ÖLÜMÜNDƏN
QABAQ ÖLÜB ÖLÜMÜNDƏN SONRA DİRİLƏN
Uçarlar arasında ulularımız onu həmişə
seçib ayırıb, yalnız quşların gözəli
saymayıb, həm də müqəddəs hesab ediblər.
Leylək gözəl olmağına gözəldir, amma
göyçəklikdə ondan geri qalmayan quşlar nə qədər
desən! Qəşəngliyindən savayı leyləklərdə
bir mübhəmlik, sirr, izahsız cazibə də var və
uçarlarımız arasında tək quşdur ki, ona sevə-sevə
"quşların şeyxi" deyiblər, yalnız onun
adının əvvəlinə müqəddəslik
saçan "hacı" kəlməsini də
artırıblar.
Şax və tənha duruşundan, boy-buxunundan,
dümağ köksündən vüqar, təmizlik,
kübarlıq yağan hacıleyləklərdə hər
halda bir laübalılıq da var. Səbəbsiz deyil ki,
köhnə el inancları bülbülləri şərqiçiliyin,
müğənniliyin, xoş avazın, bayquşu zəkanın,
tərkidünya sufiliyin, qarğanı şairliyin,
tovuzquşunu tüccarlığın rəmzi kimi mənalandırsalar
da, leyləyə imanın, əqidənin, etiqadın
timsalı kimi baxıblar.
Olmuş əhvalatdır, başına gəlmiş bu
hadisəni sonralar simsarlarına elə Mir Həbib özü
söyləyib. Cavan çağlarında yolu Kürdüstan
tərəfə düşübmüş. Piyada gəzməyi
həyatı uzunu çox sevən Sahir yenə başmaq seyrinə
çıxıbmış. Gəzə-gəzə çay tərəfə
yaxınlaşdıqca dəstə vurmuş kənd qız-gəlininin
iş görə-görə lətif nəğmələr
oxuduğunu eşidir. Çayın şırıltısı,
sərin meh, ətrafın göz oxşayan
yaşıllığı-göylüyü, qızların
şən qəhqəhələrinə qarışan
şirin avazı Sahiri valeh edir. Çox yaxınlaşmır
ki, qızlar onu görüb ürkməsin, oxularını
yarımçıq kəsməsin.
Mir Həbib əyninə bəyaz kətan köynək
geyinibmiş və o, qızlara yaxınlaşmasa da,
qızların gözü Sahiri onsuz da gendən tutubmuş,
uzaqdan-uzağa ona dəcəlliklə söz
atırmışlar, ağ köynəyinə sataşaraq
gülə-gülə "Hey, Ləkləkimiz!", "Ay
Hacıleylək oğlan!" səslənirmişlər.
O çağlar idi ki, qələm
qardaşlarının və bütün tanıyanların
Sahiri yekdilliklə əqidə, inam, etiqad adamı kimi etiraf
edib ağırlamasına hələ çox qalırdı.
Amma onillər sovuşacaq, kənd gözəllərinin elə
zarafatla nitqinə gəlmiş söz uçub-uçub
doğru yerini tapacaq, Vaxt bəmbəyaz saçlı şair
Həbib Sahiri böyük Sözün üfüqlərində
məğrur, cazibədar, müqəddəs hacıleylək
kimi ucaldacaq...
Onun Sözündən çəkinirdilər, ondan
ehtiyat edirdilər. Lap ömrünün ən ixtiyar
çağında da. Baxmayaraq ki, saf ana dilində
yazdığı şeirlərdə nə hansısa inqilabi
çağırışlar vardı, nə də kütlələrə
alovlu müraciətlər. Dünyagörmüş müdrik
şair həyat, cəmiyyət, insan haqqında
düşüncələrini sakitcə ürəyindən qələminə
tökürdü və tez-tez mətbuatda
görünmürdü, ard-arda kitabları da
çıxmırdı ki, bunların camaatı
coşdurduğunu iddia edəsən. Özü də
yaşlı, fağır, heç səsi də ucadan gəlməyən
bir adamdı. Ancaq ondan qorxurdular. Məhz belə idi və bunu
başqa daha yumşaq sözlə ifadə etmək çətindir.
Sahiri təhlükə hesab etməsəydilər, dövlətin
yuxarı və dərin siyasi qatları ahıl
çağlarında onu kükrəməyə hazır olan
vulkan kimi qavramasaydılar, yaşlı şair və müəllimi
1946-cı ildən ta ömrünün sonunun yetdiyi 1985-ci ilədək
sürgündə, nəzarət altında, hərəkət
məhdudluğunda, təqribən ev dustaqlığında
saxlamazdılar.
Həmid Sahir danışır ki, atası Təbrizi
çox sevirdi, daim ora getmək arzusu ilə yanırdı,
ancaq oralar onunçün yasaq ərazi idi, yəni tək
oralar da yox, ümumən, onun hərəkət dairəsi
Tehranla məhdudlaşırdı. Hərçənd arabir xəlvəti
getməkləri olmuşdu, amma güman etmirəm ki, ona belə
canfəşanlıqla nəzarət edən qüvvələr
və onların xəbərçiləri bundan duyuq
düşməmiş olaydılar, sadəcə, elə bu getməklərin
sırf ziyarət, ata-baba yurduna baş çəkib
könlü ovutmaqdan o yana getmədiyinə əminlik hasil
etdiklərindən çox dərinə getmirlərmiş.
40 ilə yaxın vaxtda Sahir qazamatda saxlanmasa da, elə
zindan divarları arasında olan kimi idi. Yaşayırdı,
yazıb-yaradırdı, işə gedib-evə
qayıdırdı, ara-sıra dost məclislərinə
yollanırdı, amma daim bir cüt və daha çox cüt
gözlərin ona zilləndiyini, bir cüt və daha çox
cüt qulaqların onun ağzından çıxan hər kəlmənin
ardınca olduğunu sezirdi. Dözürdü,
yaşayırdı və susmurdu. Bəlkə bu
sıxma-boğmalar olmasaydı, ömrü daha erkən bitərdi.
