Müstəqillik
yolunun dönməzlik dərsi
SSRİ-nin rəhbəri Mixail Qorbaçovun və Azərbaycan
KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun
yarıtmaz siyasəti nəticəsində 1990-cı ildə
baş vermiş qanlı 20 Yanvar faciəsi respublikada
ağır və mürəkkəb bir hərbi-siyasi
böhranın yaradılması ilə nəticələnmiş.
Azərbaycan xalqına qarşı 20 yanvarda qanlı terror
hadisəsi həyata keçirilmişdir. Qeyd etmək
lazımdır ki, əvvəla, Sovet İttifaqı rəhbərliyinin
Gürcüstanda və Pribaltikada həyata keçirdiyi terror
hadisələri ilə müqayisədə Azərbaycanda
baş vermiş 20 Yanvar faciəsi daha genişmiqyaslı və
ağır nəticələri olan faciə idi. İkincisi, 20
Yanvar hadisəsi zamanı həm də respublikanın əsas
informasiya mərkəzi olan Dövlət-Radio və Televiziya
Verilişləri Komitəsinin yayım mərkəzinin
dağıdılması ilə Azərbaycan informasiya
blokadası vəziyyətinə salınmışdı.
Üçüncüsü isə Sovet İttifaqı rəhbərliyinin
dəstəyi ilə həm Ermənistan tərəfi, həm
də Sovet informasiya mərkəzləri Azərbaycanda həyata
keçirilmiş qanlı terror hadisəsini məkrli şəkildə
ört-basdır etmək, yaxud da pərdələmək
üçün yalan məlumatların yayılması
işini təşkil etmişdir.
Bütün bunlara görə görkəmli dövlət
xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycan
Respublikasının Moskva şəhərindəki Daimi
Nümayəndəliyinə gələrək, qanlı 20
Yanvar hadisəsi ilə əlaqədar xüsusi bəyanatla
çıxış etməsi bir neçə cəhətdən
zəruri və əhəmiyyətli olan mühüm
siyasi-tarixi hadisədir. Əvvəla, beynəlxalq aləmdə
böyük nüfuza malik olan Heydər Əliyevin Azərbaycanın
Moskva şəhərindəki Daimi Nümayəndəliyində
səsləndirdiyi bəyanat 20 Yanvar faciəsi haqqında
obyektiv reallığın dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
atılmış ən ciddi addım idi. İkincisi, Ulu
öndər Heydər Əliyevin Moskvadan yayılan bəyanatı
Azərbaycanın zor gücünə salındığı
informasiya blokadasının yarılması,
dağıdılması baxımından həmin dövr
üçün misilsiz əhəmiyyətə malik hadisə
sayılmağa layiqdir. Üçüncüsü və ən
mühümü də ondan ibarətdir ki, SSRİ rəhbərliyinin,
şəxsən Mixail Qorbaçovun birbaşa
tapşırığı ilə Bakıda həyata
keçirilmiş qanlı 20 Yanvar hadisəsinə ilk dəfə
olaraq Heydər Əliyev kimi böyük dövlət xadimi səviyyəsində
hüquqi-siyasi qiymət verilmişdir.
Dördüncüsü, SSRİ rəhbərliyindən
istefaya göndərildikdən sonra atdığı hər
addımına nəzarət edilən, təqib olunan Heydər
Əliyev Moskva Bəyanatı ilə həmişə
olduğu kimi, ən çətin məqamlarda da doğma Azərbaycan
xalqı ilə bir yerdə olduğunu, onun azadlıq
mücadiləsinə haqq qazandırdığını və
dəstək verdiyini açıq şəkildə
nümayiş etdirmişdir.
