaşaçı rəyində yazıb ki, “serialın əvvəlində
bütün aktyorlar kök idi, serial o qədər əttökəndir
ki, indi hamısı arıqlayıb”. Siz də bu fikrə
hörmətlə yanaşdığınızı
bildirmisiniz. Ümumiyyətlə, belə mənfi rəy alanda
işə eyni motivasiya ilə davam edə bilirsiniz, ya ssenaridə
dəyişiklik etdiyiniz olur?
- Fikirlərin obyektiv və qeyri-obyektiv tərəfləri
olur. Obyektiv olmayan tənqid məni motivasiyadan sala bilməz.
İlk illərdə daha çətin idi. Türkiyədən
bir serialın müəlliflik hüququnu almışdıq,
tamaşaçılar onda çox tənqid etdilər ki, guya
oğurlamışıq, biz heç nə bacarmırıq.
İlk illərdə təcrübəsiz idik deyə belə
fikirlər təsir göstərirdi, amma get-gedə immunitet
formalaşdı və bu mənfi rəylər adi hal almağa
başladı. İldən-ilə tamaşaçılar da
görür ki, inkişaf var. Biz Türkiyədə
master-klassda olanda ordakı mütəxəssislər
demişdilər ki, artıq sizə nə öyrədək,
biz sizinlə ancaq layihə hazırlaya bilərik, siz bura nəyə
gəlirsiniz? Bilirsiniz, sadəcə böyük büdcə
lazımdır. Bahalı maşınları bahalı, məkanları
böyük göstərmək üçün, zinət əşyalarından
tutmuş geyimə qədər hər şeyi yüksək səviyyədə
göstərmək üçün maliyyə lazımdır.
Maliyyənin olmaması isə bazarımızın
kiçikliyindən, reklam bazarının miqyasının
azlığından irəli gəlir. Səbəb də bizim
sənayenin tam inkişaf etməməsidir və bu, zamanla
düzələn bir şeydir.
- Sizi digərlərindən fərqləndirən
xüsusiyyətlərdən biri də qadın ssenaristlərlə
işləməyinizdir. Qadın ssenaristlərlə həmkar
olmağın hansı fərqli cəhətləri var?
- Əlbəttə, yaxşı olmasaydı, biz onlarla
işləməzdik. Komandamızın böyük bir hissəsi
də qadınlardan ibarətdir. Qadınlara xas elə hisslər
var ki, kişilər heç vaxt onu hiss edə bilməz.
Qadınların çoxu məsuliyyətli olurlar, mən az
sayda məsuliyyətsiz qadın görmüşəm. Bu, istənilən
sahəyə aiddir. Kişilərə nisbətdə
qadınlar daha çox məsuliyyətli olurlar. Demirəm
kişilər məsuliyyətsizdir, onların da arasında
bizi irəli aparan ssenaristlər var və onların işini əsla
kiçiltmək olmaz, sadəcə qadınlar məsuliyyət
məsələsində daha üstündürlər. Onlar
eyni zamanda qadın auditoriyasını toplamaqda da bizə
kömək edirlər. Əməkləri böyükdür.
Söhbət açılmışkən deyim, bəzən
biz cinslərə ayırırıq, məsələn,”Mən
sənə kişi kimi söz verdim” deyirik. Məncə, bu
sözün özündə bir yanlışlıq var, mən
elə xanımlarla çalışmışam ki, onlar bizim
düşündüyümüz o söz vermək ki var, onu
etməyiblər, amma əməlləri ilə bunu sübuta
yetiriblər. Ona görə bu mövzularda xanımlara həmişə
güvənmişəm, güvənirəm və bundan sonra
da güvənəcəyəm.
- Ümumiyyətlə, Azərbaycanda qadınlar daha
çox rejissor kimi yox, ssenarist kimi fəaliyyət göstərirlər.
Qadınları rejissorluqdan uzaq tutan nədir?
- Ola bilsin ki, set saatları gecəyarısına kimi
çəkir, xanımların da ailə qayğıları
var. Amma belə götürəndə digər əməkdaşlar
da xanımlardır. Bu, araşdırmalı mövzudur əslində,
mənim üçün də maraqlıdır. Belə
götürəndə Oskar mükafatı almış
rejissorların çoxu kişilərdir. Səhv etmirəmsə,
qadın Oskar alan rejissorlar 2000-ci ildən sonra olub. Mübahisəli
mövzudur.
- Ola bilər ki, bizdə hər zaman idarətmə istər
dövlət işlərində, istərsə ailədə,
istərsə də bir çox digər sahədə kişilərin
əlində olub. Set özü də bir ailədir...