Sanki arasıkəsilməz təqib və təzyiqlər ona əlavə
müqavimət gücü verirdi, onu içəridən səfərbər
edirdi, gəncliyindən bütün varlığıyla
bağlı olduğu milləti xoşbəxt görmək
amalları ona müdam pıçıldayırdı ki,
sınmamaq, büdrəməmək, yola davam etmək,
yaşamaq lazımdır.
Bunları onu güdənlər, xəbis diqqətdən
kənar buraxmayanlar, səksənində belə qorxulu sayanlar
da anlayırdılar və nəhayət ki, səbirləri kəsildi,
son nöqtəni qoymağı qət etdilər.
Sahirə ömrü uzunu göstərilmiş
dürlü basqıların, təhdidlərin sırasına
sonda ardıcıl psixoloji pressinqlər də əlavə
olunmuşdu. Həmid adını çəkmək istəmədiyi
bir tanınmış ədəbiyyatçının onlara
tez-tez gəlib-getdiyini, Sahiri yaxın vaxtlarda tutula biləcəyinə
inandırdığını, bunu səbəb gətirərək
guya xilas etməkçün, arzu olunmayan əllərə
düşməməsindən ötrü ondan hər dəfə
əlyazmalarından alıb apardığını
danışır: "Anam deyirdi ki, o adam atamın
ölümündən onbeş gün qabaq bizə mütəmadi
gəlib-getməyə başladı. Hər dəfə əliboş
gələrdi, gedəndə əlində boğça
olardı, hər gedişində xeyli kitablar, əlyazmalar
aparardı".
Ancaq Həbib Sahirin ömrünün bu son, səksəkəli
parçası haqqında mənə başqaları da
danışıb, ona ömrün qürubunda tez-tez baş
çəkənin adını da söyləyiblər.
Olan olub, keçən keçib. Mən sonralar daha
çox Hüseyn Düzgün kimi tanınan bu ədəbiyyat
və siyasət adamını hələ Bakıya ilk gəlişlərindən,
1970-ci illərin sonlarından tanıyırdım. İndi Həbib
Sahir də, Hüseyn Sədiq də haqq
dünyasındadırlar və bunlar da elə incə mətləblərdir
ki, hər şeyi yüzfaizli dəqiqliyi ilə bilmədən
(bu isə təxminən mümkünsüz kimidir) hökm
vermək, qınamaq, kiminsə dalınca danışmaq
düzgün deyil (Hüseyn Sədiqin də ədəbiyyatımızla
bağlı müəyyən zəhmət və xidmətləri
var, fəaliyyətlərinin digər tərəflərindən
xəbərsizəm, ona görə belə yerdə sübutlu
sözün olmayınca susmaq məsləhətdir).
Amma hər halda od olmayan yerdən tüstü də
çıxmır.
Həqiqət olansa budur ki, Həbib Sahirdə əməlli-başlı
xof yaranıbmış. Yatağına girəndə də
kostyumlu, qalstuklu olurmuş ki, gecənin bir aləmində
ETTELAAT-dan ardınca gələn olsa, gizli polis onu qəfil
tutub aparmaq istəsə, xar olmasın, dustaq
maşınına tuman-köynəkdə mindirilməsin,
vüqarlı görkəmi onunla olsun!
Bunun bənzəri ilə mən daha yaxındakı,
içərisində olduğumuz mühitdə baş verənlərdən
tanışam. 1970-ci illər idi, Bakı Dövlət
Universitetində tələbə idik və o çağlarda
hələ "Elçibəy" deyil, sadəcə
Əbülfəz Əliyev olan cavan Şərq tarixi müəllimimiz
haqqında danışırdılar ki, auditoriyada,
çöldə-bayırda hansı geyimdədirsə, elə
çarpayısına da yorğan-döşəyin
üstündən o cür uzanır. Çünki istənilən
növbəti gecələrdən birində antisovet millətçi
baxışlarına görə həbsə
alınacağı çox gözlənilən imiş. Bu isə
doğrudan da oldu, onu həbs də etdilər.
Ancaq Həbib Sahiri həbs etməyə lüzum
qalmır. O, həyatdan gedir.
Özü könüllümü gedir, ya gedişinə
kömək edirlər? Bu da bir ayrı müəmmadır.
Yetmişini arxada qoyub səksəninə yaxınlaşdığı
illərdə o, hansı işlərlə məşğul
idi, niyə qoca şairə xüsusi xidmət
orqanlarının diqqəti daha da artmışdı?
Bu barədə də müxtəlif adamlardan
eşitdiyim xeyli söhbətlər var, amma hər halda
oğlunun həm öz müşahidələri, həm
anasının söylədiklərinə əsasən mənə
danışdıqlarına daha artıq etibar edirəm.
Həmid hekayət edir ki, atası 30 illik
sürgünü başa vurub əslində son
sürgünü sayılmalı olan Tehranda məskunlaşdığı
illərdə həddən çox işləyirmiş və
məhz 1970-ci illərin ikinci yarısı, 1980-ci illərin əvvəllərində
ana dilində bir sıra kitablar yazıb nəşr etdirməyə
müvəffəq oldu.
"Atamın lirik şeirlərdən ibarət
"Kövşən" kitabı çox məruf idi, əllərdə
gəzirdi. Ancaq atam ana dilində nə qədər kitablar
yazıb çap etdiribsə, hamısı gizli olub. Türkcə
kitablarının birinin də çapına hökumət
icazə verməyib. Kitablar çıxırdı, çox
sürətlə də camaat arasında yayılırdı. O
"Kövşən" ki siyasi bir kitab idi, yalan olmasın,
Təbrizdə 10-15 dəfə çap olunub, dərhal da
yayılıb qurtarıb".
