Bir şəhərin hekayəsi
Zülfü Livanelinin "Leylanın evi"
romanından yaddaşımdan asılı qalan bir sözü
var. Deyir ki, "Paris güzel bir salon, Londra güzel bir park,
Berlin güzel bir kışla, ama İstanbul güzel bir
şehirdir". Həqiqətən də, İstanbul gözəl
şəhərdir. Kəşfə çıxırsan, elə
hey nələrsə tapırsan, axtardıqca daha da dərinlərə
enirsən. Bu dərinliyin fərqinə vardıqca fikirləşirsən
ki, dibini görən olmayacaq. Lay-laydır, bəzən
bumeranqdır, bəzən əyri-üyrü, bəzən
dümdüz... Bütün millətlərin bir-birinə
boyandığı yerdir bura. Bütün rənglərin
bir-birinə qarışdığı kimi. Sanki bu şəhərdə
göyqurşağı göylərdə yox, yerlərdən
doğur.
Qarışıq iqlim, çılğın şəhər
İqlimi də özünə oxşayır. Məsələn,
səhər leysan yağır, günorta günəş
çıxır, axşam qarlayır. Ertəsi gün
baxırsan ki, bir gün içində baş verən bu təbiət
hadisələrinin üçündən də əsər-əlamət
yoxdur. Əksinə, səma tutqun şəkildə qaş-qabağını
tökərək sənə baxır. Bu qədər
çılğın, dəli-dolu, nataraz şəhərin təbiətindən
stabillik gözləmək təbii ki, absurddur. Bəzi ölkələrdə
şəhərlər insanlara ayaq uydurur, amma bura elə bir
yerdir ki, hər kəsi özü ilə ayaqlaşmağa
vadar edir. Özünü sənə "ürəyindən"
necə keçirsə, elə təqdim edir, sanki "istəsən
də budur, istəməsən də" deyir. Başqa
seçim haqqı da vermir. Getmək, onu tərk etmək?!
Əslində bu da seçimlər arasındadır. Baxır,
nə qədər qərarlısan və bunu nə dərəcədə
bacaracaqsan. Əgər belə bir xəyala düşmüsənsə,
İstanbulun dodaqlarına istehzalı bir təbəssüm
qonur və sənə göz qırpır, bilir ki,
dönüb dolanıb yenə ona qayıdacaqsan.
Yarışan qiymətlər
Qiymətlərdən danışsaq, yetişmək
olmur. Hətta deyərdim ki, qiymət artımı həyat
axarından daha surətli hərəkət edir. Bezgin və
tükənmiş insanlar daha çox nəzərə
çarpır. Taksilər desən, şəhərin
"üz qarasıdır". Təbii ki, aralarında
vicdanlı olanlar var, amma onlara da həftədə, ayda bir dəfə
rast gəlirsənsə, çox şanslısan. Ancaq məsələ
burasındadır ki, hər şeyə rəğmən,
İstanbul gözəl şəhərdir. Ümumiyyətlə,
dərin və kəşfə çıxdıqca yeni nələrsə
tapdığın hər şey gözəldir. Eynən
müdrik bir insan beyni kimi...
Buraya qədər bəhs etdiklərim şəhərin
Avropa yaxasındadır. Xalqların daha çox bir araya gəldiyi
yerdə. Ancaq Asiya yaxası bambaşqadır. Xüsusilə
Kadıköy, istiliyin, ləzzətin, dostluğun, səmimiyyətin,
xeyir güdmədən qurulan münasibətlərin mərkəzidir.
Qatqısız gözəlliklər var burada. Məsələn,
Taksim gecələri deyəndə ağıla xaotik durumlar,
şiddət, qırıb dağıtmaqlar gəlir, ancaq
Kadıköy gecələri kimsənin bir-biri ilə işi
olmadığı, normal söhbətlərin edildiyi yerdir. Bəzən
Kadıköy bazarına gedirəm, özümü uşaq
vaxtı izlədiyim "Yeşilçam" filmlərində
hiss etmək üçün. Üzümdə bir təbəssüm
yaranır. Sözsüz ki, qiymət yüksəlişi burda
da var. Amma Avropa yaxasındakı qədər fantastik,
şişirdilmiş şəkildə deyil.
Dostluğun, səmimiyyətin mərkəzi
Kadıköy, İstanbulun Anadolu yaxasında yerləşir.
Buraya hər növ nəqliyyat vasitəsi ilə gəlmək
mümkündür. İstanbulun köhnə yerlərindəndir.
Müasir və qədim bir çox memarlıq abidələrinə
sahiblik edir. Kültür və sənət baxımından zəngin
bir səmtdir. Qarşı tərəfdəki gərginlik və
təlaş burada elə də çox müşahidə
edilmir. Hər tərəfi sənət qoxur. Kadıköy
çarşı, Moda sahili, Bahariyə caddəsi, Barlar
küçəsi, Sürəyya operası burada görülməyi
vacib olan yerlərin ilk sıralarında gəlir. Səmt,
restoranları, kafeləri, barları, dillərə dastan ləzzətləri
ilə məşhurdur.