- Maraqlı fikirdir əslində, xanımlar daha
mülayimdir deyə bəlkə də bütün seti idarə
etməkdə çətinlik çəkirlər. Amma
prodüserlik də bir idarəetmə növüdür və
xanım prodüserlərimiz kifayət qədərdir.
Ayrıca araşdırılası bir mövzudur və bunu
tamamilə idarəetməyə bağlamaq doğru olmaz.
- Hər şeyə diqqət yetirməyi
xoşlayırsınız. Filmlərinizin hər
buraxılışında tamaşaçıların
sayına belə diqqət edirsiniz. Uğurlu
olmağınızın səbəbi bu diqqətdən irəli
gəlir?
- Mən hər şeyə ciddi yanaşıram. Məsələn,
bizim sahədə 5 ildən sonra yeni bir gənc gəlir və
dövrünün ustası olur. Mən bunu anında qəbul
edirəm. Bəzən olur ki, sənətdə yaş
keçir, illər keçir və köhnə nəsil yeni nəsillə
barışmır. Amma mən yeni nəsilə, yeni fikirə
ciddi yanaşıram. Çünki onlar bu dövrün tələbini
məndən daha yaxşı bilirlər. Ona görə istər
ssenari cəhətdən olsun, istər rejissura cəhətdən
olsun, mən o mövzulara həddən artıq diqqət edirəm
və tamaşaçıların zövqünə önəm
verirəm, bir işi təhvil verəcəyim günə qədər
ən idealını etməyə çalışıram.
- Ən mükəmməlini yarada bilirsiniz?
- Yox, bu, heç vaxt mümkün deyil. Amma fikirləşirəm
ki, insanların bədii ehtiyacına müəyyən qədər
cavab verə biləcək qədər zövqüm var. Sənətin
elə kriteriyaları var ki, onları aşmaq olmaz. Məsələn,
izləyici bir şeyə baxmaq istəyirsə, amma həmin
mövzu mədəniyyəti pozacaqsa, mənəviyyata zərbə
vuracaqsa, mən heç vaxt onun dalınca getmirəm.
Tamaşaçı nəyi izləyə bilər və nəyi
izləməlidir, həmişə bu ortaq mövqeni
qorumağa, ikisinin ortasında nizamı pozmayacaq işlər
ortaya qoymağa çalışmışam.
- Bu gün tamaşaçıya nə lazımdır?
- Məncə, bugünkü tamaşaçı əylənmək
istəyir, bu, dünyanın hər yerində belədir,
problemlərdən uzaqlaşıb əylənmək istəyirlər.
Amma əyləncəni də elə göstərmək
lazımdır ki, ideologiyaya, insanlara, cəmiyyətə, ailə
dəyərlərinə ziyan vurmasın. Əyləncənin
də bir həddi, norması olmalıdır.
Tamaşaçının nə istədiyini işləyə-işləyə
görürsən. Fərqli-fərqli yerlərdə
insanların arasında olmağı sevirəm, insanlara sual
verib onlardan cavab almağa çalışıram, deyilənləri
araşdırıram, arqumentləri seçib bir
ölçü götürürəm. Allaha həmişə
şükür edirəm ki, gördüyüm işlərin
80-85 faizi izləyicilər tərəfindən sevilib. Bir-ikisi
öz xətamızdan olub ki, sürətimiz olmayıb və
yaxud hər hansı bir məsələdə mane olmağa
çalışıblar, buna görə həmin işlər
alınmayıb. Qalan işlərim şükür ki, bəyənilib.
Filmlərdə də şahidi oluram ki, gün ərzində
neçə seans olursa, insanlar hər birinə
yığışıb gəlirlər və mən bir
araşdırmaçı kimi gedib otururam orda, müşahidələr
aparıram. Onun zövqü tam ayrıdır, insanlar
gülürlər, mənfi reaksiyalar verirlər, müsbət
reaksiyalar verirlər. Bu, bizim sənətin maddidən də
daha önəmli mənəvi qazancıdır.
- Bilirik ki, əksər vaxt “Park Cinema” və “Cinema Plus” bir-birinin filmlərini
yayımlamırlar. Amma sizin filminiz hər ikisində
nümayiş olundu. Bunu necə bacardınız?
- Hər ikisində dostlarımız işləyir.
Onlar da istəyər ki, filmlərimiz inkişaf eləsin.
İndi xırdalıqlar var, detallar var ki, öz aralarında
olan məsələdir, mən bu məsələlərə
qarışmıram, mən özümə cavabdehəm. Hər
ikisi anlayışla qarşılayan, hər ikisi işə dəyər
verən şəbəkədir. Bu sferada olan insanların 70-80
faizindən həmişə qiymət görmüşəm,
mənə qarşı qısqanclığı az
görmüşəm. Mən bir iş görəndə
baxıram ki, bizim sektorda olan insanların çoxu buna sevinir.