Məlum olduğu kimi, 1988-ci ildən etibarən
SSRİ-nin müxtəlif regionlarında, xüsusən
Pribaltika ölkələri və Azərbaycanda regional
münaqişələr güclənməkdə, milli azadlıq hərəkatı
dalğasının SSRİ-nin dağıdılmasına
doğru inkişaf etməkdə olduğu aşkar şəkildə
görünməkdə idi. Buna görə də Bakı
şəhərinə SSRİ Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının, habelə ehtiyatda olan zabitlərin
iştirakı ilə qoşun yeridilməsinin və qanlı
terror aktının həyata keçirilməsinin əsas səbəblərindən
biri də Azərbaycandakı milli azadlıq hərəkatını
qəddarcasına boğmaqla digər müttəfiq
respublikalarda gündən-günə genişlənməkdə
olan müstəqillik və demokratiya uğrundakı mübarizənin
fəallarına dərs vermək, demokratiya
dalğasının qarşısının alınmasından
ibarət idi. Məsələnin qlobal şəkildə
SSRİ-nın dağıdılmasının
qarşısını almaq üçün məqsədyönlü
şəkildə hazırlanıb həyata keçirilmiş
cinayət hadisəsi olduğunu dərindən bilən Heydər
Əliyevin bəyanatı da məhz Azərbaycan
xalqının faciəsinə şərik olmaq, onu müdafiə
etməklə bərabər, həm də Sovetlər
İttifaqı miqyasındakı müstəqillik uğrunda
azadlıq hərəkatının müdafiə olunmasına
istiqamətləndirilmişdir. Bu mənada Heydər
Əliyevin 21 yanvar 1990-cı il tarixli Moskva Bəyanatındakı
aşağıdakı müddəalar ilk növbədə Azərbaycanda
həyata keçirilmiş qanlı terror hadisəsinə
verilmiş tarixi-siyasi qiymətin ifadəsi olmaqla
yanaşı, eyni zamanda, digər müttəfiq respublikalardakı
azadlıq hərəkatının müdafiə olunması
demək idi: "Azərbaycanda baş vermiş hadisəyə
gəlincə, mən onları hüquqa, demokratiyaya
yabançı, humanizmə və ölkəmizdə
(SSRİ-də - İ.H.) elan olunmuş hüquqi dövlət
quruculuğu prinsiplərinə zidd hesab edirəm".
Bu, siyasi cəhətdən çox sərt şəkildə
və sərrast formada ifadə olunmuş müddəalar
birbaşa SSRİ rəhbərliyinə, şəxsən
Sovetlər İttifaqına başçılıq edən
Mixail Qorbaçova ünvanlanmış bəyanat idi. Praqmatik
siyasətçi olan Heydər Əliyev də 20 Yanvar faciəsinin
"hüquqa-demokratiyaya yabançı" olduğunu
qabarıq şəkildə vurğulamaqla Qorbaçovun
Bakı hadisələrinin əsas səbəbkarı və təşkilatçısı
kimi ittiham etmişdir. Moskva Bəyanatındakı 20 Yanvar faciəsinin
"ölkəmizdə olan hüquqi dövlət
quruculuğu prinsiplərinə zidd" olan qanlı hadisə
kimi qiymətləndirilməsinin də SSRİ-də həmin
prinsipləri siyasi həyatın gündəliyinə gətirmiş
Qorbaçova aid olduğu da məlum idi. Mixail Qorbaçovun
SSRİ-nin rəhbəri, Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Baş katibi kimi hələ
fəaliyyətini davam etdirdiyi bir dövrdə onu tənqid etmək,
sovet dövlətinin rəhbərinin qanlı faciənin təşkilatçısı
olduğunu nəzərə çarpdırmaq böyük cəsarət
tələb edən hadisə idi. Heydər Əliyev şəxsi
həyatını risk və təhlükə altında
qoymasını nəzərə almadan, Azərbaycan
xalqının milli azadlıq və müstəqil dövlətçilik
uğrunda apardığı mübarizəni dəstəkləmək
naminə əsl cəsarət nümunəsi göstərmişdir.
Əslində 20 Yanvar Bakı faciəsi ilə əlaqədar
Heydər Əliyev tərəfindən səsləndirilmiş
bu bəyanat SSRİ-nin çökməsinin ilk anonsu idi.
Moskva Bəyanatının müxtəlif məqamlarında
öz əksini tapmış "ölkənin ali siyasi partiya
rəhbərliyi" ifadələri də birbaşa Sovet
İttifaqı Kommunist Partiyasının rəhbəri Mixail
Qorbaçova və onun ən yaxın silahdaşlarına aid
ünvanlanmış sözlər idi: "Hesab edirəm ki,
Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində
ölkənin ali partiya - siyasi rəhbərliyi (yəni
SSRİ-nin başçısı Mixail Qorbaçov. -
İ.H.) tərəfindən vaxtında zəruri tədbirlər
görülsə idi, gərginlik indiki həddə
çatmaz, tərəflər itkilərə məruz qalmaz,
başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə çoxlu insan qırğını ilə
nəticələnən hərbi müdaxilə
üçün zəmin yaranmazdı".