Məsələn, Bağdat caddəsini görməyən
də tanıyır. Yəni adını bilir.
Kadıköyün məşhur alış-veriş yerlərindəndir.
Küçə boyu lüks mağazalar, restoranlar, kafelər
mövcuddur. Kalamış körfəzində yerləşən
Fenerbahçe Kalamış Marina, Boğaza yaxın bir məsafədə
yerləşir. Yaxtalara ev sahibliyi etməklə yanaşı,
yelkən klubunun təşkil etdiyi yarışlar
üçün də açıqdır. Mənzərəsi
isə dillərə dastandır.
Fazıl Sayın Cemal Süreya ilə ilk macərası
Moda Sahili isə oxunmağı gözləyən bir
"kitabdır". Üstəlik, Moda Sahilində möhtəşəm
dəniz mənzərəsi var. Hələ bir vaxtlar Cemal
Süreyanın da buralarda gəzib-dolaşdığını,
bu səmtdə yaşadığını biləndə insan
daha da həyəcanlanır və duyğulanır.
Öz-özünə düşünürsən, görəsən,
şeirlərində də bəhs etdiyi "çərşəmbə
günləri"ndə gizli sevgilisi ilə bu kafelərdən
hansında otururdu?! Yeri gəlmişkən, bir dəfə dəyərli
dostum Fazıl Say, Cemal Süreyanın atası Ahmet Saya
yazdığı məktubu mənə göndərmişdi.
Məktubda tezliklə görüşməli
olduqlarını, lakin həmin günün "çərşənbə
günü" olmamağını xüsusi olaraq
vurğuladığını oxumuşdum. Bir Süreyasevər
olaraq şeirlərində dəfələrlə rast gəldiyim
bu müəmmalı günü məktubda da görəndə
beynimdə sual işarəsi yarandı, Fazıl Saydan
soruşdum, güldü, biraz da duyğulandı, sən demə,
şair, çərşənbələri sevgilisi ilə
görüşdüyü üçün o günləri həmişə
boş saxlayırmış. Hətta görüşlərdən
bir-ikisinə Ahmet Sayın yaxın dostu Cemal Süreyaya əmanət
etdiyi, o vaxtlar çox balaca olan Sayı da aparıbmış.
Cemal Süreyanın adını daşıyan küçələrdən
keçmək, onun yaşadığı yerdə olmaq
insanı qəhərləndirir. Bəlkə də, həyatının
nə qədər çətin və qalmaqallı
olmağı yadıma düşdüyünə görə
belə hiss edirdim. Ömrü də yaşadığı həyat
kimi sonlandı, təəssüf ki...
Yeri gəlmişkən, sənətinə vurğun
olduğum, çox dəyər verdiyim karikaturaçı
Gürbüz Doğan Ekşioğlu da Modada yaşayır.
Dörd tərəfindən sənət fışqıran,
mükəmməl və anlamlı tabloların, əsərlərin
yerləşdiyi atelyesini ziyarət etmək, onunla söhbətləşmək
başlı-başına bir zövqdür. Bu haqda növbəti
sayların birində ətraflı yazacam. Fikrimcə,
dünyada tanınan, Azərbaycanda elə də çox bilinməyən
bu böyük sənətçinin nələr
yaratdığından hər kəs xəbərdar
olmalıdır.
Modada "Cherrybean Coffee" buraların ən
yaxşılarındandır. İstər dizaynı, istərsə
də xidməti ilə insanda xoş ovqat yaradır.
"Asuman", "Muaf", "Sayfiye", "Kemal Ustanın yeri"ndə
şirniyyatlar, dondurmalar ləzzətin sonsuzluğunu bir daha
xatırladır sənə. "Moda Ailə çay
bağçası" isə hüzurun yuvasıdır. Səssiz,
ağacların arasında gözəl bir yerdir. Buğa heykəli
ilə şəkili olmayan var, görəsən? Doğrudur, mənim
yoxdur. Amma səmtin simvoluna çevrilib. Heykəl
görüş yerlərinin bir nömrəli adresidir.
Sahildən boylanan gözəllik
Kadıköydə görülməyə layiq yerlərdən
növbətisi Bahariye caddesidir. Bahariye caddesini ikiyə bölən
tramvay səsi sizi çox uzaqlara apara bilər. Burdan sənətçilər
küçəsinə dönüb sənət atelyelərini,
qalereyaları görmək olar. Şansınız varsa,
getdiyiniz ərəfədə Nazım Hikmet Kültür Mərkəzində
bir tədbirə də qatılar, hər hansı günlərdə
isə kafesində bir çay, qəhvə içə bilərsiniz.
