Mümkünsüzün
cazibəsi
Esse
Yer-göy yaranandan Adəm oğlu
mümkünsüzün cazibəsi ilə yaşayıb. Elə
hey "olmazların" inadkarı olub. Bu səbəbdən
cənnətdən qovulub, bəs etməyib, Yerin də
künc-bucağına dağılıb. Göylərdən əlini
üzüb, Yerdə öz cəhənnəmini, cənnətini
yaradıb. Xislətində qürurun və zəfərin
alaçiy rənglərinə qarışmış inad
rüzgarları gəzdirib həmişə.
Ən yaxşını, ən böyüyü, ən
əlçatmazı arzulayıb, möcüzəvi olanlar onu
maqnit kimi özünə çəkib. Piramidalar tikib: bir
deyil, on deyil, bütün qitələrdə rastımıza
çıxır. Ya dağılmış halda, ya da tarixin
ağır zərbələrinə sinə gərib
sapsağlam, tikildiyi gündəki kimi. Asma bağlar salıb,
insan, quyular qazıb, dağı dələrək içindən
keçib, dənizi torpaqla dolduraraq göydələn tikib,
bir sözlə, özünün inkişafını, yüksəlişini
belə şeylərlə kiməsə, ya da nəyəsə
sübut etməyə çalışıb.
Yadımıza salaq, bir ovuc qitədə yaşayan, bir
dildə danışan, bir dində olan, eyni şeyə
inanıb, eyni mədəniyyəti var edənlər birdən-birə
niyə bir-birinə qənim kəsildi, düşmən oldu?
Babil miflərinin ən yaddaqalanı, dünyanın
yaradılışını ən bəsit yolla izah edən həmin
rəvayət bu sualın qısa, konkret cavabını verir.
İnsanlar göyləri də zəbt etmək fikrinə
düşüb, Babil qülləsini inşa etdilər,
Tanrıya çatmaq, onun məqamına varmaq istədilər.
Tanrı qəzəbləndi, Babil qülləsini
dağıtdı, insanların ortaq dilini aldı, onları
dünyanın dörd yanına səpələdi, fərqli
dil, din, rəng verdi. Beləcə, tarix İlahi komediya
dövrünü Bəşəri komediyaya dəyişdi.
Gəldiyi yerin intizarı, itirilmişliyi insanı həmişə
narahat etdi, daim ora can atdı. Ayasofyanı tikdirən Bizans
kralı, Süleyman peyğəmbərə göz
dağı vermək üçün, Qədim Dünyanın
ən böyük məbədini inşa etdirdi.
"Süleyman, səni məğlub etdim" deyib qəhqəhə
çəkəndə babalarının qisasını
almışcasına zəfərini qutlayırdı. Nəticə:
nə Süleymanın oldu dünya, nə də Bizansın
gözü dönmüş kralının.
Yaqubla Əsədin, Habillə Qabilin hekayəsi isə
dünya malının, dünya
hökmranlığının vaxt keçdikcə səmaları
unutdurduğunu göstərir. Əvvəl-axır insan
göylərdəki cənnətindən əlini üzdü.
Yerə məhkumiyyəti ilə barışdı. Sonra da
burada ən böyük olmağın xiffətini çəkdi.
Mədəniyyətlər, müharibələr onun əzəli
hisslərini dəyişdi, insan ali varlığa
çevrildikcə müqəddəsliyini itirdi. Təbiətə
üstün gəldi, Buz dövrünü keçdi,
qaranlıq gündüzləri geridə qoydu, heyvanların ən
vəhşisini əhliləşdirdi, yazmağa
başladı, satdı, siyasəti, iqtisadiyyatı kəşf
etdi, öz içində bölünə-bölünə ən
anlaşılmaz varlığa çevrildi. Öz
"tanrısını", öz "iblisini" uydurdu.
Xeyirlə Şərin mübarizəsində, gah Xeyir tərəfdə,
gah da Şərin ordularında yer aldı.
Min illər keçdikcə insan öz
yaratdıqlarının əsirinə çevrildi.
Qazandıqca əlində olanların sehrini itirdi insan.
İtirdiklərinə həsrətlə baxdı. Məyusluq,
göz yaşı tərk etmədi Adəmin
övladlarını. Özü yaradana çevrildi, tarixin ən
ümdə günlərini keçirdi, lakin keçmişə,
xatirələrə ilişib qaldı hər dəfə
yorulanda. Gələcək onun gündüzlərinin,
keçmiş gecələrinin xəyalları oldu. Nəyə
əli çatmadısa, onun ardınca qaçdı.