Moskva Bəyanatında Azərbaycan Sovet
Respublikasının rəhbərliyinin 20 Yanvar hadisələrində
tutduğu yanlış mövqeyinin də mahiyyəti
açıqlanmış və haqlı olaraq bu qanlı faciənin
baş verməsi məhz respublika rəhbərliyinin səriştəsizliyinin
nəticəsi hesab edilmişdir. Heydər Əliyev respublikada
ictimai-siyasi şəraitin gərgin olduğu bir dövrdə,
20 Yanvar hadisələrinin törədildiyi ərəfədə
Azərbaycan Respublikasına səbatsız, səriştəsiz
bir şəxsin rəhbərliyə gətirilməsini
SSRİ rəhbərlərinin ciddi səhvi kimi dəyərləndirilmişdir.
Böyük idarəetmə üçün tələb
olunan bacarıqlardan çox uzaq olan Əbdürrəhman Vəzirovun
Kremlin buyruqlarını kor-koranə surətdə həyata
keçirməklə respublikadakı vəziyyəti real olaraq
qiymətləndirə bilməməsi, "yarıtmaz iş
üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz
arasında uçurum yaratması" kimi mənfi halların
20 Yanvar faciəsinin əsas başvermə səbəblərindən
biri olduğu ölkə ictimaiyyətinə
çatdırılmışdır: "Bunlar
üçün ilk növbədə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci
katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə
olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti
sabitləşdirmək üçün heç nə etməmişdir.
Əksinə, özünün səhv addımları, yaramaz
iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla
öz arasında uçurum yaratmışdır. Xalq isə
hiddətlənmişdir. Elə buna görə də
Bakıda və Azərbaycanın digər şəhər və
rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə
Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi
irəli sürülmüşdür. Bəs bu məsələ
nə üçün indiyə kimi həll
olunmamışdır? Yalnız dünən Bakı şəhərinə
ordu yeridildikdən, qırğın və
dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan,
əslində qaçmışdır. Bu, böyük səhvdir.
Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu
yüksək vəzifəyə əsla yaramayan adamın bir
vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə
birinci katib təyin edilməsi idi".
SSRİ-də məqsədyönlü şəkildə
millətlərarası münasibətləri
qızışdırmaqla daxili siyasi sabitliyi pozmaq, yeni
münaqi-şə ocaqları yaratmaq və ölkəni
dağıtmaq planlarının icra edildiyi bir şəraitdə
Heydər Əliyevin regionda millətçilik zəminində
münaqişələrin vaxtında qarşısının
alınmasının səbəbləri və nəticələri
üzərində dayanması, problemin əsl mahiyyətinə
işıq salması, necə deyərlər, vena damarına
müdaxilə etməsi demək idi. Çünki
Dağlıq Qarabağ münaqişəsi 1987-ci ildə
Mixail Qorbaçovun dəstəyini almış akademik
Aqanbekyanın Fransanın paytaxtı Paris şəhərində
yaydığı millətçi müsahibədən sonra
baş vermişdi. Bu, Heydər Əliyevin SSRİ rəhbərliyindən
və Siyasi Bürodan uzaqlaşdırılmasından sonra Ermənistanın
yaranmış fürsətdən istifadə etməsi nəticəsində
meydana çıxmış məsuliyyətsiz müsahibə
idi. Ancaq SSRİ rəhbərliyi nəinki həmin müsahibədəki
müddəanın reallaşdırılmasının
qarşısını almamış, hətta müəyyən
nüanslarla münaqişənin genişlənməsinə
şərait yaratmışdı. Ona görə də 21
yanvar 1990-cı il Moskva Bəyanatında Azərbaycanla Ermənistan
arasında millətlərarası münaqişə əsasında
yaradılmış gərgin vəziyyətlərin
vaxtında aradan qaldırılmasında ölkə rəhbərliyini
və respublika başçılarını günahkar hesab
etməsi tamamilə haqlı idi: "Artıq iki ildir ki, Azərbaycan
və Ermənistan arasında millətlərarası
münaqişə gedir. Həmin münaqişəni
Dağlıq Qarabağ və onun ətrafında baş verən
hadisələr törətmişdir. Azərbaycan və Ermənistan,
eləcə də ölkənin ali siyasi rəhbərlərinə
bu məsələni tənzimləmək, daxili müharibəyə,
millətlərarası münaqişəyə son qoymaq və
mənsubiyyətdən asılı olmayaraq hər bir
adamın ümumi federativ ittifaq olan SSRİ-də azad
yaşamasına şərait yaratmaq üçün ikiillik
müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə
bu istiqamətdə lazımi səviyyədə iş
aparılmamışdır".