İran İslam İnqilabı baş verəndən
sonrakı başlanğıc dönəmdə ədəbi-mədəni
həyatda cərəyan edənlər Sahiri xüsusən
şövqə gətiribmiş, elə bil ona ikinci nəfəs
gəlibmiş. Həmid danışır ki, atası gecə-gündüz
yazıb-pozardı, Azərbaycan dilində çıxan
bütün qəzet-jurnallara mütəmadi olaraq şeirlər,
məqalələr göndərərdi.
Az sonra xəyal qırıqlığı ilə nəticələnəcək
bu qısa zaman kəsiyində Sahir xoşbəxt imiş və
bunu da mənə Həmid söyləyir ki, atası
axşamlardan birində ürəyini xanımına
açıbmış. Deyibmiş ki, sanki Pişəvəri əyyamları
təzədən qayıdıb.
Nə acı ki, Güney tarixinin məsud Pişəvəri
fəsli kimi, İran İslam İnqilabından sonrakı ana
dilimizə geniş meydan açılması kimi görünən,
kiçicik bir vaxt kəsiyində azərbaycanca silsilə nəşrlər
və ictimai-siyasi mühitdə yumşalmalarala müşayiət
olunan zaman parçası da çaparaq getdi.
Kitablar öz yerində, amma həmin dövrdə Həbib
Sahirin başqa hərəkətləri varmış ki,
hakimiyyətin şübhəcil nəzərlərindən
yayınmaya bilməzdi. Həbib Sahirin Tehranda
yaşadığı ev, bir növ, ziyalılar klubuna
çevrilibmiş. Həmid yada salır ki, yalnız
tanınmış Azərbaycan ədibləri ilə deyil,
görkəmli fars şairlərinin əksəri ilə də
Sahirin yaxın əlaqələri varmış. Daha artıq,
Sahir İranın azsaylı xalqlarından olan qələm
sahibləri ilə daimi ünsiyyətdəymiş,
yazışırmış: "Atam İrandakı öz dillərinə,
ədəbiyyatlarına rəvac verən azsaylı
xalqların içərisindən çıxan şair və
yazıçılarla əlaqə qururdu, onları həvəsləndirirdi.
Onun yanına Türkiyədən, İraqdakı
türkmanlardan gələnlər də az olmurdu. Şairlər,
yazıçılar atamın evinə təşrif gətirəndə
gecə yarıyadək oturardılar, söhbət edər,
şeir oxuyardılar. Sovet Azərbaycanından professor Rüstəm
Əliyev də atamın görüşünə gəlmişdi.
Atam söyləyirdi ki, Rüstəm Əliyev Bakıdan
peyğam gətirmişdi. Atama Heydər Əliyevin
salamını çatdırmışdı, xəbər
vermişdi ki, Heydər Əliyev sizi Bakıya gətirtmək,
orada kitablarınızı nəşr etdirmək istəyir.
Ancaq bu istək elə niyyət olaraq qaldı. Sonra nədirsə
Rüstəm Əliyev Tehrana gələ bilmədi, atam da
müəyyən mülahizələrlə Tehranı tərk
etmək istəmədi".
Bu doğrudur ki, Həbib Sahir qocalmış, taqəti
azalmış bir insan idi. Ancaq gendən onun ocağı
sönməyə qoymaması, bu ocağın sabah daha gur
yanması üçün gücü çatan qədər
cəhdlər etməsi yaxşıca görünürdü.
O, şəxsiyyət idi, cazibəsi vardı, nüfuzu
yüksək, sözü keçərli idi və belələri
həmişə ictimai-siyasi gedişatda narahatlıq mənbəyi
olublar, bu qəbil dikbaşları susdurmaq üçün
daim yollar aranıb.
Bütün cəzaların hökmən qorxutmaq,
gözünün odunu almaq çaları var. Fəqət
dünyanın bütün qart sifətlərinə şahid
olmuş səksən yaşlı ağsaqqalı bundan belə
nə ilə qorxutmaq olardı ki! Ən dəhşətlisi
ölüm idi ki, o, onsuz da həniri hissediləcək qədər
yaxında idi.
Həbib Sahirin hələ istisi soyumamış bədənini
sonuncu qucaqlayan, asıldığı kəndiri boynundan
çıxaran oğlu Həmiddən bu barədə
danışmağın onunçün nə qədər
ağır olduğunu bilsəm də, canımı dişimə
tutaraq tarix naminə, əsl həqiqəti nə qədərincəsə
aydınlaşdırmaqdan ötrü soruşuram. O da
sarsıntısını heç vaxt unutmadığı,
unuda bilməyəcəyi həmin müdhiş günə, nəhs
ömür parçasına qayıdır: "Biz atamla
qonşu idik, həyətimiz bir idi. Bir gecə mən
qalereyadan qayıdırdım. Bir "Land Rover" cipim
vardı, adətən mən həyətin darvazasını
açardım, maşını həyətdə
saxlardım. Atam torpaqla əlləşməyi sevərdi, 100-dən
artıq ağac əkərək xırdaca bağı əsl
meşəyə çevirməyi bacarmışdı. Nə
isə, qapını açdım, həyətə girəndə
o dəhşətli mənzərəni gördüm.
Atamın ağappaq qəşəng saçı vardı,
gendən elə ilk gözümə sataşan saçı
oldu. Baxdım ki, atam ağacdan kəndirlə asılıb. Məni
vahimə bürüdü, çox qorxdum.
Yaxınlaşıb atamı qucağıma aldım,
gördüm ki, hələ istidir. Heç yadımda deyil ki,
boynundan kəndiri necə açdım, onu yerə necə
endirdim. Süni nəfəs verib diriltməyə
çalışsam da, bir şey alınmadı, artıq gec
idi. Onu dəfn etməyə çoxlu azərbaycanlılar gəlmişdi.
Mən dəfnə getmədim. Yuyulmağında iştirak edənlər
danışırdılar ki, bütün bədəni
qançır-qançır idi. Asmazdan əvvəl onu
möhkəm döyüblərmiş".