Münasibətlərdə də belədi. İnsan ki
var, nankorluğun əbədi heykəlidir. Nə olmursa, nə
alınmırsa, onun üçün mübarizə aparır,
qazandıqlarını isə əlinin tərsi ilə itəliyir
kənara. Buna görə, sevgi əfsanələri də,
günümüzün fəsfud münasibətləri də
nagüman hisslərin, ümidsiz gözləmələrin,
darıxmaqların ixtiyarına verib gözəl günləri.
Dəyişən heç nə yoxdur. Hisslər öz məcrasında
eyni qalıb. Formalar dəyişib. Məktublar mesajlara,
görüşlər videozənglərə çevrildikcə,
məsafələr daha çox artdıqca, ayrılıqlar dərinləşdicə,
biz yenə bizim olmayanı gözləməyi seçirik.
İnsan bu baxımdan özünə qarşı
mazoxistdir həm də. Ağrı çəkməyi, iztirab
içində qıvrılmağı xoşlayır. Sənət
də bunların qovşağında
yaranmamışdımı? Müharibələr də bu hisslərə
həsrətin nəticəsi deyildimi? Sanki tarixin əvvəlində
Habilin, Əsədin, Yusifin çəkdiyi ağrıların
üzərində bərqərar oldu bəşəriyyət,
mədəniyyət və tarixin sonunacan da davam edəcək
bu hayqırışlar. Hər dəfə müharibə,
bombalanma xəbəri oxuyanda gözlərimizin önündə
dayanır o rəvayətlər. Biz xatırlamasaq da,
şüuraltımız, genimiz kim olduğumuzu, hardan gəlib
hara gedəcəyimizi çox yaxşı bilir. Rahatlıq
tapmayan adamların ağrıları da buna görədir. Elə
hey xatırlayırlar.
Bədbinliyə, üzüntüyə, kədərə
meyl də buradan gəlir. Xoşbəxt anlar tez
yadımızdan çıxır. Həyatımızın ən
gözəl neçə gününü
xatırlayırıq? İki, bəlkə də üç.
Amma başımıza gələn bütün faciələri
əzbər danışa bilərik. Neçə uğursuz
günümüz olubsa, hamısı xatirimizdədir. Sanki
insan beyni, vücudu da buna görə sistemləşib.
Depressiv, stress halında günləri bir-birinə calaya-calaya
ömür sürür. Yeni dünya buna bir az da artıq zəmin
yaradır. Günlərlə evindən çölə
çıxmayıb, özünü monitorların və sadəcə
rəqəmlər və hərflərin qurduğu dünyaya əsir
edən asosial canavarların erasında yaşayırıq.
Ona görə canavar ki, bu asosiallıq, bu depressiya, bu
lüzumsuz inadkarlıq, altı boş iddialar
yığını, boşuna axan enerjilər insanları
aqressivləşdirir. Öz yaratdığı mədəni
dünyada vəhşi birinə çevrilir. Rahatlığa
alüdə olduqca həyat sürətlənir, hər şey
tələsir, istədiyi yerə tez çatmaq istəyir
insan. Çatmayanda dəliyə dönür. Yüz il əvvəl
həyəcan, adrenalin insan üçün xeyirli bir vasitə
idisə, bu gün adrenalin çoxluğu, həyəcan
axtarışı bizi məhv edir.
Bir sözlə, nəyi əldə etmiriksə, onun əsirinə
çevrilirik. Və bu əsirlik yuxarıda yazdığım
kimi bir göz qırpımında sürətlə keçib
gedən həyatımızı bozlaşdırır. Hər
şeyin ən yaxşısı üçün əziyyət
çəkmək ifadəsini yanlış anlayıb, hər
şeyin ən yaxşısı üçün əlimizdə
olan hər şeydən imtina edəcək qədər
lazımsız qürura və inada bürünürük.
İndi də deyirlər ki, beş-on ilə
hamılıqla süni intellektin əlinə baxacağıq,
onun nazı ilə oynayacağıq. Bəs sonra?..
Rəvan CAVİD
525-ci qəzet .- 2024.- 20 yanvar, №11.- S.17.