Heydər Əliyev Moskva Bəyanatında 20 Yanvar 1990-cı
ildə Bakı şəhərindəki
qırğının da baş verməməsi
üçün təəssüf ki, Azərbaycan rəhbərliyi,
həmçinin ölkənin ali siyasi rəhbərliyinin
mövcud bu imkanlardan istifadə edə bilməmədiyini məsələnin
siyasi dialoq və xalqla mükaliməyə girmək yolu ilə
həll edilməsinə cəhd göstərilmədiyini
haqlı olaraq tənqid etmişdir. Heç şübhəsiz,
Heydər Əliyev bu müddəalarla qətiyyən
özünün yenidən Azərbaycana qayıtmasını
nəzərdə tutmamışdı. Lakin Dağlıq
Qarabağda və onun ətrafında, eyni zamanda 20 Yanvar
1990-cı ildə Bakı şəhərində törədilmiş
faciələrin təhlili aydın surətdə onu göstərir
ki, XX əsrin səksəninci illərinin sonlarında baş
vermiş münaqişələrin vaxtında
qarşısının alınmasının yeganə
düzgün yolu həmin məsuliyyətli siyasi-tarixi şəraitdə
məhz Heydər Əliyevin Azərbaycanda ölkə rəhbərliyinə
dəvət edilməsi ilə mümkün ola bilərdi.
Azərbaycanda 20 Yanvar hadisəsi zamanı Bakı
şəhərində qanunsuz olaraq sovet hərbi birləşmələrinin
yerləşdirilməsinin yolverilməz olması da Moskva Bəyanatının
əsas mövzularından biri olmuşdur. Heydər Əliyev
öz bəyanatında beynəlxalq ictimaiyyətə və Azərbaycan
xalqına çatdırmışdır ki, yanvar
ayının 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq
etmədən Daxili İşlər Nazirliyinin böyük bir
kontingentinin Bakı şəhərinə yeridilməsi Sovet
İttifaqı rəhbərliyinin cinayət xarakterli
addımıdır. Ona görə də əvvəla,
böyük siyasi xadim Heydər Əliyev bununla Bakı şəhərində
günahsız insanların, dinc əhalinin üzərinə
münaqişənin yatırılması üçün
yox, qırğın törədilməsinə dair xüsusi
tapşırıqla qoşun yeridildiyini Sovet İttifaqı rəhbərlərinin
diqqətinə çatdırmış və onları ittiham
etmişdir. İkincisi, Heydər Əliyev qəti olaraq bu
fikirdə idi ki, 20 Yanvar 1990-cı ildə Bakı şəhərinə
qoşun yeridilib, böyük faciələrin törədilməsinə
səbəb olan rəhbər şəxslər xalqın
psixologiyasını nəzərə almamışlar. Milli
azadlıq hərəkatının dönməz xarakter
aldığı bir zamanda Azərbaycan xalqının müstəqillik
yolundan dönməyəcəyi də defakto meydanda idi. İki
ildən çox ardıcıl olaraq keçirilmiş və
milyonlarla insanları əhatə edən mitinqlərdə meydana
qoyulan qəti mövqe bunu əyani şəkildə göstərirdi.