Həbib Sahirin guya ruhi sarsıntıları olması
ucbatından özünü asması ilə bağlı hekayətlər
elə vəfat etdiyi çağlarda da yaranıb, bugünəcən
də gəlib çatıb. Bu ehtimalı irəli sürənlər
elə Səməd Behrənginin də qətlə yetirilmədiyini,
Araz sularında öz əcəli ilə boğularaq
öldüyünü iddia edirlər.
Ona görə Həmiddən bir daha tam
açıqlığı ilə soruşuram: Həbib
Sahirinki intihar idi, ya sui-qəsd?
Sakitcə, qəhərini udaraq təsdiqləyir,
"bəli" deyir: "Asıldığı budaq kifayət
qədər hündür idi. Qoca kişi ora necə
dırmaşa, özünü oradan necə asa bilərdi?"
Dəfnini soruşuram, deyir ki, dəfn çox
izdihamlı keçib. Elə ki, hətta narahat olaraq ora polis
qüvvələri də cəlb ediblərmiş.
Sahiri İranın ən böyük qəbiristanlığı
olan "Behişt-i Zəhra"da torpağa
tapşırırlar. Ancaq orada da Sahirə məzarlığın
şairlər olan hissəsində deyil, tamam başqa səmtdə
yer verirlər.
İş bununla bitmir. Həmid xatırlayır ki, dəfnə
həddən ziyadə adam yığışmışdı,
Azərbaycanın hər yerindən gələnlər
vardı, həm də yalnız özümüzünkülər
deyildi, farslardan da xeyli gələn olmuşdu. Elə polis də
ona görə oraya tökülüşübmüş ki, nəyə
görə bir belə adam toplanıb.
"Axşam atam üçün "Quran" xətmi
məclisi qurmaq istəyirdik. Polis əvvəlcədən gəlib
buna icazə verilmədiyini bildirdi. Sonralar atamın qəbiristanlıqdakı
məzar daşını da bir neçə dəfə
sındırmışdılar".
Zavallı şairin sağlığındakı
vücudundan, qafasından, dilindən, qələmindən
ürkdükləri kimi, öləndən, ya
öldürüldükdən sonra məzarından da
ehtiyatlanır, qəbrinin daşından da qisas
alırmışlar.
Nə qədər ağlasan ağla! Ki sənin
ağlayışın
Bu qaranlıq gecə içrə əriyib məhv
olacaq,
Nə səninçün də bu göylərdə
qızıl Gün doğacaq...
Gecənin qəlbi qara bir daşa bənzər və
göyün
Pərde-yi zülməti altında ərir ah ü fəğan...
Sənin ancaq o fəğanındı bu könlümdə
qalan!
Ummayırdım bu səmadan, bu yaşıl
çardaqdan,
Sənə bu ölkədə qanun qara bir daxma verib,
Xana yıldızlı saraylar və yaşıl asma
verib!
Yat bu viranədə, həsrətlərə qatlan,
gülmə!
Gülmə! Solsun ürəyində açılan
lalələrin.
Öl! Ki sönsün o Günəş rəngli o
xoş zülf-i tərin...
Nə qədər ağlasan ağla! Ki sənin nalələrin
Bu qaranlıq gecənin qəlbi içində əriyir.
Kimsə sormaz: "Bu qaranlıqda bu səs, nalə nədir?"
Həmid atasından danışır,
danışdıqca da neçə dəfə səsi titrəyir,
arada səsi qırılır, hərdən bu sözlə o
sözün arasındakı məsafə xeyli uzanır.
Başqa cür necə olsun ki! Axı o, atasının, o zərif
varlığın necə dürüst, təmiz, nəcib bir
insan olduğunu hamıdan daha yaxın məsafədən izləyə
bilib, amma eyni zamanda atasının üzdən sanki uzun
ömrünün əslində məşəqqətlər
silsiləsindən ibarətliyindən də agahdır:
"Yazıçının, ya şairin ömrü o illər
sayılır ki, o, əsər yaradır. Amma o illər ki atam
gözəl şeirlərini yaradıb, həmin illərin əksəri
sürgündə, zillət içərisində, möhnətdə
keçib. Atamın şeirlərini əvvəldən-axıra,
gəncliyindən ömrünün sonunacan
yazdıqlarını başdan-başa oxuyanda, şeirlərin
tarixinə baxanda görürəm ki, kəskin ictimai-siyasi
şeirlərinin çoxunu miladi tarixlə 1947-ci ildən
etibarən yaratmağa başlayır. Çünki Milli
Hökumət devriləndən sonra sürgünlərə
düşdü, xalqın başına gətirilən bəlaları
bir az da yaxından gördü, özü də çox əziyyətlər
çəkdi. Həm də atamın həmin şeirlərinin
hamısı görünən, göstərən şeirlərdir.
Ümumən atam şeirlərində həmişə bir
şairdən əvvəl rəssamdır".
Həmiddən Həbib Sahirin rəssamlığının
da tarixçəsini xəbər alıram. Deyir ki, atası elə
uşaqlıqdan rəsm çəkirmiş.
Təbii ki, bunu atasının söhbətlərindən
bilirdi. Çünki bunlar Həmidgilin dünyaya gəlməsindən
əvvəlki söhbətlər idi, şəkillərdən
də qalanı yoxdu. Ancaq Həmidin,
bacı-qardaşının gözü qabağında yaranan,
necə çəkildiklərini unutmadıqları rəsmlər
də vardı: "Atam bizim üçün uşaqlıq
illərindən rəsmlər çəkib göstərərdi.
Hər gecə bizimçün "Molla Nəsrəddin"
jurnalını oxuyar, sonra oradakı rəsmlərə bənzəyən
şəkillər çəkib bizə göstərərdi".
