Vədəsiz gediş - hüdudsuz həsrət
Qənirə Paşayevanın vəfatından bir il
ötdü
Ötən ilin bu günü, məhz bu saatlarında əllərimiz
göydə, gözümüz telefonda, televizorda bir xoş xəbər
ümidində idik. Cəmi bir neçə gün idi,
suverenliyini bərpa edən, Xankəndini, Xocalını
işğaldan azad edib öz ədalətini özü yazan
xalq kimi xoşbəxtliyin zirvəsinə qalxmışdıq.
Amma elə həmin gün aldığımız dəhşətli
xəbər bizi o xoşbəxtlik zirvəsindən yerin yeddi
qat dibinə çırpmışdı. Bu qələbəni
bəlkə də hamımızdan çox gözləyən,
Qarabağ həsrətini iliyinə, hər hüceyrəsinə
qədər çəkən, illər boyunca haqq səsimizi
dünyanın kar qulaqlarına hayqırmaqdan yorulmayan cəsur
millət vəkilimiz, fədakar xanım Qənirə
Paşayevə qəfil komaya düşmüşdü. Nə
baş verirdi, nə olurdu?! Həqiqətənmi bunca il
enerjisinə heyran olduğumuz, yorulmazlığını, cəldliyini,
çevikliyini özümüzə örnək
aldığımız bədən iflas etmişdi, təslim
bayrağını çəkmişdi? Yox, belə
olmamalı idi? Yəni elə bu gün, elə bu saatda? Axı
bu günü yaşamaq ən çox o bədənin, ən
çox o ürəyin haqqı idi.
Sentyabrın 23-dən 28-nə kimi gözümüz
yaşlı, əllərimiz çarəsiz
yapışdıq Allahın ətəyindən, bir ümid,
bir işıq umduq. Heç olmasa, bircə kərə
gözlərini açsın, qulaqlarına "Xocalı
azaddır" pıçıdaya bilmək üçün
yalvardıq. "Qoy bu həsrətlə gözlərini
yummasın" - dedik. Olmadı... Nə yazıq ki,
olmadı... "Yazıya pozu yoxdur" - deyiblər. Onun da
yazısı yazılmışdı artıq, köç
karvanı yola düzəlmişdi. Yolu isə uzundu,
işıqlıdı, əbədiyyətdi... Bizi
qaranlıqlar içərisində qoyub yürüdü nura
doğru qənirsiz Qənirəmiz...
Bu gün dəyərli ictimai-siyasi xadim, millət vəkili,
Milli Məclisin Mədəniyyət Komitəsinin
keçmiş sədri Qənirə xanım Paşayevanın
vəfatının birinci ili tamam olur. Onun beş günlük
koma zamanında iki dəfə vəfat xəbəri yayılsa
da, ikisi də yalan çıxmışdı. Mübariz
qadın ölümlə də mübarizədə idi. Amma 28
sentyabr günü axşam saatlarında çıxan növbəti
ölüm xəbəri nə yazıq ki, doğru idi. Xəstəxanada
həsrətlə şad xəbər gözləyən
dostumuzun kədərli, pıçıltıya oxşar səsi
sadəcə "heyif" deyə bildi. Hamımız
üçün bəs idi bu söz. "Heyif"... Bu
ölümü, bu gedişi ifadə edən başqa söz
yox idi lüğətimizdə, qəlbimizin
yanğısını dilə gətirəcək baş
söz icad edilməyib hələ. "Heyif..." Uzun illərin
sevgisi, zəhməti, can mücadiləsi o gün bircə
sözə sığdı beləcə.
Qənirə Paşayeva haqqında, onun şəxsiyyətini,
yaradıcılığını təsvir edəcək məqalələr
nə çoxdur. Var, yazılıb və bundan sonra da
yazılacaq. Amma Qənirə xanım istər jurnalistika fəaliyyətində,
istərsə də millət vəkili, ictimai xadim kimi o qədər
xalqa, ictimaiyyətə açıq şəxsiyyət idi ki,
onun gördüyü işlərdən, fədakar fəaliyyətindən
xəbəri olmayan vardımı?! Bəli, vardı, onun
gördüyü xeyriyyə işlərindən xəbərsizdi
çoxları. O, təkcə yaxşılıqlarını,
xeyirxah əməllərini gizlicə, sakitcə görərdi,
kimsə bilsin istəməzdi. Birindən xəbər tutanda,
beşini bilməzdik, görməzdik. Sonralar nə vaxtsa
hardasa təsadüfən eşidərdik, heyrətlənərdik.
Etdiyi yaxşılığa yox, hamıya, hər kəsə,
hər şeyə yetə bilən enerjisinə, diqqətinə,
qayğısına, ümman boyda böyük qəlbinə...
Qənirə Paşayeva özündən sonra gələn
gənclərə, xüsusən qızlara cəsurluq örnəyi,
fədakarlıq örnəyidir. İşini sevməyi, vətəninçün,
xalqınçün canını belə qurban etməyi,
ölümün gözünə dik baxmağı, saat dəqiqliyi
ilə işləməyi biz ondan öyrəndik. Həm də
ondan təvazökarlığı, mehribanlığı,
insansevərliyi öyrəndik.
Bu gün bu sətirləri yaza bilməyimin ən
böyük səbəbkarıdır Qənirə
Paşayeva. İran-İraq müharibəsində
başına bombalar yağmasına rəğmən,
Bağdaddan etdiyi canlı yayımlar onu televizorun
qarşısında heyrətlə izləyən
qızcığazın qəlbinə jurnalistika sevgisini elə
saldı ki, bir daha bu sevgidən qurtula bilmədi və illər
sonra hətta əzmi sayəsində öz kumiri ilə
görüşmək, bir jurnalist kimi işləmək
şansı da qazandı. O vaxt o ekrana baxarkən ağlına
gələrdimi ki heyranı olduğu jurnalist illər sonra onu
bir jurnalist kimi sevəcək, ona inanacaq?! Yox, əlbəttə.
Bu, taleyin işi, sevginin gücü idi.
Çox heyif ki, həmin tale bizə həmin sevgini
çox gördü. "Hər bir insan bu dünyaya bir
missiya üçün göndərilir və missiyası
tamamlananda gedir" - deyirlər. Kimi missiyasını 70-80 ilə
tamamlaya bilməzkən, görünür, Qənirə
xanım bütün vəzifələri, missiyaları kimi,
ilahi missiyasını da tez, vaxtından çox-çox əvvəl
tamamlamağı bacardı. Elə buna görə də
vaxtsız, vədəsiz, kimsənin ummadığı, inanmadığı
zamanda qəfil çıxıb getdi. Eeh... Onun kimi
insanların gedişi nə zaman vaxtlı olub ki...
Ruhu şad olsun!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2024.-28 sentyabr (№177).- S.8.