Art-deko tərzli, 1927-ci ildə inşa edilən
Süreyya Operası isə bir incidir. Mərmər dizaynı
ilə əsrarəgiz görkəmə sahibdir. İç
dekorasiyası isə basil-başına bir sənətdir.
Seriallarda, filmlərdə İstanbulun seluetini göstərmək
üçün mütəmadi istifadə edilən abidədir
Haydarpaşa Garı. Bina o qədər gözəl, elə əsrarəngizdir
ki, "kaş, buradan bir qatar keçərdi, əyləşib
çıxıb gedərdim" deyirsən özün
özünə, hara olduğunu bilmədən, hara aparsa, ora
getmək keçir içindən. Uzun zamandır restavrasiya
üçün qapadılıb. Amma bərə ilə
düz qarşısından keçirsən. Əzəməti
qarşısında ləpə-ləpə olursan.
Ayia Efimia Kilisəsi çoxlarının önündən
keçib getdiyi, fikir vermədiyi qədim Rum Ortodoks kilsəsidir.
Yeldəyirmanı səmtində yerləşir. Yeldəyirmanı
adlı yerdə isə köhnə Rum evlərini görmək
olar. Tarixlərin, millətlərin bir-birinə
qarışdığını, haradan haraya gəlindiyini
düşündürür buralar insana.
Təbii ki, bura qədər gəlib, İstanbul Oyuncaq
Muzeyini görmədən qayıtmaq "qəbahət"
olar. Bura Göztəpə səmtində yerləşən
özəl bir mülkdür. Türkiyənin ilk oyuncaq muzeyi
sayılır. Çoxları bilir, amma bilməyənlər
üçün də qeyd edim ki, Sunay Akın tərəfindən
qurulub. İçəridə dörd mindən çox oyuncaq
var. Hətta deyərdim ki, bura Sunay Akının əl əməyi,
göz nurudur. Sadəcə uşaqlar üçün deyil,
böyüklərin də zövq alacağı yerdir.
Özgürlük parkı, Akmar pasajı, Caddebostan
sahili, Barlar sokağı da görülməyə dəyər
yerlərdir. Məsələn, Caddebostanda yerləşən
Ragıp Paşa Köşkü gözəlliyi ilə görənləri
heyran edir. Xalq arasında köşkün pərili olduğuna
dair söz-söhbətlər var. Ağacların arasından
ucalan bu ağappaq köşk uzun zamandır boşdur. Bəlkə
də buna görə, insanlar bu qədər rəvayətlər
uydururlar. Gözəl və yalnız olanların taleyi budur deyəsən,
insanlar bağışlamırlar ikisinin bir arada
olmağını. Əks halda uydurduqca uydururlar. Fərqi
yoxdur, insansan, yoxsa gözəl və yalqız bir köşk!
Sənətlə yoğrulmuş səmt
Moda Səhnəsi isə sənət sevərlərin
sevimli adresidir. Bura Tarixi Moda kinoteatrının
restavrasiyasından sonra əmələ gələn
kültür kompleksidir. Səhnədə konsertlər, teatr
oyunları təşkil edilir. Hətta bu yaxınlarda ipək kimi səsi
olan, bir çox böyük şairlərin sözlərinə
mahnılar oxuyan, bəstələyən dəyərli dostum
Ozan Çobanın konsertində iştirak etdik.
Sayğıyla andıq Pir Sultan Abdalı, Ömər Xəyyamı,
Federiko Qarsiya Lorka və digərlərini.
Kadıköy rəngli, həyəcanverici yerdir. Qeyd
etdiyim kimi, Avropa yaxası ilə bura arasında dağlar qədər
fərq var. Avropa yaxasında olarkən sənə elə gəlir
ki, bu tərəfdə yaşana biləcək hər şey
yaşanıb, gözləntilər tükənib, insanlar
yorulub. Ancaq Asiya Yaxasında sanki can verən ümidin yenidən
dirçəlir. Taksi sürücüsündən
satıcısına qədər məmnuniyyət hiss edirsən.
Burada satıcı pusquda dayanıb turist ovlamaq
üçün əllərini ovuşdurmur,
sürücülər ərəb müştəri
qovalamır, "ora getmirəm, bura aparmıram" demir.
Əlbəttə, bura "süddən
çıxmış ağ qaşıq" deyil, neqativlər
də var. Amma mənə elə gəlir ki, qarşı tərəfdəki
qədər deyil və burada hər kəs öz işi ilə
məşğuldur. Təbii ki, bunlar sadəcə mənim
müşahidələrimdir. Çünki heç bir şey
göründüyü kimi deyil, hər şeyin iki
üzü, hər nəsnənin bir hekayəsi var, hər
insanda olduğu kimi.
Yeri gəlmişkən, hər şeyə rəğmən,
İstanbul İstanbuldur. Eynən Zülfü Livanelinin dediyi
kimi, "Paris güzel bir salon, Londra güzel bir park, Berlin
güzel bir kışla ama İstanbul güzel bir
şehir".
Türkan TURAN
525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.21.