(Həbib Sahirin ardınca getmədiyi rəssamlıq
istedadı övladlarında davam etdi. Oğlu Həmid həm
yaxşı heykəltaraş, həm rəssam oldu, digər
oğlu Səid də rəssamlıq oxudu, sonra peşəsini
dəyişsə də. Həmid söyləyir ki,
qardaşı mahir rəssam idi, bir sıra gözəl əsərləri
də qalmaqdadır. Həbib Sahirin adaşı olan nəvəsi
ikinci Həbib Sahirsə Bakıda təhsil aldı, bizim Rəssamlıq
Akademiyasını bitirdi və onun müəllimi, görkəmli
heykəltaraşımız Natiq Əliyev gənc Həbib
Sahirin böyük gələcəyi olduğunu həmişə
inam və fəxrlə deyir. Bir vaxtlar babası edən kimi,
indi Fransada yaşayan Həbibin mənə
bağışladığı və yağlı boya ilə
çəkdiyi bir rəsm əsəri elə onun rəssam
kimi də məharətini aydınca nişan verir.
Və böyük Həbib Sahir balalarının
istedadlı olmasına, öz yolunun, ruhunun
davamçıları olmasına ürəkdən sevinir,
bununla iftixar duyurmuş. Həmid yada salır ki, bacım
Sürəyya da ədəbiyyata bağlandı, fransızca
oxuyurdu və onun fransız ədiblərinin əsərlərini
elə yazıldığı dildə oxuduğunu görəndə
atam qönçə kimi açılırdı.
Qardaşım Səidlə biz də rəssamlıq edəndə,
ya heykəl düzəldəndə atam gül kimi
açılırdı).
Həmid bunu da əlavə edir ki, sən demə, əl
qabiliyyəti bu ailədə ana tərəfdən də
varmış: "Anam xəttat idi, böyük anamın
atasının da qəşəng xətti vardı, o da xəttatmış.
Anamın əl yazılarından qalanlara baxanda görürəm
ki, bu sahədə məxsusi qabiliyyəti varmış".
Ətrafındakıları dəqiqliyi ilə görmək
gücünü ona rəssamlığı ilə
coğrafiyaşünas olmağı verirdisə, yan-yörəsindəkilərin
dərinlərinə nüfuz etmək qabiliyyəti Sahirə
şairliyi və fəlsəfi təfəkküründən
gəlirdi.
Ərdəbil, Qəzvin, Mazandaran haqqında o, həmin
yerlərdə zorən yaşamağa məhkum ediləndən
əvvəl də sıravi iranlılardan, həm də hətta
o yerdə ömrü-günü ötənlərdən
qat-qat çox bilirdi. Ancaq orada sürdüyü əzablı
illərdən sonra həmin yerləri həm də
bütün acı və ağrılarıyla görməyə
başladı.
Heyiflər ki, sürgün illərində
başına gələnlərdən bir neçə xəsis
cümlədən artıq heç nə yazmayıb. Sadəcə
sürgün xatirələrini yazacaq olsaydı, sevdiyimiz
şeirlərindən əsla geri qalmayan ədəbi və
tarixi incilər yaranardı.
Həmid deyir ki, Sahir sürgün illərindən, məruz
qaldığı zülmlərdən danışmağı,
xüsusən də bu haqda balalarına hansısa təfərrüatları
söyləməyi xoşlamazmış.
"Atam ümumən azdanışan idi. Sürgün
qəziyyələri haqdasa danışmağa heç meyl etməzdi.
Elə bilirəm, istəyirdi bunları unuda, ya da istəmirdi
ki, o qüssəli günlərin dərdlərini bizə də
yük etsin. Amma itirdiyi o illərin fikrini həmişə edərdi.
Yadıma gəlir ki, axşam çağı radionu
açardı, qulağını dirəyərdi radioya,
Türkiyədən verilən, xorla oxunan el nəğmələrini
dinləyərdi, çox təsirlənərdi, əlləri
ilə başını tutardı, sanki istəyərdi ki,
ömründəki yanğıları bu mahnılarla səngidib
unuda. Atam bizə sürgün illəri ilə bağlı
heç nə deməyib. Bildiklərimizin hamısı ya
anamızın, ya da atamızın dostlarının xatirələrindəndir.
Mənə görə, bu haqda danışmasa da,
sürgün acılarını, ömrünün itirdiyi illəri
və günlərinin nisgillərini bir az açıq, bir az
qapalı şəkildə şeirlərinə səpib".
Gecə keçmiş yarıdan, gözüm yolda,
yollarda,
Bu qaranlıq gecədə nə gedən var, nə gələn.
Hava durğun, yel əsməz, pərdələri
oynadan,
O qələmkar pərde-yi çapqın xəyal sənmisən?!
Gecə keçmiş yarıdan,
çırağının şöləsi
Alaqaranlıqlarda bir ulduztək sönmədə.
Görmədim uzaqdan sönük, sarı bir ulduz,
Taleyimin ulduzu üfüqlərə yetmədə.
Səhər uzaq, yol uzaq, tilsimli arzular,
Zülmətlərin içində tozlu qalmış,
boş qalmış.
Karvan keçməz o yoldan, aydınlatmaz Ay onu,
Bir gecədir ki, ona ayrılıq kölgə salmış.
Sahir, yalnız deyilsən, mavi göyün altında
Gecələri yatmayan və yollara göz dikən
Bir çoxları sənintək itib-getdi bu yolda,
Sönüb keçən kölgətək, Sahir, sən
tək deyilsən.
1946-cı ilin 21 azərindən, Milli Hökumətin
süqutundan sonra dar ağacından asılanlar, güllələnənlər
minlərlə idisə, sürgün və məhbəsə
mübtəla olanların sayı onminlərləydi. Sahirin bu
qəbil ürək sıyıran, hər sətrindən xiffət
yağan şeirlərinin heç birində dəqiq ünvan
yoxdur. Amma bu qoşquların hər birini oxuyunca həmin onminlərdən
neçəsi o misralarda özünü görür, öz
düyünlü qismətinin əks-sədasını
eşidirdi.
Təməlindən həssas olan Sahirə çəkdikləri,
başına gələnlər bəlkə qədərindən
də ifrat mərhəmət duyğusu, hayan olmaq nazikliyi
bağışlamışdı.
Zəncanda olduğu vaxt bir yetim uşağa rast gəlibmiş.