Ola bilsin ki, faktorlardan biri də budur.
- Votsapda son filminizlə bağlı bir yazı
paylaşmışdınız. Həmin yazıda müxtəlif
sınaqlardan keçdiyinizi vurğulamısınız. O
sınaqlardan danışa bilərsiniz?
- Sınaqlar çox olur. Yəqin sizin də kulisdə
belə sınaqlar baş verir. Bunları
açıq-aşkar deməyim heç etik deyil, hər
işdə problem olur. Amma o problem olmasa, hansısa bir iş
ortaya çıxa bilməz. Problemlər bizi daha da bərkidir.
Amma maraqlı, məzəli bir sınağı deyə bilərəm.
Bir evdə çəkiliş edirdik, evin yanında asfalt
çəkirdilər, maşının səsi gəlir, sonra
yuxarı qonşu çəkiclə evində iş
görür, bu azmış kimi yandakı binanın
damını düzəldirlər, damdakı taxtaları
motorlu mişarla kəsirlər. Üçü də eyni anda
baş verir və biz də film çəkirik (gülür).
Kamera çəkir və gözləyirik səs kəsilsin. Səs
kəsilən kimi aktyorlar başlayır oynamağa. Amma sonra
montajda çətinlik yaranır, hadisələr bir-bir izlənilməlidir,
artıq yerləri kəsilməlidir. Proseslərin hər biri
zəncirvari bir-birinə bağlıdır. Bax belə bir
sınaq yaşamışıq. Digər sınaqlar məndə
qalsın (gülür).
-Azərbaycan kinosuna nə arzulayırsınız?
- Azərbaycan kinosuna şəffaf mühit
arzulayıram. Rəqabət olmalıdır, rəqabət
olmayanda inkişafda olmaz. Rəqabətində haqlı və
haqsız tərəfləri var. Amma ayrılan məbləğ
rəqabətə gətirib çıxarmağa bəs eləmir.
Bizim sahədə art-xaos filmləri, sənət filmləri
olmalıdır, buna heç kim etiraz edə bilməz. Amma film
daha çox tamaşaçı məhsuludur. Bayaq dediyim kimi,
kriteriyaları qoruyaraq tamaşaçının başa
düşə biləcəyi, reaksiya verə biləcəyi
filmlərin sayı çox olmalıdır. Və bu proses rəqabət
şəklində baş verməlidir. Şəffaflığı
təmin eləmək üçün
tamaşaçıların başa düşə biləcəyi
filmlər çəkmək lazımdır və onlarda
bir-biri ilə rəqabətə girməyi bacarmalıdır.
Şəffaf mühiti isə böyük prodakşnlar
formalaşdıra bilər.
Martin Skorseze adlı yaşayan canlı əfsanə var,
rejissordur. Bu adama ithaf olunmuş bir film var - “Coker” filmi. Filmin dərinliyinə
varsaq, görərik ki, orada ona sevgi etirafı var. Skorseze həmin
il “İrlandiyalı” adlı bir film çəkir.
Düşünün, nə qədər şəffaf bir
mühitdir ki, sənin haqqında çəkilmiş filmlə
sənin çəkdiyin film rəqabətə girir. Arzum odur
ki, bizim elə bir şəffaf mühitimiz olsun ki, sabah mənim
də özümdən böyük birinə ithaf etdiyim film
onun çəkdiyi filmlə rəqabətə girsin. Mən
bu sahənin inkişafını arzulayıram. Hər nəsildən
olan çox böyük intellektli rejissorlarımız var.
Deyirsiniz ki, dörd filmi necə çəkirsiniz?
Düşünməyin ki, o filmləri iki günə
yazıb çəkirik. Bizim illərdir içimizdə
yığılıb qalan hekayələr, hadisələr,
ssenarilər mövcuddur. Biz indi imkan tapıb onları bir-bir,
iki-iki çəkirik. Əlimdə material var deyə
arxayın şəkildə deyə bilirəm ki, bu il bu qədər
film olacaq. Arzum budur ki, dostlarımızın hamısı
rahat mühit tapsınlar və öz filmlərin çəksinlər.
Mən sizə deyim ki, dünyaya çıxarılası
filmlər çəkilə bilər. Mən bunu pafosla demirəm.
Yetər ki, şəffaf mühit olsun, elə bir şərait
yaransın ki, biz o mühitdə filmlərimizi çəkə
bilək.
Ləman İLKİN
525-ci qəzet .- 2024.-28 sentyabr (¹177).- S.12;13.