Elə hərbi müdaxilənin baş verdiyi gün, yəni
19 yanvar gecəsi 1990-cı ildə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin əsas iqamətgahının
qarşısında yüz minə yaxın azərbaycanlının
toplaşaraq, yekdil və həmrəy şəkildə Azərbaycan
rəhbərliyindən istefa tələbi ilə
çıxış etmələri, hətta onlar
üçün dar ağacları qurmaları xalqın
bütövlükdə azadlıq və müstəqillik
uğrunda mübarizə hərəkatının
ideallarına kökləndiyinin əyani sübutu idi. Bakı
şəhərində vəziyyəti qanunsuz hərbi
müdaxilə vasitəsilə tənzimləmək niyyətində
olanların, həm SSRİ rəhbərlərinin və həm
də respublika başçılarının ordu yeritmək məsələsində
xalqın iradəsini və psixologiyasını nəzərə
almamaları qanlı faciəyə aparan əsas səbəblərdən
biri olmuşdur.
Mixail Qarbaçov üçün xalqın psixologiy
ası yox, Azərbaycan xalqını yerində oturtmaq
və bu yolla həm də digər müttəfiq respublikalarda
qızışmaqda davam edən proseslərə təsir
göstərmək əsas məsələ idi. Vəzirova gəlincə
isə Azərbaycan dilində normal danışa bilməyən,
həyatının böyük hissəsini respublikadan kənarda
keçirən bu şəxs çoxdan xalqdan ayrı
düşdüyü üçün mənsub olduğu millətin
psixologiyasını bilməkdən də çox uzaq idi. O,
öz işini milli dövlətçilik mənafeləri və
ölkə reallıqları üzərində yox, Kremlin
tapşırıqlarının yerinə yetirilməsi istiqamətində
qurmuşdur.
Nəhayət, siyasi rəhbərliklə xalq
arasında münasibətlərin pozulması, etimadın tamam
aradan qalxması 20 Yanvarda xalqın azadlıq aşiqlərinin
günahsız yerə şəhid olmalarına yol
açmışdır. Sovetlər İttifaqı
başçıları və Azərbaycan rəhbərliyi
xalqla dialoqu itirdikləri üçün Heydər Əliyevin
dediyi kimi, "atılan addımların belə ağır
faciəyə çevriləcəyini əvvəlcədən
düşünməmişlər". Bu zaman müxalifətçi
xalq cəbhəsinin fəallarının bir çoxu da
xalqın adından danışsalar da, əslində
düşünən qüvvələrin, ziyalıların
deyil, kütlənin fikrini ifadə edirdilər. Azərbaycanın
siyasi rəhbərliyinin isə xalqın düşünə
bilən ziyalı hissəsindən, sadə adamlardan uzaq olub,
yalnız özünün əvvəldən
tanıdığı bir qrup insanlarla dövlət idarəçiliyi
kimi məsuliyyətli bir mexanizmi işlətmək niyyəti
onu uçuruma doğru aparmışdır.
Moskva Bəyanatında haqlı olaraq 20 Yanvar faciəsini
törədənlərin cəzalandırılması tələbləri
də qəti şəkildə irəli
sürülmüşdür. Heydər Əliyev Moskva Bəyanatında
Bakı şəhərində hadisələrin hərbi yolla
"tənzimləmək" üçün qərar qəbul
edən şəxslərin, həmin məsuliyyətsiz qərarları
və tapşırıqları həyata keçirənlərin,
həm ölkə və həm də respublika miqyasında
olanların hamısının ittiham edilməsini cəsarətlə,
çəkinmədən diqqətə
çatdırmışdır. Görkəmli dövlət
xadimi Heydər Əliyevin aşağıdakı kimi sovet rəhbərliyinə
və ölkə siyasətinə obyektiv ittiham
çağırışları onun ədalətli
münasibətinin və cavabdehlik xüsusiyyətlərinin
ifadəsidir: "Bəli, kobud siyasi səhv buraxılmışdır.
Onlar sadəcə olaraq, respublikada siyasi vəziyyəti qiymətləndirə
bilməmişlər... Belə qərar qəbul edən Azərbaycan
rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı
qoyub qaçmış Vəzirov öz xalqı
qarşısında məsuliyyət
daşımalıdır... Qırğın törədənlərin
hamısı layiqincə cəzalandırılmalıdır".
Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın
Moskva şəhərindəki Daimi Nümayəndəliyində
Bakı şəhərində törədilmiş qanlı
faciə ilə əlaqədar olaraq verdiyi Bəyanatın
yayılmasına sovet rəhbərliyi tərəfindən məhdudiyyət
qoyulsa da, Ermənistan hakimiyyəti və ermənipərəst
dairələr mane olsalar da, bu ədalətli və mübariz
Bəyanat özünə yol taparaq qısa müddətdə
həm xarici ölkələrə və beynəlxalq qurumlara
və həm də Azərbaycan xalqına
çatmışdır. Bir çox xarici və ölkə
kütləvi informasiya vasitələri Heydər Əliyevin
Moskva Bəyanatını və ya Bəyanatdan fraqmentləri,
tezisləri yayımlaya bilmişdir. Nə qədər çətin
olsa da, Moskva Bəyanatının mətni Azərbaycan
xalqı arasında yayılmışdır. Bu Bəyanatın
müddəaları xarici ölkələrdə, müttəfiq
respublikalardakı vətənpərvər qüvvələr
arasında özünəməxsus böyük əks-səda
doğurmuşdur. Azərbaycanda 20 Yanvar 1990-cı ildə
baş vermiş faciədən dərhal sonra bu hadisəni Azərbaycan
xalqına və onun azadlıq mübarizəsinə qəsd
hesab edən Heydər Əliyev Moskva Bəyanatından
başqa, ölkəmizə xüsusi bir
Başsağlığı teleqramı da göndərmişdir.
Azərbaycan Sovet Respublikasının dövlət
qurumlarına və Azərbaycan xalqına
ünvanlanmış həmin Başsağlığı
teleqramında da xalqımızın başına gətirilmiş
faciə ilə əlaqədar hüzn və kədərin ifadəsi
ilə bərabər, həm də qanlı qırğın
hadisəsinə obyektiv siyasi qiymət öz əksini
tapmışdır. Buna görə də Heydər Əliyevin
20 Yanvar faciəsi ilə əlaqədar Moskvadan Bakıya
göndərilmiş aşağıdakı teleqramı bu
böyük terror hadisəsinə və onun təşkilatçılarına
ünvanlanmış ittiham aktıdır. Teleqramda deyilir:
"Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər
Sovetinə, Azərbaycan xalqına, Bakı şəhərinə
sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar
xalqımızın başına gətirilən faciədən
- dinc əhalinin qırılmasından böyük ürək
ağrısı ilə xəbər tutdum. Bu matəm
günündə həlak olanların ailələrinə və
yaxınlarına, bütün Azərbaycan xalqına dərin
hüznlə Başsağlığı verirəm. Mən bu
düşünülmüş aksiyanı pisləyir, onu
antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır
gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə
və birliyə çağırıram. Mənim
teleqramımın respublika mətbuatında dərc
olunmasını, radio və televiziyaya verilməsini matəm
mitinqində oxunmasını xahiş edirəm".
Bütün bunlara görə Heydər Əliyevin 21
yanvar 1990-cı il tarixli Moskva Bəyanatı və həmin
münasibətlə Azərbaycan xalqına
ünvanladığı Başsağlığı
teleqramı xüsusi siyasi əhəmiyyətə malik olan
mühüm tarixi sənədlərdir. Bu Bəyanatdan və
Başsağlığı teleqramından sonra Azərbaycanda
milli azadlıq hərəkatı dövlət müstəqilliyi
uğrunda açıq mübarizə strategiyasını
keçmək imkanı qazanmışdır. Ona görə də
Moskva Bəyanatı və Başsağlığı
teleqramı geniş, əhatəli, məzmunlu və sistemli
bir siyasi-tarixi sənəd kimi Azərbaycanda müstəqillik
uğrunda aparılan şanlı mübarizənin
mühüm əhəmiyyətə malik olan şərəfli
bir səhifəsidir.
Moskva Bəyanatı bir çox cəhətdən
mühüm siyasi və tarixi əhəmiyyətə malikdir:
1. Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixli Moskva
Bəyanatı görkəmli dövlət xadiminin azadlıq və
müstəqillik uğrunda mübarizə yollarında Azərbaycan
xalqı ilə həmrəy olduğunu, onun haqq işinə, ədalətli
mübarizəsinə dəstək verdiyini nümayiş
etdirir.