Uşağın atası yox, anası da çox artıq
kasıb. Sahir duyuq düşür ki, ehtiyac üzündən
doqquz yaşlı bu uşağın anası qızı pis
yollara salaraq pul qazanmaq istəyən bir əxlaqsız arvada
satmaq istəyir.
"Atam ondan-bundan borc pul tapıb verir həmin
qadına, uşağı alır onun əlindən. Anam deyərdi
ki, uşaq bir dəri, bir sümük idi, yarı canı
qalmamışdı, bütün bədəni yara ilə
örtülmüşdü. Uşaq evimizə gəlincə
anam onu yaxşıca yuyundurur, ona özü paltar tikir, atam da
qızı rəsmən övladlığa
götürür. Sonra biz onu elə doğma bacımız
saydıq, heç fərq qoymazdıq. Mənijəni
övladlığa götürəndə atam təzəcə
evlənibmiş. Dörd il sonra Sürəyya anadan olur,
ardınca mən, ondan sonra da Səid".
Özünün bolluca qayğıları vardısa
da, yenicə ailə qurmuş Həbib Sahir hələ
heç öz qanından-canından olan övladları
dünyaya gəlməmişdən bir taleyi şikəst
olmaqdan xilas edir. Varlığında nəbz kimi
çırpınan rəhmdillik duyğusu onu yalnız əlinə
qələm-kağız götürüb misraları
sıralayanda şair etmirdi, belə-belə nəcib əməllərinin
hər biri ilə o da həm Şeir, həm Şair idi!
O ömür ki Sahir yaşayırdı, bu həyatı
əllisində də, altmışında da, yetmişində
də amansızca yarımçıq qoya biləcək
yüz cür hadisənin baş verməsinə
"münbit" zəmin vardı. Ancaq elə bu qəbil
saysız savab əməllərinə görə Pərvərdigar
şairi qorudu, ən ağır sınaqlardan salamat
çıxardı, neçə dəfələrlə
qaçılmaz ölümdən qurtardı. Yaşadı və
onu ölməz edəcək əsərlərini yaratdı. Sərt
həyatın qəddarlaşdıra, ruhən
qabalaşdıra bilmədiyi Sahirə xeyirxah əməllərinin
müqabilində Göylərin də
yaxşılığı bu oldu...
Həmid köks ötürür, "Atam dünyadan
çox-çox nigaran getdi", - deyir.
Amma dərhal da əlavə edir ki, ən ümidsiz
anlarda belə atam heç vaxt ümidini, sabaha inamını
itirmədi və insanları da - həm sağında-solunda
olanları, həm də özündən sonra gələcəkləri
ümidsizliyə yox, ümidə köklədi.
"Çox təəssüf, vəziyyət
heç düzəlmədi. Atam ölümündən qabaq
ölmüşdü. Yəni tamam arzuları puça
çıxmışdı. Amma şeirlərində sanki
başqa adamdır. İnsanları naümid etmir, qətiyyətlə
ümid bəsləyir, ürəkdən inanır ki, hər
şey yaxşı olacaq, gözlədiyimiz günlər də
hökmən gələcək".
Batdı suda Gün,
Getdi başından yenə bir gün,
Bir gün ki... keçən günlərə bənzər.
Yoldan gedənin yolda ayaq izləri qaldı.
Bilməm ki, bu gündən nə üçün
qalmadı izlər?
Ürəyimdə qara ləkə, gözlərdə
isə
Həsrətin al şöləsi qaldı.
Zəngin və gözəl şeylə bədəl
olmadan, əfsus,
Sevdalı xəyalın ürəyimdə səsi
qaldı.
Baxdım şəhərə, odlar içində eli
gördüm,
Gönlüm qaralıb vəhşətə
düşdüm o görüşdən.
Gördüm ki, gəribdir qanadın yurduma İblis,
Gördüm ki, əsər yoxdu qızıl
saçlı Günəşdən.
Bir gün qoşulub karvana əl üzdüm evimdən,
Bağdadda satılmış kölətək
qürbətə düşdüm.
Hər gözdə həqarət odu tapdı, oda
yandım,
Hər dildə yamanlar eşidib heyrətə
düşdüm.
Gül açdısa ömrün baharı, tez də
sovuşdu,
Bir qəmli xəzan gəldi məni qoynuna aldı.
Gün batdı da, gün çıxdı da, bilməm,
nə səbəbdən
Könlümdə xəzandan acı bir xatirə
qaldı.
...Həbib Sahir ailəcanlı bir adam olub. Ancaq
ömrü boyu davamlı olaraq göndərildiyi
sürgünlərə görə ailəsindən cüda
salınmağın qüssəsini də çəkib. Hərdən
bu ayrılığı özü yaradıb - sürgün
olunduğu yerin ağır şəraitinə görə istəməyib
ki, xanımı, balaları onun o yerdə çəkəcəyi
əziyyətlərə qatlaşmalı olsunlar. Sariyə
sürgün olunubmuş, ancaq Zəncanda ailəsinə bir
otaq kirayələyibmiş ki, onlar orada qalsın, özü
girəvə düşəndə gəlib onları yoluxsun.
Bunu səbəbsiz etməyibmiş. Saridə malyariya
yayılıbmış, ailəni azar-bezardan uzaq
salmaqçün bu yola əl atmağa məcbur olubmuş. Həyat
da göstərir ki, düz edibmiş, özü xəstəliyə
tutulur, mərəz ailədən yan keçir.
Sürgün olunduğu yerlərdə müəllimliyini
edirdi, çox da böyük olmayan məvacibini alırdı,
ancaq bu kiçik maaşının lap cüzi hissəsini
özünə saxlayaraq qalanını doğmaları
arasında bölüşürdü. Yəni onun
dolandırdığı yalnız öz külfəti deyildi,
Təbrizdə yaşayan, başqa anadan olan iki qardaşına
da vaxtaşırı öz boğazından kəsərək
xərclik yollayırmış.
...Həmid uşaqlıq illərini xatırlayır.
Deyir, bir neft lampamız vardı. Axşamlar o çıraq
yananda hamımız pərvanələr kimi
işığına yığışardıq.
"Atamı o illərdə həmin
çırağın yanında həmişə ya oxuyan, ya
da yazan gördüm. Öz yazılarına fasilə verəndə
bizə ana dilində nağıllar, dastanlar oxuyardı. Mən
də, bacı-qardaşım da bu tərbiyə ilə
böyüdüyümüzdən el ədəbiyyatının,
xalq sənətinin vurğunu olduq. İndi mənim çoxlu əsərlərim
vardır ki, Cənubi Azərbaycanın folkloru barəsindədir.
Xalq ədəbiyyatının hekayətləri ilə
bağlı çoxlu ssenarilər yazmışam.
Hamısı ana dilindədir. Neçə kitabım var ki,
İranda çap olunub, hətta onlardan bəziləri fars
dilinə də tərcümə edilib. Folklorumuza, dilimizə,
milli tariximizə atəşin marağı mənə
uşaqlıq illərimdən aşılayan atam olub".
Həmid bir ara Bakıda yaşayırdı. Hər dəfə
İrana gedib qayıdanda şikayətlənirdi ki, orada yaman
darıxırdım. Deyirdi ki, Tehranda olanda özümü
sudan quruya düşmüş balıq kimi hiss edirəm.
...Həbib Sahirin bir məziyyəti də var ki, gərək
mütləq xatırlana. Hələ cavanlığında -
Türkiyədə təhsil alıb İrana yenicə
qayıtdığı, fransız ədəbiyyatı ilə
dərindən maraqlandığı çağlarda, o
günlərdə ki, həm müasir fransız şairlərindən,
həm Nazim Hikmətdən və digər yenilikçi
türk şairlərindən tərcümələr edir,
özü də sonralar fars poeziyasında "şeir-e nou"
- "yeni şeir" adıyla ayrıca və güclü
istiqamətə çevriləcək tərzdə
yazıb-yaradırdı, o zamanlar əslində müasir
İran şeirində yeni təmayüllərin əsas
qurucularından biri olmaq vəzifəsini yerinə
yetirirmiş.
Həm bir sıra Avropa, həm də İran ədəbiyyatşünasları
XX əsr İran poeziyasının parlaq simalarından olan Nima
Yuşici (Əli İsfəndiyari. 1895-1961) bu ölkədəki
yeni şeir hərəkatının banisi saymışlar. Nima
Yuşic özü isə ədəbiyyatda məhz bu xətti
tutması, şəkildə və məzmunda təzə
şeir dəsti-xəttinə bağlanmasının Həbib
Sahirin ona bilavasitə təsiri ilə bağlı olduğunu
etiraf edib.
Bütövlükdə İran şeirində, özəlliklə
Güneyin anadilli poeziyasında həm ifadə tərzi, həm
məzmunu ilə büsbütün seçkin və yeni,
keçmişdəkilərə qətiyyən oxşamayan Həbib
Sahir irsindən daha bir şeiri öz səsində dinləyirəm.
Oxuduqca, qulaq asdıqca bir daha əmin olursan ki, Sahir
yenilikçiliyi Güney sözü və zövqü tarixində
hələ qiyməti gərəyincə verilməmiş
müstəsna ədəbi-mədəni hadisədir. Gerçəkdən
də o, Güney ədəbiyyatına elə gözlənilməz
dalğa və yüzillərcə oturuşmuş, xeyli cəhətdən
də nimdaşlaşmış bir para ənənələrin
yaxşı yeni ilə əvəzlənməsini zəruri edən
axın kimi gəlib ki, gərək bu fenomen özü də,
onun Güneydəki düşüncəyə təsirləri
də həm eninə, həm dərininə
araşdırıldıqca araşdırıla. Hələ biz
Sahirin əsl böyüklüyündən bixəbərik.
Yalnız Sahirin nələri gətirdiyini, hansı
faydaları verdiyini aydınlığı ilə görəndən
sonra onun qiymətini də, kimliyini də daha düzgün
müəyyənləşdirə biləcəyik. Bircə
Sahirin bu şeirini dinləyin ("Oxuyun" yazmıram ona
görə ki, mən də bunu Ustadın öz səsində
dinləyirəm və bir daha anlayıram ki, öz ifasında
bu şeirdəki tablo həm daha yaxşı
görünür, həm daha yaxşı eşidilir, həm
daha yaxşı duyulur. Amma oxuduqca mən eşidən səsləri
siz də hökmən eşidəcəksiniz. Çünki
Sahirin hər şeiri sadəcə şeir deyil ki, bu, Sahirin
Küçəsidir, bu, Ustadın ÖMÜR
FİLMİNİN növbəti hissəsidir:
Quzeydə qızıl dağlar gülər üzə.
Güneydə Səhənddir, üstündə qar.
Səhərlər günəş döyər
qapıları,
Axşamlar divarları şəfəq boyar.
Uçarkən qaranquşlar havasında,
Sərçələr deşiklərdə yuva qoyar.
Küçəmiz döşənib bir çay
daşıyla.
Başmağın səsləndirər gəlib-gedən.
Od çaxar gecə vaxtı at nalından
Araba keçərkən küçəmizdən.
Məhəllə divarları palçıqdandır,
Ağaclar saçaq sallar divarlardan.
Görünər bəzən uca pəncərədən
Bir gözəl, qaraşın qız, zülfi əfşan.
...Süzülər gecələrin sükutunda
Ağaclar arasından Ay işığı.
...Köhnə börk, paltar alan, yoğurt satan
Səhərdən-axşamadək gəlib-gedər.
Payızda tökülərkən yapraq yerə
Bir neçə qonşu qızı gəlin gedər.
...Küçəmiz bir parçadır aləmlərdən.