2. Moskva Bəyanatı ilə Sovet
İttifaqının rəhbərliyi və respublika rəhbərliyinin
təşkilatçılığı ilə Azərbaycanda
20 Yanvar 1990-cı il tarixdə törədilmiş
qırğın və baş vermiş faciə haqqında
obyektiv məlumat beynəlxalq ictimaiyyətə və müttəfiq
respublikalara çatdırılmışdır. Bununla sovet rəhbərliyinin,
Ermənistan tərəfinin, bəzi xarici informasiya mərkəzlərinin
Azərbaycan gerçəkliyi haqqında yaydıqları
açıq dezinformasiya xarakterli yalan məlumatların
qarşısı alınmışdır.
3. Moskva Bəyanatı Azərbaycanda törədilmiş
20 Yanvar faciəsinin əsas səbəbkarlarının, təşkilatçılarının
və icraçılarının kimlər olduğunu göstərməklə,
onların cəzalandırılmalarını tələb edən
ciddi siyasi akt kimi mühüm əhəmiyyətə malikdir.
4. Heydər Əliyevin Moskva Bəyanatı ilə 20
Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət verilmişdir.
5. Sovet dövlətinin əsas rəhbərlərindən
biri olmuş görkəmli bir dövlət xadimi tərəfindən
20 Yanvar Bakı faciəsinin hərbi-siyasi mahiyyətinin
açılması və ifşa edilməsi ilə
SSRİ-nin dağılmağa məh-kum olmasının
qaçılmazlığı sübut edilmiş,
dağılma prosesini sürətləndirmişdir.
6. Heydər Əliyevin Moskva Bəyanatı Azərbaycandan
başqa, digər müttəfiq respublikalarda da azadlıq və
müstəqillik uğrunda aparılan mübarizələrə
ruh və təkan vermişdir.
7. Azərbaycanda və digər müttəfiq
respublikalarda Kreml vahiməsi və xofunun aradan
qaldırılmasında Heydər Əliyevin Moskva Bəyanatı
ilə atdığı cəsarətli addımlarının
mühüm rolu olmuşdur.
8. Moskva Bəyanatı Azərbaycanın ətrafında
yaradılmış sərt informasiya blokadasını
yarmış, respublikanın blokadadan çıxmasına əhəmiyyətli
dərəcədə yol açmışdır.
9. Moskva Bəyanatı Azərbaycanda xalq hərəkatının,
ümumiyyətlə, azadlıq və demokratiya uğrunda
aparılan mübarizədən konkret olaraq və
açıq şəkildə Azərbaycanda dövlət
müstəqilliyi yolunda mübarizə müstəvisinə
keçidin əsasını qoymuşdur.
10. Müstəqillik uğrunda mübarizənin
başlandığı gündən ideyaları və
meydanlarda ucaldılan portretləri ilə azadlıq hərəkatında
iştirak edən Heydər Əliyev Moskva Bəyanatı ilə
bu məsuliyyətli və şərəfli mübarizədə
şəxsən iştirak etdiyini qəti şəkildə bəyan
etmişdir.
11. Moskva Bəyanatı Azərbaycan
Respublikasının Müstəqillik Aktının birinci
mühüm paroludur.
Ümumiyyətlə, görkəmli dövlət
xadimi Heydər Əliyevin Qanlı Yanvar faciəsinin
sabahısı Azərbaycanın Moskva şəhərindəki
Daimi Nümayəndəliyinə gələrək verdiyi Bəyanat
Azərbaycanda azadlıq və müstəqillik uğrunda
mübarizənin dönüş nöqtəsidir, dövlət
müstəqilliyi yolunun dönməzlik dərsidir.
Sovet dövlətinin əsas rəhbərlərindən
biri olan Heydər Əliyevin iştirakı ilə Azərbaycanın
Moskva şəhərindəki Daimi Nümayəndəliyində
təşkil olunmuş brifinq və orada səsləndirilmiş
tarixi Bəyanat respublikada azadlıq və müstəqillik
uğrunda mübarizəni yeni mərhələyə
çıxarmışdır.
Moskva şəhərindəki Daimi Nümayəndəliyində
Heydər Əliyevin Azərbaycan xalqına müraciətinin səsləndirildiyi
mühüm ictimai-siyasi və tarixi hadisədə yaxın gələcəyin
böyük siyasətçisi İlham Heydər oğlu
Əliyevin də iştirak etməsi bu, yeni baxışlara
malik olan cavan siyasətçi üçün çox əhəmiyyətli
dövlətçilik dərsi olmuş və onun siyasi taleyində,
gələcək həyat və mübarizə yolunun müəyyənləşdirilməsində
mühüm rol oynamışdır. Məhz Moskva Bəyanatı
brifinqində İlham Əliyev dünya şöhrətli
böyük dövlət xadimi və siyasətçi Heydər
Əliyevin Azərbaycan xalqının siyasi taleyi və
dövlət müstəqilliyi üçün
apardığı mübarizənin nə qədər əhəmiyyətli
və şərəfli olduğunu daha yaxından görmüş və həmin
böyük mübarizənin axıradək davam etdirilməsinin
zəruri olduğuna qəti inam bəsləmişdir.
Beləliklə, görkəmli dövlət xadimi Heydər
Əliyevin 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın
Moskva şəhərindəki Daimi Nümayəndəliyindəki
Bəyanatı ilə Azərbaycanda azadlıq və müstəqillik
uğrunda mübarizənin yaxın və uzaq vəzi-fələri
müəyyən edilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin
21 yanvar 1990-cı il tarixli Moskva Bəyanatı respublikada
baş vermiş çətin hərbi vəziyyətdə və
mürəkkəb ictimai-siyasi şəraitdə mövcud
böhrandan düzgün çıxış yollarını
müəyyən edən, mübarizənin gələcək
inkişafına yol açan, bələdçilik edən,
istiqamət verən mühüm tarixi əhəmiyyətə
malik sənəddir.
Eyni zamanda, Moskva Bəyannaməsi Azərbaycan
xalqının gələcək mübarizə yollarına
işıq salan strateji yol xəritəsidir.
20 Yanvar hadisəsi Azərbaycan xalqının qan
yaddaşına yazılmış faciədir. Xalq şairi Bəxtiyar
Vahabzadənin 20 Yanvar faciəsi əsasında
yazdığı "Şəhidlər" poemasında nə
qədər qanlı - kədərli olsa da, bu ağır, faciəvi
hadisənin Azərbaycanın milli istiqlal tarixindəki rolu
poetik baxımdan yüksək səviyyədə mənalandırılmışdır:
...İnsan, insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Ulu öndər Heydər Əliyev Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində
çalışarkən 20 Yanvar hadisəsi Ali Məclisin 13
yanvar 1992-ci il tarixli iclasında geniş müzakirə
olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Rəyasət Heyəti adından hazırlanmış və
Ali Məclisin Sədri Heydər Əliyev tərəfindən
imzalanmış Bəyanat Azərbaycan Respublikasının Ali
Sovetinə göndərilmiş və kütləvi informasiya
vasitələrində çap olunaraq
yayılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi uzun
müddət 20 Yanvar hadisəsi ilə əlaqədar məsələni
müzakirə etməmişdir. Yalnız görkəmli
dövlət xadimi Heydər Əliyev Azərbaycanda yenidən
dövlət rəhbərliyinə qayıtdıqdan sonra Milli
Məclis 20 Yanvar faciəsini müzakirə edərək, bu
qanlı hadisəyə hüquqi-siyasi qiymət vermişdir.
Müstəqillik uğrunda mübarizənin dönməzlik
dərsi olan Heydər Əliyevin 21 yanvar Moskva Bəyanatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə
rəhbərlik etdiyi Vətən müharibəsi - Qarabağ
savaşının baş məşqi olmuşdur. Vətən
müharibəsində müzəffər Ali Baş Komandan Dəmir
yumruğu ilə qazanılmış tarixi Zəfər və ərazi
bütövlüyünün tam təmin edilməsi qəhrəman
şəhidlərimizin qanlarının yerdə
qalmadığını sübut etmişdir.
20 Yanvar Azərbaycan xalqının dövlət
müstəqilliyi uğrunda mübarizəsinin möhkəm
bünövrəsidir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, Milli Məclisin deputatı, akademik,
525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.8-9.