O yerin çirkinliyin xiyal qədər
Ruzigar təng olsa da,
Ellər yenə qatlanar dərd-qəmə,
Küçəmiz uzun küçə, buruq-buruq
Uzanar günbatandan qərbə sarı...
...2017-nin payızında bir güneyli rəssam
qonağım idi - Müctəba Naxçıvani. Söz
dolanıb-dolanıb gəlib çıxdı Sahirin
üstünə. Bunun öz səbəbi vardı.
Çünki bu rəssamla görüşmüşdümsə,
Sahir söhbəti gərək mütləq açıla idi.
Axı Müctəba tək-tək rəssamlardan idi ki, vaxtilə
Sahirlə görüşmüş, onun portretini işləmişdi.
Keçmiş rəssamlar kimi yox, yeni zamanın fırça
ustaları kimi. Keçmişlərdə portreti çəkilən
şəxs hər gün saatlarla rəssamın
qarşısında oturardı, sənətkar baxardı,
çəkərdi, bəzən bir portretin başa gəlməsi
aylarla sürərdi. İndi nədir ki! Adamın çoxlu
hazır fotolarını götürürlər, ya rəssamlar
özləri fotoaparatımı, telefonun kamerasınımı
işə salırlar, sonra da əllərinin altındakı
şəkillərdən birini seçib böyüdürlər,
orasını-burasını düzəldirlər, adı olur
portret.
Sahirin şeirləri görümlü olan kimi, ifadəli
sifəti də rəsm üçün çox
yatımlı idi. Yapışılası nöqtələr, əlamətlər,
səciyyəvi cizgiləri bol olduğundan belə
çöhrə qabil rəssam üçün elə
hazır hədiyyə kimi idi. Çəkəcəyin surətin
özündə olana bir az da ilhamını, təxəyyülünü
qat, bəyənilən əsər yaransın. Ancaq nə
yazıq ki, Həbib Sahirin çəkilməmiş portretləri
də rəssamların qaçırdığı fürsətlərdəndir.
İndi kim çəksə, yəqin, elə fotolara
arxalanacaq, Sahirin şəkilləri isə lap az qalıb,
qalanlarda da sən deyən keyfiyyət yoxdur.
Müctəba Naxçıvani Ustadla 1980-ci illərin
ortalarına yaxın görüşmüşdü. O vaxt ki,
şairin əbədi gedişinə az qalırdı. Deyir ki,
məni Ustadın yanına Hüseyn Düzgün apardı. O
vaxt Müctəba xeyli gəncmiş - 22-23 yaşlarında.
Hüseyn Düzgün onu Sahirə təqdim edəndən,
qabiliyyətli gənc rəssam olduğunu söyləyəndən
sonra rica edir ki, fotolarınız varsa verin, onların əsasında
işləsin. Müctəba xatırlayırdı ki, bu
sözləri eşidəndə Sahir hövsələsizcə
qayıdır ki, heç bir əksim yoxdur.
Müctəba belə düşünürdü ki, yəqin,
Ustad gəncliyimə baxdı, məndən gözü su
içmədi, ona görə belə dedi. Amma mənim fikrimcə,
Sahiri darıxdıran yanaşmanın özü, portret
çəkməyə belə sadəlövh yanaşma idi.
Axı o özü həm də rəssam idi.
Belə olanda Müctəba kağız-qələm
istəyir, başlayır karandaşla Sahirin portretinin eskizini
çəkməyə.
"Kağız-qələm istəməyinə istəmişdik,
amma ürəyimdə Allaha yalvarırdım ki, kaş
qarandaş olmaya, əlimə bəhanə düşə,
çəkməyəm, çünki Ustadın zəhmi məni
basmışdı. Ancaq kağızla qarandaş gətirdilər,
Sahir də sakitcə dayanıb mənə işləməkçün
şərait yaratdı. Baxdım, çəkdim, əvvəlcə
Hüseyn Düzgün aldı baxdı, başıyla təqdir
etdi, vərəqi uzatdı Ustada. Sahir aldı baxdı, birdən
durdu ayağa, getdi, az sonra qayıtdı, özü ilə bəlkə
50 dənə əkslərindən gətirdi, dedi ki,
hansını istəsən seç. Bir dənə də
özünün "Səhər işıqlanır"
adlı şeir kitabını gətirdi, imzaladı, uzatdı
mənə. "Ağayi Muctaba Naxçıvaniyə
ithaf" yazmışdı, il 1360 idi. Yəni olur 36 il qabaq.
Əkslərindən də birinin arxasında yazdı,
uzatdı mənə. İndi çox heyifsilənirəm ki, o
zaman yanımda makinam yox idi ki, birlikdə əks alam. Bir təəssüfüm
də bu idi ki, gərək etdiyim eskizin altında da nəsə
yazmağını xahiş edəydim. Hiss edirdim ki, mənə
münasibətinin bir neçə dəqiqə ərzində
belə mehribanlaşması çəkdiyimi bəyənməsi
ilə bağlıdır".
Bu, rəssamın Ustadla ilk və son
görüşü idi.
Artıq həmin eskizin əsasında yağlı boya ilə
çəkdiyi portreti görmək Sahirə nəsib olmur.
Amma inanıram ki, Sahirin portretlərini yaratmaq istəyənlər
bu gün və sabah hələ çox olacaq.
Nəinki Həbib Sahiri görməmiş, hətta
heç fotolarına baxmamış rəssamlar da elə
şeirlərini oxumaqla onu görəcəklər və surətini
yaratmağa çalışacaqlar. Fotolarına da baxmağa
ona görə çox can atmayacaqlar ki, birdən həmin
şəkillər onları çaşdıra bilər.
Şeirlərindən duyub gördükləri Sahir surəti
onlara daha doğruçu gələcək. Solmaz şeirləri
ilə həm özünün, həm millətinin, həm
yurdunun, həm də dövrünün ən həqiqi portretlərini
doğurmuş Söz Rəssamı Həbib Sahirdən daha
yaxşı bu portretləri kim yarada bilər ki!
22 sentyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.-28 sentyabr (№177).- S.10-11.